Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


IX-X mühazirə : Fransa burjua inqilabından sonrakı və XIX əsrin 70-ci illərinə qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə24/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   138
Yeni tarix müh

IX-X mühazirə : Fransa burjua inqilabından sonrakı və XIX əsrin 70-ci illərinə qədərki dövrdə
Fransa konsulluq və iperiya dövründə (1799-1812). N. Bonapartın diqtəsi ilə qanunverici komissiya yeni konstitusiyanın layihəsini hazırladı və 24 dekabr 1799-cu ildə xalqa açıqladı. Bu konstitusiyada formal olaraq hakimiyyətin bölgüsü prinsipi öz əksini tapmışdır. Əslində isə qanunverici orqan icra orqanından asılı idi. İcra orqanı senat tərəfindən 10 il müddətinə təyin edilir və üç konsula tapşırıldı. Əslində isə bütün səlahiyyətlər birinci konsulun əlində idi. Birinci konsul qanunvericilik təşəbbüsü ilə çıxış etməklə nazirləri və digər vəzifələri təyin edir, beynəlxalq müqavilələri bağlayırdı. Qanunverici palata (Dövlət Şurası) qanunları hazırlamalı, müzakirə etməli (Tribunat bunu edirdi) və qanunverici korpus isə bu qanunu müzakirəsiz qəbul etməli idi. Konstitusiya ümumi seçki hüququnu bərpa edirdi. Bütün hakimiyyət institutları isə təyinatla formalaşırdı. Konsulluq senatın üzvlərini təyin edir, senatorlar isə Qanunverici Məclisin üzvlərini təyin edirdi. Beləliklə, bütün idarəetmə institutları Şura orqanının əlində cəmlənmişdi. Hansı ki, bu şura orqanının başında da birinci konsul- Napoleon Bonapart dururdu. 21 yaşa çatmış bütütn fransızlar seçkidə iştirak etmək hüququna malik idi. Lakin onlar deputatları deyil, deputatlığa namizədləri seçirdilər. Bu namizədlər siyahısından isə birinci konsul öz istəyi ilə hər üç qanunverici hakimiyyətin üzvlərini beş il müddətinə təyin edirdi. Senatorlar ömürlük olaraq təyin edilirdi. Direktoriyanın hakimiyyətə gəlməsi Fransa ətrafında koalisiyanı qüvvələrinin fəaliyyətini zəiflətdi. II Yekaterinanın tapşırığı ilə Rusiya donanması Peterburqa qayıtdı və imperatriça bəyan etdi ki, Fransanın ətafında koalisiya saxlamağa ehtiyac yoxdur. Direktoriya özü inqilabı məhv edəcək. Doğrudan da 1794-1795-ci illərdə Direktoriya inqilab dövründə qəbul edilmiş bir sıra qanunları, hətta Yakobin konstitusiyasını ləğv etdi. Fransada irticaçı rejim qurulmağa başladı. 1796-cı ildən etibarən Direktoriyanın özünün də mövqeləri zəiflədi. Çünki, ayrı-ayrı sərkərdələrin Qanunverici məclis üzərində hakimiyyəti güclənməkdə idi. Direktoriya vaxtı ilə Fransanın siyasi həyatında mühüm rol oynamış xadimləri geri qaytarmaqla öz mövqelərini möhkəmləndirməyə çalışırdı. Bunlardan biri də Taleyran idi. 1796-cı ilin iyununda Parisə qayıdan Taleyran Direktoriyanın xarici işlər naziri postunu tutur və çox tezliklə I Napoleonla yaxınlaşmağa müvəffəq olur. Lakin Direktoriya hakimiyyətini heç kimlə bölüşdürməyə hazırlaşmadığına görə, bir sıra siyasi xadimlər, o cümlədən Napoleon Fransadan uzaqlaşdırılır və Misir ekspedisiyasına göndərilir. Məlum olduğu kimi, I koalisiya qüvvələri 1797-ci ilin əvvəllərində sıradan çıxarılmışdı. 