Sual 11: Allahın yalnız təqvalılardan əməl qəbul etməsi adi və günahkar insanları ümidsizləşdirmirmi?
Cavab: Qur`an buyurur: “Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər.”2
Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. “Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir.”3
Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Qur`an bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır.4
Sual 12: Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?
Cavab: Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona “istifadə qaydaları” adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox!
İnsanın da yaradanı var və bu yaradan ona Qur`an adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. “Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır.”1
Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.
Dostları ilə paylaş: |