Müasir biologiya dərsləri və FƏNLƏrarasi inteqrasiyanin təlim və TƏrbiyənin keyfiyyətinə TƏsiri



Yüklə 14,71 Kb.
tarix02.01.2022
ölçüsü14,71 Kb.
#46143
növüDərs
muhazire5 (6)


MÜASIR BIOLOGIYA DƏRSLƏRI VƏ FƏNLƏRARASI INTEQRASIYANIN TƏLIM VƏ TƏRBIYƏNIN KEYFIYYƏTINƏ TƏSIRI

Ölkəmizdə aparılan təhsil islahatları dövründə prioritet fəaliyyət istiqamətlərindən biri inteqrativ təhsilin formalaşdırılması sahəsində aparılan işlər olmuşdur. Müasir təhsil islahatlarına əsasən müasir dərslər şagirdlərin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır, çünki müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir: ənənəvi dərslərin keçirilməsində təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir. Dərs prosesində fərdi, cütlərlə, böyük və kiçik qruplarla ünsiyyət prosesində onların fəallığı, müstəqilliyi, işgüzarlığı, təfəkkür fəallığı, bir-biri ilə əməkdaşlığı, rəqabətədavamlılığı, qarşılıqlı münasibətləri, ünsiyyət mədəniyyəti kimi şəxsiyyəti şərtləndirən mənəvi keyfiyyətləri formalaşır.

Akad. M.M. Mehdizadənin təbirincə demiş olsaq, “…dərs pedaqoji prosesin hüceyrəsi deyil, onun özəyidir, onun həlledici hissəsidir. Onda pedaqogikanın xeyli hissəsi deyil, şagirdlərin təlim və tərbiyəsinin məzmunundan, yollarından, prinsip və metodlarından bəhs olunan əsas hissəsi cəmlənir”. Bu mənada dərs özü də təlimin ən inteqrativ formalarından biri kimi dəyərləndirilir və orada müxtəlif parametrli pedaqoji fəaliyyətlərin birləşdirildiyi aydın görünür.

Azərbaycan təhsilinin elmi-nəzəri, psixopedaqoji problemləri ilə bağlı geniş tədqiqatları olan görkəmli psixoloq professor Əbdül Əlizadə islahatın ilk dövrlərində yazırdı ki, “Müasir dövrdə humanitar fənlərin təbii-elmi fənlərlə inteqrasiyası daha çox vurğulanır. Pedaqoji mənbələrdə göstərilir ki, “XX əsrin 70-ci illərindən başlayaraq təbiət elmləri sahəsində yeni fənlərarası elmi istiqamət – sinergetika meydana gəlir.

Bu modernləşmə prosesində humanitar və dəqiq elmlərin qovşağı yaranır. Fənlərarası və fəndaxili əlaqələrin inteqrasiya müstəvisinə gətirilməsi, onun mühüm təhsil prinsiplərindən birinin tərkib hissəsi kimi nəzərə alınmaqla tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir. Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Belə inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir.



Təcrübə göstərir ki, inteqrasiya olunmuş məzmun informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarığı formalaşdırmalarına kömək edir. Təlim prosesində fənlərarası əlaqə yaratmaq müasir dərsə verilən mühüm tələblərdən biridir. Fənlərin əlaqəli tədrisi şagirdlərin dünyagörüşünün və əxlaqının formalaşmasına, nəzəriyyə ilə praktika arasında sıx əlaqə yaranmasına köməklik edir.

Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bunu biologiya dərsləri nümunəsində misal göstərək.

Dərs prosesində biologiyanı kimya, fizika, coğrafiya, ədəbiyyat və s. fənlərlə əlaqəli keçmək daha əlverişlidir. Məsələn, IX sinifdə «Görmə orqanının quruluşu» və «Eşitmə orqanı» mövzularını keçərkən görmə və eşitmə orqanlarının analogiyası ilə tanış etmək lazımdır. Şagirdlərə izah etmək lazımdır ki, insan beyninə daxil olan bütün informasiyaların 90 faizi göz vasitəsilə əldə edilir. Hazırda gözün işləmə prinsipini nəinki fizioloqlar, hətta fiziklər, psixoloqlar, mühəndislər, kibernetika və bionika sahəsində çalışan mütəxəssislər də diqqətlə öyrənirlər.

İnsan gözü mürəkkəb olub bir neçə hissəyə bölünür. Gözə şüanı yığıb sındırmaq qabiliyyətinə malik olan optik sistem kimi baxmaq olar. İnsan gözü fotoaparatın elementlərinə ekvivalent olan müxtəlif hissələrdən təşkil edilmişdir. Fotoaparatda olan metal gövdə, şüşə və fotolent insan gözündə daha mürəkkəb quruluşa malik canlı toxuma ilə əvəz edilir. Gözdə kamera rolunu damarlı qişa ilə qaranlıqlaşdırılmış göz boşluğu oynayır. Beləliklə şagirdlər fizikadan öyrəndiklərini bu mövzu ilə müqayisə edir, ümumi qanunauyğunluqlar tapır və biliklərini əlaqələndirir.

Müəllimlərimizin coxu dərsdə problem situasiyası yaratmağa, əyanilikdən istifadə etməyə geniş yer verməlidir.

IX sinifdə «Yuxu və yuxugörmə» mövzusunu keçərkən yuxunun bədənin özündən doğan biotəbii hadisə olduğunu insanın arzu və düşüncəsinin yuxu zamanı canlanmasını Nizami dili ilə ifadə etmək lazımdır.

Röya bir xəyaldır, bədəndən doğar,

Bütün röyaların kökü bədəndir,

Yad deyil, hamısı bu bədəndədir.

Nizamiyə görə insanın həyatda rast gəldiyi hadisələr, arzu və xəyallar yuxu zamanı beyin istirahətdə ikən canlanmağa başlayır, keçmiş hadisələr, xəyallar beyinin oyaq mərkəzləri ilə əlaqələndirdikdə cürbəcür röyalar görür.

Nizami əsərlərində gigiyenaya dair çox maraqlı və dəyərli fikirləri var. Biologiya dərslərində dahi şairin əsərlərindən istifadə etdikdə şagirdlərdə ona dərin məhəbbət, vətənpərvərlik və hörmət hissi aşilanır. Eyni zamanda proqram materialı daha asan və şüurlu şəkildə mənimsənilir.

XI sinifdə «Hüceyrənin kimyəvi quruluşu», «Karbohidratlar, Lipidlər» və s. mövzuların kimya ilə əlaqəli keçilməsi təlimin effektliyini artırır. Fənlərin qarşılıqlı əlaqəsinə aid izahatlar vermək hadisə və qanunauyğunluqları, maddələrin xassələrini, orqanizmdə gedən biokimyəvi prosesləri təhlil etmək, ümumiləşmələr aparmaq təlim və tərbiyənin keyfiyyətinə müsbət təsir göstərir.



Nəticədə belə qənaətə gəlmək olar ki, müasir dövrdə tədris etdiyi fənni yüksək tələblər səviyyəsində aparan, yenilik hissi ilə yaşayan müəllimlərimizin qarşısında duran əsas məsələlər tədrisin həyatla, mənəviyyatla əlaqələndirilməsindən, şagirdlərə dərin və əsaslı bilik verməsindən asılıdır. Fənlərarası əlaqədən ardıcıl şəkildə istifadə etmək tədrisin səviyyəsini yüksəldir, şagirdlərin təfəkkürünü inkişaf etdirir, dünyagörüşünü genişləndirir. Buna görə də məktəblərdə təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI əsrin tələb etdiyi həyati bacarıqların inkişaf etdirilməsi prosesi kimi baxılmalı, şagirdlər həyat boyu öyrənməyə hazırlanmalıdır.
Yüklə 14,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin