3.5. İqtisadi nəzəriyyədə əsas istiqamət və cərəyanları Neoklassik məktəb XIX əsrin sonlarında İngiltərədə yaranmışdır. Kembric universitetinin professoru A.Marşall (1842-1924) «İqtisad elminin prinsipləri» (1890) əsərində “Ekonomiks”i siyasi iqtisada qarşı qoyur və onu elmi dövriyyəyə buraxır, “Ekonomiks”i məhdud resurslar şəraitində nadir (az) nemətlərin və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi prosesində iqtisadi subyektlərin davranışları haqqında elm hesab edir.
Neoklassik istiqamət marjinal (fr. Marjinal - hədd) inqilabın nəticəsində meydana gəlmişdir. Bu inqilab: 1.faydalılıq həddi nəzəriyyəsini; 2.əməyin və kapitalın məhsuldarlıq həddi nəzəriyyəsini meydana gətirdi.
Neoklassik məktəb əmtəə və xidmətlərin istehlakçılarının bazar davranışlarını öyrənirdi və buna görə də bazar strukturlarını idarə etməyin sistemli nəzəriyyəsini yaratmadılar. Bu boşluğu siyasi iqtisadın Avstriya məktəbi doldurdu. Məktəbin nümayəndələri K.Menger (1840-1921), Oyken Bem-Baverk (1851-1914) və F.Vizer (1851-1926) əmək-dəyər nəzəriyyəsinin əksinə olan subyektiv-psixoloji konsepsiyanı irəli sürdülər. Bu konsepsiyaya görə hər bir şəxs nemətin faydalılığına uyğun olaraq onun qiymətliliyini (dəyərini) özü müəyyən edir. Nəzəriyyəyə hədd kəmiyyətlərinin gətirilməsi iqtisadiyyatda riyazi məktəbin yaranmasına səbəb oldu. Bu məktəbin əsas nümayəndələri – ingilis U.Cevons, isveçrəli L.Valras, italiyalı V.Pareto ali riyaziyyatdan istifadə edərək son kəmiyyətləri müəyyən edirlər. Riyazi metodun köməyi ilə isthesalda, bazarda və istehlakda bir çox funksional asılılıqları müəyyən etmək mümkün olmuşdur.
J.B.Seyin «bazar qanunu» (bu qanuna görə təklif həmişə tələbi doğurur – «əmtəə əmtəəyə mübadilə olunur») – əsas götürülərək, neoklassiklər bazar iqtisadiyyatının avtomatik olaraq özünü tənzimləməsini, dinamik və böhransız inkişafını əsaslandırırlar.
İqtisad elmində azad bazar tərəfdarları olub, dövlətin iqtisadi proseslərə müdaxiləsinin təhlükəli olduğunu iddia edən avstriya-amerikan iqtisadçısı Fridrix Hayek (1899-1992) və avstriya iqtisadçısı Lyudviq Mizes (1891-1973) kimi iqtisadçıların adları xüsusi olaraq çəkilir.
1929-1933-cü il dünya böhranı ilə mikroiqtisadi neoliberal nəzəriyyələrində böhran baş verdi. İqtisadi nəzəriyyədə Keynsçilik bir istiqamət kimi meydana gəldi. Bu məktəb makroiqtisadi problemləri ön plana çəkir və dövlətin iqtisadi proseslərə müdaxiləsini zəruri sayırlar. C.M.Keynsin (1883-1946) 1936-ci ildə çapdan çıxmış «Məşğulluq, faiz və pul haqqında ümumi nəzəriyyə» əsəri iqtisadi nəzəriyyədə həqiqi inqilab yaratdı və mikroiqtisadi səviyyədə həlli çətin olan bir çox problemlərin cavabını verdi. C.Keyns Seyin «bazar qanunu»ndan imtina etdi və bazarın avtomatik tənzimlənməsi sisteminin olmasına istinad edən neoklassik nəzəriyyəyə qarşı çıxdı. Keynsə görə iqtisadiyyatın «mühərriki» təklif deyil, tələbdir. «Tələb istehsalın və təklifin inkişafına səbəb olur». Keyns dövlətin vergi-büdcə və pul-kredit siyasətindən istifadə etməyi məsləhət görür.
C.Keynsin nəzəri sisteminin daha da inkişaf etdirilməsində amerika alimləri E.Hansen və P.Samuelsonun xidmətləri xüsusi olaraq qeyd edilir. İqtisad elmində «Ekonomiks»in mövcud olduğu vaxtdan keçən bir dövr ərzində onun məzmununda əhəmiyyətli dəyişiklik baş vermişdir. Bu dəyişiklik Keynsçi inqilabın, idarəetmə inqilabının, C.Robinsonun «qeyri-təkmil rəqabət», E.Çemberlinin «inhisarçı rəqabət», P.Samuelsonun «qarışıq iqtisadiyyat» və s. sayəsində baş vermiş və siyasi iqtisada yaxınlaşmışdır.
