Mövzu 5. AZƏRBAYCANDA FƏLSƏFİ FİKRİN YARANMASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ P L A N Qədim Azərbaycanda Zərdüştilik fəlsəfəsi
Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikir
Azərbaycanda maarifçilik fəlsəfəsi
Qədim Azərbaycanda Zərdüştilik fəlsəfəsi
Qədim Azərbaycanda dini-fəlsəfi fikirlər hələ e.ə. VII əsrdə Zərdüştilikdə mövcud olmuşdur. Zərdüştilik bir sıra Şərq ölkələrində yayılmışdır. Orta əsr müəllifləri, o cümlədən, Əl-Biruni Zərdüştün Azərbaycandan çıxdığını söyləmişdi.
Zərdüştiliyin müqəddəs kitabı Avesta hesab olunur. Avesta (Qanun) – Vendidad, Yasna, Vispered, Yaşta və Bundəhiş adlı 5 kitabdan ibarətdir. Dördü qədim fars dilində, Bundəhiş isə Sasanilərin pəhləvi dilində yazılıb. Avestadan götürülmüş dualar və vəcd halında söylənilən kəlamlar toplusu kiçik Avesta adlanır.
Vendidad - əsasən şər qüvvələrin dəf edilməsinə yönəldilən qanunlardan ibarətdir. Vendidadda həmçinin, dünyanın Ahura Mazda tərəfindən necə yaradılıdığından danışılır. Ahura Mazdaya sitayiş edənlərin yaşadıqları 16 ölkənin təsviri verilir, əxlaq normaları, mülki qaydalar və dini hökmlər şərh edilir, murdarlıqdan təmizlənməyin yolları göstərilir.
Yasna - ibadət və qurbanvermə mərasimi zamanı oxunan ayrı-ayrı qanunlardır. Yasna 72 fəsildən ibarətdir ki, bunlardan 17-si Qatalar – Zərdüştün Hörmüzə müraciətlə dediyi kəlamlardır. Yasnada Zərdüştiliyin oda pərəstiş duaları və qurbankəsmə mərasimləri açıqlanır. Zərdüşt məbədlərində tanrıların təsvirləri olmur, Ahura Mazdaya sitayiş öz ifadəsini onun rəmzi olan oda sitayişdə tapır, başqa dinlərdən olanların od məbədinə girməsi haram sayılır.
Vispered - dua xarakterli mahnıları tərənnüm edən qanunlardır.
Yaştada - Zərdüştiliyin ən müham dini prinsip və ayinləri şərh edilir.
Bundəhişdə - şeylərin təbiəti, dünyanın sonu və sorğu=sual haqqında bilgilər verilir.
Birinci iki kitabda toplanılmış dini mərasimləri əks etdirən mətnlər Avestanın ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif vaxtlarda yaranmış irili-xırdalı 21 hissədən ibarətdir.
Avestanın fəlsəfəsi dualist xarakter daşıyır. Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün başqa şeylər bu mübarizənin nəticəsində yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdüştülüyə görə xeyir allahı Hörmüz (Ahura Mazda) əvvəl axır şər allahı Əhrimən (Anhra Manyu) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq.
Avestadakı bütün mənəviyyat 3 ifadədə yekunlaşdırılırdı: xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Əvvəlcə fikir yaranır, sözlə ifadə olunur və əməllə həyata keçirilir.
Avesta politeist və monoteist müddəalardan xali deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlədən, Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə təkallahlılıq meyli güclüdür.
Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlər) zərdüştilik rəsmi dövlət dini elan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura Mazda bütün mövcudatın yeganə yaradıcısı, vahid Allah sayılmışdır.