1. Şəxsi pedaqoji qabiliyyətlər dedikdə, adətən, şəxsiyyətin xarakterik əlamət və keyfiyyətləri ilə bağlı olan qabiliyyətlər nəzərdə tutulur. Buraya uşaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük və özünəsahib olmaq (özünü ələ ala bilmək) və həmişə dərs zamanı şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilmək qabiliyyətlərini aid etmək olar.
Uşaqlara hüsn-rəğbət bəsləmək qabiliyyəti pedaqoji qabiliyyətlərin strukturunda əsas “özəyi” təşkil edir. Bu cür pedaqoji qabiliyyətlər anlayışı altında uşaqlara qarşı ağıllı məhəbbət və onlara bağlılıq, onlara qarşı xeyirxah münasibət, onlarla ünsiyyətdə olmaq və işləmək arzusu və cəhdi başa düşülür. Bu cür pedaqoji qabiliyyətə malik olan müəllim uşaqlarla pedaqoji ünsiyyətdən, qəribə uşaq aləminə daxil olmaqdan həzz alır, onlara qarşı diqqətli, xeyirxah münasibət bəsləyir. Lakin bu münasibətlərin heç birinin ürəyiyum
şaqlıq, güzəştə getmək, məsuliyyətsizlik səviyyəsinə enməsinə yol vermir. Uşaqlar həqiqi və ya süni münasibəti bir-birlərindən asanlıqla ayıra bilirlər. Onlar müəllimin özlərinə qarşı həqiqi münasibətini hiss etdikdə eyni münasibətlə də cavab verirlər.
Pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin etmək üçün lazım olan müəllimin şəxsi pedaqoji qabiliyyətlərindən biri də dözümlülük və özünəsahib olmaq qabiliyyətidir. Müəllim həmişə, hər cür, hətta gözlənilməyən şəraitdə özünü ələ almağı, özünə sahib olmağı, öz hisslərini, temperamentini cilovlamağı bacarmalı, öz davranışına nəzarəti itirməməlidir. Lakin bu heç də o demək deyildir ki, müəllim öz hisslərini daima süni şəkildə boğmalıdır. O, şagirdlərlə birlikdə şadlana, sevinə də bilər. Lazım gəldikdə tərbiyəvi məqsədlə qəzəb və narazılığını da nümayiş etdirə bilər. Lakin bu zaman o heç vaxt özündən çıxmamalı, qışqıra-qışqıra, kobud və təhqiramiz tonla danışmamalıdır. Bununla belə müəllimin dözümlülüyü özünə sahib olması etinasızlıq səviyyəsinə qalxmamalıdır.
Müəllimin digər mühüm şəxsi qabiliyyəti dərsdə şagirdlərlə iş aparmaq üçün optimal psixi vəziyyət yarada bilməsidir. Bu cür qabiliyyətə malik olan müəllimlər özlərinin gümrahlığı, həyatsevərliyi, kifayət qədər canlılığı ilə fərqlənirlər. Nə olursa olsun, müəllim həmişə nikbin, arzuolunan əhval-ruhiyyə ilə sinfə daxil olmalıdır. Məhz buna görə də müəllim özünün əhvalını idarə etməyi, tənzimləməyi bacarmalıdır.
Dostları ilə paylaş: |