3. NƏQLİYYAT VASİTƏLƏRİNİN SEÇİLMƏSİNƏ
TƏSİR EDƏN AMİLLƏR
Material resurslarının tədarükatı və daşınması prosesində, habelə hazır məhsulun istehsalçılar və ya logistik vasitəçilər tərəfindən çoxsəviyyəli logistik kanallar arasında bölüşdürülməsində və məhsulların son təyinat məntəqəsinə çatdırılması işinin təşkilində müxtəlif nəqletmə marşrutlarından və nəqliyyat vasitələrindən istifadə olunur.
Firma və ya müəssisələrin logistik menecerləri hər şeydən əvvəl xüsusi nəqliyyat parkının yaradılması və ya istifadəsi zəruri hesab olunan nəqliyyat vasitələrinin bu və ya digər növünün icarəyə götürülməsi kimi problem məsələni həll etməlidirlər. Məqsədəuyğun - alternativ variantın seçilməsi zamanı menecerlər konkret meyarlar sisteminə əsaslanırlar. Bura bir qayda olaraq aşağıdakılar:
-
xüsusi nəqliyyat parkının yaradılması (icarə və ya nəqliyyat vasitələrinin lizinq xidmətinə götürülməsi) və istismarına çəkilən məsrəflər;
-
yükdaşımalarda iştirak edən nəqliyyat – ekspedisiya, nəqliyyat və digər logistik vasitəçilərə göstərdikləri xidmətlərə görə ödənilən haqlar və onun səviyyəsi;
-
nəqletmənin sürəti (vaxtı);
-
nəqletmənin keyfiyyəti (yüklərin daşınması və saxlanması etibarlılığı) aid edilir.
Xüsusi nəqliyyat parkının yaradılması, nəqliyyat vasitələrinin alınması və bu nəqliyyat parkına xidmət göstərən istehsal – texniki bazanın və nəqliyyat infrastrukturunun formalaşması üçün böyük kapital qoyuluşları tələb olunur. İstehsal - texniki bazanın və nəqliyyat infrastrukturunun formalaşması üçün tələb olunan maliyyə vəsaitləri bu nəqliyyat departamentləri tərəfindən müxtəlif təyinatlı və böyük həcmli yük partiyalarının müntəzəm, keyfiyyətli və etibarlı daşınmasına zəmanət verir. Lakin nəzərə almaq lazımdır ki, iri partiyalarla müntəzəm yükdaşımaları yalnız müxtəlif növ nəqliyyat vasitələri parkına malik firma və ya agentliklər həyata keçirə bilər və bu qeyd olunan göstəricilərin (keyfiyyət, etibarlılıq, daşınmanın maya dəyərinin az olması və s.) yaxşılaşdırılmasına da məhz bu firma və agentliklərdə nail olunur. Bütün bunlarla yanaşı alternativ seçim çoxlu meyarlar kompleksi nəzərə alınmaqla qiymətləndirilməli və aparılmalıdır.
İstehsalçı müəssisə və firmalar əksər hallarda yükdaşımalar üzrə ixtisaslaşmış nəqliyyat firmalarının xidmətindən istifadə olunmasına daha aktiv formada səy göstərirlər.
Ayrı-ayrı nəqliyyat vasitələrilə nəql edilən logistik yük vahidlərini nəqletmə növləri üzrə aşağıdakı kimi təsnif etmək olar:
-
u n i m o d a l;
-
q a r ı ş ı q;
-
k o m b i n ə l ə ş d i r i l m i ş;
-
i n t e r m o d a l;
-
t e r m i n a l;
-
m u l t i m o d a l.
Təsnifatda verilən bu və ya digər nəqletmə növünün seçilməsi üçün aşağıdakı logistik prosedurların yerinə yetirilməsi tələb olunur:
-
nəqletmə növünün seçilməsi (bəzən logistikaya aid edilən ədəbiyyatlarda daşınmanın üsulları və nəqletmə sistemi adlanır);
-
nəqliyyat növünün və ya bir neçə nəqliyyatın seçilməsi;
-
nəqletmə prosesində iştirak edən əsas və köməkçi logistik vasitəçilərin seçilməsi.
Sadalanan bu prosedurlar logistik sistemin xarici mühitinə qoyulan tələblər (məhdudiyyətlər) nəzərə alınmaqla bir meyar və ya meyarlar sistemi əsasında həyata keçirilir. Logistik sistemin xarici mühitinə qoyulan tələblər (məhdudiyyətlər) bir qayda olaraq mikro və makro mühiti əhatə edən amillər və ya xarici logistik sistemin məqsəd funksiyası ilə şərtləşir. Məsələn, məhsulların fiziki bölüşdürülməsi sistemində tələblər (məhdudiyyətlər) hazır məhsulun daşınması zamanı nəqletməyə, yüklərin kəmiyyət və keyfiyyətcə saxlanmasına, anbarlaşdırma və ya yüklərin bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yüklənməsini həyata keçirən logistik sistemlərin dislokasiyasına yönəldilir.
Unimodal (bir növlü) nəqletmə bir nəqliyyat növü ilə, məsələn, avtomobillə həyata keçirilir. Bu nəqletmə növündən adətən logistik dövrədə anbarlaşdırma və ya yüklərin emalı kimi aralıq əməliyyatlar yerinə yetirilmədiyi halda ilkin və son məntəqələr arasında birbaşa daşımaların həyata keçirilməsi zamanı istifadə olunur. Belə nəqletmə növü üçün nəqliyyat vasitələrinin seçilməsi meyarları əsasən yükün növü, göndərmələrin həcmi, yüklərin çatdırılması müddəti, daşımaların maya dəyəri və s. - dən ibarətdir. Məsələn, iritonnajlı göndərmələri həyata keçirən zaman son təyinat məntəqəsində giriş dəmir yolu vardırsa, dəmir yolu nəqliyyatından; kiçik göndərmələri həyata keçirən zaman isə avtomobil nəqliyyatından istifadə olunması məqsədəuyğundur.
Qarışıq yükgöndərmələrdə iki nəqliyyat növündən, məsələn, dəmir yolu - avtomobil, çay nəqliyyatı – avtomobil; dəniz – avtomobil və s. – dən istifadə etməklə həyata keçirilir. Bu zaman yüklər birinci göstərilən nəqliyyat növü ilə yük terminallarına və ya məntəqələrinə çatdırılır və saxlanılmadan (bəzi hallarda qısa müddətli saxlanılmaqla) növbəti - digər nəqliyyat növünə yüklənir. Qarışıq yük göndər-mələrə tipik nümunə kimi avtomobil nəqliyyatı firmaları tərəfindən dəmir yolu stansiyalarına (məntə-qələrinə) və ya dəniz (çay) limanlarının nəqliyyat şəbəkələrində göstərilən xidmətləri aid etmək olar.
Bir neçə nəqliyyat sənədlərinin varlığı, vahid tarif fraxta dərəcələrinin olmaması, yaranma mənbələrindən son təyinat məntəqəsinə qədər nəqletmə prosesində iştirak edən tərəflər üçün qarşılıqlı, ardıcıl fəaliyyət sxeminin varlığı qarışıq yükdaşımalardan istifadəni şərtləndirən faktorlardır. Bu tip yükdaşımalar zamanı yük sahibləri ilk yükdaşıyanlarla həm öz adından və həm də digər - növbəti nəqliyyat növü ilə yük daşıyanın adından müqavilə bağlayır. Mahiyyət etibarı ilə yük sahibi hər iki nəqliyyat növündən istifadə edən tərəflərlə müqavilə münasibətlərinə girir və hər iki tərəf cari hesab-laşmalarını məhz yük sahibləri ilə aparır və yüklərin onlara aid edilən sahələrdə kəmiyyət və keyfiyyətcə qorunmasına görə maddi məsuliyyət daşıyır.
Kombinələşdirilmiş nəqletmə iki növdən artıq nəqliyyat vasitələrindən istifadə olunması nəzərdə tutulur. Kombinələşdirilmiş nəqletmə növünün tətbiqi logistik sistem daxilində bölüşdürücü kanalların (və ya logistik təchizat kanallarının) strukturundan asılıdır. Məsələn, iri partiyalı hazır məhsulların istehsalçı müəssisədən və ya firmadan topdansatış bazalarına daşınması dəmir yolu ilə (daşınmaya çəkilən məsrəf-ləri azaltmaq üçün), topdansatış bazalarından müxtəlif pərakəndə ticarət şəbəkələrinə isə avtomobil nəqliyyatı ilə həyata keçirilir.
Yüklərin nəql edilməsinin müasir logistik praktikası bir nəqliyyat sənədi (multimodal, intermodal, transmodal, kombinələşdirilmiş, qarışıq və s.) ilə bir dispetçer mərkəzində bir operator (ekspeditor) tərəfindən yerinə yetirilən daşımaların genişlənməsi (ekspansiyası) ilə əlaqədardır.
Qeyd etmək lazımdır ki, respublikamızın on iki ildən artıq müddət ərzində iqtisadi müstəqillik qazanmasına, beynəlxalq nəqliyyat dəhlizinə qoşulmasına baxmayaraq hələ də ölkəmizdə yuxarıda qeyd olunan nəqletmə növlərinin, xüsusilə unimodal, kombinələşdirilmiş və qarşıq daşımalar sahəsində vahid terminologiya mövcud deyil. Lakin beynəlxalq yükdaşımalar praktikasında intermodal (inteqrativ) daşımalar adı altında vahid fraxta dərəcələrinin tətbiqi ilə bir nəqliyyat sənədi üzrə operator tərəfindən rəhbərliyi həyata keçirilən «qapıdan qapıya» qarışıq yükdaşımalar qəbul edilmişdir. Daha doğrusu, intermodal daşımalar bir neçə nəqliyyat vasitələrinin iştirakı ilə yüklərin bir göndərmə məntəqəsindən bir neçə aralıq məntəqələrdən keçməklə son təyinat məntəqəsinə bir nəqliyyat sənədi əsasında (daşınmaya görə məsuliyyəti tərəflər arasında bərabər bölməklə) tam nəql edilməsi hər hansı yükdaşıyan firma və ya agentlik tərəfindən təşkil edilir.
Qarışıq yükdaşımaların təşkilinə ənənəvi və logistik yanaşmanın müqayisəli xarakteristikası cədvəl 13.3 - də verilmişdir.
Cədvəl 13.3
Qarışıq və intermodal yükdaşımaların müqayisəli xarakteristikası
Qarışıq daşımalar
|
İntermodal daşımalar
|
İki və daha artıq nəqliyyatı növü
|
İki və daha artıq nəqliyyatı növü
|
Yükdaşımalar zamanı vahid operatorun olmaması
|
Yükdaşımalar zamanı vahid operatorun olması
|
Bir neçə nəqliyyat sənədi
|
Vahid nəqliyyat sənədi
|
Vahid fraxta tarif dərəcələrinin olmaması
|
Vahid fraxta tarif dərəcələrinin mövcudluğu
|
İştirakçıların qarşılıqlı fəaliyyəti ardıcıl sxem üzrə təşkil edilir
|
İştirakçıların qarşılıqlı fəaliyyəti ardıcıl-mərkəzləşdirilmiş sxem üzrə təşkil edilir
|
Yüklərə görə cavabdehliyin aşağı olması
|
Yüklərə görə cavabdehlik məsuliyyətinin yüksək olması
|
Yüklərin terminallar vasitəsilə daşınmasının təşkili və həyata keçirilməsi terminal daşımalar adlanır. Müasir mikro və makrologistik səviyyələrdə bu növ nəqletmənin əhəmiyyətinin hədsiz dərəcədə artması burada daha çox logistik aktivlərin inteqrativliyi ilə əlaqələndirilir.
Terminal daşımalar hər şeydən əvvəl yüklərin beynəlxalq və şəhərlər arasında qarışıq daşınması üçün yaxın və uzaq xarici ölkələrə məxsus olan iri dəniz limanlarında və nəqliyyat şəbəkələrində meydana gəlmişdir.Terminal daşımaların təşkilatçısı rolunda müxtəlif daşıma üsulları üçün universal və ya ixtisaslaşdırılmış terminallardan və terminal kompleksindən istifadə edən nəqliyyat ekspedisiya firmaları və ya müxtəlif nəqliyyat növləri üzrə operatorlar çıxış edir.
Yük terminalı kimi bir – birilə üzvi bağlı olan müxtəlif təyinatlı yüklərin qəbulu, yüklənməsi - boşaldılması, saxlanması, sortlaşdırılması və emalı, habelə unimodal, multimodal, intermodal və digər daşımalarda yük alıcılarına, daşıyıcılara və logistik vasitəçilərə kommersiya – informasiya xidmətinin göstərilməsi ilə əlaqədar logistik əməliyyatların yerinə yetirilməsi üçün xüsusi avadanlıqlara, işçi heyətinə, texniki və texnoloji qurğulara malik kompleks başa düşülür. Bu gün terminallar kiçik partiyalı logistik yüklərin yığılması və toplanması ilə yanaşı, irimiqyaslı yük bölüşdürmə mərkəzləri və təchizat bazası rolunu oynayır.
İxtisaslaşmış, universal və terminal komplekslərini fərqləndirirlər. Universal terminallar özündə distributiv mərkəzlərdən ibarət böyük anbar qruplarını birləşdirir. Belə terminalların əsas funksiyası logistik yüklərin yığılması, daşınması, paylaşdırılması, kiçik partiyalı yüklərin emalı, yüklərin saxlanması və bu kimi digər logistik aktivliklər daxil edilir. Universal terminallar xüsusi anbar sahələrinə, konteyner meydançalarına, ağır çəkili, tez xarab olan və həndəsi ölçüləri baxımından qeyri - standart hesab edilən məhsulların emal edilməsi üçün avadlanlıqlara malik olur. Adətən belə terminallar dəmir yolu stansiyalarına yaxın olan ərazilərdə yaradılır.
Qeyd edildiyi kimi universal terminallar sonradan göndərilməsi nəzərdə tutulan kiçik partiyalı yüklərin emalını həyata keçirir. Bu terminallarda yerinə yetirilən əsas əməliyyatlara:
-
nəqliyyat – logistik servis bazarının marketinq tədqiqi;
-
sifarişlərin qəbulu və işlənməsi;
-
müştərilərlə müqavilələrin bağlanması;
-
yüklərin yığılması, saxlanması, sortlaşdırılması, dəstləşdirilməsi, iriləşdirilməsi, emalı və paylaşdırılması;
-
yüklərin terminallararası daşınması və son istehlakçıya çatdırılması;
-
terminallara servis xidmətinin göstərilməsi üçün onun informasiya - kompyüter təminatının həyata keçirilməsi;
-
nəqliyyat – logistik xidmətə görə hesablaşmaların aparılması.
Son illərdən iri miqyaslı terminallarda tez – tez yüklərin uzunmüddətli saxlanması və gömrük «təmizlənməsi» üzrə əməliyyatlar yerinə yetirilir. Qərb ölkələrində terminallar, terminal şəbəkələri və kompleksləri həm məhsul istehsalçıları, həm də logistik vasitəçilər (nəqliyyat ekspeditor firmaları və topdansatış ticarəti vasitəçiləri) tərəfindən yaradılır.
Bütün dünya üzrə universal xarakterli irimiqyaslı terminal şəbəkələri «ASG AB», «Schenker», «BTL», «TNT EW» kimi transmilli nəqliyyat – logistik firmalara məxsusdur.
Xüsusi təyinatlı terminallar müəyyən növə və ya çeşidə malik yüklər, məsələn, tibbi ləvazimatları, kağız, ərzaq və tez xarab olan məhsullar üçün nəqliyyat – logistik servis əməliyyatlarını həyata keçirir. Yük terminallarının ixtisaslaşması müştərilərin məhsuldaşımalarla bağlı tələbatlarını dolğun və tam nəzərə almağa, yüklərin saxlanması və emalına, logistik idarəetmənin effektivliyinin və servis xidmətinin keyfiyyətinin yüksəldilməsinə, logistik xərclərin azaldılmasına imkan verir.
Yaponiya və Fransada ixtisaslaşmış yük terminalları sahəsində böyük təcrübə toplanmışdır. Təkcə Yaponiyada 2000 ixtisaslaşmış terminallar mövcuddur.
Terminallarda yerinə yetirilən texnoloji proseslər üç mühüm mərhələdən ibarətdir:
-
yüklərin terminala çatdırılması və onların terminaldan daşınması;
-
yüklərin terminalda emalı;
-
göndərmə və təyinat terminalları arasında yüklərin xətti daşınması.
Beynəlxalq xarakterli yükdaşımalar zamanı terminala üzərində bu və ya digər logistik əməliyyatların aparılması tələb olunan yüklər gətirilir. Bu zaman logistik əməliyyatların xarakteri və həcmi yükün növündən, yük partiyasının həcmindən, yükdaşımaların orta məsafəsindən və yüklərin emal edilməsinə sərf edilən vaxtdan asılı olaraq müəyyənləşdirilir. Kiçik məhsulgöndərmələrin həcmi bir neçə kiloqramdan 3 – 5 ton arasında tərəddüd edir.
Terminallar arasında yüklərin xətti (magistral) daşınması müxtəlif sxemlər üzrə və müxtəlif nəqliyyat vasitələrilə həyata keçirilir.
Terminal daşımaların keyfiyyəti yüklərin tez çatdırılması və nəqliyyat vasitələrindən əlverişli istifadə olunması ilə xarakterizə edilir.
Multimodal daşımalarda bir nəqliyyat növü yükləri daşıyır, digər nəqliyyat növləri isə ilkin nəqliyyat növünün nəqletmə ilə bağlı göstərdiyi xidmətin haqqını ödəyən müştəri kimi çıxış edirlər. İlkin nəqliyyat növü vahid nəqletmə sənədlərinin rəsmiləşdirilməsi zamanı nəqletmə prosesindəki iştirakçıların sayından asılı olmayaraq daşınmanı təşkil etdiyindən son təyinat məntəqəsinə qədər maddi məsuliyyət daşıyır.
İntermodal daşımalar zamanı yük sahibləri yüklərin hərəkəti boyu bir şəxslə (operatorla) müqavilə bağlayırlar. Operator kimi logistik yüklərin müəyyən edilmiş marşrut üzrə müxtəlif nəqliyyat vasitələrilə daşınması üçün fəaliyyət göstərən, yük sahiblərini digər nəqliyyat təşkilatları ilə müqavilə münasibətlərinə girməkdən azad edən ekspeditor firmaları çıxış edirlər. Vahid operatorun mövcudluğu material axınlarının ardıcıl və fasiləsiz hərəkətini layihələşdirmək üçün prinsipial imkanlar yaratmaqla çıxışda (yük alıcılarında) logistik parametrlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına köməklik göstərir
İntermodal (multimodal) daşımaların əsas əlamətləri:
-
yükləri ilkin məntəqədən son təyinat məntəqəsinə qədər çatdıran operatorun varlığı və onların fəaliyyət mexanizmi;
-
vahid fraxta dərəcələri;
-
vahid nəqliyyat sənədi;
-
yüklərə və yüklərin daşınması üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə maddi məsuliyyətdən ibarətdir.
