Təfəkkür pozuntuları
Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və
hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq
qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli qabiliyyət (insana məxsus
olan həyat təcrübəsi, bilik ehtiyatları) təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin
aktiv fəaliyyət forması da demək olar.
Duyğu, qavrama, təsəvvür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan
faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və
digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Təfəkkür prosesi zamanı biz, subyektiv hissiyyata əsaslanan faktlara deyil,
hadisələrin daxili varlığndan, mücərrəd keyfiyyətlərindən yaranan və onların əsil
mahiyyətini aşkar edən, başqa sözlə, real varlıqdan yaranan faktlara əsaslanırıq.
Məsələn, qanaxma ilə xəstəxanaya daxil olan xəstəni müayinə edərkən həkim
nəinki qanaxmanın nəyin təsirindən baş verməsini, itirilən qanın miqdarını,
gələcəkdə nə kimi ağırlaşmaların ola biləcəyini təsəvvür edir və bunlara əsasən
tədbir görür.
Təfəkkür assosiativ təsəvvürlərin oxşarlığı, uyğunluğu, ahəngdarlığı və eyni
zamanda meydana çıxması kimi proseslərə əsaslanır. Lakin, təfəkkür
10
assosiasiyalardan keyfiyyətcə fərqlənən daha mürəkkəb prosesdir. Belə ki, təfəkkür
məlum faktlar əsasında yeni fikir, yeni məzmun yaradır.
Təfəkkür prosesinə təsəvvür və anlayışların inteqrasiyası və təhlili əsasında
müvəqqəti əlaqələrin yaranması kimi də baxmaq olar.(İ.P.Pavlov). Təfəkkürün
mərkəzi sinir sistemində optimal oynamanın yaranması və induksiya qanununa
əsasən lazımsız fikirlərin və assosiyaların ləngiməsinə (tormozlanmasına)əsaslanır.
Başqa sözlə, təfəkkür məqsədəuyğun şəkildə müəyyən istiqamətə yönəlmiş
proseslərin ardıcıl, müntəzəm fəaliyyəti və bu prosesə mane olan digər proseslərin
ləngiməsi fonunda meydana çıxır.
Təfəkkür normal fəaliyyəti yalnız düşüncə aydın olduğu halda mümkündür.
Düşüncənin bu və ya başqa dərəcədə pozulması təfəkkürün yeknəsəkliyinə,
əlaqəsizliyinə, bəzən isə avtomatik fəaliyyət göstərməsinə səbəb olur.
Təfəkkür insanın yaradıcı fəaliyyətinin əsasını təşkil edir. Ona əsaslanaraq biz
maddi nemətlər istehsal edir, sənət əsərləri yaradır və fəaliyyətimizi idarə edirik.
Təfəkkür prosesi zamanı biz faktları təhlil edir, umumiləşdirir və yeni nəticələrə
gəlirik. Məsələn, həkimin xəstəni müayinə etməsi, diaqnoz və müalicə təyin etməsi.
Təfəkkür idrak prosesinin yüksək bir forması olmaqla özü də bir neçə
mərhələdən ibarətdir:
1.Təsəvvürlər – keçmişdə qavranılmış və yaddaşımızda iz buraxmış hadisələrdir.
Bunlar real varlığı əks etdirən faktlar olub konkret təfəkkürün əsasını təşkil edir.
2.Anlayış–təsəvvürlərin ümumiləşdirilməsi, onların əlaqələndirilməsi, abstraksiya
formasıdır. Bunun vasitəsilə abstrakt təfəkkür meydana çıxır.
Təfəkkürün ifadə forması nitqdir və yazıdır. Nitq insan cəmiyyətinin inkişafının
müəyyən mərhələsində meydana çıxmış və onun tarixi inkişafının başlıca cəhətini
təşkil edən bir vasitə olmaqla, insanlar arasında ünsiyyətin əsasını təşkil edir.
Görkəmli fizioloq İ.P.Pavlov ikinci siqnal sisteminə aid olan tədqiqatları ilə
təfəkkürün əsasında duran bioloji proseslərin mahiyyətini aydınlaşdırdı. Məlum
oldu ki, ikinci siqnal sistemi təfəkkürün fizioloji əsası olub, düşüncəli fəaliyyətin ən
ali prosesidir.
