2. Əqdlərin növləri
Mülki hüquqda əqdlər müxtəlif əsaslara görə təsnifləşdirilir.
İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli əqdlərə bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Vəsiyyətnamənin tərtib edilməsi, etibarnamənin verilməsi və s. birtərəfli əqdlərə misal ola bilər. Adətən, birtərəfli əqd bir şəxs tərəfindən bağlanılır. Birtərəfli əqddə iradə bir neçə şəxs tərəfindən ifadə oluna bilər. Məsələn, ümumi etibarnamənin verilməsi və s.
Bəzən birtərəfli əqdin hüquqi nəticələr yaratması üçün iradə ifadəsinin ünvanlanmış şəxs tərəfindən qəbul edilməsi lazım olur. Əgər bu şəxs, belə iradə ifadəsinin mövcudluğunundan xəbərdar deyilsə, onda birtərəfli əqd hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, əgər müqavilənin pozulması haqqında xəbərdarlıq digər tərəfə çatmayıbsa, onda o, hüquqi nəticələr yarada bilməz.
İki tərəfin qarşılıqlı iradə ifadəsinin razılaşdırılması ilə yaranan əqdlərə ikitərəfli əqdlər deyilir. İkitərəfli əqdlər müqavilə adlanır. İkitərəfli əqdlər, əqdin ən geniş yayılmış növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta və s. müqavilələr misal ola bilər.
Üç və ya daha çox tərəf arasında iradə ifadəsinin razılaşdırılmasından yaranan əqdlərə çoxtərəfli əqdlər deyilir. Məsələn, bir neçə hüquqi şəxsin yeni binalar tikməsi üçün müqavilə bağlaması.
Əqdlər əvəzli və əvəzsiz olmaqla iki yerə bölünürlər. Əvəzli əqddə bir tərəfin etdiyi hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də ona uyğun hərəkət edir və ya əmlakın dəyərini ödəyir. Məsələn, alqı-satqı müqaviləsində satıcının vəzifəsi əşyanı vermək, alıcının vəzifəsi isə müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir.
Bundan fərqli olaraq əvəzsiz əqdlərdə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. Məsələn, bağışlama, əmlakdan əvəzsiz istifadə müqavilələri əvəzsizdir. Bəzi əqdlər həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi belə əqdlərə misal ola bilər. Əvəzsiz əqdlər əsasən, fiziki şəxslər arasında bağlanır. Hüquqi şəxslər arasında bağlanan əqdlər bir qayda olaraq əvəzlidir.
Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual (latınca consensus - razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki dövriyyədə bağlanan əqdlər konsensual xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s.
Real əqdlərin bağlanması üçün razılığın olması yetərli deyil. Burada əşyanın verilməsi, əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc müqaviləsi, bağışlama müqaviləsi və s.
Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə bölünürlər. Həqiqiliyi (etibarlılığı) əqdin əsasından asılı olan əqdlərə kauzal (latınca causa - səbəb) əqdlər deyilir. Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal xarakter daşıyır. Kauzal əqdin əsas cəhəti onun hər hansı bir hüquqi məqsəd güdməsindədir. Məsələn, əmlak kirayə müqaviləsinin məqsədi əşyanı istifadəyə qoymaq, borc müqaviləsinin məqsədi isə pulu və ya əşyanı verməkdir. Kauzal əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir.
Həqiqiliyi əqdin əsasından asılı olmayan əqdlərə mücərrəd əqdlər deyilir. Mücərrəd latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir. Mücərrəd əqd öz məqsədindən ayrılmış olur. Bu əqdlərə vekseli misal göstərmək olar.
Mülki qanunvericilikdə əqdlər müddətli və şərti əqdlərə bölünürlər. Əksər hallarda əqdlərdə müddət göstərilir. Belə hallarda əqdin hüquqi nəticələri müəyyən vaxtın kəsilməsi ilə bağlı olur. Əqddə müddət üç məna daşıyır. Başlanğıc müddət əqdin tərəflərinin hüquq və vəzifələrinin yarandığı anı, icra müddəti əqdin yerinə yetirilməsi vaxtını, sonuncu müddət isə əqdin xitam olunduğunu göstərir.
Əqddə müddət müəyyən və qeyri-müəyyən ola bilər. Əgər vaxt dəqiq qeyd olunmayıbsa , onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb edə bilər.
Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Şərt pozitiv və ya neqativ ola bilər. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə baş verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü müddət bitənədək aydın olarsa, şərt yerinə yetirilmiş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş verməyəcəyinin aydın olduğu vaxt yerinə yetirilmiş sayılır.
Dostları ilə paylaş: |