6.3. Menecmentin predmeti və metodu. İdarəetmə prosesi universal xarakter daşıyır və müəyyən kooperasiya istehsal əlaqələri şəraitində baş verir. Hər bir elmin predmeti olduğu kimi idarəetmə elminin də predmeti vardır. İdarəetmə elmi idarəetmə prosesində insanlar arasındakı münasibətləri öyrənir. İdarəetmə elmi digər ictimai elmlərlə sıx əlaqədə olmaqla özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. İdarəetmə elmi cəmiyyətin və ictimai istehsalın iqtisadi inkişaf qanunlarını öyrənir və idarəetmə həmin qanunların təsirini nəzərə alır. Bununla yanaşı idarəetmə elmi özünün üsullarından istifadə edərək idarəetmənin spesifik qanunauyğunluqları və prinsiplərinə əsaslanır.
İdarəetmə elmi iqtisadiyyatın təşkili, planlaşdırılması problemlərinə toxunur, hüquq psixologiya, sosiologiya, kibernetika elmlərinin nailiyyətlərindən istifadə edir. Bundan başqa cəmiyyətdə insanların idarə edilməsi də baş verir. İnsanlar şüurlu qüvvə olmaqla cəmiyyətin və təbiətin qanunlarını istehsal prosesində, maddi məsrəflərin bölünməsi, dəyişdirilməsi və mənimsənilməsində istifadə edirlər. Ona görə də idarəetmə insanların fəaliyyətini tənzimləmək və təşkil etmək üçün məqsədyönlü təsir kimi çıxış edir. Başqa sözlə, idarəetmə münasibətləri idarəetmə elminin predmetidir.
Menecmentin metodoloji əsasları zəngin və genişdir və əsasən aşağıdakıları əhatə edir:
1. Menecmentin ənənəvi elmi məktəbləri.
2. Klassik menecment (F.Teylor, Q.Emirson, Q.Furol).
3. Sənaye mühəndisliyi (əmək bölgüsü əsasında tətbiqi). Əslində bu klassik menecmentin bir hissəsi və davamıdır.
4. Əməyin, istehsalın təşkili metodlarının, prinsiplərinin idarəetmə, inzibati rəhbərlik sferasına keçirilməsi (A.Fayol). O, birinci dəfə olaraq həm də idarəetmənin beş ümumi funksiyalarını, o cümlədən uçot və nəzarət, planlaşdırma, təşkiletməni irəli sürmüşdür.
5. Bürokratik inzibati idarəçilik fəaliyyəti konsepsiyası (idarəçilik vəzifələrinin, fəaliyyətdə xidməti vəzifə və məsuliyyətin, funksional ixtisaslaşma işləri, habelə iyerarxiya qaydasında idarə aparatının təşkili).
6. Psixofizioloji - psixotexniki yanaşma məktəbi (işçi heyətinin əməyinin səmərəliliyinin əməyin psixologiyası, əməyin fiziologiyası, mühəndis psixologiyası elmləri tərəfindən öyrənilməsi).
7. Emprik, praqmatiki məktəb (idarəetmə məsələləri üzrə praktiki materialları toplamaq, ümumiləşdirmək).
8. İnsan münasibətləri məktəbi (sosial qruplar nəzəriyyəsi, sosial qruplarda əmək, hakimiyyət tabeçilik münasibətləri).
9. Sosial sistemlər nəzəriyyəsi (insan təbiətindən irəli gələn, tələbat, mənafelər, motivlərlə bağlı olan münaqişələr, onların həlli yolları).
10. Menecmentə yeni elmi məktəblər (sistem nəzəriyyəsi, müxtəlif riyazi, kibernetika metodları, konsepsiyalar).