Təfəkkürün pozulması özünü iki formada göstərir:
I.Təfəkkürün kəmiyyətcə (formaca) pozulması;
II.Təfəkkürün keyfiyyətcə (məzmunca) pozulması.
Təfəkkürün kəmiyyət pozuntularına aşağıdakıları aid etmək olar:
1)Təfəkkürün sürətlənməsi fikirlərin axını, sürətlə bir-birini əvəz etməsi şəklində
təzahür edir. Xəstələr bəzən sözləri ardıcıl ifadə etməkdə çətinlik çəkirlər. Nitq
11
itiləşmiş və anlaşılmaz olur. Zahirən belə nitq bir çox hallarda şizofaziyanı (nitqin
qırıqlığı) xatırlada bilər, lakin diqqətlə təhlil etdikdə, məlum olur ki, burada
təfəkkürün qırıqlığından fərqli olaraq müəyyən fikir ardıcıllığı və məzmun vardır.
Belə hal MDP-nin maniakal fazası üçün xarakterikdir.
2)Təfəkkürün ləngiməsi. Təfəkkürün sürətlənməsinin əksinə olaraq bu zaman
xəstələr çətinliklə danışır, fikirlər sanki tormozlanmış olur. Xəstələr bəzən qeyd
edirlər ki, fikirlərinə heç nə gətirə bilmirlər,”deməyə sözləri yoxdur”. Bir qayda
olaraq, həkimin suallarına “hə” və ya “yox” deyə cavab verirlər, həm də bu sözləri
demək üçün xeyli fikirləşirlər. Belə xəstələr bütün günü danışmaya bilər, sanki
onların danışmağa marağı yoxdur. Təfəkkürün ləngiməsi MDP-nin depressiv
fazasında digər depressiyalarda, şizofreniya xəstəliyində rast gəlir.
3)Təfəkkürün patoloji müfəssəlliyi. Nitqin (fikirlərin) ləngiməsi, eyni zamanda
uzunçuluğu ilə diqqəti cəlb edir. Belə pozuntusu olan şəxslər bir söhbətdən
digərinə keçə bilmir, üçüncü dərəcəli (lazımsız) fikirlərlə doldurur, belə adamları
dinləmək yorucu olur.
Bir nəfər epilepsiya xəstəliyinə tutulmuş qadın şahid sifərilə məhkəmə prosesinə
dəvət olunur. Hakimin: “Qonşuluğunuzda məktəb binasının yanması təvsilatı
haqqında nə deyə bilərsiniz? Sualına belə cavab vermişdir: “Həmin gün adətim
üzrə səhər saat 7-də yuxudan oyandım, gedib qazı yandırdım, çay qoydum, sonra
əl-üzümü yuyub səhər yeməyi yedim, saat 8-ə 15 dəqiqə qalmış nəvəmi məktəbə
yola saldım, mətbəxə gedib günorta yeməyi hazırlamaq üçün soyuducunu açıb
oradan ət və digər lazım olan ərzağı çıxartdım...Hadisə gecə saat 12-də baş
vermişdir, şəxs o ərəfədə görüb-bildiklərini danışmaq əvəzinə, gündüz olan
hadisələr haqqında saatlarla danışmış və nəhayət demişdir: “Həmin gün saat 11-də
yuxuya getmişəm, yanğının nə vaxt və necə baş verdiyini görməmişəm. Səhər
qonşulardan eşitmişəm kməktəb binası yanıb...” Bir çox hallarda təfəkkürün
patoloji müfəssəlliyi olan xəstələrin nə demək, hansı fikri anlatmaq istədiklərini
başa düşmək olmur. Belə pozuntu epilepsiya xəstəliyinə tutulmuş şəxslərdə tez-tez
rast gəlinir.
4)Təfəkkürün perseverasiyası. Təfəkkürün müfəssəlliyindən fərqli olaraq burada
xəstənin öz cavablarını təkrar etməsi nəzəri cəlb edir. Bəzən xəstə eyni söhbətləri
bir neçə dəfə təkrar edir, müxtəlif suallara eyni məzmunlu cavablar verir.
Epilepsiyada, beyinin orqanik pozuntularla əlaqədar baş verən psixozlarında rast
gəlinir.
