Mövzu firma nəZƏRİYYƏSİ. Fİrmanin fəALİYYƏT


§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi



Yüklə 68,21 Kb.
səhifə7/18
tarix29.12.2021
ölçüsü68,21 Kb.
#48559
növüУчебник
1   2   3   4   5   6   7   8   9   10   ...   18
MÖVZU 2

§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi


formaları
Məlumdur ki, istənilən iqtisadi sistemdə çoxlu sayda firmalar (müəssisələr) fəaliyyət göstərir. İqtisadi ədəbiyyatda bunlar müxtəlif meyarlar baxımından təsnifləşdirilir. Belə ki, firmalar (müəssisələr) mülkiyyət mənsubiyyətinə, fəaliyyətinin həcminə, sahəsinə, xarakterinə, əhatə etdiyi ərazi meyarına görə və s. fərqləndirilir.

Mülkiyyət mənsubiyyətinə uyğun olaraq firmanın (müəssisənin) xüsusi, kollektiv, dövlət və qarışıq formaları vardır.

Firmalar (müəssisələr) fərdi (ailə), şərikli (tam ortaqlı), payçı və şərikli (ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət müəssisəsi kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər.

Fərdi (xüsusi) firma - biznes fəaliyyətinin ən klassik formalarından biridir. Belə firmalar adətən fərdin və ya onun ailə üzvlərinin ümumi mülkiyyəti əsasında təşkil olunur. Bununla yanaşı firmalar başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Belə müəssisələrin idarə olunması adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda sahibkar müəssisənin idarə olunmasını menecerə həvalə edə bilər, lakin belə halda da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır.

Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, xüsusi mülkiyyət artıq təkcə özünün klassik forması olan fərdi mülkiyyət formasında deyil, həm də kollektiv, kooperativ, qrup və s. formalarda çıxış edir. Bu formalar əsasında

yaranan müəssisələrə diqqət yetirək. Belə müəssisələrə şərikli (tam ortaqlı), payçı və şərikli (birgə ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, kooperativlər, səhmdar cəmiyyətləri və s. aid edilir.



Şərikli (tam ortaqlı) müəssisə iki və daha artıq fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilmə- sinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.

Şərikli (tam ortaqlı) müəssisədə olan bəzi çatışmazlıqlar onun daha təkmilləşmiş forması olan payçı və şərikli (birgə ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Belə müəssisələr həm şərikin (şəriklərin), həm də payçının (payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öh- dəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə verdiyi pay həcmində məsuliyyət daşıyır.

Kollektiv mülkiyyətə əsaslanan əsas müəssisə formalarından biri səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyəti öz nizamnamə fondunu tədavülə səhm və istiqraz kimi qiymətli kağızlar buraxmaq yolu ilə formalaşdıran və bunun nəticə- sində toplanmış vəsait əsasında işgüzarlıq fəaliyyətini həyata keçirən kollektiv müəssisə formasıdır. Belə cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına çevrilirlər və aldıqları səhmin həcminə uyğun olaraq onun mənfəətindən divident almaq hüququ qazanırlar. Səhmdar cəmiyyətinin fəaliyyətini səhmdarların ümumi yığıncağı tərəfindən seçilmiş ali idarəetmə orqanı həyata keçirir.

Səhmdar cəmiyyətlərinin yaranması və məhsuldar qüvvələrin inkişafı, istehsalın miqyasının genişlənməsi və fərdi kapitalın məhdudluğu ilə bağlıdır. Məhz səhmdar cəmiyyətlərinin yaranması nəhəng kapital tələb edən işlərin gö- rülməsinə (iri tikintilərin aparılmasına, kanalların və dəmir yollarının çəkilişinə) imkan verdi.

Səhmdar cəmiyyətlərinin buraxılan səhmlərin növündən və onların bazarda dövriyyəsinin təşkilindən asılı olaraq iki tipi fərqləndirilir: açıq və qapalı. Açıq tipli cəmiyyətlərin səhmləri heç bir məhdudiyyət qoyulmadan bazarlarda alınıb- satılır. Cəmiyyət və onun səhmdarları öz öhdəliklərinə görə cəmiyyətin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Qapalı tipli səhmdar cəmiyyətinin səhmləri isə tə- sisçi səhmdarların öz aralarında bölüşdürülür və bazara çıxarılmır. Bu cür cəmiy- yətlər nizamnamə kapitalının formalaşması üçün təsisçilərin öz kapitalı kifayət edən zaman yaradılır. Səhmdar cəmiyyəti və səhmdarlar öz öhdəliklərinə görə yal- nız qoyulmuş kapital həcmində məsuliyyət daşıyırlar. Məhz buna görə belə cəmiyyətlər bir sıra ölkələrin iqtisadiyyatında məhdud məsuliyyətli müəssisələr adı ilə müstəqil forma kimi geniş fəaliyyət göstərirlər. Burada, belə bir məsələni də qeyd etmək lazımdır ki, bəzi ölkələrdə səhmdar cəmiyyəti korporasiya adlanır.

Dövlət müəssisələri dövlət mülkiyyətinə əsaslanır və iki əsas əlamətlə səciyyələnir. Birincisi, dövlət müəssisələrinin əmlakı və idarə olunması tamamilə və ya qismən dövlətin və onun orqanlarının (nazirlik, birlik) əlində cəmlənir. İkincisi, dövlət müəssisələrinin fəaliyyətinin məqsədilə bağlıdır. Onların öz fəaliyyətlərində yüksək mənfəət əldə etmələri yeganə məqsəd deyildir. Onların əsas məqsədi hansı yolla olursa-olsun (iqtisadi səmərəliliyin azalması və hətta ziyana düşməklə olsa belə) ictimai tələbatı ödəməkdir.

Hazırda dünya iqtisadiyyatında xarici investisiyanın cəlb olunması forması

kimi müştərək müəssisələr geniş yayılmışdır. Bu formanın xüsusiyyəti ondan ibarətdir ki, hər hansı bir ölkə daxilində işgüzar fəaliyyəti həyata keçirmək üçün həmin ölkənin və xarici ölkələrin sahibkarlıq subyektləri birgə, şəriklilik qaydasın- da çıxış edirlər. Belə müəssisələr bəzi dövlətlərdə inzibati metodlarla, bəzilərində isə müəyyən güzəştlər hesabına inkişaf etdirilir.

Bazar iqtisadiyyatı ölkələrində fəaliyyətinin miqyasına, təmərküzləşmənin səviyyəsinə görə müəssisələrin kiçik, orta və iri formaları fərqləndirilir. Bu təsnifləşdirmədə əsas göstərici kimi işçilərin sayı qəbul edilmişdir. Bu göstərici ölkənin iqtisadi, sosial və siyasi xüsusiyyətindən və s. asılı olaraq müxtəlif ölkə- lərdə bir-birindən fərqlənir. Adətən 50-yə qədər (ABŞ-da 100-ə qədər) işçisi olan müəssisə kiçik müəssisəyə, 500-dən çox (ABŞ-da 1000-dən çox) işçisi olan isə iri müəssisə hesab olunur. Azərbaycanda sənayedə 50-yə, tikintidə 25-ə, nəqliyyatda 15-ə, ticarət və xidmət sahələrində isə 10-a qədər işçisi olan müəssisə - kiçik, buna uyğun olaraq 300, 150, 75 və 50-dən çox işçisi olan isə iri müəssisə hesab olunur.

Hər bir ölkənin iqtisadi inkişafında müxtəlif formalı və ölçülü müəssisələrin özünəməxsus yeri və rolu vardır.




Yüklə 68,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin