Adların və dərəcələrin verilmə şərtləri İdman adları və dərəcələri tələb olunan normaları yerinə yetirmiş Azərbaycan vətəndaşlarına verilir.
Azərbaycan Respublikasının İdman ustası dərəcəsi idman növləri üzrə çempionat, birincilik və beynəlxalq yarışlarda qazanılmış nəticələrə əsasən verilir.
İdman ustalığına namizəd və I idman dərəcəsi idmançılara idman növləri üzrə keçirilən çempionat və birinciliklərdə göstərilmiş nəticələrə görə verilir.
Azərbaycan Respublikasının İdman ustası dərəcəsi: idmançının təmsil etdiyi təşkilatın müəyyən olunmuş qaydada təqdimatı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi; İdman ustalığına namizəd dərəcəsini Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi: İdman növləri üzrə birinci idman dərəcəsini idman cəmiyyətləri, idman mərkəzləri, bədən tərbiyəsi və idmanın yerli idarəetmə orqanları; kütləvi dərəcələri idman məktəbləri, bədən tərbiyəsi kollektivləri, idman cəmiyyətləri, idman klubları verir.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi idman ustalığına namizəd idman dərəcəsini: strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri, I, II, III, IV idman dərəcələrini Naxçıvan MR-da keçirilmiş çempionat, birincilik və turnirlərinə görə vermə səlahiyyətinə malikdir.
İdman ustası dərəcəsi daimi verilir. Idman ustalığına namizəd idman dərəcəsi verildiyi gündən başlayaraq iki il müddətində etibarlıdır. Bu müddət ərzində idmançı ondan yuxarı dərəcə norma və tələblərini yerinə yetirmədikdə malik olduğu idman dərəcəsinin tələb və normalarını yenidən təsdiq etməlidir. Digər idman dərəcələri bir il müddətinə verilir.
İdman növləri üzrə dərəcə tələbləri – keçirilən yarışlarda idman dərəcəsi olan idmançı (komanda) üzərində qələbə qazandıqda yerinə yetirilmiş sayılır. İdmançılara idman dərəcələri onların yarışlarda göstərdikləri nəticələrə uyğun müvafiq təşkilatların tədbirlər planına uyğun olaraq, müvafiq idman növünün təsdiq olunmuş qaydalarına əsasən keçirilmiş yarışlarda ödənilir. Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) mərkəzlərin keçirdiyi birinciliklər (spartakiadalar), Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Yevlax, Lənkəran şəhərinin azı 10 gəlmə komandasının iştirak etdiyi reqlament, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənmiş açıq birinciliklər idman dərəcələrinin norma və tələblərinin ödənilməsində Respublika birinciliyinə bərabər tutulur, bu şərtlə ki, həmin yarışların Hakimlər Kollegiyasının tərkibində azı 5 respublika dərəcəli hakim olsun.
İdman oyunlarında tələblər o zaman yerinə yetirilmiş sayılır ki, oyunçu yarışın təqvimi üzrə oyunların 50 %-də iştirak etmiş olsun. Komandalar ustalardan ibarət komandalara, I, II, III dərəcəli komandalara və oynamağa təzə başlayanlara bölünürlər.