3.2. İqtisad elminin formalaşması və müxtəlif məktəblər XVII əsrə qədər ümumi şəkildə müxtəlif elmlərin (fəlsəfə, tarix, politologiya, hüquq) daxilində inkişaf edən iqtisadi biliklər (fikirlər, ideyalar, təlimlər), artıq müstəqil bir elm sahəsi kimi formalaşmağa başladı. Sərbəst bazar (kapitalist) münasibətlərinin meydana çıxıb təşəkkül tapması, onun mahiyyəti, məqsədi, vəzifələri haqqında sistemləşdirilmiş biliklər kimi iqtisadi nəzəriyyənin məhz XVI-XVII əsrlərdə yaranmasını şərtləndirmiş və onun ilk məktəbi merkantilizm olmuşdur. Merkantilizm iqtisadi məktəbinin Q.Skaruffi (İtaliya), T.Man (İngiltərə), A.Monkretyen (Fransa), V.Staffor (İngiltərə), A.Serra (İtaliya) kimi nümayəndələri, ticarətin rolunun artdığı ilkin kapital yığımı dövrünün iqtisadi-nəzəri baxışlarının təkamülündə mühüm rol oynamışlar. Müxtəlif ölkələrdə yaşayıb fəaliyyət göstərdiklərindən, konkret şəraitlə bağlı onların mövqe və fikirlərində, şübhəsiz müəyyən fərqlər olmuş, lakin bir sıra mühüm məsələlərdə birliyi müşahidə olunmuşdur.
Merkantilizm anlayışı, pul və ticarət, yaxud alverçi mənasını verir. Merkantilistlər tacirlər təbəqəsinin mənafe və maraqlarının müdafiəçisi kimi çıxış edərək, sərvətin mənbəyini ticarətdə görmüş, eyni zamanda sərvətlə pulu eyniləşdirmişdilər. Onların fikrincə, “sərvət puldur, pul isə qızıl və gümüşdür”. Pulu, qızılı ölkədə qoruyub saxlamaq, ixracı artırmaq, idxalı isə məhdudlaşdırmaq yolu ilə “aktiv ticarət balansı” ideyasını irəli sürən merkantilistlər, milli iqtisadiyyatın, habelə daxili bazarın dövlət himayəsinə ehtiyacı olduğunu göstərirdilər. Ümumiyyətlə merkantilistlər ölkə iqtisadiyyatını (təsərrüfat həyatını) vahid sistem halında deyil, onun yalnız bir sahəsini - əmtəə tədavülü, mübadilə, alqı-satqı dairəsini tədqiq və təhlil etməklə, yaşadıqları dövrün konkret tələb, habelə sosial sifarişinə cavab axtarmaqla məhdudlaşmışlar.
İqtisad elminə və nəzəriyyəsinə “siyasi iqtisad” anlayışı (məfhumu) fransalı merkantilist Antuan Monkretyen tərəfindən gətirilmişdir. O qədim yunan sözləri olan “siyasət” və “iqtisadiyyat” anlayışlarını birləşdirərək, milli iqtisadiyyatın dirçəlişinə çağırış xarakterli əsərini “Siyasi iqtisad traktatı” (1615) adlandırmışdı.
Fiziokratlar iqtisadi məktəbinin adı, fransızca “fizis” (təbiət) və “kratos” (hakimiyyət) sözlərinin birləşməsindən əmələ gəlib, “təbiətin, yaxud torpağın hökmranlığı, ağalığı” mənasını verir. Fransada yaranmış və əsasən orada inkişaf edərək başqa ölkələrdə də yayılmış fiziokratlar ideyaların banisi Fransua Kene (1694-1781), görkəmli nümayəndələri isə J.Türqo, V.Mirabo, Q.Letron olmuşlar. Bu məktəbin nümayəndələri merkantilistlərdən fərqli olaraq, təkcə tədavül dairəsini və ticarəti öyrənməklə məhdudlaşmamış, bilavasitə təbiətlə sıx bağlı olan kənd təsərrüfatı istehsalını, oradakı iqtisadi münasibətləri öyrənməyi qarşılarına məqsəd qoymuşlar. Onların əsas xidməti öz iqtisadi tədqiqatlarını tədavül dairəsindən istehsala, konkret olaraq kənd təsərrüfatına, aqrar bölməyə yönəltmələridir. Onlar sərvətin başlıca mənbəyini təbiətin və torpağın birgə iştirak etdiyi kənd təsərrüfatında görmüş, bu sahədə çalışanların əməyini “ən məhsuldar əmək”, əkinçiliklə məşğul olanları isə “məhsuldar təbəqə” kimi qiymətləndirmişlər. Fiziokratların fikrincə, əkinçilikdən kənar istehsal sahələrində xammal kimi, o cümlədən də sənayedə, sənətkarlıqda istifadə olunan məhsulların da ilk mənbəyi elə təbiət və torpaqdır. Ona görə də hakimiyyətin bütün diqqəti və qayğısı torpağa, əkinçiliyə yönəldilməlidir.
Klassik siyasi iqtisad məktəbi U.Petti (1623-1687), A.Smit (1723-1790), D.Rikardonun (1772-1823) adları ilə bağlıdır. Bu iqtisadi məktəb İngiltərədə meydana çıxıb formalaşmış və Qərbi Avropa, habelə dünyanın bir sıra ölkələrində geniş yayılmışdır. Klassik siyasi iqtisad məktəbinin İngiltərədə yaranması təsadüfü deyildi, çünki XVII-XIX əsrlərdə o, Avropanın və dünyanın ən yüksək inkişaf etmiş sənaye ölkəsi sayıldığından, “dünya emalatxanası” rolunu oynayırdı. XVIII əsrin ikinci yarısından başlanmış “sənaye çevrilişi” ölkədə əl əməyinə əsaslanan manufaktura tipli istehsaldan iri maşınlı zavod-fabrik sənaye mərhələsinə keçməyə imkan yaratmışdı. Cəmiyyətdə və iqtisadiyyatda getdikcə güclənən meyllər, istehsalın ayrı-ayrı sahələrində baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, ölkənin təsərrüfat həyatını bütöv sistem, yaxud tam halında öyrənməyi irəli sürürdü.
Sərbəst bazar (kapitalist) iqtisadi münasibətləri sisteminin elmi nəzəriyyəsini formalaşdıran klassik məktəbin nümayəndələri, əmək-dəyər nəzəriyyəsi əsasında, insanın iqtisadi azadlığı, onun sərbəst surətdə öz qabiliyyətini reallaşdırması, iqtisadi fəaliyyətin şəxsi maraq əsasında aparılması, rəqabət mübarizəsinə real şərait yaradılması məsələlərinə ciddi diqqət yetirmişdilər. U.Pettinin “sərvətin atası əmək, anası isə torpaqdır” obrazlı sözləri, klassik siyasi iqtisad məktəbinin ən mühüm xidməti sayılan əmək dəyər nəzəriyyəsinin yığcam ifadəsidir.
A.Smit “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776) əsərində insanların iqtisadi marağı, onların sərbəstliyi, bazarda rəqabətə geniş yol verilməsi prinsiplərini irəli sürərək yazırdı ki, bazarı “görünməz əl” (tələb, təklif, qiymət, rəqabət mənasında) idarə edir. A.Smitin fikrincə, bizim naharımız qəssabın və ya çörəkçinin xeyirxahlığından deyil, onların öz maraqlarına uyğun peşə-sənət məşğuliyyətləri (əmək fəaliyyətləri) ilə bağlıdır. Doğrudur, “hər bir fərd ictimai mənafeyi qorumaq niyyətində olmadığı kimi, onu nə dərəcədə güddüyünü də bilmir. O yalnız öz mənfəətini düşünür və bunu edərkən, arzulamadığı (nəzərdə tutmadığı) məqsədlərə doğru bazarın “gözəgörünməz əli” tərəfindən idarə olunur”. Ona görə də dövlətin vəzifəsi bazarın işinə qarışmaq yox, onun normal təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaratmaq, ölkə vətəndaşlarının iqtisadi sərbəstliyini qorumaqdır.
