Humanistləşdirmə və humanitarlaşdırma prinsipi. Bu prinsip təhsilin ontoloji (yun. ontos - mövcud olmaq. Fəlsəfənin varlığın ümumi əsasları, prinsipləri strukturundan bəhs edən sahəsi) mahiyyətindən, insanı dünyanın, gerçəkliyin, cəmiyyətin üzvi tərkib hissəsi kimi qəbul edən anlamdan irəli gəlir. Belə bir prosesə yalnız humanist insani mühitdə, təbiətdə, cəmiyyətdə, bütün dünyada gözəllik və xeyirxahlıq üzərində qurulmuş münasibətlərdə rast gəlmək olar. Xeyitxahlığa, insanlığa əsaslanmayan təhsil insan orqanizimində və qəlbində “yad hüceyrələr” yaradır, cəmiyyətdə və bütün gerçək aləmdə harmoniyanın pozulmasına səbəb olur. Humanistləşdirmənin əks qütbü, başqa sözlə professional kretinizmin (ağılsızlığın), eqoizmin, qəddarlığın qarşısını almağın yeganə yolu humanitarlaşdırmadır.
Humanitar təhsil fəlsəfi, təbii - elmi, siyasi və texniki elmlərin dərindən və kompotent öyrənilməsini tələb edir. Humanitarlaşdırma strategiyası təhsili şəxsiyyətə isstiqamətləndirə bilər, təbiətdəki, dünya sivilizasiyasındakı humanizmi ahəngdar surətdə bir-biri ilə qovuşdura bilər, dünyanın, cəmiyyətin, insanın qavranılmasını və dərk edilməsini təmin edə bilər.
Təhsildə milli və ümumbəşəri dəyərlərin vəhdəti prinsipi. Hər bir xalq, hər bir ölkə özünün milli təhsil sistemini və tərbiyə məqsədini müəyyənləşdirərkən milli dəyərlərə, milli mədəniyyətə, milli intellektual potensiala, milli kadrlara istinda etməlidir. Lakin milli ənənələrə və dünya təcrübəsinə əsaslanmayan innovasiyalar öz mənasını, əhəmiyyətini tez itirir. Bu əlaqələri nəzərə almaqla təhsilin keyfiyyətini, milli, əxlaqi, mənəvi dəyərləri qoruyub saxlamaq mümkündür. Vaxtilə İ. Kant yazırdı ki, tərbiyənin məqsədi insanın özündəki insanlıq təbiətini inkişaf etdirmək və insanı öz vəzifələrini yerinə yetirməyə hazırlamaqdır.
İnsanın təbiətə maddi baxımdan yanaşması eqoist, istismarçı, amansız, məsuliyyətsiz münasibətdir. Onun təbiətə yalnız yaşayış mənbəyi kimi yanaşması - vəhşilikdir və insan bu halda yırtıcı rolunda çıxışş edir. Təbiət isə bunu heç vaxt bağışlamır. İnsan özünü dərk etməyə qadir olan varlıqdır, özünü reallaşdırmağı bacaran təbiətin hissəsidir. İnsanın mahiyyətindəki ilahi başlanğıc onu təbiətlə immanent (lat. immanentis - nəyinsə daxilində olan, nəyə isə xas olan qanunauyğunluq deməkdir) əlaqələrini dərk etməyə və buna uyğun davranmağa, təbiətin bütün ünsürlərinə qayğılı, həssas münasibət bəsləməyə yönəldir. İnsanın özünə, ailəsinə, kollektivinə, ölkəsinə, xalqına, dövlətinə, millətinə, insanlığa, bəşəriyyətə qayğılı münasibəti nə qədər geniş və dərin olarsa, onda İlahiyə bağlılıq da o qədər güclü olar.
Dostları ilə paylaş: |