Yükdaşımaların intermodal və multimodal sistemlərinin əsas fəaliyyət prinsiplərinə:
-
kommersiya fəaliyyəti üçün normativ hüquqi bazanın yaradılması və formalaşdırılması;
-
yükdaşımaların təşkili ilə bağlı maliyyə – iqtisad səpkili məsələlərinin həllinə kompleks yanaşma;
-
telekommunikasiya şəbəkələri və sənəd dövriyyəsinin elektron sistemindən maksimum istifadə olunması;
-
nəqletmədə iştirak edən bütün logistik vasitəçilərin fəaliyyətinin əlaqələndirilməsi;
-
logistik vasitəçilərin kooperasiyası;
-
müxtəlif nəqliyyat vasitələri ilə yükdaşımaların infrastrukturunun kompleks inkişafı aid edilir.
Ölkə daxilində idxal – ixrac əməliyyatlarının aparılması üçün multimodal təyinatlı daşımaların həyata keçirilməsi zamanı yüklərin gömrük rəsmiləşdirilməsi, nəqliyyat məcəlləsi və yüklərin hərəkət marşrutlarının keçdiyi ölkələrdə yükdaşımaların tənzimlənməsi üzrə normativ - hüquqi bazanın beynəlxalq standartların tələblərinə cavab vermə səviyyəsi böyük əhəmiyyət kəsb edir.
Multi və intermodal daşımalarda nəqliyyat prosesinin informasiya - kompyüter təminatının oynadığı rolu, daşıdığı əhəmiyyəti xüsusi qeyd etmək lazımdır. Ölkəmizin beynəlxalq informasiya fəzası ilə inteqrasiyası üçün logistik sistemlərdə müasir məlumatların elektron mübadiləsini nəzərdə tutan EDI, EDIFACT kimi beynəlxalq standartlardan istifadə olunması, kağızsız elektron sənəd mübadiləsinin inkişafı daha məqsədəuyğundur. Nəqletmə üçün əhəmiyyətli rolu kommersiya (CompuSeve, America Online, Reicom) və qeyri - kommersiya (Internet) sputnik rabitə sistemləri və nəqliyyat vasitələri üçün naviqasiya (Inmarsat – C, GPS) xarakterli beynəlxalq kommunikasiya şəbəkələri yerinə yetirir.
Beləliklə, müxtəlif təyinatlı logistik yükləri konkret məntəqələr arasında müxtəlif nəqliyyat vasitələrilə daşımaq mümkündürsə, onda bu işin səmərəli və əlverişli aparılması üçün texniki – iqtisadi hesablamaların yerinə yetirilməsi lazım gəlir. Hesablamalar müxtəlif variantlar üzrə aparılır. Optimal variantın seçilməsi üçün əsas göstəricilər kimi yükün son təyinat məntəqəsinə çatdırılması müddəti və istismar xərclərinin həcmi mütləq nəzərə alınmalıdır. Aydındır ki, müxtəlif nəqliyyat növləri üzrə bu göstəricilər bir-birindən kəskin fərqlənir. Ona görə də ayrı-ayrı nəqliyyat növlərinin üstünlüklərini nəzərə almaq üçün onların aşağıdakı texniki – iqtisadi göstəricilərini bir-birilə müqayisə etmək lazımdır:
-
nəqletməyə çəkilən minimum məsrəflər;
-
yüklərin göndərilməsi tezliyi;
-
yük qrafiklərinə maksimum riyaət olunması etibarlılığı;
-
nəqliyyat ehtiyatları ilə bağlı minimum məsrəflər (ziyanlar);
-
nəqliyyat vasitələrinin yükləri istənilən yerə çatdırması imkanları;
-
məhsullar üzrə differensiasiya;
-
nəqletmə müddəti;
-
təhlükəsizlik və s.
Daşınmaya çəkilən məsrəflər bilavasitə həm müəyyən həcmdə yüklərin daşınmasına (nəqliyyat işlərinin yerinə yetirilməsinə) görə nəqliyyat tariflərindən, həm də nəqliyyat – ekspedisiya əməliy-yatlarına (yükləmə-boşaltma, taralaşdırma, yenidən yükləmə, sortlaşdırma və s.), yəni fiziki bölüşdürmə ilə əlaqədar logistik əməliyyatlara çəkilən məsrəflərdən ibarətdir. Nəqletməyə çəkilən məsrəflər nəqliyyat növünün və daşıma üsullarının seçilməsi üçün əsas meyar rolunu oynayır.
