Reklam müraciətinin hazırlanması. Reklam kompaniyasını həyata keçirərkən firma tərəfindən daha çox pul xərcləmək heç də həmişə yüksək nəticə əldə etməyi təmin etmir. Ola bilsin ki, firma elə bir səmərəli reklam müraciəti hazırlasın ki, o xərclənən vəsaitin məbləğindən asılı olmayaraq reklam sayəsində müvəffəqiyyət qazanmağa imkan versin. Reklam büdcəsinin böyük həcmdə olmasına baxmayaraq reklam fəaliyyəti o vaxt effektli hesab edilir ki, məqsədli auditoriyaya ünvanlanan reklam müraciəti daha çox diqqət cəlb etsin və başa düşülən olsun. Müasir dövrdə əmtəə bazarlarında rəqabətin güclənməsi nəticəsində reklam fəaliyyəti olduqca genişlənmiş, reklam müraciətlərinin sayı həddindən artıq çoxalmış, istehlakçıları reklam elanlarının çoxluğu və qarışıqlığı bezdirməyə başlamışdır. Bütün bunlarla yanaşı reklamların dəyərinin getdikcə yüksəlməsi də firmaların reklamla bağlı fəaliyyətində problemlər yaratmağa başlamışdır. Odur ki, məqsədli auditoriyanın diqqətini reklama cəlb etmək üçün bu günkü reklam müraciətləri daha yaxşı planlaşdırılmalı, bədii nöqteyi nəzərdən daha maraqlı olmalı, istehlakçıları cəlb etməli, onları bezdirməməlidir. Yalnız bu şəraitdə reklam kompaniyasının tətbiq edilən strategiyası daha səmərəli nəticələr əldə etməyə imkan verər.
Reklamın yayım vasitələrinin seçilməsi. Reklamın yayım vasitələrinin seçilməsini və onlardan istifadə etməyi planlaşdıran firmanın bu sahə üzrə mütəxəssisi və ya icraçısı əsas yayım vasitələrinin hər birinin əhatə dairəsi, tezliyi, məqsədli auditoriyaya təsir gücü, üstünlükləri və çatışmamazlıqları barədə məlumata malik olmalı, onları hərtərəfli təhlil etməlidir. Marketşünaslar reklamın yayım vasitəsini seçərkən çoxlu sayda amilləri nəzərə alırlar. Bu amillərdən ən çox təsir göstərəni və nəzərə alınanı məqsədli auditoriyanın müəyyən KİV-nə bağlılığıdır. Eyni zamanda yayım vasitəsinin təsir gücünün və dəyərinin də nəzərə alınması olduqca vacibdir. Bu göstəricilər daima nəzarət altında saxlanılmalı, yoxlanılmalı və təhlil edilməlidir. Qeyd etmək lazımdır ki, son dövrlərədək reklamın yayım vasitələri içərisində televiziya və curnallar üstünlük təşkil edirdilər və ən çox istifadə edilən, yüksək səmərə verən yayım vasitəsi hesab edilirdilər. Lakin son zamanlar televiziyada reklam yayımının həddindən artıq çoxalması, dəyərinin artması, məqsədli auditoriyanın televiziyada reklamın çoxluğundan və tez-tez təkrar olunmasından bezməsi, televiziya kanallarını asanlıqla çevirmək imkanının olması, bu yayım vasitəsinin baxımlılığını azaltmış, nəticədə digər yayım vasitələrindən, o cümlədən, kabel televiziyasından, yerüstü reklamdan və digərlərindən geniş istifadə olunmağa başlamışdır. Bütün bunlar marketinq üzrə mütəxəssisləri öz reklam strategiyalarını dəyişdirməyə, daha yığcam seqmentlərə müraciət etməyə sövq etmişdir.
Qeyd olunduğu kimi reklamın müxtəlif yayım vasitələrinin hər birinin özünə məxsus üstünlükləri və çatışmamazlıqları vardır. Reklam mütəxəssisləri yayım vasitələrini seçərkən onları nəzərə almalı, reklamın təsir gücünü formalaşdıran amillərlə onun dəyəri arasında mütənasibliyi tapmalı, onu qoruyub saxlamalıdırlar.
Reklam kompaniyası qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçirilən reklam tədbirlərinin hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur. Həyata keçirilməsi planlaşdırılan tədbirlər müəyyən dövrlər üzrə elə bölüşdürülürlər ki, ardıcıllığı qorumaqla bir-birini tamamlasınlar. Reklamstrategiyasının hazırlanması prosesində aşağıdakı məsələlərin həll edilməsi lazım gəlir.
Məqsədli auditoriyanın müəyyənləşdirilməsi;
Reklam kompaniyasının əsas ideyasının və məqsədlərinin müəyyən edilməsi;
Reklam kompaniyasının həyata keçirilməsi üçün zəruri olan xərclərin hesablanması və həmin xərclərin firmanın imkanına uyğun olmasının müəyyənləşdirilməsi ;
Reklamın yerləşdirilməsi formasının seçilməsi;
Reklam tədbirlərinin ardıcıllıqla həyata keçirilməsinin ən optimal vaxtlarının müəyyənləşdirilməsi;
Reklam kompaniyasının bütün elementlərinin əlaqəli şəkildə təhlil edilməsi;
Reklam fəaliyyətini necə gəldi həyata keçirmək olmaz. Bu son nəticədə böyük maliyyə itgilərinə və səmərəsiz fəaliyyətə gətirib çıxarar. Reklam kompaniyasının təşkili dəqiq planlaşdırma əsasında həyata keçirilir. Firma reklam kompaniyasına başlamazdan əvvəl onun hansı məqsəd üçün həyata keçirilməsini müəyyənləşdirir.
