Bağlı vaqonlardan qiymətli və atmosfer təsirlərindən qorunan yüklərin, yarımvaqonlardan – meşə materialları və qabsız yüklənən məhsulların, sisternalardan isə maye formalı məhsulların (benzin, kerosin, süd və s.) daşınması üçün istifadə olunur.
Ağır çəkili və iri qabaritli yüklər yükgötürmə qabiliyyəti 400 ton olan transporterlərdə daşınır. Qeyd olunan hər bir vaqon özünün yükgötürmə qabiliyyəti, tutumu, vaqon tarasının çəkisi və digər göstəricilərlə xarakterizə olunur. Vaqonun yükgötürmə qabiliyyəti bu vaqonun tutumuna əsasən hesablanır.
Dəniz və çay nəqliyyatı. Respublikamızda yük dövriyyəsinin həcminə görə dəniz nəqliyyatı dəmir yolu və boru kəmər nəqliyyatından sonra üçüncü yeri tutur.
Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı daxili və beynəlxalq su nəqliyyatı ilə yüklərin daşınması qaydalarından və bu sahədə mövcud olan əsasnamələrdən istifadə olunur.
Dəniz nəqliyyatının inkişafında sahil hövzəsinin uzunluğu 7 min kilometr olan Xəzər dənizi böyük rol oynayır.
Bu nəqliyyat növü ilə daşımaların aşağıdakı növləri mövcuddur:
portlararası daşıma - kiçik kabotaj. Bir dənizin iki portu arasında həyata keçirilən daşımalar portlararası daşımalar hesab olunur. Məsələn, Bakı – Türkmənbaşı , Bakı - Mahaçqala və Bakı - Həştərxan;
birbaşa daşıma – böyük kabotaj. Müxtəlif dənizlərlə respublika limanları arasındakı daşımalar birbaşa daşımalar adlanır. Məsələn, Bakı - Həştərxan - Volqoqrad - Rostov - Novorossiysk;
qarışıq daşımalar. Dəniz – çay - dəmir yolu – avtomobil nəqliyyatı ilə daşımalara qarışıq daşımalar deyilir. Məsələn, Rostov - Bakı (Volqa çayı) – Türkmənbaşı (Xəzər dənizi);
xarici daşımalar. Xəzər dənizinin sahilindəki limanlarla xarici ölkələrin dəniz limanları arasındakı yükdaşımalar xarici yükdaşımalar adlanır.
Dəniz nəqliyyatı bir sıra üstünlüklərə malikdir. Bu nəqliyyat növü nisbətən az vəsait tutumludur. Yüklərin daşınması üçün təbii yollardan istifadə olunması əlavə istismar xərcləri tələb etmir. Dəniz nəqliyyatı yollarının buraxıcılıq qabiliyyəti, demək olar ki, tükənməzdir, xüsusi yanacaq və enerji sərfi azlıq təşkil edir. Bunun əsas səbəbi dəniz yollarının maneəsiz olması nəticəsində gəminin yükgötürmə qabiliyyətinin də yüksək olmasıdır.
Dəniz nəqliyyatı bir sıra nöqsan cəhətlərə malikdir. Bu hər şeydən əvvəl dəniz sahilində böyük liman təsərrüfatının (infrastrukturun) yaradılması ilə bağlıdır. Dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması zamanı bu yüklərin limana gətirilməsi və ya limandan təyinat məntəqəsinə nəql edilməsi kimi ilkin və son əməliyyatlar avtomobil nəqliyyatı vasitəsi ilə yerinə yetirilir və onun digər nəqliyyat növləri ilə müqayisədə istismar sürəti çox aşağıdır (təqribən saatda orta hesabla 22 – 23 km/saat).
Göründüyü kimi dəniz nəqliyyatı daşımanın maya dəyərinin aşağı, yükgötürmə qabiliyyətinin yüksək və yolların isə maneəsiz, keçilən olmasına görə üstün cəhətlərə malikdirsə, məhsulların «dəqiq vaxtında», «kanban» metodu ilə təyinat məntəqələrinə çatdırılmaması və yük daşımaların məhdudluğu kimi mənfi cəhətlərlə də xarakterizə edilir. Odur ki, bu nəqliyyat vasitələrindən istifadə edən zaman logistik sistemin iştirakçıları bu və ya digər cəhətlərə görə onlar üçün əlverişli variantları müəyyən-ləşdirir və seçirlər. Daha doğrusu, bunun üçün müvafiq texniki – iqtisadi əsaslandırmalar aparmaqla yüklərin hərəkəti boyu iqtisadi qazanclar və ziyanlar müqayisəli təhlil olunur və iqtisadi kompromislər əsasında dəniz nəqliyyatından istifadənin əlverişliliyi haqqında logistik qərarlar qəbul edilir.
Dəniz nəqliyyatının maddi – texniki bazasını donanma, liman və körpülər təşkil edir. Dəniz donanması müxtəlif növ, ölçü və təyinatlı gəmilərdən ibarətdir. Bu nəqliyyat növünü xarakterizə etmək üçün gəminin subasımı, yükgötürmə qabiliyyəti, tutumu, ölçüsü (uzunluğu, eni , bortunun hündürlüyü), yüksüz və yüklü suya oturma dərinliyi kimi əsas göstəricilərdən istifadə olunur. Bəzi su və dəniz nəqliyyatı növlərindən daha geniş istifadə olunur.
Gəminin subasımı onun suda olan hissəsinin (su xəttinə qədər) sıxışdırıb çıxardığı mayenin (suyun) kütləsinə bərabərdir.
Yükləmə - boşaltma əməliyyatlarının yerinə yetirilməsi, habelə yükdaşı- maların təşkili və donanmaya xidmət göstərilməsi üçün mövcud dəniz və çay limanlarından (körpülərindən) istifadə olunur.
Dostları ilə paylaş: |