Yüklərin nəqletmə müddəti (tranzit vaxtı) həm alternativ seçimin aparılması zamanı prioritet göstəricilər üzrə daşınmaya çəkilən məsrəflərin, həm də müasir JIR, QR, DDT logistik konsepsiyaların müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən yüklərin təyin edilən müddətdə son təyinat məntəqələrinə bütün bərabər şərtlər daxilində çatdırılması daşıma marşrutlarının və ya sxem-lərinin düzgün seçilməsini və onların etibarlı olmasını təsdiqləməklə hazır məhsul satışı bazarında əhəmiyyətli dərəcədə rəqabət üstünlüklərini təmin edir, məhsul differensiasiyası strategiyasının tətbiq edilməsinə imkan yaradır.
Konkret nəqliyyat növünü seçən logistik menecmentin nəqliyyatın texniki – istismar göstəricilərini, daşıma imkanlarını və bu nəqliyyat vasitələrindən istifadənin əlverişli olmasını, nəqliyyatın coğrafi baxımdan heç bir məhdudiyyətlə rastlaşmaması kimi amilləri mütləq nəzərə alması lazımdır.
Nəhayət, nəqliyyat vasitələrinin seçilməsi zamanı mühüm şərtlərdən biri də yüklərin hərəkəti boyu nəqliyyat vasitələrinə qoyulan beynəlxalq ekoloji, habelə yüklərin kəmiyyət və keyfiyyətcə qorunması, saxlanmasını təmin edən standart tələblərdən ibarətdir.
Qeyd edilən bu amillərin müxtəlif ekspertlər tərəfindən qiymətləndirilməsi göstərir ki, sadalanan göstəricilər içərisində nəqliyyat vasitələrinin seçilməsi zamanı əsasən aşağıdakı:
-
yükgöndərmə qrafiklərinə riayət olunması;
-
nəqletmə müddəti;
-
daşınmanın dəyəri kimi amillərə daha çox üstünlük verilir.
Logistik menecmentin konkret xüsusiyyətləri baxımından hər bir nəqliyyat növü logistik sistem daxilində onun istifadə imkanlarını müəyyənləşdirə bilən üstünlüklərə və çatışmazlıqlara malikdir.
Hər bir nəqliyyat növü (boru kəməri nəqliyyatından başqa) nəqliyyat vasitələrinin müəyyən tipi və onun istehsal-texniki bazası (nəqliyyat vasitələrinə texniki xidmət göstərən, təmir edən və istimarı üçün şərait yaradan) ilə xarakterizə olunur.
Nəqliyyat logistikasının tədqiqi ilə məşğul olan əksər xarici müəlliflər nəqliyyat sisteminin kompo-nenti kimi yolları (dəmir yol, avtomobil, hava, dəniz və s. nəqliyyat), terminalları, dəmir yolu nəqliyyat vasitələrinin hamısını və dartı vasitələrini nəzərdə tuturlar. Logistik menecerlər üçün bu komponentlərin bir sıra texniki – istismar parametrləri əsas təyinedici faktor kimi çıxış edir. Nəqliyyat vasitələri üçün məhz belə parametrlərə:
-
texniki və istismar sürəti;
-
nəqliyyat vasitələrinin qabarit ölçüləri;
-
oxlara düşən ümumi yükün kütləsi;
-
mühərrikin gücü;
-
yükgötürmə qabiliyyəti;
-
vaqon, qoşqu, yarımqoşqu və yedəklərin qabarit ölçüləri.
Yük terminalları üçün isə:
-
faydalı anbar sahəsi;
-
dövriyyələrin sayı;
-
yükləmə – boşaltma və anbar avadanlıqlarının məhsuldarlığı aid edilir.
Yükdaşımalar zamanı logistik sistemdə xüsusi yeri nəqliyyat kompleksində çevikliyinə və manevrliyinə görə avtomobil nəqliyyatı tutur. Avtomobil nəqliyyatından istifadə etmədən məhsul istehsalçılarının təchizat və satış sistemində müasir logistik texnologiyaları (məsələn, «qapıdan qapıya») reallaşdırmaq qeyri - mümkündür.
4. LOGİSTİK SİSTEMLƏRDƏ NƏQLİYYAT
TARİFLƏRİ
Yük tariflərinin iqtisadi mahiyyəti və formalaşması.
Özünün iqtisadi təbiətinə görə yük tarifləri yüklərin nəql edilməsi üzrə göstərilən xidmətlərin qiymətidir. Yük tarifləri logistik sistemin ilkin mərhələsi (istehsal sferası) ilə son mərhələsinin (istehlakın) iqtisadi maraqlarını düzgün uzlaşdırmaqla logistik kanallarda məhsulların əlverişli yerləşməsinə imkan verir.
