Diskursa təsir edən (və yaxud onun təsirinə məruz qalan) sosial situasiyalar deyil, məhz iştirakçıların belə bir situasiyanı müəyyənləşdirməsi yoludur.
T. van Deyk sadə kontekst modeli üçün aşağıdakı kateqoriyaları müəyyənləşdirir(Dijk, 2008:76):
-Zaman\müddətlə məkan\yer\ətraf mühitin vəhdəti;
-İştirakçılar (özün və digərləri), o cümlədən, kommunikativ rollar (iştirakın
strukturu), sosial rolların tipləri, üzvlük və yaxud özgürlük, iştirakçılar
arasında münasibətlər (hakimiyyət, dostluq), bölüşülən və sosial əhəmiyyət
kəsb edən bilik və inamlar, niyyətlər və məqsədlər;
-Kommunikativ və digər Fəaliyyətlər\Hadisələr.
T. van Deyk kontekstin çox vaxt situasiya kimi başa düşüldüyü fikrinə toxunaraq, məsələnin mahiyyətinin sosial situasiya ilə kommunikativ situasiya arasındakı nisbətdən qaynaqlandığını bildirir və kommunikativ situasiyanın üstün roluna diqqəti yönəldir (van Dijk, 2008: 4):
Kontekst nəzəriyyəsinin inkişaf etdirilməsi, birinci növbədə, kommunikativ situasiyanın o elementlərinin seçilməsini nəzərdə tutur ki, həmin elementlər mətn və söhbətə sistematik şəkildə uyğun olsun.
Göründüyü kimi, T. van Deykin kontekstə baxışında kommunikativ situasiyanın prioritet rolu qabardılır və ən əsası kommunikativ situasiyanın mətn və söhbətlə qarşılıqlı asılılıq əlaqəsi ön plana çəkilir.
Kontekstin mətnlə əlaqəsi məsələsi digər tədqiqatçıların da diqqət mərkəzindədir. Məsələn, R. Uodak kontekstin dörd tipini müəyyənləşdirərək, onların mətnin, janrın və nəhayət diskursun yaranması səbəblərinə, yaranmasına və dəyişməsinə güclü təsir etdiyini göstərir (Wodak, 2009: 38):
Söyləmlər, mətnlər, janrlar və diskurslar arasında mətnlərarası və diskurslararası münasibətlər;
Ekstralinqvistik, sosial\sosioloji tiplər;
Mətn və qurumların tarixi və arxeologioyası; və
Situasiyaya bağlı spesifik kontekstin institusional çərçivələri.
R. Uodakın kontekstə yanaşmasında da T. van Deykin yanaşmasında olduğu kimi sosial kontekstlə situasiyaya bağlı kontekst arasında fərq qabardılır. Lakin, bununla belə R. Uodakın yanaşmasında bu iki kontekstdən hər hansı birinin aparıcı rolu vurğulanmasa da, buradakı sıralanma və xüsusilə də iştirakçıların rolunun diqqətdən kənarda qalması onun sosial kontekstə və müvafiq olaraq sosial strukturlara daha böyük önəm verməsi kimi qiymətləndirilə bilər.
Beləliklə, cəmiyyət üzvü olan insanlar ixtiyarlarında olan mümkün bütün dil vasitələrindən istifadə edərək istəklərini (bu istəkləri müvafiq sosial komponentə malik sosial kontekst və konkret situasiyaya bağlı kommunikativ kontekst müəyyənləşdirir) mətn və yaxud digər semiotik sistemlərin köməyi ilə digərləri ilə bölüşür və nəticədə diskurs adlandırılan çox mürəkkəb psixoloji, sosioloji, linqvistik, semiotik və mədəni mahiyyətli bir proses baş verir.
II
Diskurs və cəmiyyət
2.1 Diskurs tipləri və janrları
Sırf linqvistik problem kimi mətn və onun yaranması məsələlərinin araşdırılması ilə məhdudlaşan diskurs tədqiqatları tədricən yerini diskursa sosial fenomen kimi baxan Tənqidi Diskurs Təhlili (Critical Discourse Analysis) ilə əvəzləndi. Bununla da keçən əsrin 90-cı illərində Diskurs Təhlili və bir qədər sonra Tənqidi Diskurs Təhlilinin fənlərarası sahə kimi statusu müəyyənləşdi. N. Feəklounun 1995-ci ildə nəşr etdirdiyi Tənqidi Diskurs Təhlili: Dilin Tənqidi Təlimi adlı kitabını (Fairclough, 1995), onun 1997-ci ildə R. Uodak ilə birgə nəşr etdirdiyi Tənqidi Diskurs Təhlili (Fairclough, Wodak, 1997) adlı məqaləsini və nəhayət onun 1999-cu ildə L. Çouliaraki ilə birgə nəşr etdirdikləri Diskurs müasirlik dövrünün sonuna doğru: tənqidi diskurs haqqında yeni düşüncələr (Chouliaraki, Fairclough, 1999) adlı kitabını bu mənada fundamental mənbə əsərləri adlandırmaq olar. Hər üç əsərdə ana xətt diskursun sosial praktika kimi mahiyyətinin qabardılması və onun sosial strukturlarla üzvi bağlılığının ön plana çəkilməsidir.
