Mövzu azərbaycan qadinlari XIX-XX əsr maariFÇİLİYİ VƏ İNQİlablari döVRÜNDƏ



Yüklə 295,1 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix02.01.2022
ölçüsü295,1 Kb.
#2529
1   2   3   4
müsəlman qadının, bütün başqa xalqlarda olduğu kimi, ailə ocağını yandıran bu gözəl 

varlığın yüksəliş dövrünün başlanğıcı kimi qeydə alacaqdır». Görkəmli jurnalist 

Əhmədbəy Ağayev qeyd edirdi: «İndən belə müsəlman qadınları ailəyə maarifin 



canlandırıcı  şüasını  səpmək imkanı qazanacaqlar... Onlar gələcək nəsillərə inkişafa, 

yaxınlarına, xeyirxah insanlara və  işlərə sevgi təlqin edəcəklər ki, bunsuz hər hansı 

cəmiyyət ölümə  məhkumdur». Qazan müsəlmanlarının H.Z.Tağıyevə göndərdiyi 

məktubda deyilirdi: «Bu ilk məktəbdir ki, bütün şəriət qaydalarına riayət olunmaqla 



müsəlman qızları Qərb sivilizasiyası ilə tanış olacaq və bu təhsil məbədində müsəlman 

əhalisinin müxtəlif təbəqələri qarşılaşacaq və ümuminsani qardaşlıq və  məhəbbət 


 

 

hisslərinə malik olacaqdır». Tağıyev məktəbi  1918-ci ilə kimi mövcud oldu və böyük 

sayda təhsilli intellektual şəxsiyyətlər pleyadası yaratdı. Artıq  1906-cı ildə bunabənzər 

məktəb Tiflisdə açıldı; sonradan İqlimə xanım  Əliyeva və  Mədinə xanım Qiyasbəyli 

Balaxanıda və Qazaxda öz məktəblərini açdılar; Qubada, Lənkəranda, Dərbənddə, 

Naxçıvanda, İrəvanda da qız məktəbləri meydana gəldi. 

Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə imperator II Nikolay 25 yanvar 

1907-ci ildə H.Z.Tağıyevə  Həqiqi Mülki Müşavir rütbəsi verdi. Qeyd etmək lazımdır ki, 

həyat yoldaşı Sona xanım Tağıyevi onun bütün işlərində, xalqına xidmətində 

dəstəkləyirdi. Sona xanım (Sofya) Tağıyeva (Ərəblinskaya), general qızı olaraq 1881-ci 

ildə  Dərbənddə doğulmuşdu. B.Ərəbilinski övladlarına gözəl dünyəvi təhsil verməyə 

çalışmışdı. Onun qızları Nurcahan və Sona Dərbənddə ibtidai tədris müəssisəsini başa 

vurduqdan sonra təhsillərini Bakıda «Müqəddəs Nina» müəssisəsində davam 

etdirmişdilər. Nurcahan H.Z.Tağıyevin böyük oğluna, Sona xanım isə  1896-cı ildə 

Tağıyevə  ərə getmişdir. Çox illər  ərzində Sona xanım Aleksandrinskaya qadın rus-

müsəlman pedaqoji məktəbinin Himayədarlar şurasının dəyişməz üzvü olmuş, həmçinin 

«Müqəddəs Nina» Bakı  tədris müəssisəsinə himayəçilik etmişdir. O illərin qəzet 

materiallarında, xüsusən də «Kaspi» qəzetində tez-tez Sona xanımın xeyriyyə 

gecələrində, nahar yeməklərində, xeyirxahlıq və yetimlərə, xəstələrə, yaralı döyüşçülərə 

kömək aksiyalarında iştirakı barədə məlumatlara rast olunur. H.Z.Tağıyevin ölümündən 

sonra Sona xanımın ailəsi ilə birlikdə yaşamağa vəsaiti olmamış, o təqib olunmuş

işgəncələr görmüş, ağlını itirərək Bakı küçələrində dilənməyə məcbur olmuşdur. 1938-ci 

ildə kapitalist Bakısının möhtəşəmliyini və ziyasını  təcəssüm etdirən qadın – Sona 

xanım Tağıyevanın cəsədi  şəhər küçələrindən birində tapıldı. XX əsrin  əvvəlində 

Azərbaycanın ən nüfuzlu qadınlarından birinə Sovet hakimiyyəti bu cür tale nəsib etdi. 

Yuxarıda göstərildiyi kimi, H.Z.Tağıyev öz məktəbinə Azərbaycanın görkəmli 

ictimai xadimi Həsənbəy Məlikovun (Zərdabi) həyat yoldaşı  Hənifə xanım Məlikovanı 

(1856-1929) direktor təyin etmişdi. Təhsilini Tiflis qadın «Müqəddəs Nina» məktəbində 

almış  Hənifə xanım əri ilə birlikdə ilk Azərbaycan qəzeti «Əkinçi»nin çap olunmasında 

fəal iştirak etmişdi. 1880-ci ildə o öz evində məktəb açmış, Bakıda «Nicat» cəmiyyətinin 

qadın  şöbəsinin yaradıcılarından biri olmuşdur.  1901-1905-ci illərdə  Hənifə xanım 

Tağıyev məktəbinin, sonralar isə Bakı rus-tatar məktəbinin müdiri, Bakı sovet 

məktəbində müəllim olmuşdur. 

Azərbaycanın qadın maarifpərvərləri arasında Bakı  və Tiflis qadın məktəblərinin 

müəllimi Gövhər Qayıbovanı  (1885-1944); Naxçıvanda ilk qadın müəllim Fatma 

Hacınskayanı; məşhur Azərbaycan dramaturqu Nəcəfbəy Vəzirovun həyat yoldaşı, 

müəllim Xurşud Vəzirovanı  (1868-1913); Firudinbəy Köçərlinin həyat yoldaşı, Bakı 

qadın seminariyasının (1921-1924) müəllimi, Zaqatala pedaqoji texnikumunun (1925-

1929) və Şeki uşaq evinin (1930-1954) direktoru işləmiş Badisəba Köçərlini (1881-1954) 

misal göstərmək lazımdır. Badisəba Köçərli «Şərəf Nişanı» ordeni ilə təltif olunmuşdur. 

XIX  əsrin ikinci yarısı – XX əsrin  əvvəli Azərbaycan qadınlarının öz potensial 

imkanlarını reallaşdırması üçün şərait yaratdı. Yaranmaqda olan kapitalist 

münasibətlərinin, maarifin, səhiyyənin inkişafında kişilərlə müqayisədə qadınların iştirak 

faizi olduqca aşağı olsa da, Azərbaycanın ziyalı, maarifçi qadınlarının, Bakının, 

Dərbəndin aristokrat dairələrinə mənsub nümayəndələrin oynadığı rol lazımınca böyük 

və  əhəmiyyətli idi. XIX əsr – XX əsrin  əvvəlində onların daha çox fəaliyyət göstərə 

biləcəyi mədəni inkişaf sahəsi həm xeyriyyəçilik, həm də maarifçilik idi. Bəzi xeyriyyəçi 

qadın cəmiyyətlərinin fəaliyyəti haqqında ayrıca danışmaq yerinə düşərdi. 

XIX  əsrdə Zaqafqaziyada tanınan «Müqəddəs Nina» xeyriyyə  cəmiyyəti 

Azərbaycanda eyniadlı birinci qadın tədris müəssisəsi açdı. «Müqəddəs Nina»nın 

mərkəzi Tiflisdə yerləşirdi, ancaq Şamaxıda, Bakıda, Gəncə  və  İrəvanda da onun 

şöbələri fəaliyyət göstərirdi. Cəmiyyət zəngin adamların ianəsi hesabına, üzvlük haqqı, 

varlı ailələrdən olan qızların tədris haqqı və mədəni tədbirlərin keçirilməsindən toplanan 



 

 

vəsait hesabına mövcud idi. Cəmiyyət üzvləri üç il müddətinə toplanırdı. «Müqəddəs 



Nina»nın işində Azərbaycan qadınları da iştirak edirdi. 