12
5)Təfəkkürün steriotipiyası. Eyni sözlərin və fikirlərin məcburi təkrar olunması
kimi özünü göstərir. Bəzən eyni hərəkətlərin təkrarı ilə birlikdə təzahür edir. Bir
xəstə əllərini bir-birinə vuraraq, başını yana hərəkət etdirməklə dəfələrlə “mən
bilirəm, mən bilirəm...” sözlərini təkrar edirdi. Tibb işçiləri isə əbəs yerə xəstəni
sakitləşdirməyə çalışırdı. Belə vəziyyət şizofreniya xəstəliyində tez-tez rast gəlinir.
6)Rezonyorluq boş mühakimələr, mənasız sözlərdən nitq formasında özünü
göstərir. Xəstələrdən biri yoldaşı ilə söhbət edərkən müxtəlif formada, dəfələrlə
aşağıdakı sözləri təkrar etmişdir: “...mənim kim olduğumu hamı çox gözəl bilir.
Kimliyimi heç kəsə sübut etmək fikrində deyiləm, onsuz da hamı bilir mən
kiməm...”
7)Məntiqsiz təfəkkür. Fikirlərin məntiqsizliyi. Bəzən əlaqəsizliyi ilə xarakterizə
olunur. Hadisələri izah edərkən belə şəxslər nəinki səhv edir, mənasız, ziddiyyətli
mülahizələr yürüdür, eyni zamanda ağıla sığmayan söhbətlər danışırlar. Məsələn,
bir xəstə demişdir: “Mən gənc yaşlarımda at belində çox gəzmişəm, ona görə də E
vitamininə ehtiyacım olmayıb”. Başqa birisi isə demişdir: “Mən heç vaxt dəvə əti
yeməmişəm, ona görə də dişlərim tüz tökülüb və riyaziyyatı çətin qavramışam”.
8)Təfəkkürün (nitqin) qırıqlığı. Fikirlərin dolaşıqlığı, əlaqəsizliyi, “söz yığımı”
şəklində təzahür edir. Bu pozuntu dərəcəsinə görə 3 formada rast gəlinir: a)nitqin
assosiasiyası; b)qrıqlığı; v)şizofaziya (söz yığımı). Assosiativ pozuntu zamanı fikir
tamlığı, məzmunun bütövlüyü olmur. Qırıqlıqda cümlələr arasında, şizefaziya
zamanı isə hətta sözlər arasında əlaqə olmur. Bir xəstədən soruşduqda şikayətiniz
nədir, o belə cavab vermişdir: “Başım ağramır, şor qabından, nahaq danışma, nə
danışırsan, həkimkimdi, poçtalyon gəlmədi, Ərəbzəngi mənəm, çıx get”.
Təfəkkürün qırığlığının bütün formaları, o cümlədən şizofaziya şizifreniya zamanı,
ağır infeksion, intoksikasion psixozlarda rast gəlinir.
9)Aytistik təfəkkür real həyatdan uzaqlaşmaq, xəstənin daxili aləmi ilə (səhv
təsəvvürləri ilə) bağlı, obyektiv təcrübəyə əsaslanmayan, dialektik izaha tabe
olmayan təfəkkür formasıdır. Bu vəziyyət şizofreniya xəstəliyinin xarakter
əlamətlərindən biri olan autizm (özünə qapanma) sindromu çərçivəsində rast
gəlinir.
10)Təfəkkürün ambivalentliyi (qoşalaşması) xəstədə eyni vaxtda bir-birinə ziddi
fikirlərin meydana çıxmasıdır. Məsələn, xəstə ona vurulan iynəni ən güclü
müalicəvi təsirə malik dərman, həm də xərçəng xəstəliyinə səbəb olan maddə
hesab edir.
13
11) Simvolik təfəkkür. Normal mühakimələrin məntiqsiz, mənasız müəyyən
simvollarla bağlı olan mühakimələrlə əlaqələndirilməsidir. Məsələn, xəstə həkimlə
salamlaşarkən onun başını aşağı əyməsini yaxın vaxtlarda yas düşəcəyinə, kiminsə
öləcəyinə işarə kimi qiymətləndirir.
12)Neologizm psixi pozuntu ilə əlaqədar meydana çıxan yeni sözlərə, ifadələrə
deyilir. Xəstələr bu sözlərə özlərinə məxsus mənalar verir, sonralar isə (sağalarkən)
onu unudurlar. Məsələn, söhbət zamanı xəstənin işlətdiyi “söndüm” sözünün
mənasını soruşduqda o, demişdi: bu söz söyüd ağacının dibində olmaq deməkdir.
İ.P.Pavlovun fikrincə təfəkkürün sürətlənməsinin beyin qabığında oynamanın
güclənməsi və daxili şərti ləngimənin zəifləməsi ilə, təfəkkürün tormozlanmasını
isə beyin qabığında daxili ləngimənin oynamaya üstün gəlməsi ilə izah etmək olar.
Təfəkkürün müfəssəlliyi əsas sinir proseslərinin patoloji durğunluğu ilə
əlaqədardır. Perseverasiya isə beyninin müəyyən sahələrində əmələ gələn patoloji
durğunluğun oyanması ilə izah edilir. Təfəkkürün qırıqlığı zamanı ikinci siqnal
sisteminin əhatə edən sahələrin tormozlanması müşahidə olunur.
Təfəkkürün məzmunca (keyfiyyətcə) pozuntuları
Bu növ pozuntuları təfəkkürün patologiyası ilə əlaqədar meydana çıxan patoloji
məhsulat da adlandırılır. Bunlara sayıqlama ideyaları, sarışın hallar (ideyalar) və
yüksək qiymətli ideyalar aiddir.
Sayıqlama ideyaları. Psixi xəstəliklərlə əlaqədar əsassız yaranan və həmin şəxs
tərəfindən tənqidi münasibət bəslənilməyən əqli nəticələrə (ideyalara, fikirlərə və
münasibətlərə) deyilir.
Sayıqlamalar psixi xəstəliklər zamanı tez-tez rast gəlinən əlamətlərdəndir.
Təfəkkürün forma pozuntularından fərqli olaraq burada xəstənin söylədiyi
fikirlərin məzmununun düzgün olmaması nəzəri cəlb edir. Bəzi psixi sağlam
şəxslərdə rast gəlinən səhv fikirlər, mülahizə və ümumiləşdirmələri sayıqlama
adlandırmaq olmaz. Bir sıra hallarda (məsələn, istintaq prosesində) yalan
mülahizələrin söylənilməsini də sayıqlamalardan təcrid etmək lazımdır. Sayıqlama
fikirlərinin məzmununa xəstələr nəinki inanır, eyni zamanda onu inadkarcasına
sübuta yetirməyə çalışırlar. Bir qayda olaraq, sayıqlama fikirləri olan xəstələrdə bir
sıra başqa psixi əlamətlərində olması diqqəti cəlb edir. Belə adamlar heç bir
məqsəd güdmədən “fikirlərini” sübuta yetirməyə can atırlar. Bu məqsədlə maddi
14
və mənəvi ziyan çəkməsinə baxmayaraq öz məqsədindən çəkinmir. Məsələn, bir
nəfər orta savadı olan, mühasib köməkçisi işləyən şəxs “Yeni ulduz” kəşf etdiyini
sübut etmək üçün müxtəlif elmi idarələrə, nazirliklərə, mətbuat orqanlarına
müraciət edir, həftələrlə işə çıxmır və s.
Xəstədə sayıqlama fikirlərinin olmasını təsdiq etmək üçün təkcə onun söylədiyi
ideyalarla deyil, eyni zamanda onun digər hərəkətləri ilə də maraqlanmaq lazımdır.
Məsələn, ailə üzvlərinə münasibəti, iş yerində özünü necə aparmalı, əmək
fəaliyyətini dəyişməsi, xəstənin xarici gərgin, davranışı və s. təhlil edilməlidir.
Bəzi müəlliflər sayıqlamaları birincili və ikincili olmaqla iki qrupa bölürlər.
Qavrama pozuntuları ilə (illüziyalar, hallüsinasiyalar) əlaqədar olaraq meydana
çıxan sayıqlama ideyaları isə ikincili adlanır. Belə bölgü təcrübü cəhətdən az
əhəmiyyətlidir. Sayıqlama ideyalarını məzmununa görə fərqləndirmək daha
məqsədəuyğundur.
