RƏSMİ İŞGÜZAR ÜSLUB
Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin
üslubu ədəbi dilin rəsmi funksional üslubu adlanır. Bu üsluba, eyni zamanda,
rəsmi sənədlərin üslubu, rəsmi dil də deyilir.
Ədəbi dilin bu üslubundan iqtisadiyyat, hüquq, mədəniyyət, ticarət işləri
sahəsində, diplomatik münasibətlərdə istifadə olunur. Dövlət idarə, təşkilat və
müəssisələrinin kargüzarlıq işlərinə dair sənədlərinin dilində rəsmi üslub əsas yer
tutur. Bu sahədə nitq təzahürü və şəraitində kargüzarlıq sənədlərinin üslubu
standartlaşır, başqa yazılı işlərdən seçilir.
Bütün kitab üslubları sırasında bu üslub qapalılığı ilə seçilir. Təbii ki, zaman
keçdikcə rəsmi işgüzar üslub bəzi dəyişikliklərə məruz qalmışdır. Lakin ona xas
olan janrlar leksika, frazeologiya və sintaktik vahidlər əsasən dəyişməmişdir. Bu
üslubun əsas cəhəti burada çoxsaylı klişelərdən istifadə olunmasıdır. Digər
üslublarda klişelərdən geniş istifadə qüsur sayıldığı halda, bu üslubda bu cəhət
təbii qəbul edilir. Bir sıra sənəd növləri- işgüzar və rəsmi sənədlər ümumişlək
forma və struktura malikdir. Təsadüfi deyil ki, işgüzar təcrübədə hazır
blanklardan geniş istifadə olunur.
39
Rəsmi işgüzar üslub beynəlxalq sazişlərin, dövlət aktlarının, hüquqi
qanunların, qərarların, bəyannamələrin və s. üslubudur. Janr və məqsədindən asılı
olmayaraq bu üslub aşağıdakı ümumi cəhətlərə malikdir:
1)yığcamlılıq və dil vahidlərinin qənaəti;
2)mətnin standart yerləşdirilməsi;
3)formanın mütləqliliyi (şəxsiyyət vəsiqəsi, diplomlar, nikah haqqında
şəhadətnamə və s.), terminalogiyadan geniş istifadə, xüsusi leksika və
frazeologiyanın mövcudluğu;
4)adlıq cümlələrin geniş istifadəsi;
5)cümlələrdə sözlərin qəbul olunmuş ardıcıllıqla yerləşdirilməsi;
6)mürəkkəb cümlələrdən geniş istifadə;
7)emosional-ekspressiv vahidlərdən istifadə olunmaması;
8)üslubun zəif şəkildə fərdiləşməsi;
Mövzu və janr müxtəlifliyini nəzərə alaraq rəsmi işgüzar üslubun iki növünü
qeyd etmək olar:
1) rəsmi sənədlər üslubu;
2) məişət işgüzar üslubu.
Diplomatik sənədlərdə leksik vahidlər və frazeoloji birləşmələr istifadə
olunur. Məsələn: attaşe, ultimatum, diplomatik korpus, beynəlxalq status və s. Bu
leksikanın əksər tərkibi beynəlxalq xarakterlidir. Onlardan bəziləri latın əlifbası
ilə yazılır. Məsələn, status quo, casus belli.
Diplomatik dilə bir sıra obrazlılıq elementləri xasdır. Məsələn, beynəlxalq
praktikada şəhərlərin, küçələrin və binaların metonimik istifadəsinə rast gəlinir.
Məsələn, Dauning street deyiləndə Böyük Britaniyanın xarici işlər nazirliyi
nəzərdə tutulur. Ağ ev deyəndə ABŞ hökuməti nəzərdə tutulur və s. Digər tərəfdən
beynəlxalq praktikada işlədilən bir sıra söz birləşmələri obrazlı ifadə kimi dildə
istifadə olunur. Məsələn, soyuq müharibə, qaynar nöqtə və s.
40
Deməli, məişət-işgüzar üslub daha çox xidməti yazışmada, rəsmi
sənədləşmələrdə, fərdi sənədləşmədə istifadə olunur. Onun əsas xüsusiyyəti
standartlara meyillilik, dil vahidlərindən minimum istifadədir.
Azərbaycan ədəbi dilinin rəsmi funksional üslubu, əsasən, XIX əsrdə, yeni
milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır. Həmin
dövrdən başlanan mübarizə nəticəsində bu üslub daha da inkişaf etmiş, onun
janrları və mikroüslubları yaranmışdır.
Bu üslubda müxtəlif növ sənədlər hazırlanır. Rəsmi üslubun aşağıdakı
janrları geniş yayılmışdır:
1) qanun; 2) bəyanat; 3) qətnamə; 4) sərəncam; 5) qərar; 6) əmr; 7) nota; 8)
təlimat; 9) hesabat; 10) vəkalətnamə; 11) qəbz; 12) protokol; 13) arayış; müraciət
və s.
Ədəbi dilin rəsmi funksional üslubunun bir neçə mikroüslubu meydana
gəlmişdir:
1) hüquqi - qanunvericilik üslubu;
2) siyasi - diplomatik üslub;
3) idarə - dəftərxana üslubu.
Rəsmi üslubda olan sənədlər oxunarkən hər bir səs tam və aydın tələffüz
olunur. Burada nitqin sürəti adi, ritmi mülayim olur. Sözlərin yazılışında səslərin
düzgün və dəqiq əks olunması diqqət mərkəzində durur.
Bu üslub üçün başlıca lüğəvi əlamət kitab leksikasından və kargüzarlığa
məxsus terminlərdən istifadə olunmasıdır. Burada ikimənalılığa, dolaşıqlığa yol
verməmək üçün hər bir anlayışa dair tam aydın olan söz seçilib işlədilir.
Rəsmi üslub üçün qrammatik vahidlər də müəyyən vəzifə daşıyır:
1)
burada hər hansı bir anlayışın izahı üçün ədəbi dilin qrammatik
normalarına düzgün və dəqiq riayət olunur, kitab dilinə məxsus söz birləşməsi
və cümlələr işlədilir;
2)
ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə edilir.
Ədəbi dilin rəsmi funksional üslubu üçün iki xüsusiyyət daha vacibdir:
41
1) hər bir məsələnin aydın və olduqca qısa izah edilməsi;
2) artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii ifadə vasitələrinə yol
verilməməsi.
Dostları ilə paylaş: |