7.5. Material axınlarının təşkili və idarə edilməsinə qoyulan əsas tələblər
Material axınlarının müasir təşkili və idarə edilməsi axın proseslərinin bir istiqamətli, çevik, sinxron, optimal və inteqrativlik kimi logistik prinsiplərindən istifadə edilməsini nəzərdə tutur. İstehsalçı müəssisənin operativ idarə edilməsində, məhsulların istehsal qrafiklərinə uyğun göndərilməsində, istehsal resurslarından rasional istifadə olunması baxımından istehsalın səmərəliliyinin təmin edilməsində material axınlarının təşkili və operativ idarə edilməsi mühüm əhəmiyyətə malikdir. Buna görə də istehsalın müasir təşkili və operativ idarə edilməsi bir sıra tələblərə cavab verməlidir:
1. Vahid qrafik üzrə eyni zamanda və bərabər həjmi də məhsul buraxılışını həyata keçirmək məqsədilə istehsalın bütün bölmələrinin ahəngdar və razılaşdırılmış iş fəaliyyətini təmin etmək.
Ahəngdar iş dedikdə – hər şeydən əvvəl logistik prinsiplər və metodlar əsasında bütün istehsal proseslərinin (əsas, köməkçi, xidmətedici, idarəetmə və s.) harmoniyası və mövcud resurslardan səmərəli istifadə edilməsi nəzərdə tutulur. Müasir iqtisadi şəraitdə müəssisənin bütün istehsal bölmələrinin razılaşdırılmış işini, ahəngdarlıq tələbini reallaşdırmaq istehsalın təqvim – plan hesablamalarının statistik metodlar əsasında aparılması baxımından olduqca mürəkkəbdir.
2. İstehsal proseslərinin maksimum fasiləsizliyini təmin etmək.
İstehsalçı müəssisənin qeyri - ahəngdar işləməsi mövcud istehsal gücündən, maddi ehtiyatlardan istifadə edilməsini pisləşdirir, məhsulun keyfiyyətinə mənfi təsir göstərir, yeni texnika və texnologiyanın, habelə qabaqcıl istehsal təcrübəsinin geniş tətbiqinə iqtisadi cəhətdən maneələr yaradır. Bu baxımdan müəssisə kollektivinin ən ali məqsədi istehsalda fasilələrə yol verməmək və istehsalın ahəngdarlığını təmin etməkdən ibarətdir. Ayrı – ayrı müəssisələrdə məhsul istehsalının ahəngdarlığının təmin olunmaması bu istehsalçı müəsissələrlə iqtisadi tərəfdaşa çevrilmiş təsərrüfat subyektlərinin fəaliyyətlərinə neqativ təsir göstərməklə onların qeyri - mütəşəkkil işləmələrinə səbəb olur.
Müasir iqtisadi şəraitdə istehsal proseslərinin fasiləsizliyi anlayışı əsasən bir – birinə münasibətdə əks mövqeyə malik olan iki mühüm cəhəti: istehsal yerlərində əmək predmetlərinin fasiləsiz hərəkəti və iş yerlərinin fasiləsiz olaraq zəruri xammal, material və dəstləşdirici məmulatlarla təmin edilməsi - yüklənməsini nəzərdə tutur. Burada əsas problem məhsul istehsalı zamanı müəssisənin qeyd olunan bu şərtlərdən hansına daha çox üstünlük verməsindən ibarətdir. Müəssisənin və onun ayrı – ayrı struktur bölmələrinin fasiləsiz işləməsinin əsas təşkilati – texniki şərtləri aşağıdakılardan:
istehsalın və əməyin düzgün təşkili və onun təkmilləşdirilməsi;
məhsul buraxılışı üzrə tapşırıqların elmi cəhətdən əsaslandırılması;
məhsulun keyfiyyəti üzərində operativ nəzarətin səmərəli təşkili;
istehsalın texniki, texnoloji və konstruktiv hazırlığı ilə əlaqədar işlərin tələb olunan səviyyədə həyata keçirilməsi;
istehsal yerlərinin və ya sahələrinin vaxtlı – vaxtında zəruri xammal və material, habelə dəstləşdirici məmulatlarla təchiz edilməsi;
texnoloji avalanlıqların plan – xəbərdarlıq təmirinin lazımi səviyyədə aparılmasından ibarətdir.
İstehsalçı müəssisələrdə məhsul buraxılışı üzrə tapşırıqların işlənib hazırlanması zamanı gün və ya növbə ərzində yerinə yetiriləcək tapşırıqların dəqiq müəyyən-ləşdirilməsi, onların vaxtı – vaxtında icraçılara çatdırılması və texnoloji əməliyyatların qrafik üzrə yerinə yetirilməsinə nəzarət mühüm əhəmiyyət kəsb edir. Bu tapşırıqlar iş vaxtından və mövcud istehsal güclərindən tam istifadə edilməsinə və əmək məhsul-darlığının yüksəldilməsinə ehtiyat mənbələrinin aşkar edilməsi baxımından əlverişli iqtisadi şərait yaratmalıdır.
Dostları ilə paylaş: |