7.2 Vergitutma obyekti və vergi tutulan gəlirlərin növləri.
Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi (təqvim) ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Misal.
Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur və cari ildə onun 14 000 AZN gəliri var. Bu gəliri əldə etmək üçün onun il ərzində 4 000 AZN xərci olub. Beləliklə, vergitutma obyekti, fiziki şəxsin illik gəliri çıxılsın bu gəlirləri əldə etmək üçün xərcləri - 10 000 AZN təşkil edir.
Qeyri-rezidentlərin gəlirləri
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri müəyyən dövr ərzində Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasında fərqdir.
Misal
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.
Misal
Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.
Gəlir
Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Misal.
Rezident fiziki şəxs 2018-ci il ərzində Azərbaycan Respublikasının ərazisində göstərdiyi peşakar xidmətlərə görə 18 000 AZN, xarici ölkədə göstərdiyi xidmətlərə görə 3 500 AZN gəlir əldə etmişdir. Belə olduqda, gəlir vergisi məqsədləri üçün rezident fiziki şəxsin 2018-ci ildə gəliri olacaqdır:
18 000 + 3 500 = 21 500 AZN
Qeyd*: Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır, lakin nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Azərbaycan mənbəyindən gəlir, AR VM, Maddə 13.2.16
Gəlirlərə aiddir:
muzdlu işlə əlaqədar əldə edilən gəlir;
muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər.
Muzdlu işlə əlaqədar əldə edilən gəlir
"Muzdlu işlə əlaqədar əldə edilən gəlir"lərə aiddir
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Dostları ilə paylaş: |