D.Rikardonun “Siyasi iqtisadın və vergi qoyulmasının əsasları” (1817) əsərində iqtisadi nəzəriyyənin pul, onun tədavülü, kredit münasibətləri, vergi məsələlərinə dair elmi-nəzəri, habelə konkret əməli fikirlər söyləmiş, beynəlxalq əmək bölgüsü və dünya ticarət əlaqələrinə, xüsusilə bu münasibətlərdə A.Smitin “mütləq üstünlüklər” nəzəriyyəsinin davamı kimi özünün “müqayisəli üstünlüklər” konsepsiyasını işləyib hazırlamışdır.
Marksist məktəb K.Marks (1818-1883) və F.Engelsin adı, habelə dünyanın müxtəlif ölkələrində bu təlimin davamçılarının inqilabı fəaliyyətləri ilə bağlıdır. Ümumiyyətlə marksizm nəzəriyyəsinin və onun iqtisadi ideyalarının yaranması, XIX əsrin 30-40-ci illərindən başlayaraq Qərbi Avropa ölkələrində, ilk növbədə isə İngiltərədə iri maşınlı sənayenin inkişafı, cəmiyyətin kapitalistlərə və proletariata (fəhlələrə) bölünməsi, bu siniflər arasında iqtisadı-siyasi mübarizəsinin kəskinləşməsi, gələcəkdə daha ədalətli bir quruluş (sosializm - kommunizm cəmiyyəti) formalaşması zəruriliyinə əsaslanmışdı. Onların fikrincə, yeni qurulacaq cəmiyyətdə xüsusi mülkiyyət ləğv ediləcək, istehsal vasitələri üzərində ictimai mülkiyyət bərqərar olacaq, rəqabət mübarizəsi aradan qaldırılacaq, işsizlik olmayacaq, ədalətli bölgü prinsipi həyata keçiriləcəkdir.
K.Marks və F.Engelsin əsərlərində kapitalizm cəmiyyətinin əsas iqtisadi qanununun “izafi dəyər” olduğu irəli sürülmüşdü. Bu qanun marksist iqtisadi təlimin “təməl daşı” adlandırılaraq, kapitalistlərin bütün sərvətinin mənbəyinin fəhlələrin haqqı ödənilməmiş izafi əməyi olduğu göstərilmişdi. Marksist təliminə görə kapitalizm quruluşu tez-gec hökmən dağılaraq, daha ədalətli kommunizm cəmiyyəti ilə əvəz olunacaq və orada “hər kəs əməyinə, hər kəsə ehtiyacına görə” humanist prinsipi həyata keçiriləcəkdir. Marksist nəzəriyyə gələcək sosializm və kommunizm cəmiyyətlərinin əslində necə olacağı barəsində aydın mənzərə yarada bilməsə də, onun “bazar özbaşınalığı”, “ədalətsizliyi”, “nizamsızlığı” kimi nöqsanlardan hökmən azad olacağı əsaslandırmağa çalışmışdı.
Marksizmin müddəalarını öz ideologiyası, siyasi xətti və iqtisadi-sosial dəyişikliklər proqramı elan etmiş bolşeviklər, V.İ.Leninin başçılığı ilə 1917-ci ilsə Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirdikdən sonra, bu təlimin prinsiplərini doqmatik, əzbərçi şəkildə tətbiq etməklə totalitar diktatura tipli, inzibati-amirlik sistemi yaratmışdılar. Lakin ölkənin təsərrüfat həyatının hədsiz dərəcədə mərkəzləşdirilməsi 1991-ci ildə Azərbaycan Respublikasının da işğal yolu ilə daxil edildiyi bu quruluşun dağılması ilə nəticələndi.