4. Avropa , ABŞ, Çin və Cənubi Koreya ticarət şirkətlərinin xüsusiyyətləri
Avropa ölkələrinin universal ticarət firmaları
Avropa ölkələrinin universal ticarət firmaları Yaponiyadakılardan xeyli zəifdirlər, baxmayaraq ki, məhz onlar beynəlxalq ticarət işinin inkişafında birinci olmuşlar. Avropadan 1498-ci ildə Hindistana Xoş Umid burnu ətrafından yeni dəniz yolu açılması Avropa tacirləri üçün yeni ticarət imkanları vermişdir.
Avropada universal ticarət şirkətləri olduqca zəifdirlər və bunun səbəblərindən biri istehsal biznesi ilə müqayisədə ticarət sahəsində aşağı nüfuz (imic) və az mənfəətlər olmasıdır. Bununla belə XX əsrin 90-cı illərində Fransanın xarici ticarət dövriyyəsinin 25 % -i, Almaniyanın 27 % -i, Böyük Britaniyanın 21%- i onların payına düşürdü.
Fransanın beynəlxalq ticarət şirkətlərinin birinci qrupu – Avropa ölkələrinin ən böyük ticarət şirkətləri – 1 milyard dollardan artıq dövriyyəyə malikdir və müstəmləkə mənşəlidir. Onları yalnız müəyyən şərtlə universal adlandırmaq olar, çünki mineral və kənd təsərrüfatı xammallarının müəyyən növləri üzrə dəqiq ixtisaslaşırlar.
İkinci qrup – yəni beynəlxalq ticarət şirkətləri – bankların, sənaye qruplarının və ya topdan satıcıların təşəbbüsü ilə yaradılmışdır.
Üçüncü qrup - ən çoxsaylıdır, təxminən 5000 min şirkətlər daxildir, onlar beynəlxalq ticarətin təşkili sahəsində fəaliyyət formalarının və növlərinin böyük müxtəlifliyi ilə səciyyələnirlər.
Almaniyada da beynəlxalq ticarət şirkətləri onun müharibədən sonrakı ixrac ekspansiyasına çox kömək etmişdir. Məsələn, XX əsrin 80-ci illərinin sonunda onun ticarət balansının müsbət saldosu 90 milyard markadan artıq olmuşdur.
Almaniyanın beynəlxalq ticarətində ticarət şirkətlərinin iki tipi: sənaye qruplarına – konsernlərə birləşmiş beynəlxalq ticarət şirkətləri və orta ölçülü ailə ticarət müəssisələri iştirak edir