Klirinq prosesi birja fəaliyyətinin inkişafı üçün çox vacibdir. Çünki bu sistem təkcə klirinqin iştirakçıları arasında hesablamalar aparmır, həmçinin tərəflərin öz öhdəliklərini yerinə yetirməsini təmin edən mexanizmləri əhatə edir.
Klirinq və hesablaşma sisteminə öz növbəsində əqd şərtlərinin üzləşdirilməsi və əqdlərin icrası sistemi daxildir. Əqd şərtlərinin müqayisəsi, əqdin iştirakçılarının öz öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün görülən tədbirləri əhatə edir.
Müqayisə əqdin bağlanıldığı günün növbəti günündən gec olmayaraq edilməlidir. Əqd şərtlərinin üzləşdirilməsi sisteminin iki, yəni ikitərəfli və birtərəfli tipləri mövcuddur. Onlar arasındakı əsas fərq ondan ibarətdir ki, ikitərəfli sistemdə əqd haqqında informasiyanı sistemə hər iki tərəf daxil edir, birtərəfli sistemdə isə bunu tərəflərdən yalnız biri edir.
İkitərəfli sistemlərin iştirakçıları birja agentləri ilə, adətən brokerlər və dilerlərlə məhdudlaşır. Əqdin hər iki tərəfi informasiyanı bilavasitə mərkəzi üzləşmə sisteminə daxil edir, burada isə müqayisə baş verir.
Hər hansı kənarlaşma və yaxud fərq müəyyən edildikdə tərəflər bu barədə məlumatlandırılır. Belə sistemlərin iştirakçıları sistemin hər bir üzvünə görə birgə məsuliyyət daşıyır. Bununla da üzləşdirilmiş əqdin hər hansı iştirakçı tərəfindən öz öhdəliklərini poza bilməsindən asılı olmayaraq icra ediləcəyi zəmanətləndirilir. Üzləşdirmənin əqdin bağlandığı günün növbəti günü edilməsi tərəflərə fərqləri qaldırmağa imkan verir, bu isə icra zamanı riski azaldır və əqdin vaxtında icrasına kömək edir.
Birtərəfli üzləşdirmə sistemləri ikitərəfli sistemə qoşulmaq istəməyən və yaxud qoşula bilməyən investorlar tərəfindən istifadə olunur. İnvestor iştirakçısı olduğu bütün əqdlərin siyahısını alır. Siyahını aldıqdan sonra o, müəyyən edilmiş zaman çərçivəsində əqdləri təsdiq etməli, yaxud onlara etiraz etməlidir.
Ümumiyyətlə, klirinq fəaliyyəti, qarşılıqlı öhdəliklərin müəyyən olunması üzrə fəaliyyət kimi başa düşülür. Klirinq fəaliyyətinin əhatə etdiyi əməliyyatları aşağıdakı kimi qruplaşdırmaq olar:
- informasiyanın yığılması, tutuşdurulub yoxlanılması, düzəldilməsi;
- tutuşdurulub yoxlanılan sənədlərin yekunlarının həqiqiliyinin və hüquqi rəsmiləşdirilməsinin təhlili;
- pul vəsaitlərinin klirinq – hesablaşma təşkilatına daxil olmasına müvafiq olaraq hesablaşma cədvəllərinin tərtib edilməsi;
- sazişin tərəfləri arasında hesablaşmalar aparmaq;
- pul – hesablaşma sisteminə icra olunmaq üçün gedən sənədlərin rəsmiləşdirilməsi;
- mühasibat sənədləri üzrə qarşılıqlı öhdəliklərin icra edilməsinin qəbulu;
- qiymətli kağızlar üzrə sazişlərin həyata keçirilməsi zamanı, tərəflərin öz öhdəliklərini yerinə yetirməməsi riskini azaltmağa xidmət edən xüsusi fondlar yaratmaq;
- sazişə əsasən yerləşdirilmiş qiymətli kağızların və digər aktivlərin yerdəyişməsinə nəzarət etmək.
Klirinqin vəzifəsi əqd iştirakçılarının birja əmtəələrinin təqdim edilməsi və qarşılıqlı hesablaşmalar üzrə öhdəliklərinin icrasıdır. İştirakçıların öhdəlikləri üzrə hesablaşmalar klirinq prosesinin mahiyyətini təşkil etməklə əməliyyatları dəqiq və səmərəli keçirməyə imkan verir. Burada klirinq təşkilatının ödəmələrin edilməsi üçün kifayət dərəcədə maliyyə aktivlərinə, şəxsi ehtiyatlara, yaxud girov təminatına malik olması, həmçinin əlavə vəsaitlərin tez cəlb edilməsi imkanı mühüm məqamlardan biridir. Əqdin bağlanması və icrası arasındakı uyğunsuzluğun azaldılması nəinki riski azaldır, həmçinin icra zamanın standartlaşmasına aparır. Əməliyyat həcmi böyük olan bazarlarda ən səmərəlisi fasiləsiz, arasıkəsilməz hesablaşma forması zəruri ola bilər. Bir çox hallarda klirinqin əsasını əqd şərtlərinin tez və etibarlı üzləşdirmə sistemi təşkil edir. Etibarlı klirinq sisteminin inkişafı bazar iştirakçılarına əqdlərin icrası zamanı “ödəmə müqabilində təqdim edilmə” qaydasından istifadə etməyə imkan verir.
