İnvertarlaşma – müəssisə mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əməliyyatlarının və onun düzgün icra olunmasını müəyyənləşdirir.
İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında» 24 mart 1995-ci il tarixi qanunu və əsas vəsaitlərin, əmtəə-material dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların invertarlaşdırılmasına dair olan təlimat əsasında aparılır. Həmin sənədlər əsasında müəssisə mühasibat uçotu və hesabatının doğru, düzgünlüyünü təsdiq etmək üçün dövrü olaraq öz əmlakının, kapitalının və sair maddi sərvətlərinin və ümumiyyətlə mühasibat balansının bütün aktiv və passiv maddələrinin invertarlaşmasını aparmalıdır.
İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:
– əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul vəsaitinin, qiymətli kağızların və bitməmiş istehsalın faktiki qalığının müəyyən edilməsi;
– material dəyərləri və pul vəsaitlərinin qorunub saxlanması üzərində nəzarət;
– tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin müəyyənləşdirilməsi;
– gələcək satışını təmin etmək üçün normadan artıq qalıqda olan maddi dəyərin müəyyənləşdirilməsi;
– material dəyəri və pul vəsaitinin saxlanması qaydalarının yoxlanması və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;
– müəssisə balansında əks olunmuş obyektlərin real vəziyyətini yoxlamaq.
İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiyyətə salınır. İnvertarlaşma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mühasibatlığa təqdim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yoxlamalar aparılır. Qarışılıqlı yoxlama əsasında invertarlaşdırmanın son nəticəsi müəyyən olunur.
Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə görə invertarlaşdırmanın aparılması məcburi olan hallardan başqa, hesabat ilində onların aparılma sayı, tarixi, yoxlanmış əmlakın siyahısı müəssisə rəhbərliyi tərəfindən müəyyən edilir.
Müəssisə əmlakının xarakterindən asılı olaraq konkret invertarlaşdırma vaxtı müəyyən olunmalıdır. Mövcud qaydalara görə təcrübədə invertarlaşdırma aparılması üçün aşağıdakı vaxtlar müəyyən olunur:
– əsas vəsaitlər üçün üç ildən bir;
– kitabxana fondu 5 ildən bir;
– anbarlarda olan hazır məhsullar, illik mühasibat (maliyyə) hesabatının hazırlanma qabağı, oktyabr ayının 1-dən tez olmamaqla;
– anbar və bazalardakı mallar-ərzaq malları üzrə ildə iki dəfə, qeyri-ərzaq malları üzrə ildə bir dəfə;
– azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;
–
pul vəsaiti, pul sənədləri ayda bir dəfə;
– debitor və kreditorlarla hesablaşmalar ildə iki dəfədən az olmayaraq.
Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini invertarlaşdırılmasının düzgün, vaxtında keçirilməsinə cavabdehdirlər. Müəssisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanunçuluq tələblərinə uyğun keçirilməsinə və onun nəticələrinin mühasibat uçotunda əks etdirilməsinə borcludur.
İnventarlaşdırma nəticəsində müəyyən olunmuş əmtəə-material dəyərləri ilə mühasibat uçotu qalıqlarında əmələ gəlmiş fərqlər mühasibat uçotu hesablarında aşağıdakı qaydada əks olunur:
– mövcud qanunçuluğa uyğun olan norma daxilində itkilər müəssisə rəhbərinin sərəncamı əsasında istehsal və tədavül xərclərinə aid olan 20«Əsas istehsalat», 26«Ümumtəsərrüfat xərcləri», 44«Tədavül xərcləri» hesablarının debetinə və 84«Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabının kreditinə yazılış aparılır. Təbii itki norması inventarizasiya nəticəsində əksik gəlmə müəyyən olduğu halda hesablanır.
– normadan artıq əskik gəlmə və əmlakın xarab olması ilə əlaqədar müəyyən olunmuş əmlakın dəyərləri təqsirkar şəxslərdən tutulmaqla 73/3 «Maddi zərərlərin ödənilməsi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının debetinə və 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabının kreditinə yazılış aparılır. Əgər məhkəmə qərarı ilə iddia imtina edilərsə, belə halda əmələ gəlmiş itkilər müəssisə maliyyə nəticələrinə silinir və bu halda 80 hesabın debetinə və 84 hesabın kreditinə yazılış aparılır.
Mühasibat uçotu üzrə əməliyyatların yazılışları invertarizasiya aparılan ayın hesabında əks olunmalıdır.
Qiymət və kalkulyasiya. Müəssisələrdə mövcud olan təsərrüfat vəsaitləri və təsərrüfat əməliyyatları öz xarakterinə görə müxtəlif məzmuna malikdir. Bununla əlaqədar olaraq vəsait və əməliyyatlarda ümumi göstəricinin müyyən olunmasına ehtiyac vardır. Bunun üçün isə qiymətdən istifadə olunması çox vacibdir. Qiymətin köməyi ilə müəssisədə mövcud əmlakın bütün çeşidlərinin ümumiləşdirilmiş həcmi müəyyən olunur. Yəni bütün natural və digər göstəricilər pul ölçüsünə çevrilir və bu əsasda müəssisə təsərrüfat vəsaitinin qiyməti onların həqiqi maya dəyərinə əsaslanaraq müəyyənləşdirilir. Müəssisə əmlakının və onun mənbəələrinin real qiymətləndirilməsi mühasibat uçotunun bütün sisteminin normal fəaliyyətində xüsusi əhəmiyyətə malikdir.
Müəssisə təsərrüfat fəaliyyətinə nəzarətin təmin olunmasında isə sərf olunmuş məsrəflər və onların yekun göstəriciləri müəyyənləşdirilməlidir. Bu hesabla sərf olunmuş bütün məsrəflər üzrə maya dəyərinin hesablanması çox vacib göstəricidir. Məhsulun maya dəyəri isə korkulyasiya əməliyyatının aparılması ilə müəyyən edilir. Kalkulyasiya eyni zamanda hər bir məhsul növü üzrə qiymətlərin müəyyən olunmasına şərait yaradır.
Beləliklə, mühasibat uçotu obyektlərini ümumiləşdirilmiş şəkildə ifadə etmək üçün qiymət və korkulyasiyadan istifadə edilir. Sərbəst bazar iqtisadiyyatı şəraitində həmin göstəricilərin təsir dairəsi daha da genişlənir və daha geniş əhəmiyyət kəsb edir.
Hesablar sistemi və ikitərəfli yazılış. Mühasibat uçotunun təsərrüfat əməliyyatlarının informasiya sistemi əsas elementlərindən biri mühasibat hesabları hesab olunur. Hesablar sistemi vasitəsilə mühasibat uçotunda əks olunmuş əməliyyatlar iqtisadi cəhətdən qruplaşdırılır. Mühasibat hesabları təsərrüfat əməliyyatlarının ifadə olunduğu məlumatları ümumiləşdirir və onların yekunlaşmasına şərait yaradır.
Bir sıra xarici ölkələrdə, o cümlədən İngiltərə-Amerika uçot sistemində mühasiblər hesab planını özləri tərtib tərtib edir və onlara şərti kodlar verirlər. Azərbaycan Respublikasında Mühasibat Uçotu Hesablar planı Mərkəzləşmiş qaydada Respublika Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş və hesabların adları və şifrələri müəyyən olunmuşdur.
Mövcud olan qaydalara görə təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında əks etdirilməsi ikitərəfli yazılışın köməyi ilə həyata keçirilir.
Mühasibat balansı və hesabat. Mühasibat uçotu ünsürləri içərisində mühasibat balansı və hesabat mühüm yer tutur. Mühasibat balansında müəssisənin özünəməxsus və cəlb olunmuş vəsaitlərinin iqtisadi cəhətdən qruplaşdırılması, onların yerləşdirilməsi və pul şəklində ifadəsi bir qayda olaraq hər ayın 1-i tarixində əks olunur.
Balansda bütün təsərrüfat vəsaitlərinin ümumi yekunu həmin vəsaitlərin əmələ gəlmə mənbələrinin yekununa bərabər olmalıdır. Beləliklə, müəsssə balansı müəssisənin təsərrüfat vəsaitinin və onların istifadə edilməsi üzərində nəzarətin həyata keçirilməsinə imkan verir.
Müəssisə və idarələrin mühasibat hesabatı müəyyən dövr üçün (ay, rüb, il) istehsalat-təsərrüfat və maliyyə fəaliyyətini xarakterizə edən göstəricilər sistemidir.
«Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunda» mühasibat hesabatı müəssisə maliyyə və əmlak vəziyyətinin vahid qəbul olunmuş göstəricilərin özündə əks etdirməklə mühasibat uçotu göstəriciləri əsasında vahid formada tərtib olunmaqla, maraqlı hüquqi və fiziki şəxslərin müəssisənin əmlak və maliyyə vəziyyəti, mənfəət və zərəri haqqında müqayisə edilə bilən məlumatlarla təminatından ibarətdir. Müəssisə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinin hərtərəfli təhlili ancaq balans və hesabata əsasən şərh olunur.
Mühasibat uçotunun bütün göstərilən metodoloji prinsip və qaydaları bir-birilə sıx surətdə əlaqədardır. Təcrübədə həmin metodiki prinsiplər əlaqədar ardıcıllıqla icra olunur. Göstərilən prinsiplərin icrası ilə mühasibat uçotunda fasiləsiz, ardıcıl və sənədlər əsasında təsərrüfat-maliyyə əməliyyatları pul, miqdar və əmək ölçülərinə uyğun olaraq ümumiləşdirilmiş formada əks olunur. Bütün bu əməliyyatların qarşılıqlı şəkildə mühasibat uçotunda əks olunması ilə etibarlı, sistemləşdirilmiş yekun hesabat göstəricilərinin əldə olunmasına imkan verir.
Bütün bunlar mühasibat uçotu sistemini yaradır və onun idarə olunmasını təmin edir.
Dostları ilə paylaş: |