Dialoq-mətnlərin məntiqi təşkili Mübahisə əsaslandırılmış dialoqun, əsaslandırılmış mətnin müxtəlif növlərindən biridir. Həm də bu strukturun ünsürlərinin adlandırılması ilə əlaqədar tədqiqatçılar- Aristoteldən müasir əsaslandırma nəzəriyyəsini işləyənlərə qədər- arasında mütləq fikir birliyi yoxdur. Lakin onların arasında dəlillərlə əsaslandırılmış mətnin ünsürlərinin müəyyənləşdirilməsində özünəməxsus bir varislik nəzərə çarpır ki, bu da aşaöıda adı çəkilənləri daha əhəmiyyətli hesab etmək imkanı yaradır.
Tezis-isbat edilən ideyanı formalaşdıran müddəa olub, faktların müəyyən şərhini təklif edir. Aristotelə görə, tezisin əsaslandırma (arqumentləşdirmə) prosesi üçün zəruri təkan şəxsi mövqeyin cəmiyyət tərəfindən qəbul edilmiş rəyə uyğun gəlməməsidir, müsair praqmatika və koqnitologiya üçün isə bu, tezisin adi şübhəliliyidir.
Arqumentlər (dəlillər)- tezisin həqiqiliyini əsaslandırmağa yardım edən müddəalar; onlar dəlillərin ünvanladığı (dəlilin geniş mənada dərk edilməsi, dar mənada bunlar faktlar, nümunələr, sənədləşdirmələr, sübutedici əşyalar deyil, yalnız mülahizədir) insanlar üçün sübut qüvvəsinə malikdir. Əsaslandırılmış mətnlər haqqında ədəbiyyatda müxtəlif əsaslandırma növləri göstərilir. Məsələn, A.V.Stepanov insanların ağıl və hisslərinə təsir dərəcəsinə görə qüvvətli, zəif və əsassız dəlilləri müəyyənləşdirir.
Qüvvətli- rədd, məhv edilə bilməyən, dağıdılması mümkün olmayan dəlillər. Bunlar aşağıdakilardır:
dəqiq müəyyən edilmiş faktlardan çıxan mülahizələr;
qanun, nizamnamə və rəhbər sənədlərin müddəaları;
eksperimentlərin nəticələri və ekspertlərin qərarları;
tanınmış nüfuzlu şəxslərin fikirləri və nümunələri;
şahidlərin və hadisələri gözləri ilə görənlərin ifadələri; statistik ümumiləşdirmələr;
Zəif - tənqidə davam gətirə bilməyən dəlillər, məsələn:
kifayət olmayan statistik məlumatların nəticələri;
Entimemalar (sillogizmin tam olmayan sxemi üzrə əqli nəticələr);
Alogizmlər üzərində qurulmuş sofist fənd və mülahizələri;
Dinləyicilərə az tanış olan nüfuzlu şəxslərə əsaslanma;
Səciyyəvi olmayan nümunələr və analogiyalar;
Qərəzli seçilmiş haşiyələr, aforizm və kəlamlar;
Ehtimallı nəticələr, variantlar, ümumiləşdirmələr. Əsassız-tamamilə ifşa edilə bilən dəlillər; yəni:
Saxtalaşdırılmış faktlara əsaslanan mülahizələr;
Şübhəli, yoxlanılmamış, hökm qüvvəsini itirmiş mənbələrə istinad edilməsi;
Əsassız ehtimallar, fərziyyələr, gümanlar;
Öncədən verilən söz və vədlər.
Əsaslandırma üsulu (sübutların təqdim edilmə üsulları)- tezis və dəlillərin öz aralarında əlaqələndirilməsi üsulu.
Faktlara əsaslanan quruluşa malik mətnlərdə tərəflər arasındaki qarşılıqlı münasibətləri məntiq qanunları tənzimləyir, onlara əməl edilməsi mülahizılərin sübutlu olmasına təminat verir. Bütün dörd qanunun mahiyyətini qısa olaraq aşağıdaki şəkildə ifadə etmək mümküdür: düzgün mülahizə müəyyən, ziddiyyətsiz, ardıcıl və əsaslandırılmış olmalıdır.
Dəlillərə söykənən dialoq və monoloqun başlanğıc məntəqəsi tezisdir. Sadə tezişelementar deduktiv mülahizədə, mürəkkəb tezis- diskussiyalı mülahizədə əks olunur.
Mürəkkəb tezis aşağıdaki qaydada qurulur: müəyyən edilən anlayış+ mənasına görə əks olan iki predikay (subyekti müəyyən edən anlayış), yəni tezislərin cəmi (məsələn, «Klassik mətnlərin slenq dilinə tərcüməsi: linqvistik eksperiment, yoxsa əbədi xuliqanlıq?»).
Tezisə nəzakətli məntiqi forma vermək üçün, hər şeydən əvvəl, müzakirənin, yaxud fikir ayrılıqlarının predmetini müəyyən edəcək anlayışların məzmununu dəqiqləşdirmək lazımdır.
Dəlillərin təminedici olmasına verilən minimum tələblər onların ddinləyici üçün həqiqi və real əhəmiyyətə malik olmasıdır. Dəlillər onların köməyi ilə əsaslandırılacaq tezisin həqiqiliyindən asılı olmayaraq, öz-özlüyündə həqiqi olmalıdır.
Ritorikada və əsaslandırma nəzəriyyəsində bir-biri ilə sıx şəkildə bağlı olan anlayışlar mövcuddur: sübut, dəlillərlə əsaslandırma və inandırma.