Şüşənin çeşid eyniləşdirməsi – şüşənin növ və çeşid mənsubiyyətinin ümumi qəbul edilmiş təsnifata uyğunluğunun müəyyənləşdirilməsidir.
Şüşənin əsas komponentlərinin təbiətinə görə onlar üzvi və silikat olmaqla iki qrupa bölünür.
Üzvi şüşə - bu şəffaf bərk amorf materialdır. Onun əsasını üzvi polimerlər (məsələn poliakrilatlar), polistirol, polikarbonatlar (sənayedə "üzvi şüşə" termini daha çox polimetilmetakrilat təbəqələrinə aid edilir) təşkil edir. Nisbətən aşağı sıxlığı, az kövrəkliyi, slikata nisbətən (600 °С) daha aşağı dərəcədə (60 oC) yumşalması ilə fərqlənir.
Polimetilmetakrilat, metilmetakrilatın radikal polimerləşməsi yolu ilə əldə olunur. Bu kütlənin tərkibində benzol peroksidi, lauril peroksidi, dinitril turşuları və s. olur. Polimetilmetakrilat üçün əsas xammal etilendən, propilendən, süd turşusundan alınan metakril turşusunun metil efiridir.
Üzvi şüşənin təyinatından asılı olaraq polimerləşmə qarışığının tərkibinə plastifikatorlar, boyaq maddələri, səsudanlar, stabilizatorlar, digər akril monomerlər daxil ola bilər. Ən çox yayılan plastifikatorlar ftal turşusunun efirləridir. Üzvi şüşənin boyanması üçün monomerdə həll edilərək polimerlə birləşə bilən, yağda həll edilə bilən və dispers boyaqlar tətbiq edir. Monomerdə həll olunmayan pigmentlər tətbiq oluna bilər. İşığı seyrək (dağınıq) buraxan üzvi şüşə istehsalında bulandırıcı kimi polistirol və piqmentlərdən istifadə edilir. Salisil turşusunun efirləri, törəmə benzot-riazol, dioksinbenzofenon işıq filtirləmə maddələridir və UB-şüalarını udan üzvi şüşə istehsal etmək üçün istifadə olunur. Metilmetakrilatların digər akril monomerlərlə və ya stirolla sopolimerizasiyası və istilikstabilləşdirici əlavələrinin tətbiqi ilə istiyədavamlı 200°C -dək üzvi şüşələrin əldə olunmasına imkan verir.
Silikat şüşə - bu bərk amorf bu və ya digər sahədə optik diapazonlu (tərkibindən asılı olaraq) şəffaf materialdır. Şüşə əmələ gətirən komponentlərdən (oksidlər Si, B, AI, P və s.) və metal oksidlərindən (Li, K, Mg, Pb və s.) ibarət ərintinin donma nöqtəsindən aşağı dərəcəyə qədər soyudulması ilə əldə olunur.
Şüşəni emal növündən asılı olaraq əl üsulu ilə üfürmə, presləmə, pres üsulu ilə üfürmə və mərkəzdənqaçan tökmə, dartma, yayma, asta üfürmə olaraq fərqləndirirlər.
Əl üsulu ilə üfürmə poladdan hazırlanmış və yuxarı uc hissəsində kiçik rezin balon olan şüşəüfürmə çubuğunun (borusunun) köməyi ilə həyata keçirilir. Əlavə detalları olan (ayaqları, tutacaqları) mürəkkəb formalı məmulat hissə-hissə hazırlanır: əvvəlcə gövdəsi (korpusu) hazırlanır, daha sonra qızdırılmış gövdəyə yumşalana qədər qızdırılmış detallar birləşdirilir.
Presləmə üsulu şüşə qablar istehsalında geniş tətbiq olunur. Çünki qablar və digər məmulatların istehsalı üçün bu üsul ən səmərəli və qənaətli üsuldur. Üfürmə üsulu ilə istehsal olunmuş məmulatlardan fərqli olaraq presləmə üsulu ilə istehsal olunmuş məmulatların divarlarının qalınlığı daha qalın, şəffaflığı az və kütləsi böyük olur.
Daxili yuxarı diametri aşağı diametrinə nisbətən kiçik olan məmulatların hazırlanması üçün pres üsulu ilə üfürmədən istifadə edilir. Presləmə üsulunda olduğu kimi, pres üsulu ilə üfürmə ilə istehsal olunmuş məmulatlar da böyük qalınlığı, məmulatın formalaşması prosesində əmələ gələn relyefli bəzəklərinin olması ilə fərqlənir.
Mərkəzdənqaçma tökmə üsulundan güldan, salat qabları, meyvə qablarının və digər məmulatların gövdəsini hazırlamaq üçün istifadə edirlər. Bu üsulda tez fırlanan metal formalara ərinmiş şüşə kütləsinin tətbiqi ilə məmulat alınır. Bu zaman ərinmiş şüşə kütləsi mərkəzdənqaçma qüvvəsinin təsiri altında formanın divarlarına bərabər paylanır, yuxarı kənarına qədər yüksəlir, artıq şüşə isə kəsilir.
Yerli sənayedə penoşüşə də istehsal olunur. Bu incəliklə-xırdalanmış şüşə tozu və məsamə əmələ gətirənlərin (koks, mel və s) birlikdə əridilməsi ilə alınan məsamələri olan materialdır. Penoşüşə yüksək istilik və səs izolyasiya etmə xüsusiyyətlərinə malikdir, kiçik sıxlığa sahibdir, asanlıqla mexaniki emal edilir və yapışdırılır. İstilikizolyasiya materialı kimi tətbiq olunur. Açıq məsaməli penoşüşələrdən turşular və qələvilər üçün filtrlər istehsal edilir.