MÖVZU 2. PEDAQOJİ PSİXOLOGİYANIN MEYDANA GƏLMƏSİ və İNKİŞAF TARİXİ
P L A N:
1.Pedaqoji psixologiyanın XV11 –X1X əsrin sonlarına qədər olan inkişaf tarixi 2.Pedaqoji psixologiyanın X1X əsrin sonlarından XX əsrin ortalarına qədər olan inkişaf tarixi 3.Pedaqoji psixologiyanın XX əsrin 50-ci illərindən sonrakı dövrdə inkişaf tarixi 4.Pedaqoji psixologiyanın inkişafında Azərbaycan alimlərinin xidmətləri
Ə D Ə B İ Y Y A T
1.Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya. Bakı., 2011.254 s. 2.Əliyev B.H.,Cabbarov R.V.Təhsildə şəxsiyyət problemi. Bakı., 2008 3.Əlizadə Ə.Ə, Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı., 2010. 4.Psixologiya. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi red. Ilə. Bakı , “Nurlan”, 2007 5.Əlizadə Ə.Ə.Müasr Azərbaycan məktəbinin psixoloji problemləri.Bakı., 2004 6.Bayramov Ə., Əlizadə Ə.Psixologiya. Bakı., 2002 7.Həmzəyev M. Pedaqoji psixologiya. Bakı., 2002 8.Мананникова Е.Н. Педагогическая психология. М., 2008 9.Выготский Л.С. Педагогическая психология. М., 1996
1.Pedaqoji psixologiyanın XVII –X1X əsrin sonlarına qədər olan inkişaf tarixi
Pedaqoji psixologiya pedaqogika və psixologiyanın qovşağında yaranmışdır.Onun bir elm kimi təşəkkülünün üç mərhələsini fərqləndirirlər.
XVII əsrin ortalarından X1X əsrin axırlarına qədər olan dövr birinci mərhələni əhatə edir. Bu dövr pedaqoji psixologiyada Y.Komenskinin,J.Russonun, İ.Pestalotsinin, K.Uşinskinin, P.Kapterevin və başqalarının ümumi didaktik ideyaların formalaşması ilə xarakterikdir. Əgər didaktikada Y.Komenskinin, İ.Pestalotsinin təhsilin psixoloji aspektləri lazımi səviyyədə işlənib hazırlanmışdırsa, A.Disterveqanın və K.Uşinskinin əsərlərindən başlayaraq şagird və müəllimin psixologiyasının öyrənilməsinə daha böyük yer ayrılmışdır.
Bu dövrdən etibarən K.D.Uşinskinin “İnsan tərbiyənin mövzusu kimi” əsərində insan haqqında bütöv bir konsepsiya təqdim edilir, uşağın təlim və tərbiyənin mərkəzində dayanması məsələləri vurğulanır.Təlim – tərbiyə prosesinin optimal təşkili üçün insan şəxsiyyətinin və psixikasının hərtərəfli öyrənilməsinin zəruriliyindən danışılır.
Pedaqoji psixologiyanın bir elm kimi təşəkkül və inkişafında P.Kapterevin xidmətləri az olmamışdır. Onun eləcə də “eksperimental didaktikanın” tərəfdarlarının fundamental xidmətləri ondan ibarətdir ki, onlar təhsil prosesinə təlim və tərbiyənin məcmüsü kimi baxaraq, ilk dəfə olaraq problemə psixoloji baxımdan yanaşmış və onun metodoloji əsaslarını işləyib hazırlamağa cəhd göstərmişlər. Məhz “Pedaqoji psixologiya”nın bir elm kimi adı elmi dövriyyədə ilk dəfə olaraq 1877-ci ildə P.Kapterevin “Pedaqoji psixologiya” kitabının çap olunmasından sonra buraxılmışdır. Xatırlatmaq yerinə düşər ki, E.Torndaykın anoloji kitabı 1903-cü ildə çap olunmuşdur. Bununla yanaşı “təhsil” anlayışını da elmə ilk dəfə P.Kapterev gətirmişdir. Pedaqoji psixologiyanın bir elm kimi təşəkkülündə S.T.Şatskinin də çox böyük rolu olmuşdur. Görkəmli alim sosializasiya prosesində tərbiyənin humanistləşdirilməsi və demokratikləşdirlməsi konsepsiyasını işləyib hazırlamış və onun tətbiqinin yol və vasitələrini göstərmişdir.
Ümumiyyətlə, pedaqoji psixologiyanın bir elm kimi birinci mərhələsi üçün xarakterik olan cəhət pedaqoji psixologiyada İ.Nyutonun qanunları., Ç.Darvinin təkamül ideyaları, C.Lokkun sensualizmi və psixi həyat haqqında assosiativ ideyaları ilə şərtlənmiş mexanistik təsəvvürlərin üstünlük təşkil etməsidir.