Mövzu 12 Qizil Orda Ag Orda Krim ve Kazan xanliqlari
Rusiyanın Kazan xanlığına qarşı işğalçılıq siyasəti. Kazan xanlığı öz mövcudiyyətini Moskva knyazlığı ilə dinc olmayan qonşuluq şəraitində davam etdirmək məcburiyyətində qalmışdı. Onun yaranma və inkişaf dövrü rus dövlətinin III İvan və Qroznıy (Qorxunc) ləqəbli IV İvan kimi hökmdarlarının hakimiyyəti illərinə təsadüf etmişdi. Rus dövlətinin Volqa çayı boyunca cənuba doğru genişlənmə hərəkəti XIII əsrin birinci yarısındakı monqol-tatar istilası ilə kəsilmişdi. Monqol-tatar dövlətinin zəifləməsi fonunda bu genişləmə və işğal hərəkətləri yenidən sürət qazanmağa başlamışdı. Kazan xanlığının ticari-iqtisadi həyatında rus tacirlərinin xüsusi rolu və çəkisi var idi. Başqa sözlə rus ticari sərmayəsi xanlığın iqtisadi həyatına mühüm təsir qüvvəsinə sahib idi. Kazan türkləri rus ticari sərmayəsinin öz ölkələrinə bu şəkildə hakim olmasından narahatlıq duymaları səbəbiylə 1505 və 1523-cü illərdə Kazanda rus tacirlərinə qarşı qətl və qarət hərəkətlərinə girişmişdilər. Moskva knyazı III Vasili 1523-cü ildə verdiyi fərmanla rus tacirlərinin Kazan xanlığı ərazisində ticarətlə məşğul olmasını qadağan etmişdi. III Vasili Kazan şəhərinin şimalında Makaryev monastırı ətrafında rus tacirləri üçün yarmarka qurmuş və bu yarmarka Kazan türkləri arasında “Makarca” adı ilə tanınmışdı. Kazan tatarlarının ruslara qarşı təcavüzkar siyasət güdməsinə dair yayğın olan qənət həqiqəti əks etdirmir. Belə ki, Moskva knyazlığı ilə Kazan xanlığı arasında baş vermiş 14 müharibədən 8-i (1467, 1478, 1530, 1537, 1545, 1549, 1550, 1552-ci illər) rusların, 6-sı (1439, 1445, 1505, 1521, 1523, 1536-cı illər) isə tatarların təşəbbüsü ilə baş vermişdir. 1462-ci ildə hakimiyyətə gələn III İvan rus feodal pərakəndəliyini aradan qaldıraraq xırda dövlətləri Moskva knyazlığı ətrafında birləşdirmişdi. Onun hakimiyyəti dövrü həm də rusların Kazana qarşı planlı işğalçılıq siyasətinin başlandığı dövrdür. Bu dövrdə birləşməkdə olan ruslardan fərqli olaraq şimal-qərbi Asiya türkləri öz aralarında qanlı müharibələr aparan xanlıqlara bölünmüşdülər. 1467-ci ildə Xəlil xanın ölümündən sonra onun oğlu İbrahim xanla, Uluq-Məhəmməd xanın oğlu Qasım xan arasında taxt-tac uğrunda qanlı mübarizə başlamışdı. Bu mübarizədə tatar əyanları iki yerə bölünərək bu şahzadələri dəstəkləmişdilər. Knyaz III İvan bu mübarizədə Qasım xanı dəstəkləmiş, hətta göndərdiyi rus hərbi dəstəsinin köməyi ilə onu taxta oturtmaq istəmişdi. Qasım xanın ruspərəst olması tatar əyanlarının onun əleyhinə birləşməsinə səbəb olmuş, beləcə İbrahim xan Kazan xanı olmuşdu. 1467-ci ildə taxta oturan İbrahim xan həmin il Moskva yaxınlığın qədər öz qoşunu ilə irəliləyib qətl və talan etmişdi. Buna cavab olaraq 1469-cu ildə ruslar Kazan xanlığı ərazisinə soxularaq 1 sentyabrda Kazan şəhərini mühasirəyə almışdılar. Bu rusların xanlıq ərazisinə ilk uğurlu yürüşü idi. Bu mühasirə Kazanın işğalı ilə nəticələnməsə də ruslar tatarlarla bağladıqları sülh sazişində bir sıra imtiyazlar qazandılar. O cümlədən uzun illərdən bəri Kazanda əsir olan rusların sərbəst buraxılmasına nail oldular. 1478-ci ildə Novqorodun Moskva knyazlığına birləşdirilməsi ilə xanlıqla knyazlıq arasındakı qüvvələr nisbəti rusların lehinə dəyişmişdi. III İvan Kazan xanlığı daxilindəki siyasi çəkişmələrdən məharətlə istifadə edərək şahzadə Məhəmməd Əminin girov olaraq Moskvaya göndərilməsinə nail olmuşdu. Moskvada, rus saray mühitində tərbiyə olub böyümüş Məhəmməd Əmin xan rus hərbi qüvvəsinə arxalanaraq İlham Əli xanı taxtdan endirib özü hakimiyyətə gəlmişdi. Lakin Kazan tatarları ruspərəst Məhəmməd Əmin xana itaət etməyərək qiyam qaldırdılar. Bunu fürsət bilən ruslar 9 iyul 1487-ci ildə Kazana ordu yeridərək şəhəri işğal etdilər. İlham Əli xan ailəsi və tərəfdarları ilə birlikdə həbs edilərək Moskvaya sürgün edildi. Beləcə Kazan türkləri rus əsarəti və zülmü altına düşmüş oldular. Bu hadisə münasibətiylə Moskvada bütün kilsələrin zəngləri çalınaraq bayram edilmişdi. Məhəmməd Əmin xanın (1487-1495) səkkiz illik hakimiyyəti dövündə tatarlar arasında narazılıq baş alıb getmişdi. Nəhayət Əhməd bəy adlı bir əyanın başçılığı altında qiyam qaldıraraq Məhəmməd Əmin xanı qovdular və Sibir xanı İvakın oğlu Məmükü Kazana çağıraraq xanlıq taxtına oturtdular. Rus tərəfdərları təqib edildi və rus tacirlərinin bütün imtiyazları ləğv edildi. Lakin təcrübəsiz və Kazan mühitinə yad olan Məmük xan yerli əyanlarla yola gedə bilmədiyi üçün narazılıqlar başladı. Əhməd bəyi təşəbbüsü ilə knyaz III İvana müraciət edildi. O, da Məhəmməd Əmin xanın Moskvada olan qardaşı Əbdüllətif xanın Kazan taxtına oturmasına kömək etdi. Lakin qısa müddət sonra Əbdüllətif xanın rus əleyhdarı siyasəti hakimiyyətdən uzaqlaşdırılmasına və Məhəmməd Əmin xanın yenidən hakimiyyətə gətirilməsinə səbəb oldu. Bu vaxt knyaz III İvan ölmüş, onun yerinə özü kimi qətiyyətli və qəddar olmayan oğlu III Vasili keçmişdi. Bu vəziyyət Kazan xanlığının rus zülmündən qısa müddət üçün də olsa rahat nəfəs almasına səbəb olmuşdu. Lakin Kazandakı taxt-tac çəkişmələrinin ardı-arası kəsilməmişdi. III Vasilinin köməyi ilə 1519-cu ildə Kazan taxtına şeyx Əliyar adlı bir əyanın oğlu olan 13 yaşlı Şah Əli xan oturtulmuşdu. Hakimiyyət faktiki olaraq III Vasilinin Kazandakı təmsilçisi olan rus zadəgan Karpovun əlində idi. Şəhərdə asayişi qorumaq adı ilə rus hərbi dəstəsi Kazanda yerləşdirilmişdi. Kazan tatarları rus istilasına qarşı qiyam qaldıraraq Krımdan Sahib Gəray xanı hakimiyyətə dəvət etdilər. 300 süvari ilə Kazana gələn Sahib Gəray xan 1521-1524-cü illərdə Kazan xanlığını idarə etmişdi. 1521-ci ildə Krım və Kazan xanlıqlarının orduları Moskva üzərinə birgə yürüş təşkil etdilər. III Vasili məğlubiyyəti qəbul edərək yenidən Kazan xanlığına illik xərac ödəməyi öhdəsinə götürdü. XVI əsrin I yarısı Moskva knyazlarının Kazanın daxili işlərinə qarışmaq cəhdləri ilə keçmişdi. Nəhayət “çar” titulunu qəbul etmiş knyaz IV İvan Qroznıy (qorxunc İvan) 1552-ci ilin yayında Kazanı işğal etmək üçün böyük bir ordu ilə səfərə çıxmışdı. Uzun müddət davam edən döyüşlərdən sonra 2 oktyabr 1552-ci ildə rus ordusu Kazanı işğal etmişdi. Tatarlar küçə-küçə vuruşaraq öz şəhərlərini müdafiə edərək şəhid olmuşdular. Şəhəri işğal edən ruslar Kazanda müdhiş bir qətliam törətmiş, kişi, qadın, uşaq demədən əhalini öldürmüş, məhv etmişdilər. Kazan oda verilərək şəhərdəki məscidlər, mədrəsələr, karvansaraylar yandırılmışdı. Kazandan 45 km şimaldakı Çalım qalasında Əli Əkrəm xan son Kazan xanı olaraq hakimiyyətini davam etdirmişdi. Lakin 1556-cı ildə Çalım qalasının işğalı ilə Kazan xanlığının varlığına tamamən son qoyulmuşdu.