7.Vergi uçotu və onun mühasibat uçotu ilə oxşar və fərqli xüsusiyyətləri
Tarixən uçot anlayışı hələ insanların təsərrüfat fəaliyyətinə başladıqları ilk dövrlərdə
meydana çıxmışdır. Təsərrüfat fəaliyyəti ilə bağlı aparılan əməliyyatların genişlənməsi və
dövlət idarəçiliyinin yaranması cəmiyyətdə aparılan təsərrüfat əməliyyatlarının uçotunun
pərakəndə deyil, ümumi qəbul olunmuş qaydalara uyğun şəkildə aparılmasını zəruri
etmişdir. Bununla əlaqədar hər bir dövlətdə təsərrüfat uçotunun aparılmasının ümumi
qaydaları müəyyənləşdirilmiş, uçot bir elm və norma yaradıcılığı kimi inkişaf
etdirilmişdir. XIX əsrin ortalarında səhmdar cəmiyyətlərinin inkişafı və vergitutma
sahəsində baş verən dəyişikliklər nəticəsində vergi qanunvericiliyinin gücləndirilməsinə
zərurət yaranmışdır. Bununla əlaqədar olaraq, dövlətin fiskal maraqlarının təmin edilməsi,
dövlət xəzinəsinə vergilərin ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədləri üçün
mühasibat uçotunun məlumatlarından geniş şəkildə istifadə olunmuş və vergi
qanunvericiliyinə vergi uçotunun aparılması ilə bağlı normalar daxil edilmişdir. Dünyanın
əksər ölkələrində mühasibat və vergi uçotunun aparılması məsələləri ayrı-ayrı
qanunvericilik aktları ilə tənzimlənir. Lakin buna baxmayaraq, hər iki sahənin
qanunvericilikləri həmişə sıx əlaqədə olmuşdur. Belə ki, istənilən ölkənin vergi
qanunvericiliyinə nəzər salsaq görərik ki, bu sahənin qanunvericilik aktlarında mühasibat
uçotunun terminologiyasından geniş istifadə olunur. Belə terminlərə əsas vəsaitlər, qeyri-
maddi aktivlər, mal-material ehtiyatları, balans dəyəri, amortizasiya, gəlir, xərc, mənfəət
və s. aiddir. Vergitutma üçün mühasibat uçotunun əsas əhəmiyyəti ondan ibarətdir ki,
onun materialları müəssisələrin dövriyyəsi, mənfəəti və digər göstəriciləri barədə geniş
məlumat əldə etməyə imkan verir. Bunlara baxmayaraq, vergi uçotunun aparılmasının
prinsipləri, məqsədi və uçot göstəricilərini təsdiq edən sənədlərin siyahısı vergi
qanunvericiliyi ilə müəyyənləşdirilir. Təcrübədə mühasibat və vergi uçotunun həm oxşar,
həm də fərqli cəhətləri müşahidə olunur. Vergi uçotunun mühasibat uçotundan əsas fərqi
ondan ibarətdir ki, vergi uçotunun aparılması sistemi vergi ödəyicisinin özü tərəfindən
müəyyən edilir. Mühasibat və vergi uçotunun oxşar cəhətlərinə isə adətən aşağıdakılar aid
edilir:
uçotun aparılmasının məcburiliyinin qanunvericilikdə təsbit olunması;
göstəricilərin pul vahidi ilə ölçülməsi;
eyni uçot obyektinin olması;
hesabatların tərtibinin və təqdim olunmasının mütəmadiliyi;
təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinin məcburiliyi;
hesabat məlumatlarının həm daxili, həm də digər istifadəçilər üçün nəzərdə
tutulması.
Müxtəlif ölkələrin uçot sistemlərinin təhlili göstərir ki, ənənəvi olaraq mühasibat və
vergi uçotu sistemlərinin iki əsas modeli tətbiq edilir. Bu modellərdən birincisi Avropa
modeli adlandırılır. Uçot sistemini Avropa modelinə uyğun şəkildə quran ölkələrdə
mühasibat və vergi uçotunun göstəriciləri bir-birindən fərqlənmir. Bu modelə əsasən,
mühasibat uçotu həm də fiskal uçot vəzifələrini yerinə yetirir. Avropa modeli ilkin olaraq
XIX əsrdə Prussiyada yaradılmışdır. Göstərilən modelin əsas xüsusiyyətlərindən biri də
ondan ibarətdir ki, maliyyə hesabatları ilk növbədə dövlət vergi orqanlarının məqsədləri
üçün tərtib olunur. Birinci modelə Almaniyanın, İsveçin, Belçikanın, İspaniyanın,
İtaliyanın, İsveçrənin və Avropanın bəzi digər ölkələrinin uçot sistemləri aid edilir. Uçot
sisteminin ikinci modeli ingilis-sakson modeli adlandırılır. Bu model mühasibat və vergi
uçotunun müstəqil və fərqli uçot sistemlərini nəzərdə tutur. İkinci modelin konsepsiyası
ilkin olaraq Böyük Britaniyada yaradılmışdır. Onun əsas mahiyyəti ondan ibarətdir ki,
mühasibat uçotu ilə müəyyən edilmiş balans mənfəəti vergitutma məqsədləri üçün
müəyyən edilən mənfəətdən fərqlənir. İngilis-sakson modelinə ABŞ-ın, Böyük
Britaniyanın, Avstriyanın, Kanadanın, Niderlandın və bir sıra digər dövlətlərin uçot
sistemləri aid edilir. Azərbaycanda tətbiq olunan uçot sistemi isə ingilis-sakson modelinə
daha uyğun gəlir. Belə ki, mühasibat uçotunun qaydalarına əsasən hesablanan balans
mənfəəti vergi qanunvericilinə uyğun qaydada müəyyən olunan mənfəətdən fərqlənir. Bu
fərqin yaranması müəssisənin mənfəətinin vergitutma məqsədləri üçün məbləğinin
müəyyən olunmasını tənzimləyən normaları əks etdirən «Müəssisə və təşkilatların
mənfəət vergisi haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə bağlı
olmuşdur. Müəssisənin balans mənfəətinin hesablanması qaydasının onun mənfəətinin
vergitutma məqsədləri üçün müəyyən olunması qaydasından fərqləndirilməsinə əsas verən
normalar Azərbaycan Respublikasının Vergi Məcəlləsində də öz əksini tapmışdır. Bunlara
gəlirdən çıxılmasına icazə verilən xərclərin növlərinin müəyyən edilməsini, bəzi gəlirdən
çıxılan xərclərə məhdudiyyətin qoyulmasını, bazar qiymətlərinin tətbiqini və s. bu kimi
məsələləri tənzimləyən normaları aid etmək olar. Mühasibat və vergi uçotu arasındakı fərq
olmasına baxmayaraq, bir çox təsərrüfat subyektləri uçotunu yalnız vergi məqsədlərinə
uyğun qururlar. Mühasibat işinin təşkili məqsədilə vergi qanunvericiliyinin tələblərinə
uyğunlaşdırılmış uçotun qurulması və maliyyə hesabatlarının hazırlanması təsərrüfat
subyektinin real maliyyə vəziyyətini (xalis aktivlərini) təhrif edə bilər. Ona görə də
müəssisələrdə uçotun mühasibat və vergi məqsədləri üzrə siyasəti bir-birindən
fərqləndirilməlidir. Burada maraqlı olan «fərq» anlayışıdır. Aydındır ki, təsərrüfat
subyektində baş verən təsərrüfat əməliyyatları və bu əməliyyatların pulla, həmçinin
miqdar və digər zəruri göstəricilərlə ifadəsi uçotda əks etdirilir. Lakin elə təsərrüfat
əməliyyatları vardır ki, onlar mühasibat uçotunda nəzərə alınır, vergi uçotunda isə nəzərə
alınmır və ya əksinə. Məsələn, sadə formada desək, hər hansı əməliyyat üzrə hesablanmış
gəlir vergi uçotunda gəlirə aid edilir, mühasibat uçotunda isə gəlirə aid edilmir. Yaxud da
hər hansı xərc mühasibat uçotunda nəzərə alınır (tanınır), vergi uçotunda isə nəzərə
alınmır. Deməli, bir məbləğ uçotun birində tanınır, digərində isə tanınmır və bununla da
gəlirlərdə və ya xərclərdə fərqli məbləğlər yaranır. «Fərq» dedikdə, mühasibat uçotunda
bəzi əməliyyatlar və ya hesabat maddələri üzrə (gəlirlər, xərclər, mənfəət və digər balans
göstəriciləri) vergi uçotunda eyni adlı əməliyyat göstəricilərində olduğundan fərqli
məbləğlərin meydana gəlməsi başa düşülür. Məsələn, mühasibat uçotu üzrə mənfəət və
zərərlər haqqında hesabatda göstərilən «əsas əməliyyat gəliri» ilə vergi uçotu üzrə
mənfəət vergisi bəyannaməsində göstərilən «malların təqdim edilməsindən gəlir»
göstəricisi, yaxud da mənfəət və zərərlər haqqında hesabatda xərclərin yekunu ilə mənfəət
vergisi bəyannaməsində göstərilən ümumi gəlirdən çıxılan xərclər göstəricisi fərqli ola
bilər. Fərqləri yaradan amil vergi qanunvericiliyinin tələbləridir. Əslində, belə tələblər
vergi yığımının tənzimlənməsində mütləq vacibdir, lakin bu tələblər müəssisənin real
maliyyə göstəricilərinin açıqlanmasına qarşı deyildir. Fərqlərin izahına keçməzdən əvvəl
mühasibat uçotu (birinci) ilə vergi uçotunda (ikinci) eyni məna daşıyan, lakin müxtəlif
adlandırılan ifadələrə nəzər salaq. Birincidə hesablanmış satış (iş, xidmət) ikincidə vergiyə
cəlb olunan gəlir kimi, birincidə malların satışı ikincidə malların təqdim olunması kimi,
birincidə satışın maya dəyəri və ya xərclər ikincidə gəlirdən çıxılan xərclər kimi, birincidə
tanınmayan xərclər ikincidə gəlirdən çıxılmayan xərclər və ya gəlirdən
məhdudlaşdırılmaqla çıxılan xərclər kimi, birincidə sair əməliyyat gəlirləri ikincidə
amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir kimi və sair göstərilir.
Eyni məna daşıyan ifadələrin fərqli adlandırılmasının səbəbi vardır. Məsələn, vergi
qanunvericiliyində «satış» ifadəsi işlədilmir, yalnız «təqdim olunma» ifadəsi vardır. Çünki
«təqdim olunma» anlayışı mülkiyyət hüququnun dəyişməsini bildirir və həm satışı, həm
də hədiyyə verilməni özündə əks etdirən ümumi məna daşıyır. «Satış» anlayışı isə əvəzli
əməliyyatdır və hədiyyə verilmə mənasını daşımır. Təsərrüfat subyektlərinin öz mallarını
əvəzsiz olaraq hədiyyə verməsi vergi yığımına mənfi təsir göstərə bilər və buna görə də
vergi qanunvericiliyinin tələbinə əsasən, vergitutma məqsədləri üçün vergi uçotunda
malın hədiyyə verilməsi bazar dəyərində mənfəət vergisinə cəlb olunan əməliyyatdır.
Mühasibat uçotunda isə əvəzsiz verilən hədiyyə heç bir gəlir və ya kapital artımı
gətirmədiyinə görə, yəni reallıq nəzərə alınaraq müəssisənin gəliri kimi qəbul edilmir və
ya edilə bilməz. Digər bir misal: qanunvericiliyə əsasən, vergitutma məqsədləri üçün
faktiki çəkilmiş ezamiyyə xərclərinin müəyyən olunmuş miqdardan artıq hissəsi gəlirdən
çıxılan xərclərə aid edilmir, yəni ezamiyyə xərcləri məhdudlaşdırılır. Çünki ezamiyyə
xərci daha çox şəxsi və ya fərdi istehlak xarakteri daşıdığına görə, xərclərin şişirdilməsinə
və bununla da vergi yığımına mənfi təsir göstərə bilər. Mühasibat uçotunda isə bu xərc
sahibkarın marağı çərçivəsində olduğuna görə, həcmi yalnız daxili siyasətlə
məhdudlaşdırıla və ya məhdudlaşdırılmaya bilər. Deməli, hər iki uçotda fərqlərin
yaranması labüddür, qaçılmazdır və fərqlərin yaranması vergi tənzimlənməsini və
nəzarətini həyata keçirən amildir. Mühasiblər və auditorlar bu vacib amilə diqqətlə və
həssaslıqla yanaşmalı, maliyyə hesabatlarında və vergi bəyannamələrində göstəriciləri
müvafiq sahə qanunvericiliyinə uyğun təqdim etməlidirlər.
Məlumdur ki, mühasibat uçotu və vergi uçotu arasındakı fərqlər daimi və müvəqqəti
ola bilər. Daimi fərqlər - bəzi gəlir və ya xərc məbləğlərinin maliyyə hesabatları
məqsədləri üçün (mühasibat uçotunda) tanındığı halda vergi məqsədləri üçün (vergi
uçotunda) heç vaxt tanınmadığına (nəzərə alınmadığına) görə yaranan fərq məbləğləridir.
Daimi fərqlərin də yaranmasına səbəb, müvəqqəti fərqlərdə olduğu kimi, Vergi
Məcəlləsinin müddəalarının tələbləridir. Vergi Məcəlləsinin tələblərinə görə, bəzi xərclər
«gəlirdən çıxılmayan» və «gəlirdən nisbətən məhdudlaşdırılmaqla çıxılan» xərclər kimi
təsnifləşdirilib. Belə xərclər Vergi Məcəlləsinin aşağıda göstərilən maddələrinin tələbləri
nəticəsində vergi tutulan mənfəətin hesablanmasında nəzərə alınan xərclərə heç vaxt aid
edilmədiyinə görə, uçot mənfəəti ilə müqayisədə daimi fərqlər yaradır:
Dostları ilə paylaş: |