1797-ci il oktyabrın 17-də Kompo Fominoda Fransa ilə koalisiya qüvvələri arasında sülh müqaviləsi imzalandı. Bununla da I koalisiya dağıldı. Fransa işğal etdiyi bir sıra ərazilərin (Belçika, Reynsahili) sahibinə çevrildi. I koalisiya qüvvələrindən yalnız İngiltərə Fransa ilə sülh müqaviləsi imzalamadı və II koalisiyanın yaranması uğrunda siyasi mübarizəyə başladı. II koalisiya 1798-cü ilin yazından etibarən formalaşmağa başladı. Onun tərkibinə İngiltərə, Rusiya, Avstriya, İsveç, Türkiyə və Neopolitan krallığı daxil idi. Lakin II koalisiyanın daxilində birlik yox idi və 1800-cü ilin əvvəllərində dağıldı. 1801-ci ilin fevralında Fransa ilə Avstiya arasında Lyunevill sülh müqaviləsi imzalandı ki, bununla da Napoleonun Avropada işğalları tanındı. Fransanın siyasi həyatında XVIII əsrin 90-cı illərinin sonunda baş vermiş hadisələrin əksəriyyəti Taleyranın adı ilə bağlı idi. Taleyran Direktoriyanın içərisində nifaq yaratmağa müvəffəq olmuşdu. Məhz Taleyranın fəaliyyəti nəticəsində Napoleon Fransada baş verən hadisələrdən xəbərdar olmuş, Direktoriyanın nüfuzunun zəifləməsini yeni hakimiyyətin yaradılması üçün şans kimi dəyərləndirmiş və 1799-cu ilin noyaabrında 30 minlik qüvvəni Misirdə taleyin ümidinə buraxaraq Fransaya qayıtmışdı. 1799-cu ilin noyabrın 9-da Parisdəki silahlı qüvvələrin baş komandanı təyin edilən I Napoleon hərbi çevriliş həyata keçirdi. Qanunverici korpusun iclasları Paris yaxınlığındakı Sen-Klu şəhərciyinə köçürüldü. Hakimiyyət 3 konsula verildi. Birinci həlledici, II və III konsullar məşvərətçi səsə malik idi. İcraedici hakimiyyət bütünlüklə, qanunverici və məhkəmə hakimiyyəti isə qismən birinci konsula məxsus idi. Son dərəcə qısa müddətdə konsulluq dövlətinin konstitusiyası hazırlandı. Hər bir konsulun adı birinci dəfə üçün konstitusiyaya salındı. Konsulların səlahiyyət müddəti 10 il müəyyənləşdirildi və 1793-1795-ci illərdəki konstitusiyada olan demokratik bəndlərin hamısı 1799-cu il konstitusiyasından çıxarıldı. Konsulluq dövrünün xarici işlər naziri Taleyran Periqor oldu. Əslində xalq Napoleona səs verir, onu xilaskar kimi görürdü. 1802-ci ildə keçirilən yeni plebisit Napoleonu ömürlük I konsul təyin etdi. Napoleon özünə dayaq yaratmaq məqsədi ilə 1802-ci ildə mühacir-zadəganlara amnistiya verdi. İnqilab illərində ölkədən qaçmış zadəganlar geri qayıtmağa başladı. I Napoleon həvəslə zadəgan titulları paylayırdı. Təkcə, 1808-1814-cü illər arasında 360 zadəgan titulu verilmişdi. 1805-ci ildə Napoleon özünü İtaliyanın da kralı elan etdi.

