Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   2   3   4   5   6   7   8   9   ...   16
text and discourse studies1

Diskurs mətnlə sosial komponentə malik kontekstin vəhdətidir.

Diskursun bu tərifində mətn ilə yanaşı digər mühüm amil olan mətni əhatə edən sosial aləmin rolu da diqqət mərkəzindədir. Diskursa bu cür sosial və sosiolinqvistik yanaşma ənənəsi son onilliklərdə davamlı olmuşdur. Məsələn, U. Tübət diskursu məhz bu cür nəzərdən keçirir (Teubert, 2011: 2):



Rastlaşdığımız yeganə reallığın yarandığı məkan olan diskurs cəmiyyət üzvü insanların öz aralarında mübadilə etdikləri və bölüşdükləri mətnlər dünyasıdır. Biz, daimi olaraq, mənim diskurs adlandırdığım bu sərhədsiz, hər şeyi özündə ehtiva edən və bəşəriyyəti birləşdirən ünsiyyət məkanına öz töhfəmizi veririk.

Diskursa bu istiqamətdə yanaşmalar mətnlə diskursun fərqli anlayışlar olduğu və diskursun cəmiyyət üzvü olan insanların mətnlərdən istifadə etdikləri zaman formalaşdığı faktının artıq dilçilər tərəfindən də tamamilə qəbul edildiyini bir daha təsdiq edir. Beləliklə, diskursa həm sırf linqvistik, həm də fənlərarası yanaşmalarda mətn ən mühüm amillərdən biri kimi təqdim olunur. Təbii ki, biz də mətnlə bağlı bəzi məsələlərə aydınlıq gətirmək istərdik.

Mətn haqqında biliklərimiz əsasən ədəbi, üslub və semiotik əsaslara söykənir. Əslində bu cür yanaşma bir sıra amillərlə izah oluna bilər və başa düşüləndir. Məsələn, hələ Aristotelin “Ritorika” və “Poetika” əsərlərində müxtəlif üslub vasitələrinin tədqiqinə marağı (Аристотель, 1978, Аристотель, 1978,) onların məhz mətn yaradıcılığında istifadə olunmaları ilə də izah etmək olar. Bu cür mətn (mətn həm yazılı, həm də şifahi ola bilər) sayəsində verbal kommunikasiya prosesi daha poetik və daha effektli olur və nəticə etibarilə verbal kommunikasiyanın tipindən və janrından asılı olmayaraq mətni göndərən şəxsə uğur gətirir. Xarizmaya malik yazıçılar, siyasətçilər, vəkillər və hətta adi insanlar həmişə digərlərindən fərqlənirlər. Lakin, eyni zamanda, unutmaq olmaz ki, verbal kommunikasiya prosesinin səmərəliliyi və ümumiyyətlə gərəkliliyi yalnız mətnin poetikliyi ilə deyil, həmçinin oradakı arqumentin nə dərəcədə tutarlı olmasından asılıdır (Schiffrin, 1985 və digər əsərlər). Arqument isə ilk növbədə məntiqə əsaslanır. Belə bir məntiqi əlaqəlilik və yaxud koherentlik (van Dijk, 1977, de Beaugrande and Dressler, 1983, Enkvist, 1989 və digərləri) mətnin yaranmasında həlledici amildir və əslində hər hansı bir söz yığımını mətnə çevirən məhz koherentlikdir. Mətnin müəyyənləşdirilməsində həcmin heç bir rolu yoxdur (mətn bir söz və yaxud böyük bir roman əsəri də ola bilər). Əsas meyar onun koherentliyi və təbii ki, verbal kommunikasiya zamanı istifadə oluna biləcəyidir. Beləliklə, Aristotelin elmə gətirdiyi ritorik vasitələr (məsələn, metafor, anafor, təkrarlar və s.) sadəcə mətni və ümumilikdə verbal kommunikasiya prosesini daha poetik və daha effektiv etməyə xidmət etmir, həm də əslində mətndə koherentliyi təmin etməyə yardım edir. Söhbət nəticə etibarilə mətni yaradan artıq linqvistik əlaqə- koheziya (Halliday, Hasan, 1976 və digər əsərlər) vasitələrindən gedir.

