(7) Fin janvier, des émissions de mercaptan de l'usine rouennaise Lubrizol avaient été ressenties outre-Manche et à Paris. Cette pollution fait une première victime: le secrétaire général de la préfecture de Seine-Maritime, qui suppléait le préfet, a été muté et rétrogradé. (Le Figaro.fr, 26.03.2013)
Pollution sözünün ümumiləşdirici semantikası və onunla birgə işlənən cette işarə əvəzliyinin əvvəlki linqvistik kontekstə anaforik referensiyası bu mətnin əlaqəliliyinə xidmət edir. İşarə əvəzliyi ilə müəyyənlik artiklinin mətndə koheziya vasitələri kimi rollarını müqayisə edərkən, işarə əvəzliyinin bu funksiyanı daha qabarıq şəkildə yerinə yetirdiyi, bəzi hallarda isə həm də emfatikliyə xidmət etdiyi görünür. Bu hal, artiklin mövcud olmadığı dillərdə daha aydın nəzərə çarpır:
(8) Mən bir heykəl istəyirəm xalis qızıldan,
Himalayın zirvəsində göyə ucalsın.
Onu elə yaratsın ki, həməsrim insan,
Bu günlərdən min illərə nişanə qalsın.(Qabil, Vətəndaş sərnişinlər, 151)
Digər qrammatik vasitələrlə yanaşı (mən şəxs əvəzliyi, əm və im şəxs şəkilçiləri, bir elementi və s.), onu işarə əvəzliyinin və bu işarə əvəzliyinin mətndə iki funksiyası nəzərə çarpır: mətndə əlaqə yaratmaq və eyni zamanda, güclü emfatik təsir etmək. Yuxarıdakı poetik mətnin formalaşması həm də praqmatik və ritorik alət olan ənənəvi söz sırasının pozulması - inversiya (Onu elə yaratsın ki, həməsrim insan) sayəsində baş verir.
Beləliklə, mətni göndərən şəxs müvafiq dilin imkanlarından asılı olaraq adını çəkdiyimiz və çəkmədiyimiz koheziya vasitələrindən istifadə edir və nəticə etibarilə, koherentlik meyarına cavab verən mətn yaradır.
1.2 Mətnin semiotik təhlili
Mətnin linqvistik aspektlərinin tədqiqi bütövlükdə mətn tədqiqatlarının mühüm olsa da bir hissəsini təşkil edir. Yuxarıda istinad etdiyimiz mənbələrin nəşr tarixi əsasən keçən əsrin 70-ci və 80-ci illərinə təsadüf edir. Maraqlıdır ki, həmin dövr həm də mətnin praqmatikası (van Dijk, 1977, Levinson, 1983 və digər əsərlər) və mətnin semiotikası (Barthes, 1973, Eco, 1979 və digər əsərlər) ilə bağlı intensiv araşdırmalarla da səciyyəvidir. Bu araşdırmalarda artıq mətnin əlaqəliliyi məsələsi ikinci planda və yaxud köməkçi funksiyasında çıxış edir. Ön plana isə mətn və kontekst, mətni göndərənin praqmatik niyyəti, onun seçimi və hər iki tərəfin (mətni göndərən və onu qəbul edən şəxslər) gümanları əsasında diskursdakı informasiyanın eksplisit və yaxud implisit şəkildə təqdimi, mətni göndərən və onu qəbul edənin fon biliyi, mətnin mənası və yaxud mənaları və onun şərhi (interpretasiyası) və yaxud şərhləri kimi çox mühüm məsələlər çıxır.
Dostları ilə paylaş: |