6.4. Bazar iqtisadiyyatı sisteminin müxtəlif modelləri Mövcud ədəbiyyatda bazar iqtisadiyyatlı ölkələrin modellərini öz məzmununa (mahiyyətinə) görə iki növə ayırırlar – liberal və sosial yönümlü. Bu növlərə daxil olanlar da bir-birindən müəyyən cəhətlərinə görə fərqlənirlər.
Amerika (ABŞ) modeli. Bu liberal bazar iqtisadiyyatı modelidir. Onun əsas xüsusiyyətləri:
1. Dövlət mülkiyyəti az xüsusi çəkiyə malikdir və dövlətin iqtisadiyyatı tənzim etməsi çox azdır.
2. Sahibkarlığın inkişafına şərait yaradılır. Xüsusilə də kiçik sahibkarlığın. Kiçik sahibkarlıq yeni iş yerlərinin açılmasına kömək edir. Xırda sahibkarlıq 80-ci illərdə hər il 80 % yeni iş yerini təmin etmişdir.
3. Varlılarla yoxsullar arasında fərq çox böyükdür.
Yapon modeli – bu model daha spesifikdir. Burada resursların əsas hissəsi «dinc məqsədlər» üçün, sənayenin iqtisadi artımına yönəldilir. Hərbi xərclər çox azdır. Bu ölkədə Amerika və Qərbi Avropa ölkələrinin patentləri və lisenziyaları azad surətdə əldə edilə bilir.
İş qüvvəsi nisbətən ucuzdur. Xammal və yanacağı ucuz qiymətə xarici bazardan alırlar.
Milli iqtisadiyyata dövlət qayğısı yüksəkdir, iqtisadiyyatın əsas sahələri dövlətin yardımı ilə inkişaf etdirilir. İqtisadiyyat dinamik inkişaf edir.
50-ci illərdən başlayaraq iqtisadiyyat planlaşdırılır. Bunlar beş illik planlardır. İqtisadiyyatda möcüzələr baş verir. Firmanın işçiləri idarəetməyə cəlb olunur, fəhlələrə ömürlük haqq təyin olunur. Burada ümumi mənafe hamının işidir. Əmək haqlarında az fərq vardır. Dövlət sosial bərabərsizliyə qarşı mübarizə aparır. Bu model sosial yönümlüdür. Vətəndaşların xəstəlik və işçsizlik hallarında sosial hüquqları qorunur.
Alman modeli. Bu da sosial yönümlü modeldir. Modelin ideoloqu Lyudviq Erxarddır. Modelin aşağıdakı xüsusiyyətləri vardır:
1. İqtisadiyyata dövlət güclü təsir göstərir, başlıca olaraq sosial sahəyə. Burada tibbi xidmət və təhsil pulsuzdur.
2. 70-ci illərdən başlayaraq makroiqtisadi göstəricilər planlaşdırılır.
3. Mərkəzi bank tam müstəqildir və bankların rolu böyükdür.
4. Əmək haqlarının səviyyəsində fərq azdır.
Fransa modeli. Bu Amerika modeli ilə Alman modelinin arasındadır. İqtisadiyyat dövlət tərəfindən yüksək dərəcədə tənzimlənir. 1947-ci ildən iqtisadiyyat planlaşdırılır. Dövlətin özü sahibkarlıq fəaliyyətilə məşğul olur və kapital yığımı prosesinə müdaxilə edir.
İsveç modeli. Bu sosial istiqamətli modeldir. Bərabərsizlik azaldılma ob-yektidir, az təminatlı təbəqələr üzərində güclü himayədarlıq var. Həyat səviyyəsi yüksəkdir. Son 110 ildən çoxdur ki, ÜMM orta hesabla ildə 2,5 % artmaqda davam edir. İşsizlərin sayı 2 %-dən çox olmur. İqtisadiyyatın dövlət bölməsi güclüdür və xidmətlərin bir çoxu pulsuzdur. Dövlət qiymətlərin tənzimlənməsinə xüsusi fikir verir.
Cənubi Koreya modeli. Dövlətin iqtisadi tənzimləmə fəaliyyəti güclüdür. Planlaşdırmadan istifadə olunur. 1962-ci ildən 5 illik planlar tərtib olunur. İnvestisiya layihələri hazırlanır, büdcə vəsaitindən istifadə olunur. Maliyyə-kredit sferası uzun müddət dövlət inhisarında olmuşdur. 80-ci illərin birinci yarısından xüsusi maliyyə-kredit təşkilatları fəaliyyətə başlanmışdır. Xarici iqtisadi fəaliyyət dövlət tərəfindən tənzimlənir, ixrac stimullaşdırılır, idxal məhdudlaşdırılır. Bu isə milli iqtisadiyyatın inkişafına təsir göstərmişdir. İxraca xüsusi nəzarət olunur.
Çin Xalq Respublikasında planlı iqtisadiyyatla yanaşı əmtəə-pul müna-sibətlərindən dəistifadə olunur. Mikroiqtisadi sferada bazara geniş meydan verilir, xüsusi sahibkarlığa şərait yaradılır. Burada «Sosialist planlı əmtəə iqtisadiyyatı» modelinə üstünlük verilir.
Bu modelləri öyrənməkdə əsas məqsəd Azərbaycanın iqtisadi inkişaf modeli seçilərkən onlardan ən yaxşısına istiqamət götürmək mümkün olsun. Azərbaycan üçün məqbul sayıla bilən model «tənzim olunan sosial bazar iqtisadiyyatı modeli» ola bilər.