Mövzu 9. Xəstələrin qidalanması. Həzm xəstəlikləri zamanı xəstələrə qulluq
Xəstələrin qidalanması.
Qidalanma – canlı orqanizmin əsas fizioloji tələbatlarından biridir. İnsan öz həyat fəaliyyətində enerji sərf edir ki, bu da qida qəbul etməklə ödənilir. Qida həzm olduqdan sonra sorulur, toxuma və hüceyrələrə paylanır. Sorulmuş məhsulların bir hissəsi hüceyrələrin qurulması üçün işlədilir, digər hissəsi isə orqanizmin həyat fəaliyyəti proseslərini təmin etmək üçün enerji verir. Orqanizmin toxuma və hüceyrələri qidanın tərkibində olan zülallardan, yağlardan, karbohidratlardan, sudan, mineral duzlardan və vitaminlərdən ibarətdir. Bu maddələr qidada sağlam adam üçün müəyyən edilmiş miqdarda olmalıdır. Zülallar (1q-da 4,1 kal var) 90-100q, yağlar (1q – 9,3 kal) 60-75q, karbohidratlar (1q – 4,1 kal) 450-500 q qədər verilir.
Zülallar orqanizmin bütün toxumalarının əsas hissəsini təşkil edir. Zülallı qida çatışmadıqda orqanizmdə dərin dəyişikliklər baş verir. İnsan ac qalıb arıqladıqda, kəskin infeksion xəstəlikdən sonra sağalma dövründə orqanizmin zülala ehtiyacı çox olur. Zülallar ətdə, balıqda, toyuq ətində, kəsmikdə, pendirdə çox olur.
Yağlar mürəkkəb üzvi birləşmələrdir və mühüm enerji mənbəyidir. Yağların bir hissəsi hüceyrənin enerji məsrəfinə, bir hissəsi də dərialtı piy toxumasında, piylikdə və s. ehtiyyat şəklində toplanır və tələbat olduqca işlənir. Həddindən artıq yağ qəbulu onun mübadiləsinin pozulmasına – piylənməyə səbəb olur, uzun müddət qidada yağı azaltmaq bədəni zəiflədə bilər. Yağlar kərə yağında, piylərdə, qarğıdalı, günəbaxan, pambıq yağlarda, qaymaqda və s. olur.
Karbohidratlar orqanizmin enerji məsrəfini ödəyən əsas mənbədir. Karbohidratlar maddələr mübadiləsinin normal getməsi üçün lazımdır, onlar zülalların və yağların həzm olunmasına kömək edir. Karbohidratlar mübadiləsinin tənzim edilməsində mərkəzi sinir sistemi və daxili sekresiya vəzilərinin hormonları iştirak edir. Karbohidratlar şəkərdə, unda və ondan bişirilmiş məmulatlarda, tərəvəzdə, meyvələrdə, nişastada, kartofda, dənli bitkilərdə olur.
Vitaminlər maddələr mübadiləsinin gedişini tənzim edən ən vacib amillərdən biridir. Vitaminlər əsas bitki aləminin məhsuludur, qismən də onlar mikroorqanizmlərdə və heyvan orqanizmlərində hasil olurlar.
Vitaminlər 2 qrupa bölünür:
1. yağda həll olan vitaminlər – bu qrupa A, D, E, K vitaminləri aiddir.
2. suda həll olan vitaminlər – bu qrupa B kompleksi vitaminləri, askorbin turşusu və s. aiddir.
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurta sarısında, qaraciyərdə və böyrəklərdə olur. O, selikli qişaların və dərinin normal vəziyyətdə olması, qaranlıqd gözüün itiliyi, yağ mübadiləsinin normal gedişi üçün lazımdır.
D vitamini sümük toxumasında kalsium və fosforun mənimsənilməsinə kömək edir. Ultrabənövşəyi süaların təsiri ilə orqanizmdə D vitamini əmələ gəlir, bu vitamin çatışmadıqda raxit xəstəliyi əmələ gəlir.
E vitamini bitki yağlarında – qarğıdalı, soya, çaytikanı və s. yağında olur. O, tac damar qan dövranına, qaraciyərin, cinsiyyət üzvlərinin funksiyasına müsbət təsir edir.
Dostları ilə paylaş: |