İqtisadi fikir tarixində xüsusi seçilən nəzəriyyələrdən biri də monetarizmdir. Monetaristlər milli iqtisadiyyatın inkişafını tədavüldə olan pulun miqdarı ilə bağlayırlar. Bu nəzəriyyə iqtisadiyyatı tənzim edən dövlətin pul-kredit siyasətinin əsasını təşkil etmişdir. İqtisadiyyatın dövlət tənzimi, müasir monetaristlərin fikrincə, pul emissiyası və pul kütləsi üzərində nəzarətdən, dövlət büdcəsinin tarazlığına nail olmaqdan, kreditlər üçün yüksək bank faizi qoymaqdan ibarət olmalıdır ki, inflyasiyanın qarşısı alınsın. Monetarizmin müasir konsepsiyası Nobel mükafatçısı (1976) Milton Fridmenin əsərlərində şərh olunmuşdur.
Yeni klassik makroiqtisadi nəzəriyyə 1970-ci illərdə mikroiqtisadi təhlil prinsiplərinin makroiqtisadiyyata tətbiqi nəticəsində formalaşmışdır. Yeni klassiklər «rasional gözləmə» hipotezini irəli sürdülər. Onun müəllifi Nobel mükafatçısı (1995) Çikaqo universitetinin professoru Robert Lukas (1937-ci il) olmuşdur. Bu ideyaya görə gələcəkdə gözlənilən qiymətlər iqtisadi qərarlar qəbul edənlərin hamısının davranışlarına təsir göstərən çox mühüm motivdir. Rasional gözləmə hipotezi daim irəliyə baxmağa və baş verəcək dəyişikliyə uyğun hərəkət etməyi lazım bilir.
Müasir iqtisadi nəzəriyyələrdən biri də «təklif iqtisadiyyatı» nəzəriyyəsidir. Onun müəllifi amerika iqtisadçısı Artur Lafferdir. Keynsçi model əsasında, 1970-ci illərdə, dövlət tənzimi uğursuzluğa düçar olur. Bu nəzəriyyə tələb əsasında iqtisadiyyatın dövlət tənziminə, yəni tələbin tənzimlənməsi əleyhinə yönəlmişdir. Laffer və onun tərəfdarlarına görə iqtisadi inkişafın əsas amili tələb deyil, təklifdir. «Təklif iqtisadiyyatı» tərəfdarlarına görə dövlətin iqtisadi proseslərə müdaxiləsi məhdudlaşdırılmalı və şəxsi təşəbbüs stimullaşdırılmalıdır. Bunun üçün: vergilər azaldılmalı, dövlət məsrəfləri ixtisar edilməli, tədavüldə olan pulun miqdarı dövlət krediti siyasəti vasitəsilə azaldılmalıdır.
İnstitusional-sosioloji istiqamət – onun nümayəndələri T.Veblen, C.Kommon, C.Helbreytdir. Öz başlanğıcını C.Kommonsun 1924-cü ildə Nyu-Yorkda çıxmış «İnstitusional iqtisadiyyat» kitabından götürsə də bu istiqamətin banisi T.Veblen (1857-1929) sayılır. «İnstitusionalizm» (adət, qayda yaratmaq) və «institut» (qayda, qanunla yaxud idarə tərəfindən müəyyən edilmiş) kimi mənaları verir. Bu istiqamət «iqtisadi insanı» ayrılıqda deyil, onun olduğu mühitlə bağlı öyrənməyi təklif edir. Buna görə də təsərrüfat üçün «iqtisadi insan» «sosial insan» anlayışı ilə əvəz edilir, yəni ictimai münasibətlərin toplusunda olan insanı yaxud «konkret situasiyada olan insan» başlanğıc götürülür. Dövlət, ailə, mənəvi və hüquqi normalar, korporasiya, həmkarlar, müxtəlif iqtisadi mexanizm, xüsusi mülkiyyət, kredit və s. insanı əhatə edən mühitə aid edilir və bu mühitin iqtisadi proseslərə təsiri öyrənilir.
Başqa bir istiqamət «ictimai seçim nəzəriyyəsi»dir. Siyasi və iqtisadi hadisələri qarşılıqlı əlaqədə tədqiq edir. Şəxsi maraq (mənafe) nəinki fərdin və firmanın, habelə cəmiyyətin, ictimai həyatın hərəkətverici amili hesab edilir.