Mövzu 7. Psixoloji konsultasiyanın elmi nəzəri əsasları, məqsədi, vəzifələri və prinsipləri.
Plan:
Psixoloji konsultasiyanın tətbiqi sahələri.
Psixoloji yardımın formaları.
Psixoloji konsultasiyanın prinsipləri.
Praktik psixoloqun psixoloji konsultasiya (məsləhət) üzrə işinin məzmunu.
Təhsil müəssisələrində psixoloji konsultasiyanın verilən əsas tələbləri.
Ədəbiyyat siyahısı:
Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008
Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003
Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004
Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006
İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992
Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991
Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005
Psixoloji yardımın strukturunda psixoloji konsultasiyalar (məsləhətlər) mühüm yer tutur. “Psixoloji yardım” öz mahiyyətinə görə, psixoloji xidmət sistemində geniş işlədilən tutumlu anlayışlardan biridir. O, özündə nəzəri və praktik əhəmiyyətli, çoxcəhətli, geniş bilikləri əks etdirir. Psixoloji yardım ən xırda, adi məişət problemlərinin həlli üçün məsləhətlərdən tutmuş ciddi münaqişələrin həlli üçün sosial-psixoloji treninqlərə, tibbi psixoterapiya metodlarına qədər çox geniş təsir vasitələrini əhatə edir. Psixoloji yardım göstərən məsləhətçi-psixoloqun peşəkarlıq səviyyəsi onun müştəri ilə münasibətlərinin qurulmasının, onlar arasında əməkdaşlığın əsas şərtidir. Müştəriyə psixoloji yardımın müasir metod və metodikalarını bilmədən, praktik təcrübəyə malik olmadan psixoloq öz fəaliyyətində müsbət nəticə əldə edə bilməz. Onun fəaliyyəti adi nəsihətçilik, müştərinin halına sadəcə olaraq acımaq, ondan kədərlənmək kimi emosional hallardan uzağa gedə bilməz ki, bu da əməli faydası olmayan haldan başqa bir şey deyildir.
“Psixoloji yardım” anlayışı insanın psixi həyatına aid çətinliklərlə bağlı problemlərin, məsələlərin həll edilməsi, aradan qaldırılması ilə əlaqədar fəaliyyət sahəsini, psixososial praktikanı əhatə edir.
Psixoloji yardımla məşğul olanmütəxəssisin fəaliyyət sahəsi sosial varlıq kimi insanın psixi həyatından tutmuş onun psixi xüsusiyyətlərinə kimi geniş problemlər dairəsini əhatə edir. Psixoloji yardım insana və cəmiyyətə müxtəlif problemlərin həlli üçün nəzərdə tutulan təsirləri və fəaliyyət üsullarını özündə əks etdirən psixoloji xidmət sahələrindən biridir. Rus psixoloqu M.K.Tutuşkunanın fikrincə, “psixoloji yardım” anlayışının tərkibinə psixodiaqnostika, inkişaf korreksiyası, psixoterapiya, müxtəlif treninqlər, davranışda kənaraçıxmanın profilaktikası, peşəseçmə və s. daxildir.
XX əsrdə insanların psixoloji yardıma olan tələbatı sosial işçi, psixoloq-məsləhətçi, psixoloq-psixoterapevt kimi bir sıra yeni peşələrin meydana gəlməsinə səbəb olmuşdur. Çoxsaylı elmi ədəbiyyatların təhlili göstərir ki, insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, o şəxsi və ictimai həyatda qarşılaşdığı problemlərin həllində, çətinliklərin aradan qaldırılmasında başqa adamların köməyindən istifadəyə ehtiyac duymasın.
Müasir psixoloji ədəbiyyatlarda psixoloji yardımın aşağıdakı tətbiqi sahələrinin adları qeyd olunur:
1. Uşağın psixi – ruhi inkişafına yardım (“Edip kompleksi”nin aradan qaldırılması, emosional tələbatların təmin edilməsi, dayanıqlı əxlaq normalarının qazanılması və s.;
2. Yeniyetmənin ekzistensial və şəxsi problemlərinin həllinə yönəldilən yardım;
3. Ailə və nigah problemləri ilə bağlı psixoloji yardım;
4. Psixi və sağlamlıq problemlərinin həlli;
5. Ölməkdə olan adama psixoloji yardım və kədərin psixoterapiyası;
6. Qocalıq dövrünü keçirən adamlara psixoloji yardım;
7. Kazarma, xəstəxana, həbsxana rejimində, tələbə şəhərciyində yaşayan şəxslərə psixoloji yardım;
8. Böhranlı vəziyyətlərdə (qəfil ölüm, zorlama, xəyanət, məhəbbətin itirilməsi və s.) insanlara göstərilən psixoloji yardım;
9. Məktəblilərə psixoloji yardım;
10. Mühacirlərə, etnik azlıqlara yeni həyat şəraitinə uyğunlaşma ilə əlaqədar göstərilən psixoloji yardım;
11. Peşəkar məsləhətvermə;
12. İdarəetmə sahəsində psixoloji yardım.
Psixoloq –məsləhətçinin müştəri ilə ünsiyyət şəraiti bir sıra amillərdən asılıdır. Buraya müştərinin şəxsiyyətivə onun həyəcanları, psixoloq – məsləhətçinin özünün şəxsiyyəti və peşəkarlıq səviyyəsi, onlar arasındakı qarşılıqlı münasibətlərin xarakteri daxildir. Tərəflər arasında ünsiyyətin normal səviyyədə alınması həm də bir sıra xarici amillərdən, xüsusilə müştərinin müraciətini şərtləndirən səbəblərdəndə asılıdır. Aydındır ki, “insan-insan” münasibətləri üzərində qurulan hüquqşünas, müəllim, həkim, dindar, rəhbər işçi, hətta ofisiant kimi peşə adamlarına müraciətlə psixoloqa yardım üçün edilən müraciətlər arasında çox böyük fərqlər vardır.
Rus psixoloqu A.A.Bodalev psixoloji yardımın yönəldiyi sahələrə və aparılacaq işlərin xarakterinə insanlara göstərilən yardımın pedoqoji, diaqnostik, sosial, tibbi olmaqla bir neçə modelinin adlarını qeyd edir.
Bununla yanaşı, müasir təcrübədə daha geniş yayılan model xüsusi pedoqoji modeldir ki, bu da əsasən psixoterapevtik mahiyyət daşıyır. Müasir psioloji ədəbiyyatlarda psixoloji yardımın formaları müxtəlif göstəricilər əsasında təsnif edilir:
Dostları ilə paylaş: |