3.Müasir dərs və şagirdlərin emosional vəziyyətinin psixoloji məqamları
Şagirdlərin təlim fəaliyyətində emosional vəziyyətin nəzərə alınması olduqca vacib məsələlərdən biridir. Məhz emosional vəziyyətin pozitivliyi və ya neqativliyi şagirdin dərketmə və mənimsəmə qabiliyyətinə hərtərəfli təsir göstərir.
Təlim fəaliyyətində hər bir pedaqoq uşağın dərs prosesində emosional yaşantılarına, onun dərs materialını və müəllimə emosional münasibətinə xüsusi diqqət yetirməlidir. Görkəmli alim K.D.Uşinski yazırdı ki, əgər bizim hisslərimiz, arzularımızı, arzularımız isə bizim hərəkətlərimizi müəyyənləşdirirsə, onda belə bir nəticə çıxır ki, bizim hisslərimizin praktik əhəmiyyəti var. Hisslərimizin praktikliyi fəaliyyətin optimallığının mənbəyidir.
Psixoloji tədqiqatlardan məlumdur ki, hisslər hər hansı fəaliyyətə müxtəlif, həm də əsaslı təsir göstərir. Yaxşı əhval ruhiyyə işləmək həvəsini artırır, təfəkkürü fəallaşdırır.
Təlim fəaliyyətində emosiya və hisslər mühüm əhəmiyyət kəsb edir. Əgər dərsdə uşaq söhbət edirsə, onun üçün material aydın deyilsə, onda hər hansı səhv etmək qorxusu yaranır. Təbii ki, bu da onda özünə inamsızlıq yaradır. Uşaöın emosional yaşantısına L.S.Vıqotski böyük əhəmiyyət verirdi və qeyd edirdi ki,”Biz uşaqlarda daha mükəmməl yadda saxlamaya və fikri fəallığa nail olmaq istəyiriksə, hər halda bu və ya digər fəaliyyətin emosional baxımdan stimullaşdırılmasının qayğısına qalmalıyıq. Təcrübə və tədqiqatlar göstərir ki, emosional boya kəsb edən faktlar, hadisələr daha yaxşı yadda qalır. Ancaq o biliklər daha yaxşı möhkəmlənə bilər ki, onlar şagirdlərin hissi dərketmə prizmasından keçə bilsin.”
Məlundur ki, təlim fəaliyyəti bir sıra başqa fəaliyyət növləri kimi nəinki özündə koqnitiv və əməliyyat xarakterli fəaliyyət aspektlərini əks etdirir, həm də canlı insan ünsiyyətini işıqlandırır. MƏhz canlı, emosional ünsiyyət şagirdlərdə emosiya, hisslər, affektlər, yaşantılar yaradır və onların şəxsiyyətinin və peşə yönümünün inkişafında aparıcı amilə çevirir.
Ən yaradıcı və müasir metodlardan istifadə dərsin maraqlı keçəcəyinə zəmanət vermir. Təcrübəli pedaqoqlar uşaqların dərsdəki əhval – ruhiyyəsinə diqqət yetirir, dərsi elə təşkil edirlər ki, dərs onlar üçün şəxsi məna kəsb etsin və hər bir şagird özünü təlim fəaliyyətinin bərabərhüquqlu iştirakçısı kimi hiss etsin.