Konsulluq və imperiya illərində mərkəzləşmiş bürokratik dövlət aparatı qəti şəkildə bərqərar oldu. İnqilab illərində yaradılmış seçkili idarə orqanları aradan qaldırıldı. Perfektura sistemi yaradıldı. Departamentlərin, polis idarələrinin başında perfektlər dururdu, departamentlərdəki icra və qanunvericilik funksiyaları onların əlində cəmləşmişdi. Ölkədə tədricən hərbi-bürokratik diktatura qurulur, bütün demokratik təsisatlar ləğv edilirdi. 1800-cü ildə ölkədəki 73 qəzetdən 60-ı bağlanmışdı. Ali və orta təhsil, elm ocaqları nəzarətə götürülürdü, son dərəcə qvvətli polis aparatı yaradılmışdı. Napoleonun yaxın adamı Buşye polis naziri təyin edilmişdi.

XVIII əsrin sonlarından etibarən Fransa sənaye inqilabının başlanması mərhələsinə daxil olmuşdu. 1800-cü ildə Fransa bankı, 1810-cu ildə isə iki şura: ticarət üzrə və fabrik-manufaktura üzrə şuralar yaradılmışdı. 1804-cü ildə vətəndaş kodeksi qəbul olunmuşdu ki, bu da sonradan Napoleon kodeksi adlandırıldı. Kodeks şəxsiyyət toxunulmazlığını, vicdan azadlığını, qanun qarşısında vətəndaşların bərabərliyini, xüsusi mülkiyyət toxunulmazlığını elan edirdi. 1807-ci ildə-cinayət kodeksi, 1811-ci ildə isə Kommersiya kodeksləri qəbul edildi. I Napoleonun hakimiyyəti illərində bonopartizm bərqərar oldu. Bonopartizm- Napoleon diktaturası burjua dövlətçiliyinin elə xüsusi formasıdır ki, burada burjuaziya siyasi hakimiyyətdə iştirak etməkdən uzaqlaşdırılmışdı.

1800-1801-ci illərdə Napoleonun daxili və xarici siyasəti sahəsində həyata keçirdiyi tədbirlər onun daxili və beynəlxalq mövqelərini xeyli möhkəmləndirdi. 1802-ci ildə plebisit yolu ilə Napoleon Fransanın ömürlük birinci konsulu təyin olundu. Tədqiqatçılar Fransanın qələbələrini, faciəsini də I Napoleonun adı ilə bağlayırlar. O, 1769-cu il avqustun 15- də Korsika adasında doğulmuş, 1821-ci il mayın 5-də isə Müqəddəs Yelena adasında vəfat etmişdir. 24 yaşında- 1793-cü il dekabrın 17-də Tulon şəhərinin azad edilməsində göstərdiyi şücaətə görə, kapitan rütbəsindən briqada generalı rütbəsinə qədər yüksələn Napoleon özünü qısa müddətə həm istedadlı sərkərdə, həm də yaşanmaqda olan hadisələrin mürəkkəbliyindən baş çıxaran siyasətçi və dövlət xadimi kimi göstərə bilmişdir. Myurat, Davu, Lan və Ney kimi istedadlı fransız generalları Napoleon hərb məktəbinin yetirmələri idi. Cənazəsi 1840-cı ildə Parisə gətirilmiş və öz vəsiyyətinə əsasən, Sena çayının sahillərində dəfn edilmişdi.

Napoleonun xarici siyasətində başlıca uğurları Roma Papası ilə razılığa gəlməsi və mühacir zadəganlara amnistiya verilməsi olmuşdu. Napoleon 1800-ci ildə Roma Papası ilə diplomatik danışıqlara başladı və 1801-ci ildə onların arasında konkordat imzalandı. Sənədə görə Napoleon katolik məzhəbini Fransanın dövlət dini elan edirdi, əvəzində Papa müsadirə olunmuş bütün kilsə torpaqlarını yeni sahiblərinin mülkiyyətinə daxil olmasını qəbul edir və onların lənətlənməsi fikrindən imtina edirdi. Roma Papasının dəstəyi ilə Napoleon 1802-ci ildə özünün əbədi konsul seçilməsini reallaşdırmış, 1804-cü ilin mayında isə legitimliyi saxlamaq xatirinə Papanın razılığı ilə İmperator titulunu qəbul etmişdir. 1803-cü ildən etibarən Fransa pulları üzərində Napoleonun şəkilləri əks olunurdu, onun ad günü milli bayram elan edilirdi. Napoleon İmperiyanın və Konsulluğun sosial dayağını möhkəmləndirmək məqsədilə mühacir zadəganların amnistiya almasına imkan yaratdı. 36 min nəfər amnistiya aldı və bir çoxu öz vəzifəsinə qaytarıldı.

Bununla belə, I Napoleonun Roma Papası ilə müttəfiqliyi sonadək davam etmədi. Papa tədricən Napoleonun Avropada hegemonluq niyyətlərini məhdudlaşdırmağa çalışırdı. Buna görə də, I Napoleon 1809-cu ildə Roma Papasının 756-cı ildən bəri olan hakimiyyətinə son qoydu, Papa vilayətini Fransaya ilhaq etdi, bütün kardinalları Parisə köçürdü, Romanı imperiyanın ikinci şəhərinə çevirdi. Cavabında Papa VII Piy Napoleonu kilsədən xaric elan etdi və lənətlədi. Napoleon Papanı əvvəlcə Qrenobla, sonra isə Savona göndərdi ki, orada nəzarət altında yaşamalı oldu. Bu vəziyyət imperiyanın sonuna qədər davam etdi.

Konsulluq dövründən etibarən Napoleon hakimiyyətin legitimliyini Avropa dövlətlərinə qəbul etdirmək üçün həm nikah, həm də sülalə ənənələrinə müraciət etmişdir. Lakin İspaniya ilə sülalə müqaviləsini bərpa etmək mümkün olmadı. Əvəzində 1810-cu ildə Jozefinadan ayrılan Napoleon Avstriya şahzadəsi Mariya Luiza ilə evləndi və ondan qanuni varis əldə etdi.

Napoleonun Avropa siyasəti güc və siyasətin sintezinə əsaslanırdı. Artıq formalaşmış Bonopartizmin əsas xüsusiyyəti daxili və xarici siyasətdə inqilaba qədərki Fransanın mövqelərinin bərpa olunmasına yönəlmişdi. İnqilab dövründə yaranmış bir milyonluq Fransa ordusu Fransanın xarici siyasət uğurlarının başlıca vasitəsi idi. Məhz Napoleonun dövründə fransız respublikası öz mövcudluğunu Avropa dövlətlərinin hamısına qəbul etdirmişdi. Napoleonun xarici siyasətində mərkəzi yerlərdən birini də antifransız koalisiyasına qarşı mübarizə tuturdu. Kompo Fomino sazişindən sonra Avstriya I koalisiyanın üzvləri sırasından çıxarıldı. Lakin Rusiya diplomatiyasının siyasi və iqtisadi yardımı nəticəsində Avstriya çox tezliklə II koalisiyanın üzvləri sırasında göründü.

Fransaya qarşı II koalisiyanın yaranması İngiltərənin fəaliyyəti ilə bağlıdır. 1798-ci ildə Napoleonun Misir ekspedisiyasına göndərilməsi İngiltərənin Fransaya qarşı mübarizə planlarına ümid və reallıq gətirmişdir. 1798-ci ilin iyununda İngiltərə Rusiya və Avstriya ilə olduqca fəal diplomatik danışıqlar aparırdı. I koalisiyadan fərqli olaraq, II koalisiyada İngiltərə donanmasının hərbi əməliyyatlarda fəal iştirakı nəzərdə tutulurdu. Müttəfiqlik sazişi əvvəlcə İngiltərə və Rusiya arasında imzalandı. Sonra Avstriya, İsveç və Neapol krallığı bu sazişə qoşuldu. İtalyan knyazlıqlarını sazişə daxil etməklə, İngiltərə Fransanın qüvvələrini parçalamağı nəzərdə tuturdu. Bu məqsədlə İtalyan knyazlıqlarına qarşı maliyyə yardımından və şantajdan istifadə olunurdu. Türkiyənin II koalisiyaya qoşulması Fransız donanmasının Türkiyə üçün yaratdığı təhlükə ilə bağlı olmuşdur. Lakin Türkiyə fəal hərbi əməliyyatlarda iştirak etmədi. Koalisiya iştirakçılarının ayrı-ayrılıqda fəaliyyət göstərməsi və daxili zidiyyətlərin mövcudluğu 1802-ci ildə koalisiyanın da dağılmasına səbəb oldu. II koalisiyanın dağılması Napoleonun Avropa üzərində hərbi-siyasi üstünlüyü demək idi. Bu dövrdən etibarən I Napoleon Avropa hegemonluğu iddiasına düşmüşdü. 1803-1805-ci illər arasındakı dövrdə Napoleonun Avopadakı diplomatik uğurları və hərbi qələbələri yalnız İngiltərə və Rusiya tərəfindən etiraf olunmurdu. İmperiya dövrünün əvvəlindən etibarən Taleyranın məsləhəti ilə İngiltərənin Avropa kontinentindən təcrid olunması planı hazırlanmağa başlanmışdı.

