Qiymətləndirmə cədvəlləri – standartlaşdırılmış vasitələr olub, müşahidəçilərə (həkimlərə, tibbi psixoloqlara, sosial işçilərə, tibb bacılarına və b.) müştərinin vəziyyətini qiymətləndirməyə imkan verir. Funksional uyğunlaşmanı müəyyən edən qlobal cədvəl məşhur qiymətləndirmə cədvəlidir. Cədvəl müştərini müxtəlif səviyyəli sosial funksiyalarını 90-dan 1-dək azalma qaydası ilə qiymətləndirməyə imkan verir. Bu cədvəlin köməyi ilə əldə olunan məlumatlar xəstənin həyat keyfiyyəti barədə mühakimə yürütməyə, əlilliyə dair qərar verməyə, müalicə və sağlamlığını bərpa etməyə aid məsələləri müzakirə etməyə də imkan yaradır. Klinik psixologiyada depressiyaları müəyyən edən Hamilton cədvəli az məşhur deyildir. Cədvəl depresiyaların müxtəlif formalarını (affektiv, vegetativ, psixotik, səbəbli, koqnitiv-depressiv əlamətləri) əhatə edən 17 və ya 24 bənddən ibarətdir. Onların təzahür dərəcəsi 0-dan 4 bala qədər qiymətləndirilir. Yekun hesablama depressiv əlamətlərin təzahür dərəcəsi haqda dəqiq məlumatlar verir.
Klinik sorğular – tərkibində müəyyən suallar və cavab variantları olan yarımstrukturlu standartlaşdırılmış üsullar sistemidir. Qiymətləndirmə cədvəllərindən fərqli olaraq, onlar müştərinin özü tərəfindən doldurulur. Bu test cavab verənin səmimiliyini yoxlayan suallardan ibarətdir. 566 sualdan ibarət olan və müştərinin vəziyyətinin 13 müxtəlif parametrlərlə (şəxsiyyət tipi, təşviş, depresiyya, psixotik əlamətlər və b.) qiymətləndirməyə imkan verən şəxsiyyətin çoxşaxəli Minesot sorğusu hamı tərəfindən qəbul edilmişdir.
Son illər geniş yayılmış nəşrlərdə oxucuların asudə vaxtını keçirmək üçün müxtəlif əyləncəli psixoloji testlərə rast gəlmək mümkündür. Bu testlərin çoxu psixi cəhətdən sağlam olan insanlara aiddir.
Müasir klinik psixologiya təcrübəsində bir sıra metodlardan da geniş istifadə olunur. Bunlar aşağıdakılardır.
Test-retest metodu – təkrar testləşdirmə keçirilərkən birinci müayinədən bir müddət keçdikdən sonra müayinə edilən şəxslərdə metodikanın nəticələrinin dəyişmədiyini öyrənmək məqsədini daşıyır.
Dostları ilə paylaş: |