Kommunikasiya sisteminin əsas elementi kimi məhsulun reklamı ilə marketinqin digər elementləri və eləcədə istehlakçı psixologiyası arasında əlaqə mövcuddur. Reklam kompaniyasının keçirilməsində bu əlaqənin nəzərə alınması olduqca mühüm əhəmiyyət kəsb edir.
Reklam kompaniyasının ilk mərhələsində- məhsulun xarakteri üzrə informasiya toplanılır, reklam üzrə məqsədin və strategiyanın, eləcə də bazanın və istehlakçı auditoriyasının seçilməsi həyata keçirilir.
Bu və ya digər üsuldan istifadə edilməklə məhsulun xarakterinin, istehlak xüsusiyyətlərinin müəyyənləşdirilməsi zərurəti yaranır. Əgər marketinq fəaliyyətinin və reklam kompaniyasının məqsədlərindən biri məhsul satışı bazarını genişləndirməkdən ibarətdirsə, deməli onda, seçilmiş reklam vasitəsi həm istehlakçılar üçün, həm də potensial dilerlər üçün maraqlı olmalıdır. Firmanın məqsədlərinə ölkə daxilində ayrıca bir bazarda məhsul satışının həvəsləndirilməsi daxildirsə, onda reklamın yerli və ya regional kütləvi informasiya vasitələrində yayılması daha məqsədəuyğundur. Digər tərəfdən, əsas məqsəd kimi firmanın nüfuzunun yüksəldilməsi qarşıya qoyulmuşdursa, onda reklam vericisi reklamın ölkə miqyaslı televiziya şəbəkəsinin yüksək keyfiyyətli proqramlarında yerləşdirilməsinə üstünlük verə bilər.
Məhsulun qiyməti və müəssisənin qiymət strategiyası da reklam vasitələrinin, o cümlədən, KİV-in seçilməsində nəzərə alına bilər. Qiymətin səviyyəsi bir çox hallarda bazarda məhsulun mövqeyinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Adətən, yüksək qiymət müəyyən olunmuş məhsul bazarda öz nüfuzunu qoruyub saxlamaq üçün prestic reklam vasitəsinin seçilməsini tələb edir. Reklam strategiyasının hazırlanması zamanı ən vacib məsələlərdən biri də məhsulun istehlakçı auditoriyasına və bazara uyğunlaşdırılmasının araşdırılmasıdır. Reklam verilişi bazar haqqında nə qədər geniş və dolğun məlumata malik olarsa, deməli reklam strategiyası da bir o qədər düzgün və səmərəli olacaqdır. Bu zaman bazarın ölçüsü, tipii, yerləşdiyi ərazi, coğrafi şərait, istehlakçı auditoriyası, iqtisadi və demoqrafik amillərlə yanaşı psixoloci amillərin, o cümlədən, istehlakçıların alış motivlərinin, davranış tərzinin də nəzərə alınması olduqca vacibdir.
Reklam strategiyası yazılı şəkildə tərtib edilir və reklam planında xüsusi yer tutur. Məhz bunun nəticəsində təklif olunan reklam qrafikinin ardıcıllığını və uyğunluğunu müəyyənləşdirmək, reklam vasitələrinin növünü, onlardan necə istifadə olunmasını, seçilməsini əsaslandırmaq mümkün olur. Reklam strategiyasının yazılması reklam kompaniyasının ünvanlandığı auditoriyanın, onunla aparılan işin lazımi istiqamətlərinin müəyyən edilməsindən, auditoriyanın əhatə dairəsinin göstərilməsindən başlayır. Strategiyada reklam mətninin xarakteri izah edilməlidir. Reklam kompaniyası dövründə istifadə olunması planlaşdırılan reklam vasitələri öz müxtəlifliyinə görə, təsnifləşdirilməlidirlər. Onların hər biri üzrə büdcə müəyyənləşdirilməli, lazımı material və istehsal xərcləri hesablanmalıdır. Reklam kompaniyasının tərtib olunan planının axırında reklam elanlarının davam etmə müddətini, texniki imkanları və büdcə məhdudiyyətlərini göstərmək lazımdır.
Reklam strategiyası işlənib hazırlandıqdan sonra kütləvi informasiya vasitələri və onlarda tətbiq olunacaq konkret reklam üsulları seçilir, onlardan istifadə qrafiki tərtib olunur. KİV-də reklam məqsədləri və strategiyasının işlənib hazırlanması-ümumi reklam kompaniyasının tərkib hissəsi olmaqla, onun səmərəli şəkildə həyata keçməsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu zaman aşağıdakı əsas məsələlərə diqqət yetirilməlidir:
-vəzifələr, çəkilən xərclərin özünü doğrultması, büdcə, rəqabət və marketinq.
Bu məsələlərin hər biri nəzərə alınmaqla reklamın əhatə dairəsi, verilmə tezliyi, fasiləsizliyi, impulsiv verilmə halları müəyyənləşdirilməlidir.