Sayıqlama ideyalarını 3 böyük qrupa bölmək mümkündür:
1.Münasibət sayıqlamaları;
2.özünü böyütmə sayıqlamaları;
3.özünü kiçiltmə sayıqlamaları.
Münasibət sayıqlamaları müşahidə edilən xəstələr belə hesab edirlər ki, ətraf
mühitdə olan hər şey onlarla müəyyən dərəcədə əlaqədardır. Xəstəyə elə gəlir ki,
bütün tanışlar və yadlar ona mənalı surətdə baxır, pıçıldaşır, onu lağa qoyurlar və s.
Belə hallarda normal davranış, xəstəni əhatə edən adamlarla qarşılıqlı münasibət
xeyli çətinləşir. Bunun nəticəsində xəstədə “mənə niyə belə baxırsınız”, “hamı
mənə nifrət edir”, “məni həbs etmək üçün faktlar toplayırlar” və s. sayıqlama
mülahizələri meydana çıxır.
Münasibət sayıqlamalarının aşağıdakı kliniki formalarına rast gəlinir.
1)Təqib sayıqlamaları zamanı xəstələrə elə gəlir ki, bir qrup adamlar, bəzən isə
bir nəfər naməlum şəxs “xüsusi tapşırığa” əsasən onu izləyir, onun bütün
hərəkətlərini, kimlərlə görüşməsini qeydə alır.
2)Təsir sayıqlamalarında xəstə güman edir ki, ona müxtəlif vasitələrlə, məsələn,
hupnoz, rentgen və lazer şüaları ilə təsir göstərirlər. Beləliklə, onun fikirlərini
çaşdırır, hərəkətlərinə mane olur və ya onu xəstələnməyə vadar edirlər. Bir nəfər
xəstə ona göstərilən “təsiri” belə izah edirdi: “Mənim qeyri-adi ixtiyarlarımı,
allahla olan əlaqəmi bir qrup adamlar öyrənmək üçün xüsusi aparatdan istifadə
edir, həmin aparat onların süni gözlərinin içərisində yerləşmişdir. O aparatlar
15
mənim fikirlərimi yazır, sonra isə beynimi kütləşdirir. Məqsədləri ixtiramı
mənimsəmək, məni isə dəli etməkdir”.
3) Zəhərləmə sayıqlamalarında xəstə söyləyir ki, onu zəhərləmək, xəstəliyə
düçar etmək və ya öldürmək istəyirlər. Bu məqsədlə yeməyinə dərman tökür,
yaxud da müalicə dərmanı əvəzinə güclü təsirə malik kimyəvi maddələr verirlər.
Belə sayıqlamaları olan xəstələr çox vaxt yeməkdən və dərman qəbul etməkdən
imtina edirlər.
4) Cadu sayıqlamalarında xəstələr inanır ki, onları cadu ediblər. Ona görə də
bədənləri zəifləyib, gücdən düşübdür.
5) Taqsırlandırma sayıqlamaları zamanı xəstələr təkidlə sübut etməyə
çalışırlar ki, ətrafdakı adamlar: iş yoldaşları və ya qohumları onu hər hansı bir pis
hərəkətdə (məsələn, ərizəbazlıqda, demaqoqluqda, nəlayiq hərəkətlərdə, oğurluqda
və s.) təqsirləndirirlər. Ona görə də onunla hanı küsülü kimi rəftar edir, ondan üz
döndəriblər. Belə xəstələr bəzən günlərlə evdən bayıra çıxmır, aramsız olaraq bu
sözləri təkrar edirlər: “Mən heç vaxt oğru və ləyaqətsiz adam olmamışam. Nə üçün
mənə inanmırsınız?”. Bu növ sayıqlamalar qocalıq önü psixozlarda tez-tez rast
gəlinir.
6) Qısqanclıq sayıqlamalarında xəstə öz həyat yoldaşını əsassız olaraq
qısqanır, kiminləsə görüşməkdə günahlandırır. Bir xəstə söyləyirdi ki, əri hər gün
işdən evə bir saat gec gəlir. Bu müddətdə o, sevimlisinin yanına gedir. Əri bazara
getdiyini söylədikdə xəstə inanmır və deyirdi ki, yox o, bazara günorta fasiləsində
gedib. Başqa bir xəstə 60 yaşlı həyat yoldaşını hər gecə saat 1-də, əri yuxuya
getdikdən sonra yataqdan durub harayasa getdiyini söyləyirdi. Sübut üçün yataq
otağının qapısına tüpürcəklə yapıdırdığı qəzet parçasının yerə düşdüyünü
göstərirdi.