Tənqidi Diskurs Təhlilində əsas diqqət aşağıdakı məqamlara yönəlir. Diskurs, birinci növbədə, sosial praktika kimi nəzərdən keçirilir və sosial fəaliyyətdə yazılı və şifahi mətnlərlə, eləcə də digər semiotik işarələrlə, məsələn vizual obrazlarla reallaşan bir proses kimi başa düşülür (Fairclough, 1995, Fairclough and Wodak, 1997 və digər əsərlər). Tənqidi Diskurs Təhlili sahəsində aparılan tədqiqatların sonrakı mərhələsində sosial praktika kimi diskurs anlayışının mahiyyətinə aydınlıq gətirilir və o, standartlaşmış sosial fəaliyyət adlandırılır (Chouliaraki and Fairclough, 1999). Diskurs məhz müəyyən sosial fəaliyyətə uyğun bir növdə mövcuddur və bu növ diskurs tipi adlandırılaraq, müvafiq mətn tipini şərtləndirir.
Təbiidir ki, sosial fəaliyyətin bütün spektrinə uyğun diskurs tipləri mövcuddur. N. Feəklou “konkret sosial fəaliyyət növü ilə əlaqədar dilin sosial şəraitə uyğunlaşdırılmış istifadə üsulunu” janr kimi nəzərdən keçirir (Fairclogh, 1995: 14). O, janr ilə yanaşı mətn tipi anlayışına toxunaraq onu janr konfiqurasiyaları adlandırır və mətn tipinin mətn janrından daha konkret olduğunu bildirir. N. Feəklouya görə mətn tipi konkret sosial fəaliyyət kateqoriyasında və konkret sosial situasiyada aktuallaşır (Fairclough, 1995). Bu fikir, əslində, hələ M. Baxtinin elmə gətirdiyi nitq janrları ideyasının davamı kimi də qiymətləndirmək olar (Бахтин, 1986).
Dilin fərqli mətn janrı və tiplərində işlənməsi bir sıra amillərdən asılıdır. Bu amillər sırasında, ilk növbədə, sosio-linqvistik və fərdi amilləri qeyd etmək lazımdır. Sosio-linqvistik amillər janr və tiplərin səciyyəvi cəhətlərini əhatə edir və bununla bağlı janr və tiplərə müvafiq tələblər qoyulur. Bu tələblərin dəyişməsi mətni göndərən şəxsin müvafiq linqvistik seçiminə böyük təsir edir (Кузнецов, 1990:30). Lakin bu seçim həmçinin mətni göndərən şəxsin mətn və diskursu fərdi təbiətinə əsaslanaraq necə formalaşdırmaq düşüncələrindən də asılıdır.
İlk növbədə, mətnin tipi və janrı məsələlərinə aydınlıq gətirməyə çalışaq. Ənənəvi olaraq, təhkiyəli, təsviri, informativ və ekspozitar mətnlər ayrılır. Eyni zamanda, sosial fəaliyyətin rəngarəngliyi mətn tipi və janrlarının da rəngarəngliyini şərtləndirir. Məsələn, bədii, media, siyasi, dini və digər mətn tipləri və roman, qəzet, reklam, siyasi çıxış və digər mətn janrları fərqləndirilir. Bununla yanaşı, mətnin şifahi və yaxud yazılı olması, eləcə də onun real zamanda deyilməsi (siyasi çıxış, vəkil çıxışı və s.) və ya yazılması (sosial şəbəkələr) və yaxud əksinə (bədii mətn, elmi məqalə və s.) kimi iki çox mühüm amil mövcuddur. P. Grays real zamanda cərəyan edən kommunikasiya aktının səciyyəvi cəhətləri kimi dörd maksimanın (keyfiyyət, kəmiyyət, uyğunluq, tərz) kooperasiya və yaxud əməkdaşlıq prinsiplərini göstərir (Grice 1975). Söhbət kommunikasiyanın uğurunu şərtləndirən iştirakçılar (mətni göndərən və onu qəbul edən) arasında müəyyən (hətta ən aşağı səviyyədə olsa belə) əməkdaşlıq prinsiplərinə riayət olunmasından gedir. Məsələn, iştirakçılar ən azı ümumi dildən istifadə etməli və onların ümumi mövzu haqqında anlayışları olmalıdır. Əks təqdirdə kommunikasiyanın özünün baş verməsi sual altına alınır.
Mətn tipi və ona müvafiq janrların mövcud olduğu kimi, hər hansı bir diskurs tipi də bir sıra diskurs janrlarından ibarət olur. Məsələn, bunu əsas tutaraq, M. Təlbot media diskursu janrların hibridi kimi nəzərdən keçirir (Talbot, 2007:12). Məlum olduğu kimi, media diskurs bir çox janrları (televiziya, qəzet, internet, reklamlar və s.) və yarım-janrları (müsahibə, redaktora məktub, internet saytları, sosial şəbəkələr və s.) əhatə edir. Bəlkə də bu medianın cəmiyyətdə xüsusi rolu ilə izah oluna bilər. Qeyd etmək lazımdır ki, hibridləşmə hadisəsi yalnız janrlara deyil, həmçinin fərqli diskurs tiplərinə də aid edilə bilər. Belə ki, son dövrlərdə diskurs tiplərinin hibridi fenomeni diqqət mərkəzindədir. Məsələn, A. Fetzer siyasi media diskurs fenomenindən yazır (Fetzer, 2013:3). Əlbəttə ki, siyasi və media diskurs tiplərinin oxşar cəhətləri (diskurs situasiyasının bir çox hallarda real zamanda baş verməsi, güclü praqmatik maraq və s.) daha çoxdur. Bu diskurs tiplərindən fərqli olaraq ədəbi və akademik diskurslar isə əsasən real zamanda baş vermir və bu diskurslardakı mətnlər bir çox hallarda yazılı olur.
Tənqidi Diskurs Təhlilində mövzu baxımından iki diskurs tipi fərqləndirilir: fərdi diskurs və institusional diskurs. Fərdi diskursa, ilk növbədə, məişət dialoqu, fərdi məktublaşma kimi tiplər aid edilir. İnstitusional diskursun əhatə dairəsi isə daha genişdir. Buraya media, hüquqi, siyasi, akademik və ya elmi, dini və digər diskurs tipləri və müvafiq janrlar (qəzet, radio, məhkəmə iclası, siyasi çıxış, elmi məqalə, mühazirə və s.) aid edilir.
Diskurs mətninin şıfahi və yaxud yazılı olması, eləcə də diskursun özünün real zamanla əlaqəsi fərqli diskurs tipi və janrlarında büruzə verir və onların mahiyyətinə çox güclü təsir edir. Əslində, bir çox hallarda, diskurs mətninin tipi, janrı və yarım-janrı onun şifahi və yaxud yazılı olmasını, real zamanla əlaqəsini şərtləndirir. Məsələn, bədii diskurs mətni və onun demək olar ki, bütün janrları yazılıdır və bədii diskurs adətən real zamanda baş vermir (bəzən poetik mətnin şair tərəfindən ani olaraq öz beynində yazıb auditoriyaya çatdırması istisna haldır). Və əksinə, bir çox media, məhkəmə və siyasi diskurs mətninin janrları (televiziya müsahibəsi, məhkəmə iclası, sosial şəbəkələrdə söhbətlər, parlament müzakirələri və s.) şifahi mətn janrlarıdır və real zamanda cərəyan edir. Mətnin real zamanda deyilməsi və ya yazılması və yaxud onun əksi, eləcə də şifahi və yaxud yazılı olması onun planlaşdırılmış və əksinə spontan şəkildə yaranmasına da bilavasitə təsir edir. Real zaman ilə əlaqəsi olmayan yazılı mətndən fərqli olaraq real zamanda deyilən şifahi mətn adətən planlaşdırılmır və mürəkkəbliyi ilə seçilir.
Diskursun real zamanla əlaqəsi ilə yanaşı, digər mühüm məsələ onun real və yaxud xəyali dünyada baş verməsidir. Real dünyanı əks etdirən diskurs mətninə ən gözəl nümunə informativ mətnləri, xəyali dünyanı əks etdirən mətnlərə isə bədii mətnləri göstərmək olar. İnformativ mətnlər media və akademik diskurs tiplərinin bir çox janrlarında büruzə verir. Belə ki, bir çox media mətn janrları (başlıqlar, xəbərlər və s.) üçün səciyyəvi cəhət informativlikdir (Wodak, Busch, 2004 və digər əsərlər). İnformativlik, həmçinin, akademik mətnin bəzi janrlarında (dərsliklər, tədris proqramları və s.) da müşahidə olunur. Ümumilikdə, informativ mətnlər əhatə etdikləri mövzu və ekstra-linqvistik reallıq, o cümlədən xəbər verilən ideya və yaxud nəzəriyyələr ilə bağlı faktları ehtiva edir. Xəyali dünyanı da yalnız bədii mətn deyil, həmçinin digər mətn tipləri də əks etdirə bilər. Məsələn, qəzet mətninin bir çox janrları real dünyanı əks etdirsə də, onun bəzi janrları xəyali dünyada da reallaşır. Real və xəyali dünyada cərəyan edən mətnlər arasında fundamental fərqlər kontekstlə bağlı xüsusiyyətlərlə şərtlənir. Real həyatda cərəyan edən mətndən fərli olaraq xəyali dünyaya aid mətn qəbul edənə birbaşa deyil, yalnız mətni göndərən vasitəsilə yönəlir. Media mətnlərdəki xəbərlər janrı ilə həmin mətnlərdəki kolumnist (müəllif) janrının müqayisəsi buna gözəl nümunədir.
Əslində çox az media mətn janrı sırf informativ mahiyyət daşıyır, onların bir çoxu üçün həm də ekspressivlik və vokativlik (səs-küylülük) xasdır. Sadəcə olaraq, bu üç cəhətdən biri daha çox və yaxud az qabardılır. Məsələn, informativ və vokativ mətnlərdə ekspressiv funksiya şüuraltı və yaxud implisit şəkildədir. Bir çox informativ mətnlərdə vokativlik bir xətt kimi keçir və yaxud vokativ funksiya informativ mətnlərin tövsiyə, fikir və ya mühakimə ilə bağlı yalnız müəyyən hissələrinə aiddir. Digər tərəfdən, hər hansı bir media mətn bütövlüklə informativ olmur, onun bir hissəsində mütləq subyektivlik də önə çıxır. Ekspressiv mətnlər də adətən nə isə bir xəbər çatdırır, lakin oradakı vokativlik dərəcəsi fərqlidir. Nəticə etibarilə, burada ümumi məqsəd mətni qəbul edənə təsir etmək, onu inandırmaq və nəyəsə sövq etməkdən ibarət olsa da, bu strategiyaların (onları diskurs strategiyaları da adlandırmaq olar) birbaşa (real dünyadakı xəbərlər) olaraq və yaxud dolayısı ilə (xəyali dünya qurmaqla) reallaşması maraq kəsb edir. Ümumilikdə isə bütün hallarda (həm yazılı, həm də şifahi mətn yaranarkən) son məqsəd mətnin ən səmərəli yolla qəbul edənə çatdırılmaqla lazımi koqnitiv effekt yaratmaq və nəticə etibarilə, diskursda dərkə nail olmaqdır.
Beləliklə, bütün mətn tipləri və janrları üçün səciyyəvi olan mühüm məsələ praqmatik maraqla yanaşı, həm də koqnitiv effektə necə nail olunmasıdır. Lakin, fərqli mətn tip və janrlarını nəzərdən keçirərkən praqmatik marağın çox və yaxud az dərəcədə müxtəlif diskurs strategiyalarında özünü göstərdiyini müşahidə edirik. Bu, bir tərəfdən, siyasi, məhkəmə və yaxud media mətnləri, digər tərəfdən bədii və akademik (tələbənin şifahi imtahandakı çıxışı, iddiaçının magistr, fəlsəfə doktoru və digər dərəcələr almaq üçün təşkil olunan müdafiə zamanı çıxışı və bəzi digər janrlar istisnadır) mətnləri müqayisə edərkən aydın görünür.
Siyasi çıxış, vəkil çıxışı, reklam, ənənəvi olaraq, güclü məqsədyönlülüyü, mətni qəbul edənə təsir və onu nəyəsə sövq etmək istəyi kimi diskurs strategiyalarının əks olunduğu janrlardır. Bu, həmin mətn tipi və janrlarının şifahi və yaxud yazılı olması, real zamanla əlaqəsindən asılı deyil. Bəzi yazılı reklam mətnlərini nəzərdən keçirərkən bu qənaətə gəlmək olar. ABŞ-ın məşhur Newsweek jurnalından götürülmüş aşağıdakı reklam mətninə baxaq:
Dostları ilə paylaş: |