Napoleon 1805-ci il Trafalqar döyüşündən sonra xüsusilə açıq şəkildə İngiltərəyə qarşı iqtisadi blokada siyasətini yeritməyə başlamışdı. Bu dövrdə Avropanın cənubu və şimalındakı bir sıra ərazilər Napoleon imperiyasının tərkibinə qatılmış və bu imperiya 72 milyonluq əhalisi olan nəhəng bir dövlətə çevrilmişdi. Halbuki, Avropanın ən böyük ölkəsi olan Rusiyanın 36 milyon nəfər əhalisi var idi. Fransız siyasi xadimlərindən Syulli vaxtilə xəbərdarlıq edirdi ki, dövlət saxlaya biləcəyindən artıq əraziyə malik olduqda hökmən düşmən dövlətlərinin koalisiyası ilə üzləşir və yaranmış vəziyyətdən çıxış yolunu ancaq silah həll edir. Fransanın ərazisinə 1805-ci ildə yalnız Avstriya və Prussiya, həmçinin Avropanın şimalındakı kiçik knyazlıqlar qatılmamışdı. Fransanın çox sürətlə La-Manş boğazına yaxınlaşması İngiltərəni-ciddi şəkildə təhlükəsizlik tədbirləri görməyə vadr edirdi. I Napoleon məhz bu dövrdə " üç dumanlı gecə və 30 minlik ordu kifayətdir ki, İngiltərənin taleyi həll olunsun" demişdi. Çox tezliklə İngiltərə III koalisiyanın yaradıcılarından birinə çevrildi. Başlıca diplomatik danışıqlar yenə aralarındakı dərin ziddiyyətə baxmayaraq, İngiltərə və Rusiya arasında gedirdi. İngiltərə yaranmış şəraitdə Rusiyanın Cənubi Qafqaz ekspansiyası ilə barışmalı olmuşdu. İngilis diplomatiyası çalışırdı ki, Rusiyanın hərbi qüvvələri sürətlə öz mövqelərini dəyişərək Avropa sərhədlərinə keçirilsin. Rusiyanın hadisələr müdaxiləsi, xüsusilə rus sərkərdəsi A. Suvorovun 1799-cu ildə And dağlarından keçidi ilə əlaqədar xeyli güclənmişdi və bu Fransanın daimi narahatlıq mənbəyi idi. III koalisiyada Avstriya və Prussiyanın iştirakına imkan verməmək üçün Napoleon əsas diqqəti hərbi sahəyə yönəltməli olmuşdu.

Yaranmış şəraitdə, ilk növbədə, İngiltərə ilə Rusiya arasında yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar intensivləşdi. Rusiya diplomatiyasının səyləri nəticəsində 1804-cü ilin mart-aprelində Danimarka və Prussiya, ilin sonunda isə Avstriya və İsveçrə birgə müdafiə haqqında konvensiya imzaladılar. 1805-ci ilin aprelində Peterburqda analoji konvensiya İngiltərə ilə Rusiya arasında imzalandı. 1805-ci ilin sentyabrında Türkiyə III koalisiyaya qoşuldu və Rusiya ilə müttəfiqlik müqaviləsi imzaladı. Səbəb Fransanın Misirə müdaxiləyə hazırlaşması ilə bağlı idi. Neopolitan krallığının qoşulması ilə bağlı koalisiyanın yaradılması prosesi başa çatdı. Koalisiya qüvvələrinin dislokasiyası I Napoleonu son dərəcə sürətli hərəkət etmək qarşısında qoydu. Trafalqar döyüşündə (1805 oktyabr) məğlubiyyətinə baxmayaraq, Austerlis döyüşündə (1805, dekabr) müttəfiqləri məğlubiyyətə uğradan I Napoleon III koalisiyanı da dağıtmağa müvəffəq oldu.

