Mündəricat Titul vərəqindən sonra ikinci səhifədə ortada (artıq vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri göstərməklə dissertasiya işinin əsas başlıqlarını əhatə edir; Giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, Nəticə və təkliflər, İstifadə olunmuş ədəbiyyat siyahısı və Əlavələr. Burada dissertasiyanın bütün bölmələri ardıcıl yazılmaqla bərabər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanın mətnində eyni ilə qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır.
Mündəricatda bütün fəsillər, yarımfəsillər və bəndlərin başlıqlarının dissertasiyanın hansı səhifədən başlandığı göstərilir.
Fəsillər Fəsillərin başlıqları mətnə simmetrik şəkildə və rum rəqəmi ilə göstərilməklə qaraldılmış böyük hərflərlə, paraqrafların başlıqları isə abzasdan başlayaraq, sətri hərflərdə yazılır(birinci baş hərf istisna olmaqla).
Hər fəsil yeni səhifədən başlayır. Yarımfəsillərin başlıqları ərəb rəqəmləri ilə göstərilməklə kiçik hərflərlə yazılır (baş hərflər istisna olmaqla). Fəsilin yarım fəsilləri belə göstərilir. Məsələn: 1. 1. Yəni birinci fəslin 1-ci yarımfəsli. Yarım fəslin bəndi isə belə göstərilir. Məsələn: 2. 1. 2. Yəni ikinci fəslin, birinci yarımfəslinin 2-ci bəndi.
Dissertasiyanın “Giriş”ində ilk növbədə mövzunun aktuallığı əsaslandırılır. Sonra tədqiqatın məqsəd və vəzifələri, obyekti, predmeti, elmi yeniliyi, praktik əhəmiyyəti, daha sonra da metodları, metodologiyası, fərziyyəsi, aprobasiyası göstərilir.
Dissertasiyanın aktuallığının izahında uzun sözçülüyə, uzaqdan başlamağa ehtiyac yoxdur.
Mövzunun aktuallığı konkret faktlarla, məntiqi təfəkkürlə 48 əsaslandırılmalıdır. Başqa sözlə desək, mövzunun əhəmiyyəti, vacibliyi əsaslandırılır. Mövzunun aktuallığından sonra məntiqi olaraq tədqiqatın məqsədi və məqsəddən irəli gələn vəzifələri şərh olunur.
Daha sonra tədqiqatın predmeti (hansı ki, tədqiqatın mövzusunu müəyyənləşdirir) və obyekti (hansı ki, öyrənilən proses, fakt və ya hadisədir) dəqiq göstərilir. Bunların ardınca tədqiqatın metodologiyası və metodları göstərilir.
Beləliklə, tədqiqatın tələbinə uyğun olaraq digər maddələr də təhlil edilir, açıqlanır. Dissertasiyanın “Giriş”ində həmçinin mövzu ilə bağlı yazılmış əsərlərə yığcam şərh də verilir, onlara münasibət bildirilir. Dissertasiyanın “Giriş”i çox əhəmiyyətli və məsuliyyətli hissədir. Belə ki, dissertasiyanın girişindən tədqiqatın məzmunu, əhəmiyyəti, səviyyəsi haqqında müəyyən təsəvvürə malik olmaq olur. Dissertasiyanın “Giriş” hissəsi 4 səhifədən çox olmaya bilər.
Dissertasiyanın fəsilləri öz adına uyğun məzmunda işlənilir. Adətən Dissertasiyanın birinci fəslində mövzunun ümumi məsələləri, öyrənilmə səviyyəsi, pedaqoji ədəbiyyatda, dərsliklərdə, tədqiqat işlərində məsələnin qoyuluşu təhlil edilir. Tövsiyə edilir ki, tədqiqatın obyekti və predmetinin ölkəmizdə, imkan olarsa xarici ölkələrdə öyrənilmə səviyyəsi də araşdırılsın. Dissertasiyanın birinci fəslindən tədqiqatın ümumi cəhətlərini, əsas istiqamətlərini aydın görmək olur. Dissertasiyanın ikinci fəslində isə artıq problemin konkret həlli, işin əsas məzmunu, hətta onun təkmilləşdirilməsi yolları da göstərilə bilər. Bu bölüm məzmunca daha üstün təhlili xarakter daşıyır. Konkret fakt, hadisə və təcrübələr əsasında araşdırma aparılır, aparılmış eksperimentin, məktəb müşahidələrinin nəticələri verilir. Pedaqoji təcrübələr təhlil olunur. Hər fəslin 2-dən az olmayan yarımfəsilləri olmalıdır.
Dissertasiya “Nəticə” ilə sona çatır. Bu hissədə tədqiqat yekunlaşdırılır, aparılmış tədqiqat işlərinin nəticələri göstərilir. Müəllifin tədqiqat işinə gətirdiyi yeniliklər qeyd edilir. Problemin gələcəkdə daha da təkmilləşdirilməsi, yaxşılaşdırılması üçün təkliflər verilir. Yaxşı olar ki, nəticə və təkliflər bəndlərlə və yaxud tezis şəklində konkret olaraq göstərilsin.
“Nəticə” bölməsindən sonra istifadə olunmuş ədəbiyyatın siyahısı verilir. Dissertasiyanın ədəbiyyat siyahısı əsas mətnə bir açardır, hansı ki, müəllif tədqiqatında ondan istifadə etmişdir.
İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mənada tədqiqatın elmi mədəniyyəti, etikası deməkdir. Ədəbiyyat siyahısından dissertasiyanın səviyyəsi, tədqiqatçının problemlə bağlı məlumatlılığı özünü göstərir. İstifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəlcə Azərbaycan dilində ədəbiyyat, sonra türk, rus, ingilis və s.) əlifba sırası ilə, ərəb rəqəmləri ilə ardıcıl nömrələnərək siyahıda göstərilir. Ədəbiyyat siyahısı real olmalıdır. Əsasən, istifadə edilmiş ədəbiyyat siyahıya daxil edilməlidir. Siyahıda göstərilmiş ədəbiyyat neçənci nömrədə göstərilmişsə, dissertasiyanın mətnində istinad edilmiş ədəbiyyat da həmin nömrəyə uyğun olmalıdır. Dissertasiyanın yazılışında mütaliə edilmiş ədəbiyyat da ədəbiyyat siyahısına daxil ola bilər.
Dissertasiyanın “Əlavələr”i ədəbiyyat siyahısından sonra verilir. Əlavələr dissertasiyanın əsas mətninin bir hissəsi - tərkib hissəsidir ki, onun əlavə olaraq əhəmiyyəti vardır. Əlavələr dissertasiyanın məzmununu tamamlayır. Ehtiyac olduqda dissertasiyanın məzmununa əlavələr verilir. Əlavələr müxtəlif ola bilər. Bu hər hansı bir pedaqoji sənədin üzü, hesabat materialının bir hissəsi, nümunəvi plan, proqram, ya bir protokol və yaxud təlimat və s. ola bilər. Əlavələr dissertasiyanın son səhifələridir. Hər bir əlavə yeni səhifədə verilməli və vərəqin üst sağ tərəfində “Əlavə 1” , “Əlavə 2“ və s. yazılmalıdır. “Əlavələr” çox olduqda onu ayrıca qovluqda və ya cildlənmiş şəkildə “Dissertasiyaya əlavələr” adı ilə də təqdim etmək olar.
Annotasiya rus və ingilis dilində olmaqla, hər biri ayrıca səhifədə bir vərəq həcmində yazılır.
Spesifik terminologiyadan istifadə edildikdə də onların siyahısı “İxtisar siyahısı” başlığı altında ayrıca vərəqdə verilə bilər.
Magistr dissertasiya işi prinsipcə, müvafiq tədqiqat konsepsiyasını əhatə etməlidir. Tədqiqat konsepsiyası magistr dissertasiyasının tərtibat sənədlərinin mühüm tərkib hissəsi olaraq, mütləq tərtibat səciyyəsi daşıyır.