Birja bazarında klirinq sisteminin inkişafı məsələlərinə aşağıdakılar aid edilir:
- sazişin tərkibinə daxil olan klirinq və hesablaşma xərclərinin ixtisara salınması;
- klirinq və hesablaşma proseslərinin, əməliyyatlarının sürətləndirilməsi;
- beynəlxalq fond və fyuçers bazarlarında klirinq və hesablaşmaların beynəlmiləlləşdirilməsi.
Yuxarıda qeyd edilən məqsədlərə çatmaq üçün aşağıdakıların həyata keçirilməsi zəruri hesab olunur:
- qiymətli kağızların dematerializasiya qiymətli kağızların nağdsız formada dövriyyəsini nəzərdə tutur. Dematerializasiya qiymətli kağızların nağdsız formada dövriyyəsini nəzərdə tutur. Dematerializasiya qiymətli kağızların çapı ilə, saxtakarlığı ilə, göndərilməsi ilə bağlı problemlərin həllinə müsbət təsir göstərir;
- qiymətli kağızlar və fyuçers kontraktlarında elektron ticarət sisteminə keçmək. Elektron sistemlərin tətbiqi birja proseslərinin sürətlənməsinə, ümumiyyətlə, birja sisteminin genişlənməsinə, ayrı – ayrı birjaların qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsinə səbəb olur;
- beynəlxalq birja bazarlarında hesablaşma qaydalarının, periodlarının unifikasiyası ( sadələşdirilərək vahid şəklə salınması ). Birja bazarlarında hesablaşma periodlarının unifikasiyası beynəlxalq fond və fyuçers bazarlarında klirinq və hesablaşmaların beynəlmiləlləşdirilməsinin əsası kimi qiymətləndirilir.
Qiymətli kağızlar üzrə sazişlərdə klirinq sistemi qiymətli kağızların mərkəzi depozitarisinin, ümumi standartlarının və s. mövcud olmasını nəzərdə tutur. Qiymətli kağızlarla əqdlərin böyük həcminin icrasını təmin etməkdən ötrü klirinq sistemi həm qiymətli kağızların təqdim edilməsini, həm də pul axınlarını minimuma endirməlidir. Bundan ötrü bir çox klirinq sistemlərinə qiymətli kağızların, yaxud pul vəsaitlərinin hər hansı bir formada qarşılıqlı hesaba alınması daxil edilir. Qarşılıqlı hesaba alınma qiymətli kağızların hər hansı bir növü üzrə bir neçə tərəf arasındakı əqdləri, qiymətli kağızların təqdim edilməsini və pul vəsaitləri axınlarını minimal saya endirməyə imkan verir. Bu zaman qiymətli kağızların ödəmədən sonra, yaxud ödəmə ilə bir vaxtda təqdim edilməsi mümkün olan variantlardır.
Klirinq zamanı əqdlərin hesaba alınmasının üç əsas variantı məlumdur:
1. İkitərəfli razılaşma.
2. Çoxtərəfli hesablaşma.
3. Fasiləsiz hesablaşma.
İkitərəfli hesablaşma zamanı iki tərəf arasında gün ərzində qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və “ödəmə müqabilində təqdim edilməni” nəzərdə tutan vahid mövqeyə gətirilir.
Çoxtərəfli hesablaşma zamanı qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və hər bir iştirakçı üçün vahid qısa, yaxud uzun mövqeyə gətirilir.
Fasiləsiz hesablaşma zamanı isə qiymətli kağızların bir növü üzrə edilən əqdlər fasiləsiz hesaba alınır və yekun uzun, yaxud qısa mövqeyə gətirilir. Hesablaşmanın bu variantında əqdin icrası zamanı tərəflərdən biri klirinq təşkilatıdır.
Fyuçers kontraktının, qiymət istisna olmaqla, bütün parametrləri standartlaşdırılır və bunun da mühüm əhəmiyyəti var. Belə ki, fyuçers kontraktının bağlanıldığı qiymətli kağızların miqdarının standartlaşdırılması əqdin hər bir iştirakçısına alınan və satılan aktivin miqdarını əvvəlcədən bilmək imkanı verir. Buna görə də fyuçers kontraktları ilə birja ticarəti əslində qiymətli kağızların hansısa miqdarının deyil, standart kontrakt dəstlərinin alqı – satqısıdır. Standartlaşdırmanın bir məqamı da onunla bağlıdır ki, fyuçers kontraktlarının icrası və bütün hesablaşmalar klirinq və ya hesablaşma palatası tərəfindən zəmanətləndirilir. Hər bir fyuçers kontraktı üzrə sığorta və ya ehtiyat fondu yaradılır. Bir qayda olaraq fyuçers müqavilələri ilə əməliyyatlar keçirməkdən ötrü investorlar müqavilə əmtəəsinin dəyərinin müəyyən həcmdə, 8 – 15 % pul girovu qoyur. Bu vəsaitlər müqavilə tərəflərinin götürdüyü öhdəliklərin maliyyə zəmanəti kimi çıxış edir ( buna zəmanət girovu, yaxud marjası da deyilir).