Bərpa (təkrar istehsal) üsulu. Bu üsul təzədir, həm də ekoloji böhranla əlaqədardır. Onun mahiyyəti ondan ibarətdir ki, müəyyən ərazidə mühit yaradan (bərpa olunan və olunmayan) təbii ehtiyatlar və ətraf mühitin vəziyyəti (təbii səviyyəyə yaxınlaşdırılan) bir vahid toplu kimi, standart kimi qəbul edilir. Belə halda hər hansı təbii ehtiyatın istifadəsi onun əvvəlki vəziyyətdə bərpasını təmin edir (kəmiyyət və keyfiyyətcə). Deməli, təbii ehtiyatın qiyməti hər hansı ərazidə onun bərpasına sərf olan xərclərin cəmi olacaqdır. Bu üsul təbii ehtiyatların potensial qıtlığına görə bir çox hallarda artıq qiymətə səbəb ola bilər. Lakin, nəzərə alsaq ki, əsas xammal regionlarında ekstensiv istismarın imkanları qurtarıbdır, ətraf mühitin vəziyyəti isə fəlakətlidir, məhz bu üsul daha doğru hesab edilə bilər;
Monopoliya – idarə üsulu. Bu üsul xərc (məxaric) üsulunun növlərindən biridir. Üsulun mahiyyəti ondadır ki, təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin ölçüsü təbii ehtiyatları idarə edən təşkilatların maliyyə təminatına uyğun gəlsin. Bu cür yanaşma çox subyektiv və süni görünür. Bu üsula görə təbii ehtiyatlardan isti-
fadə üzrə ödəmə (rüsum) iki növə ayrılır:
istifadə hüququna görə ödəmə;
təbii ehtiyatların bərpasına və mühafizəsinə lazım olan ödəmə.
İkinci növ ödəmənin qiymətini təyin edərkən 2 şərt nəzərə alınmalıdır: 1. Bu ödəmələr özlərinə differensial rentanın müəyyən hissəsini birləşdirməlidir, belə ki, bərpaya çəkilən xərc yaxşı şəraitdə az, pis şərait üçün çox olacaqdır, 2. Xüsusiləşdirilmiş xidmətlərin xərcini təyin edərkən, həmin xərcin iqtisadi səmərəsini nəzərə almaq lazımdır.