Bir iqtisadi kateqoriya kimi qiymət, əmtəənin və xidmətin tələbə uyğunluq dərəcəsini pulla ifadə edən kəmiyyət göstəricisidir. Daha doğrusu, qiymət mübadilə zamanı əmtəə vahidinə, xidmətə görə ödənilən pulun kəmiyyətidir və praktiki olaraq mürəkkəb iqtisadi münasibətləri xarakterizə edir. Qiymətin formalaşması, əmələ gəlməsi induktiv, analitik amillərin təsir dairəsi ilə təşəkkül tapır. Qiymətin əmələ gəlməsini təmin edən amilləri mahiyyətlərinə görə iki qrupa bölmək olar:
iqtisadi maddi – şey amillərinə. Bura əmtəələrin istehsal xərcləri (məsrəfləri), tədavül xərcləri, onların çoxluğu və ya qıtlığı nadirliyi (az olması) daxildir;
ümumi iqtisadi amillərə. Buraya tələb – təklif mexanizmi, alıcıların və satıcıların az və ya çoxluğu, rəqabət, mənfəətin səviyyəsi, keçid dövrünün yaratdığı spesifik xüsusiyyətlər, iqtisadiyyatın çoxukladlı vəziyyəti, inflyasiya dərəcəsi və s. aid edilir.
İqtisadi ədəbiyyatlardan məlumdur ki, qiymət siyasətinin əsas məqsədi uzun və qısamüddətli plan daxilində mənfəətin maksimumluğunu təmin etmək və iqtisadi artım üçün şərait yaratmaqdan ibarətdir. Bununla əlaqədar olaraq qiymət bir sıra funksiyaları: informasiya (bazarın konyukturası haqqında məlumatları özündə cəmləşdirir. İstehsal və satışa çəkilən xərcləri xarakterizə etməklə qiymətin daxili qabiliyyətini əks etdirir); bölüşdürücü (gəlirlərin bir hissəsinin iqtisadiyyatın sahələri, mülkiyyət formaları, əhalinin sosial qrupları, yığım və istehlak fondları arasında bölüşdürülməsi və yenidən bölüşdürülməsi həyata keçirilir), həvəsləndirici (məhsulların satışından əldə olunan gəlirlərin variasiya edilməsi hesabına müxtəlif növ məhsulların (xidmətlərin) istehsalı və istehlakının stimullaşdırılması); tələb və təklifin balanslaşdırılması (qiymət) tələb və təklifin balanslaşdırılması vasitəsidir. Əgər tələb təklifdən yüksəkdirsə onda bazarda məhsul qıtlığı yaranır, qiymət artımı müşahidə edilir. Əks halda isə bazarda məhsul bolluğu yaranır və qiymətlər aşağı düşür); uçot (qiymətin iqtisadi mahiyyətini əks etdirməklə ictimai əmək məhsullarının uçotunu və ölçülməsini həyata keçirir və hər hansı məhsul növü üzrə tələbatın ödənilməsinin cəmiyyət üzvləri üçün necə və neçəyə başa gəlməsini müəyyənləşdirir); istehsalın səmərəli yerləşdirilməsi (kapitalın iqtisadiyyatın bir sahəsindən digərinə, eləcə də sahə daxilində bir rentabelli sektordan, daha çox gəlirlik norması təmin edə bilən bölməyə yönəldilməsini nəzərdə tutur).
Yük tariflərinin yerinə yetirdiyi funksiyalar qiymətin yuxarıda sadalanan funksiyalarından heç də fərqlənmir.
Yük tarifləri milli iqtisadiyyatımız üçün mühüm hesab olunan: ölkəmizdə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi; sənayenin ilkin xammal, material mənbələrinə yaxın yerləşdirilməsi və yeni rayonların inkişafı; müxtəlif nəqliyyat vasitələri arasında logistik yük vahidlərinin rasional bölüşdürülməsi; bütün növ nəqliyyat vasitələri parkından maksimum istifadə olunması, izafi və təkrar daşımaların aradan qaldırılması; nəqliyyatda təsərrüfat hesabının möhkəmləndirilməsi; ölkədaxili iqtisadi regionlar, habelə dövlətlərarası iqtisadi əlaqələrin inkişafı kimi mühüm vəzifələrin yerinə yetirilməsinə xidmət edir.
Tariflərin müəyyənləşdirilməsi istənilən biznes sahəsində olduğu kimi logistikada da qəbul edilən qərarların ən mühümü hesab edilir. Bazarda obyektiv və subyektiv amillərin təsiri altında olan qiymət çox mürəkkəb bir prosesi xarakterizə edir. Bazar konyukturasından asılı qiymətlər istənilən istehsal – kommersiya fəaliyyəti ilə məşğul olan logistik sistemin iştirakçısına seçilən fəaliyyət strategiyası və taktikasının düzgünlüyü baxımından həm böyük mənfəət, həm də əhəmiyyətli dərəcədə ziyan gətirə bilər. Qeyd etmək lazımdır ki, qiymətin əmələ gəlməsi haqqında qərarın qəbul edilməsi prosesi yalnız bir elm sahəsinə deyil, müxtəlif sayda nəzəri yanaşmalar, xüsusilə marketinq və mühasibat uçotu sahəsində iqtisadi bilik və təcrübələrə əsaslanır. İnamlı formada göstərmək olar ki, qiymət qoyulması və ya əmələ gəlməsi nəzərdə tutulan, baxılan məhsulun məqsəd bazarına daşınması və ya reallaşdırılması prosesinə çəkilən məsrəflərlə deyil, bazar konyukturasına əsaslanaraq müəyyənləşdirilir. Lakin bir fakta da xüsusi diqqət yetirmək lazımdır ki, qiymətin qoyulması və ya əmələ gəlməsi istər istehsal sferasında, istərsə də satış bazarında paralel formada baş verir.
Tariflərin qurulmasının əsasını məhsulların daşınmasına çəkilən orta məsrəflər və bu xərclərə edilən əlavələr (mənfəət norması) təşkil edir. Əlavələrin səviyyəsi firmanın qarşısına qoyduğu məqsədlərə əsasən müəyyənləşdirilir və məqsəd kimi müəyyənləşdirilən mənfəət normasına təsir göstərə bilər. Mütəxəssislər göstərirlər ki, əlavələrin faiz dərəcəsi mənfəətin alınması asan olduqda artmağa, iqtisadi böhranlar zamanı isə mənfəətin əldə edilməsi çətinləşdiyindən azalmağa meyl göstərir. Bütün bunlara baxmayaraq qiymətin (tarifin) müəyyənləşdirilməsi üçün tətbiq edilən bu metod bazarın qeyri – müəyyənliyi halında maksimum mənfəət əldə etmək üçün heç də pis vasitə deyil.
Nəqletmə zamanı hər bir logistik xərclər ayrıca götürülmüş formada logistik sistemin ixtiyari mərhələsi üçün qruplaşdırılır və ya differensiallaşdırılır. Məsələn, nəzərə alsaq ki, gömrük belə logistik mərhələlərdən birini təşkil edir, onda onun üçün aşağıdakı məsrəfləri tərkib elementi kimi göstərmək olar:
-
gömrük rüsumu;
-
əlavə edilmiş dəyərdən vergi;
-
aksizlər;
-
gömrük orqanları tərəfindən lisenziyanın verilməsi üçün müvafiq yığımlar;
-
kvalifikasiya attestatlarının verilməsinə görə yığımlar;
-
yüklərin gömrük rəsmiləşdirilməsinə görə yığımlar;
-
məhsulların saxlanmasına görə gömrük yığımları;
-
məhsulların gömrük müşahidəsinə görə gömrük yığımları;
-
informasiya və konsaltinq xidmətinə görə ödəmələr və s.
Son illər Azərbaycan Respublikasında beynəlxalq avtomobil yükdaşımalarının (İran İslam Respublikası, Türkiyə Respublikası, Rusiya Federasiyası, Gürcüstan Respublikası və s.) həcminin artması nəticəsində bu növ yükdaşımaların düzgün uçotu, məsrəflərin müəyyən edilməsi və proqnozlaşdırılması (planlaşdırılması) xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında yeni iqtisadi sistemin qurulması ölkəmizdə özəlləşdirmənin aparılması və yeni mülkiyyət formalarının meydana gəlməsini obyektiv zəruriyyətə çevirdi. Nəticə etibarı ilə nəqliyyat, xüsusilə avtomobil müəssisələri aparılan iqtisadi islahatların obyektinə çevrildiyindən inzibati - amirlik dövründə mərkəzləşdirilmiş formada fəaliyyət göstərən nəqliyyat xidməti preyskurantları (xüsusilə 13-01-01; 11-01; 11-03 və s. ) özlərinin hüquqi güclərini itirdilər və hal – hazırda tətbiq edilmirlər. Əksər nəqliyyat müəssisələri yüklərin daşınmasına çəkilən ilkin xərclər (yükdaşımaların maya dəyəri) və mənfəətlik normasını nəzərə alınmaqla xüsusi müqavilə tarifləri müəyyənləşdirirlər. Digər nəqliyyat müəssisələri isə tarifləri beynəlxalq unimodal və multimodal yükdaşımalar üçün xarakterik olan sxem üzrə qururlar.
Dəmir yolu nəqliyyatında mövcud yük tarifləri növünə, göndərmənin mənşəyinə və quruluş formasına görə təsnif olunurlar:
Dostları ilə paylaş: |