7) Məhəbbət sayıqlamalarında xəstə kiminsə onu alovlu sevdiyini söyləyir. 35
yaşı olmasına baxmayaraq, ərə getməmiş qadın, bir nəfərin onu sevdiyini söyləyir
və deyirdi: nə olsun ki, o, evlidir və iki uşağı var, o, yalnız məni sevir, bu
yaxınlarda həyat yoldaşını atıb mənimlə evlənəcək. Nəyə əsasən belə
fikirləşirsiniz? Deyə soruşduqda xəstə cavab vermişdir: hər dəfə məni görərkən
mənimlə salamlaşır və mənalı nəzərlərlə mənə baxır.
8) Özünüböyütmə sayıqlamaları zamanı xəstələr özlərini həddindən artıq gözəl
qeyri-adi istedada malik şəxs hesab edir, olduqca dövlətli, güclü, bilikli olduqlarını
söyləyirlər. Bəzən özlərini hökmdar, sərkərdə, alim, yaxud da allah kimi qələmə
verirlər.
16
9) Özünü kiçikltmə ideyaları sayıqlama ideyalarının böyük bir qrupunu təşkil
edir. Bu sayıqlamaların ümuni cəhəti odur ki, xəstələrdə bədəninin müəyyən
hissələrinin və ya orqanlarının tam sağlam olmaması və ya bacarıqsız, qabiliyyətsiz
olmaları haqqında inam yaranır. Bəzən xəstələrə elə gəlir ki, onların həyatı səhv
hərəkətlərlə doludur. Belə sayıqlamalar özünü təqsirləndirmə adlanır.
Şəxsiyyətin kiçildilməsi bəzən fiziki çatışmazlıq şəklində özünü büruzə verə
bilər. Belə xəstələrə elə gəlir ki, onlar ağır xəstədirlər, bədənləri, orqanları
parçalanır, çürüyür. Bəzi xəstələr heç bir əsas olmadan deyirlər ki, vərəm, sifilis,
xərçəng, spid xəstəliyinə tutulmuşlar. Belə ideyalar ipoxondrik sayıqlamalar
adlanır. Bir sıra hallarda bu ideyalar daha kobud, mənasız olur və xəstələr ayrı-ayrı
orqanlarının varlığını inkar edirlər. Belə fikirlər nigilistik, inkar sayıqlamaları və
ya Kotar sindromu adlanır.
Qeyd etmək lazımdır ki, sayıqlama ideyaları bəzən sistemli xarakter daşıyır.
Onlar yanlış ideyalara, lakin doğru sübutlara əsaslanır. Bu paranoyal sayıqlamadır.
Bir xəstə tələbəlik illərində miroskop altında erntrositlərdə “sirrli” yağıntı –toplantı
görür. Belə hesab edir ki, o, eritrositlərin faqositar qabiliyyətini kəşf etmişdir. Bu
kəşfi sübut etmək üçün o bir sıra eksperimantal müayinələr aparır. Texniki
cəhətdən dəqiq aparılmayan təcrübələrində o, yalnız kəşfini təsdiq edən əlamətləri
görür, qalan proseslərə isə əhəmiyyət vermirdi. Birinci elmi cəmiyyətdən mənfi
cavab alan xəstə digər elmi cəmiyyətə müraciət edir, mümkün olan yerlərə ərizə
yazır, şikayət edir. Onun mübarizəsi uzun illər davam edir.
Paronoyal sayıqlamalardan fərqli olaraq paranoid sayıqlama sistemsiz, ardıcıl
olmur, yalançı ideyalara əsaslanır və mənasız sübutlarla “təsdiq” edilir. Parafren
sayıqlamalar sistemləşmiş, fantastik məzmunu ilə xarakterizə olunur. Belə
sayıqlamalar üçün fantaziya və konfabulyasiya xarakterikdir.
Sayıqlamaların patofizioloji əsasını İ.P.Pavlova görə, beyin qabığında patoloji
oyanma ocağının meydana gəlməsi təşkil edir. Həmin nahiyə ətrafında induksiya
qanunu əsasında ləngimə sahəsi əmələ gəlir ki, bu da durğun oyanmasının intensiv
surətdə ətrafa yayılmasının qarşısını alır.
Sarışın ideyalar. Şəxsin iradəsindən asılı olmayaraq meydana çıxan, lakin
xəstə tərəfindən tənqidi münasibət bəslənilən yersiz, arzuolunmaz fikirlərə,
xatırlamalara, qorxulara, hərəkətlərə və meyllərə sarışan hallar (ideyalar)deyilir.
Bir qayda olaraq, xəstələr sarışan ideyalar üzərində öz hakimiyyətlərini itirmirlər.
İradənin köməkliyi ilə onlar bu fikirləri özlərindən uzaqlaşdırmağa cəhd
göstərirlər. Lakin bu halda xəstələrdə yenə də narazılıq, qəmginlik, həyəcan hissi
17
qalır. Sarışan halların geduşi dəyişkən, bəzən də dərinləşərək ağır şəkil alır. Bəzən
tamamilə keçib keçmiş sarışan hallar müəyyən müddətdən sonra daha kəskin
formada təzahür etməyə başlayır. Sarışan ideyaların aşağıdakı formaları vardır:
a) Sarışan fikirlər – istənilmədən yaranan yersiz fikirlərdir.
b) Sarışan şübhələr – şəxs daima öz hərəkətlərinin, nitqinin düzgün
olmamasından şübhələnir.
v) Sarışan meyllər – mənasız, təhlükəli, ləyaqətsiz bir iş görməyə şiddətli
meylin əmələ gəlməsidir.
q) Sarışan hərəkətlər qorxu və şübhələrdən azad olmaq məqsədi güdən və bir
növ müdafiə xarakteri daşıyan hərəkətlərdir. Bəzən xəstənin qorxu və
şübhələrindən azad olmasına, nisbətən sakitləşməsinə sarışan halların məzmunu ilə
heç bir əlaqəsi olmayan müəyyən hərəkətlərin həyata keçirilməsi kömək edir. Belə
hərəkətlər sarışan rutuallar adlanır.
d) Sarışan xatırlamalar zamanı xəstə qorxulu, bəzən də mənasız hadisələri
yadına salır.
e)Sarışan qorxular və ya fobiyalar bir neçə formada təzahür edir: aqarofobiya
– açıq sahədən, geniş küçədən qorxmaq,; oksifobiya – iti əşyadan qorxmaq;
akrofobiya – hündürlükdən qorxmaq; antropofobiya – izdihamdan qorxmaq;
klaustrofobiya – bağlı qapıdan qorxmaq; dismorfobiya – eybəcərlikdən qorxmaq;
nozofobiya – ağır xəstəliyə tutulmadan qorxmaq; tonofobiya – ölümdən qorxmaq
və s.
İ.P.Pavlov hesab edirdi ki, sarışan halların və sayıqlamaların fizioloji
mexanizmini biri-birindən ayıran əlamət oynama ocağının patoloji durğunluğa olan
münasibətidir. Yəni patoloji durğunluq zəif olarsa sarışan hallar, güclü olarsa
sayıqlama əlamətləri meydana çıxır.
Yüksək qiymətli ideyalar. Real varlığa əsasən əmələ gələn, böyük emosional
gərginliklə müşayiət olunan və düşüncədə üstün yer tutan səhv mühakimələrə
yüksək qiymətli ideyalar deyilir. Müəyyən haqsızlıqdan incimiş şəxs onu unuda
bilmir, hadisəni aramsız təhlil edir. Bu hissiyyat onun düşüncəsində domunatlıq
təşkil edir və intiqam əhvali-ruhiyyəsi yaradır.
Yüksək qiymətli ideyalar sayıqlama ilə səhv fikirlər arasında olan vəziyyətdir.
Yüksək qiymətli ideyalar psixi xəstəliyə dəlalət etməsə də, patoloji hal sayılır. Belə
ideyalar psixopatlarda, emosiyaları müvazinətsiz, ahəngsiz olan şəxslərdə rast
gəlinir. Onları sayıqlama ideyalarından ayıran əsas cəhət real hadisələrlə əlaqədar
olmasıdır.
|