Sistemlilik və ardıcıllıq prinsipi. Tələbələrin müstəqil işlərinin səmərəliliyini təmin etmək məqsədilə birinci kursdan başlayaraq son kursadək ali məktəbdə təhsilin bütün mərhələ və pillələrində, müstəqil işlərin ən aktual formalarından istifadə olunmalıdır. Tələbələrin müstəqil işləri konkret və perspektiv məqsədlərə xidmət etməlidir. Müstəqil işlərin həm təlim, həm də təlimdənkənar formalarından geniş istifadə olunmalıdır.
Sinergetik yanaşma prinsipinə görə, tələbəyə müstəqil işə müxtəlif elmlərin qarşılıqlı əlaqəsi baxımından yanaşmaq öyrədilməlidir. Pedaqoji faktlara, hadisə və proseslərə bir sıra elmlərin predmeti mövqeyindən yanaşmadıqda alınan nəticələr məhdud və birtərəfli olur. Buna görə tələbədə sinergetik düşüncə bacarığı aşılamaq lazımdır. Tələbənin müstəqil işləri ancaq öyrədici deyil, həm də tərbiyəedici xarakteri daşımalıdır. Tələbə “ürəksiz”, “duyğusuz”, “faktlarla nəfəs alan quru fərd” kimi yox, mənəviyyatca zəngin, xeyirxah, başqaları üçün gərəkli olmağı bacaran insan kimi tərbiyə olunmalıdır. Elm mühüm tərbiyə vasitəsidir, insanın şəxsiyyət kimi formalaşmasını təmin edən qüdrətli amildir. Təhsil təkcə elmli adamlar yox, həm də zəngin mənəviyyata, yüksək mədəniyyətə, təşkilatçılıq bacarığına malik mütəxəssislər yetişdirməlidir. Deməli, tələbə müstəqil işləri məzmununa, təşkili formalarına, iş üsullarına görə tərbiyəvi xarakter daşımalıdır.
Tələbələrin müstəqil işinin səmərəliliyini təmin edən prinsiplərdən biri də vaxtdan düzgün istifadə olunması və yorğunluğa yol verilməməsidir.
Bəzən tələbələr müstəqil işləmək yollarına bələd olmadıqlarından vaxt itkisinə yol verir, lüzumsuz yerə enerji sərf edir və heç bir nəticəyə nail olmurlar. Bu səbəbdən də müstəqil işə maraq azalır, onun icrası cəhdi zəifləyir. Tələbə işdən “soyuyur”, vaxt “itirir”. Məqam yetişəndə “akademik borcu” olmasın deyə tələm-tələsik nəyisə üzündən köçürüb təhvil verir, müstəqil və yaradıcı surətdə işləmək əvəzinə, müstəqil işdən “canını qurtarır”. Buna görə tələbədə tədricən tədqiqatçılıq səriştəsi yaratmaq lazımdır.
Bu prinsip yeni bir prinsip – tələbə əməyinin elmi təşkili prinsipini doğurur. Tələbənin təlim əməyini elmi əsaslarla qurmadan nə səmərəliliyi və məqsəd ardıcıllığını təmin etmək, nə də tələbənin əmək qabiliyyətini inkişaf etdirmək mümkün deyil. Tələbənin müstəqil işinin səmərəliliyi və məhsuldarlığı yuxarıda qeyd olunan prinsiplərin vəhdətindən asılıdır.
Tələbə müstəqil işinin təşkili prinsiplərindən biri də müstəqillikdir. Bu, o deməkdir ki, müstəqil işin icrası zamanı tələbə elmi informasiyaları axtarıb tapa bilir, bu və ya digər fikri, ideyanı əsaslandırır, idrakı fəallıq göstərir, elmdə özünəməxsus “cığır” açmağı bacarır, işin icrasının yeni, orijinal yolunu tapır.
Müstəqil işlərin əhəmiyyəti aşağıdakılardır:
- müstəqil işlər tələbələrin bilikləri şüurlu surətdə qavramasına, dərk etməsinə və mənimsəməsinə şərait yaradır;
- müstəqil işlər təlim prosesində qavranılmış bilikləri möhkəmləndirməyə, dərinləşdirməyə və genişləndirməyə imkan verir;
- tələbədə ixtisasla bağlı bacarıq və vərdişləri formalaşdırır və daha da təkmilləşdirir;
- tələbədə tədqiqatçılıq qabiliyyəti və bacarığı formalaşdırır;
- müstəqil işlər tələbədə gələcək peşə ilə bağlı qabiliyyətlərin inkişafına şərait yaradır.
Ən çox istifadə olunan müstəqil iş formaları aşağıdakılardır:
- mühazirəni dinləmək və konspektləşdirmək;
- tədris ədəbiyyatından və əavə mənbələrdən istifadə etmək;
- seminar məşğələlərinə hazırlaşmaq;
- laborator və praktik tapşırıqları icra etmək;
- istehsalat və pedaqoji təcrübədə iştirak etmək;
- kurs və buraxılış işləri yazmaq;
- tədris və elmi-tədqiqat işləri ilə məşğul olmaq və s.
Dostları ilə paylaş: |