1806-cı ilin sentyabrında I Napoleona qarşı IV koalisiya yaradıldı. Onun tərkibinə Prussiya, Rusiya, İngiltərə və İsveç daxil idi. Fransa qoşunlarının Avropanın şimalına doğru sürətli hərəkəti nəticəsində 1806-cı il noyabrın 19-da Berlin tutuldu. Noyabrın 21-də Napoleon burada 2 tarixi sənəd imzaladı: “1. Müqəddəs Roma imperiyasının buraxılması haqqında dekret. Bu sənədə əsasən, 962-ci ildə yaranan və tarixi ədəbiyyata I Reyx adı ilə daxil olan imperiyaya son qoyuldu. Napoleon eyni zamanda özünü həmin imperiyanın varisi kimi apararaq parçalanmış alman knyazlıqları ilə bağlı bir sıra öhdəliklər götürdü. 2. Kontinental blokada siyasəti haqqında dekret. Bu dekretə görə, Avropa kontinentindəki müstəqil və yarımmüstəqil dövlətlərin hamısı İngiltərə ilə siyasi, iqtisadi və ticarət əlaqələrini kəsirdilər. Rusiya yalnız Tilzit sülhündən (1807, iyul) sonra həmin siyasətə qoşulmuşdu. İngiltərə mallarının əsas alıcıları Avropa dövlətləri idi. İngilis mahudu və kanatı Avropa dövlətlərinin hamısının hərbi bazasına daxil idi. Lakin Avropa tarixində qaçaqmalçılıq heç zaman 1806-1809-cu illər arasında olduğu qədər olmamışdı. Ona görə də, Kontinental blokada siyasəti İngiltərə mallarına görünməmiş yüksək qiymət gətirdi. Bu siyasət Rusiya tacirlərinə olduqca ağır zərbə endirirdi. Napoleon Rusiyanın başının cənubda hərbi əməliyyatlara qarışmasından məharətlə istifadə edirdi. Avropada dramatik hadisələrin genişləndiyi dövrdə Rusiya cənubda İran (1804-1813) və Türkiyə (1806-1812) ilə müharibələr aparılsa da, Avropa siyasətində hərbi əməliyyatlarla yanaşı diplomatiyaya da-ciddi fikir veriridi. Aparılmış hərbi əməliyyatlardakı uğurlara, diplomatik danışıqlardakı üstünlüklərə (xüsusilə Tilzit sülhündən sonra) baxmayaraq, Napoleonun Avropa hegemonluğuna nail olması reallaşmadı. 1807-ci ilin sentyabrında imperatorların Erfrut görüşündən sonra Taleyran Rusiyaya Fransa ilə müttəfiqlik münasibətlərinə girməməyi tövsiyə etmişdi, I Aleksandr bunu nəzərə almışdı. IV koalisiyanın hərbi əməliyyatlarda uğursuzluğu çox tezliklə Rusiyanın Fransaya münasibətdə götürdüyü siyasi xətti dəyişməyə vadar etdi. Nəticələrindən asılı olmayaraq rus və fransız imperatorlarının Erfrut görüşü bunun siyasi təsdiqi idi. Koalisiya iştirakçılarından yalnız İngiltərə ona ayrılmış tale ilə barışmadı və aralarında-ciddi ziddiyyətlərin olmasına baxmayaraq Rusiya ilə yaxınlaşmaq üçün müxtəlif faktorlardan istifadə etdi. İngiltərə Türkiyəyə təzyiq göstərərək Cənubi Qafqazdakı hərbi əməliyyatların başa çatmasında müəyyən rol oynadı. İngiltərənin Rusiya ilə danışıqlarının başlıca məqsədi Rusiya hərbi qüvvələrinin pərakəndəliyini aradan qaldırmaq və onları Napoleon Fransasına qarşı yönəltmək idi.



1808-ci ilin sonu- 1809-cu ilin əvvəllərində Fransaya qarşı V Koalisiya yarandı. Bu Koalisiya Avstriya və İngiltərə hərbi-siyasi ittifaqına əsaslanırdı. Koalisiya qüvvələri, demək olar ki, hərbi əməliyyatlarda iştirak etmirdilər. Bu, Avstriyanın ağır məlubiyyətinin başlıca faktoru idi. 1809-cu ilin oktyabrında Avstriya ilə Fransa arasında Şenbun müqaviləsi imzalandı. V koalisiya dağıldı. Napoleon dönə-dönə qeyd edirdi ki, onun Avropa hegemonluğunun reallaşmasına mane olan Rusiyadır və Rusiyanın aradan qaldırılması üçün Napoleonun siyasi tədbirləri çox tezliklə hərbi təzyiqlə əvəzləndi. 1812-ci ilin yazında Rusiya sərhəddinə Fransanın 640 min nəfərlik ordusu toplaşmışdı. Rusiyanın hərbi qüvvələri isə I Aleksandrın komandanlığı altında 3 hissəyə parçalanmış və ölkənin qərb səhədləri boyunca səpələnmişdi. Rus ordusunun Baş qərargahına şotland mənşəli Barklay de Tolli başçılıq edirdi. General A. R. Tormosovun ordusu cənub-cinahda idi. General Rumyantsevin ordusu isə şimalda Fransaya qarşı əks cəbhədə yerləşmişdi. Hətta rus qoşunları vahid cəbhədə yerləşsəydi belə, cəmi 230-240 min nəfərlik heyətə malik idi ki, bu da Napoleonun qüvvələri ilə müqayisədə olduqca az idi. Napoleonun Rusiyaya yürüşü 1812-ci ilin iyun-dekabr aylarını əhatə edir. İyulun 24-də Neman çayını keçən fransız qoşunları böyük qələbələr əldə etsələr də, üç cəbhəyə bölünmüş rus ordusunun M. İ. Kutuzovun rəhbərliyi altında birləşdirilməsinə mane ola bilmədilər. Borodino döyüşündən sonra rus qoşunlarının əks hücumu başladı. Tədricən I Napoleonun müttəfiqləri ondan uzaqlaşmağa başladılar. 1812-ci il dekabrın sonuna qədər davam edən döyüş əməliyyatlarından sonra Napoleonun Avropa cahangirliyinə meydan verən ordusundan cəmi 3 min nəfərlik dəstə Berezna çayını keçərək Fransaya qayıda bildi. Napoleon ordusunun Rusiyada məğlubiyyəti bütün Avropada milli-azadlıq hərəkatına təkan verdi. M. İ. Kutuzovun rus ordusuna komandanlığından sonra Borodino döyüşündə Rusiya qüvvələri ilə Fransa qüvvələri arasında tarazlıq yarandı və Rusiya Napoleon Fransasına qarşı yeni koalisiyaya rəhbərliyi öz əlinə götürdü. Rusiyanın Avropa yürüşünün başlanmasından sonra ilk növbədə Prussiya hərbi əməliyyatların iştirakçısına çevrildi. 1813-cü ilin yanvar-fevralı üçün Rusiya yeni antifransız koalisiyasının iştirakçısına çevrildi, VI koalisiya yaradıldı. Onun tərkibinə İngiltərə, Rusiya, İsveç, Avstriya, Prussiya, İspaniya və Portuqaliya daxil idilər. Bu zaman koalisiyanı yaratmaqla Rusiya 2 məqsəd güdürdü: 1. Napoleon ilə mübarizəni sona çatdırmaq üçün hərbi qüvvələrin mərkəzləşməsi və vahid idarəçiliyə nail olmaq; 2. Napoleon ilə Avropa dövlətlərindən hər hansı biri arasında separat danışıqların və sülhün bağlanmasına imkan verməmək. I Aleksandr hər iki məqsədin reallaşması üçün Varşavada liderlərin görüşünün keçirilməsini planlaşdırırdı. Lakin M. İ. Kutuzovun vəfat etməsi onun planlarını dəyişdi. I Aleksandr şərt kimi I Napoleonla danışıqlara başlamamağı Prussiyanın, Avstriyanın və İngiltərənin nümayəndələrinə çatdırmışdı. 1814-cü ilin martında Fransaya qarşı qüvvələri vahid komandanlıqda birləşdirən İngiltərə, Rusiya, İsveç, Prussiya, İspaniya, Portuqaliya və Avstriyanın daxil olduğu Şamon ittifaqı yaradıldı. Bu ittifaqı Rusiyanın əvvəldə qeyd etdiyimiz niyyətləri şərtləndirirdi. Məhz Şamon ittifaqı Napoleona qarşı mübarizəni sona çatdırdı. 1814-cü il martın 31-də müttəfiq qoşunları Parisə daxil oldu. Fransanın cənubunda Napoleon əsir götürüldü və Elba adasına sürgün edildi. 1814-cü il mayın 30-da Fransa ilə I Paris sülh müqaviləsi imzalandı. Müqavilə Fransaya heç bir ağır şərt qoymurdu. Müttəfiqlər gözləmə mövqeyi tutaraq Fransada təkrar qisasçılığın baş qaldırmasının qarşısını almaq istəyirdilər. Lakin koalisiyanın təntənəsi uzun sürmədi. 1815-ci il martın 1-də Napoleon Elba adasını tərk edərək Fransada görünür və hakimiyyətini bərpa edərək müttəfiqlərlə son döyüşə hazırlaşır. Napoleonun aşkarladığı 1815-ci il 3 yanvar gizli sazişi də müttəfiqlərin arasını vura bilmir. 1815-ci ilin iyununda baş vermiş Vaterloo döyüşündə Napoleon əsir götürülür və Müqəddəs Yelena adasına sürgün olunur. I Paris sülhünün şərtləri Fransanın zərərinə olaraq II Paris sülhü ilə ağırlaşdırılır, ölkənin üzərinə 700 min frank təzminat qoyulur və-ciddi nəzarət rejimi yaradılır. Müharibənin nəticələrinin aradan qaldırılması və onun "bəhrələrinin" bölüşdürülməsi üçün Vyanada beynəlxalq konqres çağırılır. Vyana konqresinin qərarları Avropanın ictimai-siyasi həyatında silinməz izlər qoymuşdur.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin