Marketinqin tətbiqi ilə bağlı məsələlər: 1. Firma bazara yeni məhsul çıxararkən reklamın əhatə dairəsinin genişliyinə və fasiləsizliyinə diqqət yetirməlidir. Belə reklam qrafiki yeni məhsul haqqında geniş istehlakçı kütləsinə kifayət qədər informasiya ötürülməsini təmin edir, ötürülən informasiyanın yadda qalma dərəcəsini artırır, nəticədə məhsula tələbat formalaşdırır.
2. Firmanın bazar payının artırılması məsələsi qarşıya qoyulduqda reklamın tezliyinə, onun impulsiv qaydada verilməsinə diqqət yetirmək lazımdır.
Kütləvi informasiya vasitələrinin seçilməsindən sonra nə qədər çap səhifəsi və yaxud efir vaxtı əldə etmək lazım olduğunu müəyyənləşdirmək və bu imkanlardan hansı vaxt ərzində istifadə etməyin daha səmərəli olduğunu müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir.
Reklam kompaniyasını həyata keçirən mütəxəssisin əsas vəzifəsi məqsədli auditoriyaya uyğun gələn reklam formalarını, reklamın yayımı vaxtını, optimal əhatə dairəsini düzgün seçməkdən, reklam sahəsində firmanın qarşıya qoyduğu məqsədlərə nail olunmasını təmin etməkdən ibarətdir. Marketinq mütəxəssisi bu vəzifələri elə yüksək səmərəlilik, səviyyəsində yerinə yetirməlidir ki, reklamın əhatə dairəsi, tezliyi və fasiləsizliyi pozulmasın. KİV-in seçilməsi zamanı bir sıra marketinq amilləri nəzərə alınmalıdır. Belə amillərə aşağıdakıları aid etmək olar.
1.Kompaniyanın ümumi məqsədləri və strategiyası.
2.Hər bir reklam vasitəsinin auditoriyasının xarakteri və ölçüsü.
3.Coğrafi əhatə dairəsi.
4.Reklam vasitəsinin motivlilik əhəmiyyəti, gəlirlilik dərəcəsi, rentabellik səviyyəsi.
Qeyd edilən amillər hərtərəfli təhlil edildikdən və öyrənildikdən sonra reklamın yayım forması seçilir.
2.4.REKLAM BÜDCƏSİNİN İŞLƏNİB HAZIRLANMASI VƏ HESABLANMASI METODLARI. Reklam fəaliyyətini həyata keçirən firmaların qarşısında duran ən mürəkkəb məsələlərdən biri reklama nə qədər vəsait ayrılmasını müəyyənləşdirməkdən ibarətdir. Bu çətin məsələni həll etmək, ən optimal reklam büdcəsini işləyib hazırlamaq üçün firma bir çox məsələlərə, o cümlədən reklamın idarə olunması və onunla bağlı digər məsələlərə diqqət yetirməlidir.
Reklamın idarə edilməsi əsasən məqsədlərin müəyyən edilməsini, həmin məqsədlərə uyğun olaraq müvafiq tədbirlərin hazırlanmasını və planlaşdırılmasını, planların yerinə yetirilməsini, onlar üzərində nəzarətin həyata keçirilməsini özündə birləşdirir. Bütün bu funksiyaların yerinə yetirilməsini təmin edən əsas şərtlərdən biri reklam büdcəsidir. Müəyyən mənada reklamla bağlı fəaliyyət istiqamətləri, o cümlədən, tədbirlərin hazırlanması və həyata keçirilməsi, onlara nəzarət, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin planlaşdırılması və bu kimi digər məsələlərin həlli reklam büdcəsindən çox asılıdır. Büdcənin işlənib hazırlanması daha dəqiq planlaşdırmanı həyata keçirməyə, resursları səmərəli bölməyə, xərcləri əvvəlcədən müəyyən edilmiş istiqamətlərə yönəlməyə imkan verir.
Reklam büdcəsinin işlənib hazırlanması iki istiqamətdə qərar qəbul edilməsini nəzərdə tutur:
Reklama ayrılan ümumi vəsaitin məbləğinin təsdiq edilməsi;
Həmin vəsaitin istifadə qaydalarının müəyyən edilməsi.
Marketinq fəaliyyəti üzrə digər qərarların qəbul edilməsində olduğu kimi, reklam üzrə xərclərin müəyyən edilməsi məsələsi də sağlam düşüncə əsasında həll edilir. Həyata keçirilən reklam kompaniyasının büdcəsini müəyyənləşdirməyə dəqiq bir üsul yoxdur. Reklam büdcəsini işləyib hazırlayarkən hər hansı sadə bir üsuldan istifadə etmək isə səmərəli hesab olunmur. Reklam büdcəsinin hesablanmasında hansı üsuldan istifadə edilməsini müəyyənləşdirməzdən əvvəl büdcəsinin formalaşmasına təsir göstərə bilən bir sıra amillər, göstəricilər nəzərə alınmalı, təhlil edilməlidir. Bu amillərə aşağıdakıları aid etmək olar:
1)Bazarın həcmi və ölçüsü; 2) Reklamın marketinq kompleksində rolu. 3)Məhsulun həyat dövranının mərhələləri; 4)Məhsulların differensiallaş-dırılması; 5) Satışın həcmi və mənfəətin məbləği; 6)Rəqiblərin reklam xərcləri; 7) Maliyyə resursları.
Yuxarıda qeyd olunan amillərin hər birini ayrı-ayrılıqda nəzərdən keçirək. Eyni zamanda qeyd etmək lazımdır ki, bu amillər biri-birilə qarşılıqlı əlaqədə olmaqla daima dəyişirlər və büdcə işlənib hazırlanarkən onlara kompleks şəkildə yanaşmaq lazım gəlir.