Koherentlik ilə koheziya arasında fərqi aydınlaşdırmaq üçün adətən koheziyanın dildə, koherentliyin isə cəmiyyətdə mövcud olduğu arqumenti gətirilir. Koheziyadan fərqli olaraq koherentliyi başa düşmək üçün sadəcə mətnin daxilində linqvisitik vasitələr arasında baş verən münasibətlərə baxmaq kifayət deyil, həmçinin mətnlə ətraf dünya arasında münasibətlərə də nəzər salmaq lazımdır. Öz növbəsində, N. Enkvist “koheziya ilə koherentlik mətndə əlaqəliliyi formalaşdırır” (Enkvist, 1989: 376) fikrini önə çəkərək, əlaqəliliyin mətn dilçiliyində nə dərəcədə mühüm olduğunu vurğulayır.

Ümumilikdə, mətn dilçiliyinin müstəqil bir linqvistik sahə kimi formalaşması və inkişafı məhz mətndə əlaqəliliyi yaradan və deməli artıq cümlə həddini aşan həmin koheziya vasitələrinin (qrammatik, leksik, üslub) və koherentliyin (semantik və məntiqi əlaqələr) tədqiqi sayəsində mümkün olmuşdur. Beləliklə, qrammatikanın cümləfövqi mahiyyət daşıması ideyası ortaya çıxdı və qısa zamanda ciddi linqvistik araşdırmalara yol açdı. Artıq adını çəkdiyimiz M.A.K. Hallidey və R. Həsən mətni formalaşdıran koheziya vasitələrini ingilis dili materialı əsasında çox uğurla sistemləşdirən ilk tədqiqatçılardandır (Halliday and Hasan, 1976). Onlar “İngilis dilində koheziya” adlı məşhur əsərlərində koheziya vasitələrini qrammatik (əvəzliklər, bağlayıcılar və s.) və leksik (formal leksik təkrarlar və s.) baxımdan qruplaşdırır. Sonralar İ. Qalperin (Гальперин, 1981) və digərləri bu cür araşdırmanı rus dili, K. Abdullayev (Абдуллаев, 1983) isə Azərbaycan dili materiallarından istifadə edərək aparmışdır.

Dilçi olmayan oxucularımız üçün məsələni tam aydınlaşdırmaq məqsədilə dilçi həmkarlarımız üçün çoxdan məlum olan mətnin linqvistik mahiyyəti ilə bağlı bəzi məsələlərə qısa bir ekskurs etmək istərdik. Mətn dilçiliyində adətən mətn yaradan koheziya vasitələri təhlil edilərkən, diqqət bağlayıcılara, əvəzliklərə, artikllərə, zərflərə, ədatlara və digər qrammatik elementlərə (Weinrich, 1971, Echlich, 1983, Rudolph, 1989, Кирвалидзе, 1991 və digər əsərlər), leksik koheziya vasitələrinə aid edilən leksik təkrarlara, sinonimlərə, eyni semantik sahəyə daxil olan sözlərə (Гальперин, 1981 və digər əsərlər), eləcə də söz sırasının təkrarı, ellipsis (sıfır təkrar), söz sırasının pozulması (inversiya) və digər sintaktik vasitələrə (Абдуллаев, 1983, Givon, 1984, 1990, Roulet, Filliettaz, Grobet, Burger, 2001 və digər əsərlər) yönəlir.

Təbiidir ki, mətni formalaşdıran dil vasitələrini nəzərdən keçirərkən hər bir dilin öz tipoloji spesifikası da maraq kəsb edir. Bu amili nəzərə alaraq Azərbaycan dilindəki mətnlərlə yanaşı, rus, ingilis və fransız dillərindəki mətnlərə də müraciət edirik. Azərbaycan dilindən istifadə edən şəxslər üçün bu dildəki müxtəlif qrammatik, leksik və üslub vasitələrinin mətn yaratmaq imkanları baxımından zəngin empirik baza mövcuddur. Belə ki, Azərbaycan dilindəki mətnlərdə həmin vasitələrdən istifadə imkanları genişdir. Belə bir bədii mətn nümunəsinə baxaq:

(1)Pakizə evdə o yan-bu yana qaçır, anasına və gəlinlərinə əl-ayaq verir, həm də axşamın tez düşməsini gözləyirdi. O, nədənsə, bu il Novruz bayramını daha böyük həvəs və eşqlə qarşılamağa hazırlaşırdı.

