Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri



Yüklə 255,76 Kb.
səhifə76/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   72   73   74   75   76   77   78   79   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin xüsusiyyətləri
Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çə­tin uşaqlar» sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox vaxt bəzi uşaqların «çətinliyin­dən» şikayətlənirlər. Əksər halda «çətin» uşaqların sırasına sözə baxmayan, şıltaq, tərs, intizamsız, kobud, tənbəl, yalançı və s. uşaqları daxil edir və bunları asosial uşaqlar kimi xarakterizə edirlər. Bu cür uşaqların pedoqoji baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər.
Adətən «çətin» uşaqların xüsusiyyətləri ən çox yeni-
yetməlik dövründə özünü göstərir. Bu dövr uşaqlarda “çətinliyin” yaranmasına təkan verir.
Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd qrupunu müəyyənləşdirmək imkanı vermişdir: 1) davra­nışındakı qüsurları onun emosional-iradi inkişaf səviyyəsi ilə şərtlənən yeniyetmə; 2) pedaqo­ji cəhətdən baxımsız və nəticədə əxlaqi təsəvvürlə­rə yiyələnməyən yeniyetmə; 3) əlverişli olmayan inki­şaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara bilməməsinin təsiri ilə “çətin” böyüyən yeniyetmə; 4) uyğun gəlməyən münasibətlərlə şərtlənən və yaxud “xüsusi çətin tərbiyə olunanlar”.
Psixoloqlar emosional sahəsində problemlərin olması ilə bağlı hələ kiçik məktəb yaşı dövründə «çətin» uşaqların meydana gəldiyini də qeyd edirlər. Bununla bağlı olaraq «çətin» uşaqları üç qrupa ayırırlar (L.D.Stolyarenko): təcavüzkar uşaqlar; yüksək emosionallığa malik olan uşaq­lar; hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlənən, küsəyən, qorxaq, həyəcanlı uşaqlar.
Təcavüzkar uşaqlar. Adətən, elə bir uşaq tapmaq olmaz ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət etməmiş olsun. Lakin bunların hamısını «təca­­vüzkar» adlandırmaq olmaz. Bu qrupa yalnız o uşaqları aid etmək olar ki, onların təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı,affektiv davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər.
Yüksək, idarə olunmayan səviyyəyə çatan emosi­onallığa malik olan tipə daxil edilən uşaqlar hər şeyə çox sərt reaksiya verirlər. Əgər onlar hər hansı bir sevinc, şadlıq hissi keçirirlərsə, öz ekspressiv davranışları sayəsində bütün sinfi hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri keçirirlərsə – onların iniltisi, ah-vayı, ağlamağı həddindən artıq uca və diqqəticəlbedici olacaqdır.
Hədsiz dərəcədə utancaq, hər şeydən tez təsirlə­­nən, küsəyən, qorxaq, həyəcanlı uşaqlar isə öz hisslərini həddindən artıq ucadan və aydın ifadə etməyə utanır, başqalarının diqqətini cəlb etməkdən qorxduqlarına görə öz problemlərini sakit keçirirlər.
Çox vaxt “çətin” uşaqların meydana gəlməsi ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün müvafiq şəraitin yara­dılmaması, valideynlər arasında ciddi konfliktin ol­ması, valideyinlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcudluğu, ailədə əxlaq, ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sisteminin formalaşması və s. “çətin” uşaqların yaranmasının başlıca səbəbləridir.
Hələ kiçik məktəb yaşı dövründə emosional sahəsində problemlərin olması ilə bağlı «çətin» uşaqların meydana gəlməsi də özünəməxsus amillərlə bağlı olur. Kiçik məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə aşağıdakıları aid etmək olar: 1) təbii xüsusiyyətlər (məsələn, temperamentin tipi); xoleriklərdə oyanma çox vaxt yüksək olduğundan, onlarda təcavüzkarlıq yüksək olur; melanxoliklər ağlağan, hər şeydən tez təsirlənən, utancaq olurlar); 2) sosial amillər:
– ailə tərbiyəsinin tipi (uşağı rədd etmək, həyəcanlı-vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə);
– müəllimlərin münasibəti;
– məktəb psixoloqunun təsiri.
“Çətin” uşaqlarla iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ gəlməsinin səbəblərini araşdır­maq, psixoprofilaktika və psixokorreksiya vasitələ­rindən sistemli şəkildə istifadə etmək lazım gəlir. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaq­ların vaxtında diaqnostikasını verməyə yönəldilmə­lidir. Bu zaman uşaqda “çətinliyin” yaranması səbəb­lərinin aşkara çıxarılmasına da xüsusi diqqət ye­tirilməlidir. Bütün bunların əsasında və uşağın fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparıla­caq tərbiyəvi iş sistemi müəyyən­­ləşdirilməlidir.
Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədəyönlü xarakter daşıyır, baş vermiş fövqə­ladə hadisənin formal müzakirəsi ilə məhdudlaşır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı, qisas almağı xatırladır. Ona görə də müəllimlər belə uşaqlardan sadəcə olaraq yaxalarını qur­tarmağa çalışırlar.
Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəl­­limlər müasir psixologiyanın nailiyyətlərinin məktəb həya­tına tədbiqi nəticələrinə istinad etməlidir.
Şagirdlərin davranışında və şəxsiyyətinin inkşafında özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldırmaq sahəsindəki işin aşağıdakı istiqamətlərini müəyyənləşdirmək mümkündür:
1. Məktəbə yeni daxil olan şagirdlə, onun valideyinləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxar­­mağa çalışmaq.
2. “Çətin” şagirdin kollektivə alışmasına köməklik göstərmək; sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazır­­lamaq.
3. Davranışında və şəxsiyyətinin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxla­nmasının həqiqi məqsədini bildirməmək. Lazım gələrsə psixoloq həmin şagirdin əqli inkşaf səviyyəsini müəy­yənləşdirmək üçün müva­fiq mütəxəssislərlə (məsələn, psixiator, həkim və b.) əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsur­lar, psixi normalara uyğun gəlməmək halları müəyyən­ləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideyinlərə məsləhət verə bilər.
Çətin tərbiyə olunan uşaqlarla, xüsusilə yeni­yetmələrlə psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir. Ona görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna müvafiq iş aparılmalıdır.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin