Multikulturalizm həyat tərzi kimi.
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsi ilə bağlıdır. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur.
Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideyaları get-gedə ictimai şüurda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin xalqımızın həyat tərzinə çevrilməsini mühüm üstünlük hesab edir: “Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür”. Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzi olmasını Azərbaycanın böyük nailiyyəti hesab edərək, bu iki faktorun ölkədə müsbət ab-hava yaratmasını qeyd edir.
Cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə edən multikulturalizm pozitiv hadisədir. O, cəmiyyətin inkişafında differensiasiya prosesini, müxtəlifliklərin artmasını xarakterizə edərək onun inkişafından xəbər verir. Bununla belə cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə etməklə yanaşı, multikulturalizm eyni zamanda bu müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Bir siyasət kimi multikulturalizmin etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn digər siyasətlərdən (assimilyasiya, izolyasiya) əsas fərqi, o cümlədən əsas üstünlüyü, ondadır ki, o, müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və hətta inkişafına yönəlmişdir. Özünün bu üstünlüyü sayəsində multikulturalizm siyasəti, bir tərəfdən, assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik- mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, digər tərəfdən isə milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün zəruri şərait yaradır və nəticədə etnik azlıqlara mənsub olan bütün xalqların yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına şərait yaradır.
Azərbaycanda etnik-mədəni müxtəlifliklərin tənzimlənilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, bu müxtəlifliklər əsrlər boyu ölkəmizdə multikulturalizm prinsipləri əsasında tənzimlənilir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir”.
Dostları ilə paylaş: |