Tərcümeyi-hala verilən tələblər aşağıdakılardır: Başlıq: Tərcümeyi-hal
Adı, soyadı və atasının adı
Doğuldğu il, ay, gün, yer
Məktəbəqədər olan təhsil
Məktəb dövrü
Tələbəlik dövrü
Universitetdə apardığı ictimai vəzifə
Nailiyyətləri (mükafatları, təltifləri)
Ailə üzvləri haqqında qısa məlumat
Tərcümeyi-halın yazılma tarixi
Tərcümeyi-halı yazanın şəxsi imzası.
Nümunələr TƏRCÜMEYİ-HAL Mən, İsrafil Rəsul oğlu Möhsünov 21 avqust 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dirnis kəndində anadan olmuşam. 1940-cı ildə Dirnis kənd səkkizillik məktəbinin birinci sinfinə getmişəm. Kəndimizdə orta məktəb olmadığı üçün 9 və 10-cu sinifləri rayonun Vənəndə kənd orta məktəbində oxumuş, 1950-ci ildə həmin kəndin 10-cu sinfini bitirmişəm. Elə həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Dağ-mədən geologiyası fakültəsinə daxil olmuşam. 1955-ci ildə həmin ali məktəbi bitirib, təyinatla Altay vilayətində əmək fəaliyyətinə başlamışam. 4 il orada işlədikdən sonra vətənə qayıtmış, Azərbaycan Baş Geologiya İdarəsinin Balakən Geoloji Ekspedisiyasında baş geoloq vəzifəsində işləmişəm. 1966-cı ildən həmin idarənin Kələki Geoloji Kəşfiyyat Ekspedisiyasında geoloji-kəşfiyyat partiyasının əvvəlcə baş geoloqu, sonra isə partiya rəisi işləmişəm. İndi də həmin ekspedisiyada əmək fəaliyyətimi davam etdirirəm. Keçmiş SSRİ-nin bir sıra mükafatları, o cümlədən “Lenin” ordeni ilə təltif olunmuşam.
Atam – Rəsul Möhsun oğlu Məmmədov 1900-cu ildə həmin kənddə anadan olmuş, 1982-ci ildə vəfat etmişdir.
Anam – Şərəbanı Əhməd qızı Məmmədova da 1900-cu ildə Dirnis kəndində anadan olmuş, 1976-cı ildə vəfat etmişdir.
Evliyəm, 4 uşağım vardır. Həyat yoldaşım Xalidə Cəfər qızı Möhsünova evdar qadındır.