Nəhayət, yenicə cücərib yaşıllaşan yamacları, torpaqdan baş qaldıran çiçəkləri isti nəfəsi ilə xumarlandıran günəş qərbə doğru əyildi, üfüqdəki pənbə buludlar çəhrayı rəngə boyandı. Kürün üstünə qanadını gərən axşam kölgəsi sürünə-sürünə kəndə doğru yeridi. Pəncərələrdən solğun işıqlar göründü. Ancaq heç kəs içəri, evə girmək istəmirdi. İlıq bahar havası hamını xumarlandırırdı.

Pakizə təzə paltarını geyindi, qapıda xeyli hərləndi, sonra damın belinə çıxdı. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. Küçə, yenicə yaşıllaşan meşəyə, sahilin göy otlarına baxdı. Hava ilıq idi. Kür tərəfdən əsən meh isti nəfəs kimi adamı məst edirdi (İ. Şıxlı, Dəli kür, 202).

Bu mətndə əlaqələndirici vasitə kimi Pakizə sözünün leksik təkrarı aparıcı rol oynayır. Belə ki, mətn məhz həmin leksik təkrarın ətrafında formalaşır və inkişaf edir. Təbiidir ki, leksik təkrarla yanaşı o, nəhayət, yenicə kimi qrammatik vasitələr də nəzərdən keçirdiyimiz mətndəki koheziyanı təmin edir.

Qeyd etmək lazımdır ki, yalnız leksik deyil, ümumilikdə, təkrarlar mətn dilçiliyində koheziya vasitələri kimi (Гальперин, 1981, Абдуллаев, 1983 və digər əsərlər), praqmatika və ritorikaya aid tədqiqatlarda isə həm də poetik effektə xidmət edən alətlər kimi (Pilkington, 1992, Sperber and Wilson, 1995 və digər əsərlər) geniş işıqlandırılmışdır. Maraqlıdır ki, Azərbaycan dilindəki mətnlərin formalaşmasında leksik təkrarlar artikllərin yoxluğuna baxmayaraq, güclü amildir. Buna Azərbaycan dilində hal kateqoriyasının verdiyi geniş imkanlar da şərait yaradır:

(2)Şamaxı yollardan başlayır...Yollar...Sonsuz, nəhayətsiz yollar...Şirvana gedən yol az qala bütün dünyanın ticarət aləminə məlumdur. (Ə. Cəfərzadə, Aləmdə səsim var mənim, 3).

Və:


(3)Şair ilk dəfə imtahan verdiyindən, musiqi, şer və ədəb məclisində, şerə qiymət verən adamlar arasında birinci dəfə öz əsərini oxuduğundan həyəcanlı idi, bu əsərin bəyənilməsindən, Mahmud ağa kimi xəridarın ona yüksək qiymət verməsindən xoşbəxt idi. Ürəyində yeni-yeni ümidlər doğmağa başlayırdı. Onun da əsərləri bəyəniləcək, dillərə düşəcək... (Ə. Cəfərzadə, Aləmdə səsim var mənim, 22).

Hər iki bədii mətn yollar əsər sözlərinin morfoloji modifikasiyaya uğramış yollardan, yollar, yol əsərini, əsərin, əsərləri təkrarlarının köməyi ilə yaranır. Analoji hadisə rus dilində də nəzərə çarpır:



(4) Под высоким плетнем, где их меньше было видно с улицы, Коля не выдержал и прыгнул сзади на Егора. Егор качнулся вбок и подставил Коле ногу. Коля опять позорно упал. Но еще один кинулся, этого Егор ударил наотмашь - кулаком в живот. И этот сел. Двое стоявших оторопели от такого оборота дела. Зато Коля вскочил и побежал к плетню выламывать кол (В. Шукшин, Калина Красная,479).

Bu bədii mətnin müəllifi isə leksik təkrarlar və onların morfoloji modifikasiyasından Коля, Егора, Егор, Коле, Коля, Егор yalnız mətni yaratmaq üçün deyil, həm də mətndə cərəyan edən hadisənin dinamikasını əks etdirmək üçün də istifadə edir. Həmin leksik təkrar komponentlərinin rus dilindəki cins kateqoriyasının verdiyi imkanlar sayəsində asanlıqla müvafiq şəxs əvəzliyi ilə əvəz olunması isə bu dinamikanı zəiflədər və, eyni zamanda, bəlkə də mətnin başa düşülməsində çətinlik yaradardı.

Qeyd etmək lazımdır ki, məhz hal kateqoriyası sayəsində həm də mətn dilçiliyində sıfır təkrarı kimi məlum olan ellipsis də güclü mətn yaradan vasitəyə çevrilir:


Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin