Hava nəqliyyatı. Respublikamızda hava nəqliyyatı ümumi yük dövriyyəsinin 0,5%-ni təşkil edir. Ölkə iqtisadiyyatının hava nəqliyyatı - mülki aviasiya ilə əlaqədar olmayan sahəsi yoxdur. Bu nəqliyyat növü ilə müxtəlif təsərrüfat subyektlərinə məxsus olan yüklər, sərnişin baratları və poçt yazışmaları göndərilir. Son dövrlərdə sərnişin və yük qaldırma qabiliyyəti daha yüksək olan hava gəmilərindən istehlak malları və kənd təsərrüfatı məhsullarının daşınmasında intensiv istifadə olunur.
Hava nəqliyyatının əsas məqsədi sərnişin daşımaların həyata keçirilməsindən ibarətdir. Yüklərin daşınması bu nəqliyyat növü üçün əlavə iş hesab olunur. Məsələn, təkcə 2003 – cü ildə ümumi yük dövriyyəsi 102 min.ton/km təşkil edən hava gəmiləri ilə 37 min ton müxtəlif təyinatlı məhsul daşındığı halda, həmin ildə 701 min sərnişin hava nəqliyyatından istifadə etmiş və sərnişin dövriyyəsi 798 milyon.sərnişin/km olmuşdur. Lakin müntəzəm reyslər həyata keçirən bir sıra avia şirkətlər konkret bazarlar üçün bütün növ yüklərin daşınmasına imkan verən hava gəmilərinə malikdir.
Ümumiyyətlə, hava nəqliyyatı ilə yükdaşımalar xarakterinə görə :
çarter reysləri;
cədvəllər üzrə reyslər;
müvafiq məhsul partiyalarının daşınması üzrə ixtisaslaşmış kompleks reyslərlə (məhsullar üzrə differensiasiya) daşımalara bölünür.
Çarter reysləri xərc tutumlu olduqlarından məhsulgöndərənlər üçün olduqca baha başa gəlir. Praktik təcrübə göstərir ki, bu xərclər adətən daşımalara sərf edilən vaxt baxımından özünü ödəyir. Çarter reyslərindən bir qayda olaraq seleksiya məqsədilə iri buynuzlu mal – qaranın, neft yataqlarının emalı üçün böyük ölçülü və dəyərli avadanlıqların, Afrika ölkələrində aclıqdan əziyyət çəkənlərə ərzaq məhsullarının, kvota müddəti qurtaran məhsulların beynəlxalq səviyyədə daşınması zamanı istifadə olunur.
Beynəlxalq hava məkanında yükdaşımaları həyata keçirən reyslər üçün cədvəllərin və hərəkət marşrutlarının müəyyənləşdirilməsi iştirakçı ölkələr tərəfindən yerinə yetirilir. Bu daşımalara görə tarifləri əsasən beynəlxalq hava nəqliyyatı assosiasiyası (IATA) təyin edir. Assosiasiyaya üzv olan hava nəqliyyatı şirkətləri onlar üçün müəyyən edilmiş cədvəllər üzrə müntəzəm fəaliyyət göstərirlər. Beynəlxalq hava nəqliyyatı şirkətlərinin əsas funksiyası sərnişin daşımaqdan ibarətdir. Burada da yüklərin daşınması onlar üçün əlavə iş hesab olunur.
İlk dəfə dünya praktikasında Almaniyaya məxsus Lufthansa avia şirkəti Boinq – 747 hava gəmisindən ixtiyarı yüklərin daşınması üçün istifadə etmişdir. Bu hava gəmisi Almaniyanı ABŞ – ın şimal – qərbi ilə birləşdirən transatlantik reyslərin həyata keçirilməsi üçün tətbiq edilirdi.
Hal-hazırda şirkət bu hava gəmilərindən başqa müxtəlif təyinatlı yüklərin daşınması üçün Boinq – 737 s yük və sərnişin daşıyan Aerobus – 320, 321, habelə Boinq - 747 tipli hava gəmisinin dörd müxtəlif modifikasiyasından istifadə edir. Şəkildə yüklərin daşınmasına xidmət edən bir neçə növ hava gəmisində artıq respublikamızda istifadə olunmuşdur.
Respublikamızla MBD ölkələrinin hava məkanı arasında Rusiya Federasiyasına məxsus olan TU – 144; TU – 154; TU – 134; İL – 86; AN – 10; AN – 22; AN – 28; YAK – 42; Mİ – 6; Mİ – 8 və s. hava gəmilərindən istifadə olunur.
Coğrafi baxımdan əlverişli hesab edilməyən yerlərin, məsələn, Uzaq Sibirdə yaşayan əhalinin ərzaq təminatı məhz hava nəqliyyatı hesabına ödənilir.
Beynəlxalq hava nəqliyyatı ilə yükdaşımaların 3/4 hissəsi on ən iri dövlətlərin (məsələn, Almaniya – 2,69; ABŞ – 2,22; Fransa – 1,83; İtaliya – 1,76; Böyük Britaniya – 1,39; Niderland – 1,15; Honkonq – 1,15; Yaponiya – 0,50; İspaniya – 0,41 və Çin – 0,41 milyon ton) payına düşür.
Beynəlxalq yükdaşımaların inkişafında yeni mərhələ ABŞ – a məxsus olan URS, FEDEX, EMERY, WORLDWIDE, BURLINGTON AIR EXPRESS, AIRBOME EXPRESS DHL və INTERNATIONAL adlı iri yük- göndərən firmaların parsel (kiçik) daşımalar üzrə beynəlxalq xidmətlər təklif etməsi mərhələsi hesab olunur. Baş qərargahı (ştab kvartirası) Avstraliyada yerləşən daha iri bir TNT EXPRESS firması da bu sahədə fəaliyyət göstərməklə sənədlərin daşınması və böyük olmayan yük bağlamalarının - bandrolların göndərilməsini həyata keçirir. Bu firmalar bütün zəruri nəqliyyat vasitələrinə, yüklərin boşaldılması və ya yüklənməsi üçün müvafiq infrastruktur obyektlərinə malik olduqlarından onları kompleks yükgöndərənlər adlandırırlar. Qeyd edilən firmalar tərəfindən göstərilən xidmətlər beynəlxalq logistikanın predmetini təşkil edir. Daha doğrusu, onlar beynəlxalq bazarlara çıxarılan məhsulları müşahidə edən sənədlərin daşınması ilə məşğuldurlar.
Hava nəqliyyatı da digər nəqliyyat növləri kimi bir sıra üstünlüklərə və çatışmazlıqlara malikdir. Yüklərin tez çatdırılması və nəqletmənin etibarlılığı bu nəqliyyat növünün üstünlüyü hesab edilsə də, daşımaların maya dəyəri və yüklərin istənilən yerə çatdırılması imkanlarının məhdudluğu onun çatış-mayan cəhətləri sayıla bilər. Hava nəqliyyatı yeganə nəqliyyat növüdür ki, yüklərin daşınmasına çəkilən məsrəflər avtomobil nəqliyyatı ilə müqayisədə 2-3 dəfə baha başa gəlir.
Dostları ilə paylaş: |