Mövzu 8.Layihənin idarə edilməsi metodologiyası 8.1. Layihələrin idarə edilməsi metod və vasitələrinin tətbiqi. 8.2. Layihələrin idarə edilməsi metodologiyasının konseptual modeli 8.3.Layihə ofisi və onun idarə edilməsi 8.4. İdarəetmə standartları və metodları 8.5.Layihə ofisinin yaradılması
8.1. Layihələrin idarə edilməsi metod və vasitələrinin tətbiqi. İdarəetmə nəzəriyyəsi həmişə təcrübələrin nəticələrinə əsaslanan prinsiplərin formalaşması bazasında inkişaf etdirilmişdir. Son zamanlar isə idarəetmə nəzəriyyəsi digər elmlərdən alınmış metodologiyalar əsasında qurulur və inkişaf etdirilir. Bütün digər proseslər kimi layihələrin idarə edilməsi prosesi də bir çov xüsusi mərhələlərdən ibarətdir: istehsalat, təşkiletmə, idarəetmə, rəhbərlik, fəaliyyət, inkişaf, tamamlama. Bu mərhələlərin hər birindən ehtiyatlar mənimsənilir, işlər bir-birini əvəz edir və layihə idarə olunur. Bu mərhələlərin hər birini tamamladıqca müəyyən təcrübə toplanılır, yəni biliklər bazası formalaşır. Layihələrin uğurla başa çatdırılmasında biliklər bazasının böyük əhəmiyyəti vardır. Layihələrin idarə edilməsi metod və vasitələrinin tətbiq edilməsi təkcə nəticənin əldə olunmasına xidmət etmir, eyni zamanda dəyərə, vaxta və ehtiyatlara qənaət edilir, risk ehtimalını azaldır və etibarlılıq səviyyəsini artırır. Beləliklə, layihələrin idarə edilməsi layihəyə olan tələbləri yerinə yetirmək və iştirakçıların gözlədiyi nəticələri əldə etmək üçün layihənin icrasında bilik, təcrübə, metod və vasitələrin tətbiq edilməsi deməkdir.
Kompleks işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün şəraitin yaradılması layihələrin səmərəli idarə edilməsində əsas şərtlərdən biridir. Layihələrin müasir idarə edilməsində qabaqcıl və inkiçaf etmiş institutların metodologiyalarından istifadə edilir. Layihələr aşağıdakı standart mərhələlərdən təşkil olunmuşdur:
Təhlil: Bu mərhələdə mütəxəssislər avtomatlaşdırılmış obyekti dərindən öyrənirlər və sifarişçinin biznesinin xüsusiyyətlərini təhlil edirlər. Təhlil mərhələsinin nəticəsində texniki tapşırıq hazırlanır və razılaşdırılır. Sifarişçinin razılığına əsasən “Avtomatlaşdırılmış obyekt haqqında hesabat” və “Biznes prosesinin dəyişdirilməsi üçün təkliflər” ilə bağlı sənədlər də hazırlana bilər. Texniki tapşırıq müvafiq standartlar əsasında hazırlanır və sifarişçinin sistemə olan tələbləri bu sənəddə öz əksini tapır.
Layihələndirmə: Bu mərhələdə sistemin layihəsi işlənilir. Layihəyə sistemin modulları, verilənlər bazasının strukturları, istifadəçilər üçün təlimatlar və interfeyslər daxildirlər. Layihə işlər planının tərtib edilməsində əsas sənəd hesab edilir.
İşləmə: Bu mərhələdə plana ciddi riayət etməklə işlər yerinə yetirilir. Layihənin tərkibində və sifarişçinin tələbindən asılı olaraq layihə bir neçə mərhələlərə bölünə bilər. Bu metod sifarişçiyə hər bir mərhələnin nəticəsini yoxlamağa şərait yaradır və ümumiyyətlə, monitorinq prosesini yüngülləşdirir. Layihənin mərhələlərə parçalanması onun hissə-hissə tətbiq edilməsinə xidmət edir.
Tətbiqetmə: Tətbiqetmə prosesində sistemin ötürülməsi, istifadəçilərin hazırlanması və sistemin sınaq rejimində işləməsi nəzərdə tutulur. Adətən, tətbiqetmə prosesi üçün xüsusi plan tərtib edilir və bu plan sifarişçi ilə razılaşdırılır. Bu cür yanaşma layihənin tətbiqində risk ehtimalını azaldır.