Hələ XIX əsrin 50-ci illərində o zamanın təhsil görmüş Azərbaycanlı qadınları – 

cəmiyyətin  Şamaxı  şöbəsində  işləyən Fatma xanım  Əsədbəy, Xədicə xanım 

Haqverdiyeva, Gövhər Ağa (general-leytenant İbrahim xan Talışinskinin qızı), Papa Bikə 

Qutkaşenskaya, Hürü xanım (polkovnik Süleyman xanın arvadı), Balaxanım 

Xandəmirova müsəlman qadınları arasında mairifçilik hərəkatının təşəbbüskarları oldu. 

Sonradan bu cəmiyyətdə Azərbaycanlı qadınların sayı  1865-ci ildə  17-yə  qədər artdı. 

Cəmiyyətin üzvləri arasında Çimnaz xanım Bakıxanovanı, Bəyim xanım Əmirbəyovanı, 

Xanım Məmmədovanı, Anna xanım Mehmandarovanı,  Şərəbanı xanım Ağabəyovanı 

qeyd etmək lazımdır. 

İrəvanda yaradılmış «Müqəddəs Ripsime» qadın cəmiyyəti 1850-ci ildə qızlar üçün 

məktəb açda. Bu cəmiyyət bir çox xeyriyyə  tədbirləri keçirdi. Əvvəlcə  cəmiyyətin 63 

üzvündən yalnız 7-si Azərbaycanlı idi, amma artıq 1865-ci ildə «Müqəddəs Ripsime»nin 

fəaliyyətində 42 Azərbaycanlı qadın fəal iştirak edirdi. Bunlar dövlət məmurlarının, 

hərbçilərin, bəylərin, aristokratların həyat yoldaşları idi. Bu zadəgan və təhsilli qadınlar 

müsəlman qadınlarına yardım etmək, onları  zəngin milli, rus və  Qərbi Avropa 

mədəniyyəti ilə yaxınlaşdırmaq arzusu ilə xeyriyyəçilik hərəkatına qoşulmuşdular. Onlar 

öz övladlarına Rusiyanın, Avropanın  ən yaxşı  tədris müəssisələrində  təhsil verir və 

bununla sonradan məktəb açmaq və öz xalqını maarifləndirmək işinə dəstək verirdilər. 

Tiflisdə müsəlman qadınlarının Qafqaz xeyriyyə  cəmiyyətinin yaradılması ideyası 

Sofiya xanım  Şaxtaxtinskayanın və görkəmli Azərbaycan yazıçısı, «Molla Nəsrəddin» 

jurnalının naşiri Cəlil Məmmədquluzadənin həyat yoldaşı  Həmidə xanım Cavanşir-

Məmmədquluzadənin (1873-1955) təşəbbüsü ilə meydana gəlmişdi. Bu cəmiyyətin 

tərkibinə 45 qadın daxil idi. Cəmiyyətin  1910-cu ildə  qəbul edilmiş Nizamnaməsinə 

əsasən onun bütün işlərinə Gövhər xanım Qacar (sədr), Nigar xanım  Şıxlinskaya, 

Məsmə xanım Talışinskaya, Səltənət xanım  Əhmədova rəhbərlik edirdi. Cəmiyyətin 

fəaliyyəti barədə  xəbər bütün Qafqaza yayıldı. Ona əsas  şöhrət qazandıran  ətrafında 

çoxlu qadın toplayan xeyriyyə tamaşaları olmuşdu. 

Bakıda ilk qadın xeyriyyə  cəmiyyəti 26 oktyabr 1908-ci ildə  Hənifə xanım 

Məlikovanın (Zərdabi) sədrliyi ilə yarandı. O, əvvəlcə «Nicat» Bakı müsəlman maarifçilik 

cəmiyyətinin şöbəsi kimi yaradıldı. 1914-cü ildə həmin cəmiyyətin əsasında inqilabdan 

əvvəlki Bakının ən hörmətli xanımlarından ibarət Bakı Qadın xeyriyyə cəmiyyəti yarandı 

ki, ona görkəmli Bakı sahibkarı Murtuz Muxtarovun arvadı Liza xanım Muxtarova 

başçılıq edirdi. Nəslən osetin zadəganlarından olan Liza xanım Muxtarova (Tuqanova) 

Vladiqafqazda doğulub boy atmışdı. Onun valideynləri polkovnik Aslanbəy Tuqanov və 

Pşa xanım Dudarova ən hörmətli aristokrat nəslinə  mənsub idilər.  İllik «Bakı» sorğu 

kitabını, «Bakı  bələdçisi» təqvimini vərəqləyərkən Liza xanımın adına çox tez-tez rast 

gəlmək olur. Doktorlar Bəhrambəy Axundov, L.L.Qosiridze, Yelena Martınova (Bakı 

şəhər başçısının arvadı) ilə birlikdə Liza xanım Muxtarova vərəmlə mübarizə Qafqaz 

cəmiyyətinin Bakı  şöbəsinin idarə heyətinə daxil idi. O, 1913-cü ildə  təşkil olunmuş 

«Uşaq xəstəxanası» xeyriyyə  cəmiyyətinin fəal üzvlərindən biri idi və Bakıda xüsusi 

uşaq xəstəxanasının yaradılmasına yardım edirdi. Onun maarifçilik və  tərbiyəçilik 

fəaliyyəti daha geniş idi. Öz övladı olmayan bu xanım nəslinə məxsus zəngin sarayda 

pansion təşkil etmişdi ki, burada kasıb ailələrdən olan uşaqlar, yetimlər tərbiyə olunurdu. 

«Murtuz Muxtarov» səhmdar cəmiyyətinin idarə heyətinə daxil olan Liza xanım 

Muxtarova «Nicat» Bakı Müsəlman maarifçilik cəmiyyəti ilə bağlı idi. Onun başçılıq 

etdiyi Bakı Qadın xeyriyyə  cəmiyyəti kasıb ailələrdən olan müsəlman qızlarına təhsil 

almaqda yardım göstərir, böyük maarifçilik işi aparır, çox sayda xeyriyyə  məclisləri – 

«Ağ çobanyastığı günləri» adlanan yığıncaqlar, naharlar keçirirdi və burada yığılan 

vəsait kasıb və yetim uşaqların ehtiyacına sərf olunurdu. Murtuza Muxtarovun Qala 

qəsəbəsində Qadın Müsəlman Xeyriyyə  cəmiyyətinə  hədiyyə etdiyi həcmi  1 desyatin 



 

 

2200 kv.sajen, 2.5 vektora yaxın torpaq sahəsinin planına aid tarixi sənədlər 



mövcuddur. Bu ərazidə iki yetimlər evi tikilmişdi. Lakin cəmiyyətə öz işini başa 

çatdırmaq müyəssər olmadı.  1920-ci ilin aprelində  qızıl  əsgərlərin kobudluqlarına tab 

gətirməyən Murtuza Muxtarov özünə  qəsd etdi. Muxtarovların imarətində XI qızıl 

ordunun mərkəzi məntəqələrindən biri yerləşmişdi. Liza xanıma onun öz evinin 

zirzəmisində yer vermişdilər. Sara xanım Aşurbəyli danışır ki, o, anası İsmət xanım ilə 

birlikdə Liza xanım Muxtarovaya baş  çəkə bilmişdi. Bakıda qalmaq Liza xanım üçün 

təhlükəli olduğundan o, İstambula köçdü və  1956-cı ilə  qədər orada yaşadı. Köhnə 

Bakının birinci ledilərindən birinin həyatı da bu cür sona çatdı. 

Bakı Qadın Müsəlman xeyriyyə  cəmiyyətinin işində  həmçinin Bakının ali 

təbəqəsinin qadın nümayəndələri – İsmət xanım Aşurbəyova, Pəri xanım Topçubaşova, 

Fatma xanım Tambiyeva, Sürəyya xanım Qulubəyova, Sara xanım Vəzirova, Tamara 

xanım Axundova, Sultan xanım Axundova, Xədicə xanım  Əlibəyova; Tağıyev 

məktəbinin  ən yaxşı müəllimləri Gövhər xanım Qazıyeva, Rəhilə xanım 

Hacıbababəyova, Məryəm xanım Sulkeviç iştirak etmişlər. 

Bakının qrand-xanımları barəsində danışarkən tanınmış  sənayeçi, mesenat və 

zadəgan Balabəy Aşurbəyovun arvadı  İsmət xanım Aşurbəyovanı unutmaq qeyri-

mümkündür.  İsmət xanım  Şamaxı taciri, antikvariat və xalça satıcısı  Ağapolad 

Sultanovun qızı olaraq 1885-ci ildə Şamaxıda doğulmuş, Tiflisdə tərbiyə almışdı. 

1904-cü ildə əri Balabəy Aşurbəyovla Bakıya köçərək, o Sona xanım Tağıyeva ilə, 

Liza xanım Muxtarova ilə dostlaşdı.  İsmət xanım xeyriyyə axşamlarının keçirilməsində 

H.Z.Tağıyevə, Sona xanıma böyük köməklik göstərirdi və onların keçirilməsində İsmət 

xanımın hələ lap kiçik olan qızları da iştirak edirdi. Aşurbəyovların qızı, tanınmış 

Azərbaycan tarixçisi Sara xanım Aşurbəyli xatırlayır ki, İsmət xanım özündə  Şərq və 

Qərb xüsusiyyətlərini birləşdirirdi. Fars dili və poeziyasının gözəl bilicisi olaraq o eyni 

zamanda alman və fransız dillərində  sərbəst danışırdı. Ona incə zövq, nəfis davranış 

qaydaları xas idi. Zəngin qarderoba malik olaraq o ənənəvi milli geyimlərə, xüsusən də 

Qarabağ libaslarına üstünlük verirdi ki, bu onun ev şəkillərində aydın görünür. Onun 

1920-ci ildən sonrakı taleyi faciəvi olmuşdur: ekspropriasiya, qanunsuzluq, emiqrasiya, 

1925-ci ildə Bakıya qayıtdıqdan sonra isə ərinin həbsə alınması, ölümü, qızlarının təqib 

olunması... İsmət xanım 1954-cü ildə Bakıda vəfat etmişdir. 

 Aşurbəyovların qızları da valideynlərinə layiq övlad olmuşlar: onlardan biri – 

görkəmli tarixçi və  şərqşünas, qeyri-adi və heyrətamiz taleyi olan, tükənməz iradə 

gücünə malik Sara xanım Aşurbəylidir (1906-2001). Bu qadın Azərbaycanda XX əsr 

ərzində baş verən bütün tarixi hadisələrin canlı ensiklopediyası, H.Z.Tağıyevdən 

başlayaraq bizim günlərə kimi bütün istisna şəxsiyyətlərin müasiri idi. Sara xanım o dövr 

üçün ən gözəl təhsil almış – İstambulda Müqəddəs Janna d Ark adına hörmətli bir kolleji 

qurtarmışdı. Sonradan o Bakı Dövlət Universitetinin (1930)  şərqşünaslıq fakultəsini 

qurtararaq zaman keçdikdən sonra Şərq və Azərbaycan tarixi üzrə ixtisaslaşdı; o həm 

də Azərbaycan Pedaqoji institutunun xarici dillər fakultəsini qurtarmışdı. Üç Avropa 

(ingilis, fransız, alman) və üç Şərq (ərəb, fars, türk) dillərində yazıb-oxuyan Sara xanım 

məhz bu dilləri bilməsinin üstündə dövlət təhlükəsizlik orqanları tərəfindən həmin dilləri 

daşıyan ölkələrin xeyrinə  şpionajda təqsirləndirilmişdi. Yaxın və Orta Şərq xalqlarının 

tarixi sahəsində geniş biliyə malik olmaqdan savayı, Sara xanımda həm də rəssam və 

musiqiçi istedadı vardı ki, ağır təqib illərində yaşamaq üçün bunlardan istifadə etmişdi. 

Sara xanım dramteatrda rəssam, dekorator işləmiş, məktəbdə müəllim olmuş, müəllimi 

olmuş Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demişdir. 

O öz şəkillərini sataraq da dolanmalı olmuşdu; sərgilərdən birində onun «Göygöl» 

əsərini Meksika nümayəndələri almışdı  və bu əsər indi Meksika muzeyində saxlanır. 

1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdi. Sara xanım 

Aşurbəyli Bakının tarixi üzrə,  Şirvanşahlar dövlətinin tarixinə dair çox qiymətli 

tədqiqatların, tarix, mədəniyyət, incəsənətə dair gözəl məqalələrin müəllifidir. O, bir çox 



 

 

elmi konfransların iştirakçısı idi. 1966-cı ildə Sara xanım Aşurbəyli tarix elmləri doktoru 



adını, sonralar «Əməkdar elm xadimi» adını almış, Dövlət mükafatı laureatı olmuşdur. 

Talenin bütün keşməkeşlərinə: atasının təqib olunması, ölümü, ərinin 

cəzalandırılmasına, qardaşının II dünya müharibəsi zamanı Macarıstanda həlak 

olmasına baxmayaraq, Sara xanım Aşurbəyli bütün ömrü boyu Azərbaycan 

vətənpərvəri olaraq qalırdı. O, özünün yuksək intellektini Azərbaycan xalqının rifahı, 

onun tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışırdı. Sara xanım Aşurbəyli XX əsrin 

inqilabdanəvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının 

təcəssümü idi. 

Rusiyadakı  1917-ci il inqilabı Rusiya imperiyasında ictimai-siyasi, iqtisadi-mədəni 

münasibətlər quruluşunu kökündən dəyişdirdi. Bu dəyişikliklər nəhəng imperiyanın bir 

hissəsi olan Şimali Azərbaycandan yan keçmədi və  nəticədə  1918-ci ildə burada 

Azərbaycan Demokpratik Respublikası elan edildi. Respublika Konstitusiyasının təqdim 

etdiyi digər azadlıqlar, hüquqlar arasında Azərbaycan qadınının hüquqları da vardı ki, o, 

ölkənin bərabərhüquqlu vətəndaşı elan edilir, bunun nəticəsi olaraq isə yeni cəmiyyətin 

həyatında fəal iştirak etmək hüququ qazanırdı. Maarifçilik, xeyriyyəçilik daha da inkişaf 

etməyə başladı  və Azərbaycan qadının bunlardakı  iştirakı  nəzərə çarpan dərəcədə 

artdı. Azərbaycanda güclü inqilabi hadisələr Azərbaycan qadınını siyasət sahəsinə 

çıxardı. Yeni tip qadınlar – Ayna Sultanova, Ceyran Bayramova kimi inqilabçı qadınlar 

meydana gəldi. 

ADR-nın mövcudluğu uzun çəkmədi.  1920-ci ildə onu əvəz edən zorakılıq, 

bərabərləşmə prinsipinə əsaslanmış sovet hakimiyyət sistemi Azərbaycan cəmiyyətində 

olan bir çox mənəvi və etik dəyərləri süpürüb atdı. Ziyalıların, aristokratiyanın yüksək 

səviyyəli intellektual potensiala malik ən yaxşı nümayəndələri, həm kişilər, həm də 

qadınlar cəmiyyətdə lazımsız insanlara çevrildi. Onları «xalq düşməni» adı ilə 

damğalayır, təqib edir, alçaldırdılar. Bu şəraitdə sağ qala bilənlər ya xaricə emiqrasiya 

edir, ya da yeni norma və mənəviyyat sisteminə daxil olurdular. 

Beləliklə, XIX – XX əsrin  əvvəlində  Şimali Azərbaycanda qadın hərəkatı yaranır, 

«yeni qadın» tipi, yeni maarifçi qadınlar meydana gəlirdi. 

Bu prosesə təkan verən əsas amil öz inkişafında panislamizmdən pantürkizmə, və 

nəhayət Azərbaycanizmə qədər yol keçmiş milli etnik özünüdərkin oyanması idi. 

Rusiyanın Şimali Azərbaycanda keçirdiyi müstəmləkə təzyiqi və ruslaşma siyasəti, 

həmçinin Rusiya və  İngiltərənin Cənubi Azərbaycanda apardığı müstəmləkə siyasəti 

ilkin mərhələsi professional şüur olan etnik özünüdərkin oyanmasına və  təşəkkül 

tapmasına səbəb oldu. 

Azərbaycanın Rusiya tərəfindən zəbt olunması ilə Azərbaycan xalqı ilk dəfə digər 

konfessiyaya, tamamilə yad etnosa malik, milli zülm və milli ayrı-seçkiliyin dövlət 

siyasəti səviyyəsinə qaldırıldığı bir dövlətin tərkibinə qatıldı. Bu siyasət etnik 

özünüdərkdə köklü strukturdaxili dəyişikliklərə səbəb olaraq özünütəsdiq və özünüifadə 

hissini gücləndirirdi. 

Müstəmləkə zülmündən çıxış yollarının axtarışı islam dünyasının birliyi, 

müstəmləkəçi xristian zülmünə qarşı dura biləcək islam imperiyasının yaranması 

ideyasını doğurdu. Panislamizm belə yaranır. Lakin çox tezliklə bu konsepsiyanın 

utopikliyi, qeyri-reallığı  aşkar olunur və onu etnik Azərbaycan özünüdərkinin,  əvvəlcə 

ümumtürk, sonra isə sırf etnik özünüdərkin təşəkkül ideyası əvəz edir. Bu konsepsiyalar 

müsəlman  əhalisinin maariflənmiş hissəsi arasında yaranır ki, onun nümayəndələri ya 

müsəlman, ya da dünyəvi təhsilini Tiflisdə, Moskvada, Sankt-Peterburqda, Qazanda, 

Avropa ölkələrində almışdı. 

XIX əsrin sonunda – XX əsrin əvvəlində həm Rusiyada, həm də Avropa ölkələrində 

ümumi milli özünüdərk prosesi gedirdi ki, bu da heç şübhəsiz xaricdə  təhsil alan 

Azərbaycan gənclərinin dünyagörüşünə  təsir göstərirdi. Məhz onlar bu ideyaların 

daşıyıcısı oldular. Bu – görkəmli mütəfəkkirlər,  ədəbiyyatçılar, maarifçilər: 



 

 

A.Q.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, A.Hüseynzadə, F.Köçərli, 



M.Ə.Rəsulzadə və başqaları idi. Mətbuatın rolunu isə xüsusi qeyd etmək lazımdır. 

Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatına qadınları  cəlb edən elə 

Azərbaycanın kişiləri idi. Məsələn, Həmidə xanım Cavanşirin atası Əhmədbəy Cavanşir 

qızına onlara məxsus kənddə  məktəb açmağı  nəsihət etmişdi; H.Z.Tağıyev qızlarını 

özünün açmış olduğu ilk müsəlman qız məktəbinə oxumağa vermiş, qızı Sara xanımı 

Peterburqa, Smolnı nəcib qızlar institutuna göndərmişdi. Kişilər də öz həyat yoldaşlarını 

– məsələn, Hənifə  Məlikovanı, Ceyran Bayramovanı, Həmidə xanım Cavanşiri – 

Azərbaycan cəmiyyətinin ictimai həyatına daxil edirdi. 

Azərbaycan qadınlarının sosial-hüquqi statusu hələ XX əsrin  əvvəlində  nəzərdə 

tutulmuşdu ki, bunu müsəlman cəmiyyətinin, müsəlman ailəsinin, qadının buradakı yeri 

ilə bağlı ənənələr ilə izah etmək olar. 

Bir  şey  şəksizdir ki, cəmiyyətin təhlükədə olduğu – istər zəbtolma təhlükəsi, istər 

də etnik özünüdərkin oyanması olsun – bir dövrdə Azərbaycan qadınları kişilərin dəstəyi 

və islam ənənələri əsasında ictimai həyata fəal şəkildə qoşulmuşdular. 

 


Yüklə 295,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin