Qüvvələr tarazlığı sistemi şəraitində Avropada diplomatiyanın müasir modelinin yayılması. XVI əsrdə tarazlıq ideyası tədricən İtaliya hüdudlarından çıxaraq Avropada populyarlıq qazanmağa başladı. 1584-cü ildə Hugenotların lideri (XVI əsrdə fransız protestantları) lideri Filipp Dyüplessi – Morne Fransa və İspaniya arasında qüvvələr balansı haqqında çıxış etmişdi. O, İspaniyaya qarşı ingilislərin, hollandların, danimarkalıların, venesialıların, İsveç kantonlarının və hətta türklərin fransızlarla alyansa girməsini təklif etmişdi.
Tomazo Kampanella isə “ İtaliya hökmdarlarına ünvanlanmış siyasi nitqlər” əsərində yazırdı ki, Avstriya Habsburqları və Osmanlı imperiyası çox gözəl bir-birini tarazlaşdırırlar.
XVII əsrin ortalarında Fransa –Danimarka arasında imzalanmış müqavilədə ilk dəfə tərəflərin Baltika və Şimal dənizləri rayonunda “bu vaxtadək sülhün və ictimai sabitliyin əsasında duran səmərəli tarazlığın” saxlanması niyyətləri öz əksini tapmışdı. Eyni zamanda ümumi tarazlıq sistemi daxilində kiçik regional sistemlərin yaradılması ideyası yaranır. Məşhur ingilis dövlət xadimi ser Tomas Ouveberi özünün “ IV Henrixin Fransız dövləti haqqında qeydləri” əsərində həm Fransa,İspaniya və İngiltərədən ibarət Qərbi Avropa tarazlıq sisteminin, həm Moskva, Polşa İsveç və Danimarkadan ibarət Şərqi-Avropa tarazlıq sisteminin, həm də Alman dövlətlərindən ibarət Mərkəzi Avropa tarazlıq sisteminin yaradılmasının zəruriliyini qeyd edirdi. Fransanın güclənməsi Avropa diplomatiyasının ona qarşı fəaliyyət göstərməsinə səbəb oldu. XIII Ludovikin təcavüzkar siyasəti antifransız koalisiyasının yaradılması ideyasını gündəmə gətirmiş oldu.
Avropa tarazlıq sisteminə İngiltərənin baxışları öz orjinallığı ilə seçilirdi. XVII əsrin sonlarınadək İngiltərə Avropa işlərinə son dərəcə zəif müdaxilə edirdi. Daxili qarşıdurmalar,ordunun zəifliyi, dəqiq xarici siyasət kursunun olmaması bu ölkənin yüksəlməsinə imkan vermirdi.1688-1689-cu illər İnqilabı İngiltərənin Avropaya münasibətini kökündən dəyişdirdi. Bundan sonra İngiltərə tədricən Fransaya qarşı müqavimət mərkəzinə çevrilməkdə idi.
Balans ideyası tamamilə materialist səciyyə daşıyırdı. Onun əsasında hər bir dövlətin qüvvə potensialının dəqiq qiyməti dururdu. Bu zaman bu və ya digər dövlətin ədalətliliyi , siyasətdə mənəvi aspeklər tamamilə qəbul olunmurdu.
Balans ideyası ilə yanaşı dövlət suverenliyi və dövlətlərin bərabərliyi konsepsiyası öz təsdiqini tapırdı. Orta əsrlərdən Yeni dövrə keçid şəraitində beynəlxalq sistemin inkişafı diplomatik xidmətin müasir modelinin yayılmasına geniş imkanlar açırdı. Başqa sözlə, dövlət institularının dünyəviləşməsi və beynəlxalq münasibətlərdə yeni sistemin qərarlaşması prosesi sürətlənirdi.
İntibah dövrünün yeni diplomatiyası yeni tipli dövlətlərin funksional ifadəsinə çevrildi. Tarazlıq siyasəti bir tərəfdən daimi diplomatik xidmətin yaradılmasını stimullaşdırır, digər tərəfdən isə məhz səmərəli diplomatiya bu siyasətin həyata keçirilməsini mümkün edirdi.
Elmi ədəbiyyatda “İtalian modeli” adlandırılan diplomatik xidmətin yeni modeli aşağıdakı səciyyəvi xüsusiyyətlərə malik idi:
Dövlət xarici siyasət dəftərxanalarının yaradılması;
Dövlətin xarici siyasət fəaliyyətinin təmin olunması ilə peşəkarcasına məşğul olan və dövlət büdcəsindən məvacib alan məmurlar sinfinin yaranması;
Qarşılıqlı daimi diplomatik nümayəndəliklər sisteminin yayılması;
Diplomatik korrespondensiya və diplomatik arxivlərin xüsusi növünün yaranması.
Yaranmış diplomatik sistemi “qloballaşmanın” bir təzahürü kimi də səciyyələndirmək olar. Konkret yerdə (Apenin yarımadasında) və konkret vaxtda ( Renessans dövrü) yaranan diplomatik sistemi zaman keçdikcə dünyanın digər ölkələrinə yayılmışdır. Qüvvələr tarazlığı ideyasının Avropada yayılması ilə Avropa diplomatiyası daha böyük həvəslə “ İtalian modelinin” ardınca gedirdi.
Bu yolu tutmuş ilk ölkə Fransa oldu. XVI əsrin əvvəllərində I Fransiskin dövründə Fransada daimi nümayəndəlik institutu yaranmışdı. Lakin bunlar yeni diplomatik sistemin yalnız ilkin ünsürləri idi. Yalnız XIII Lüdovikin döründə Fransanın birinci naziri Kardinal Rişelye öz ölkəsinin xarici siyasətinin müvəffəqiyyətli inkişafı üçün italian modelinin qəbul olunmasının zəruriliyini tam dərk etdi. Kardinal Rişelye tarazlıq ideyasını inkişaf etdirməklə yanaşı “Avropa tarazlığı” anlayışını dövriyyəyə daxil etmişdir. Onun təsəvvürlərinə görə suveren dövlətlərdən ibarət Avropa sistemində dövlətlərarası münasibətlər daimi əsaslar üzrə qurulurdu. K. Rişelyeyə görə , dövlətin maraqları taxt-tac, aristokratiya və xalqın maraqlarından yüksəkdir. Dünyəvi diplomatiyanın əsil nəzəriyyəçisi olan Rişelye suveren dövlətlər arasında münasibətlərin daimi olmasında israr edirdi. Belə münasibətlərin davamlılığını və ardıcıllığını təmin etmək üçün Rişelye özünün “ Siyasi vəziyyəti”ndə (1638) yazırdı ki : “Danışıqları yorulmadan, açıq, gündəlik davam etdirmək zəruridir və hətta gələcəkdə qarşıya qoyulmuş məqsədə çatmağa tam əmin olmadıqda və həmin nəticələr əldə olunmadıqda belə danışıqları kəsməməli. Təbii ki, Rişelyenin təklif etdiyi danışıqlar prosesinin konsepsiyası səfir-rezident olmadan həyata keçirmək mümkün deyildi.
Xarici siyasət və səfirlərin fəaliyyətinə mütəmadi nəzarət olunması zəruriliyi, Rişelyeni xarici siyasətə rəhbərliyin vahid nazirlikdə cəmləşdirilməsi qənaətinə gəlməsinə səbəb olmuşdur. Beləliklə, 1626-cı ildə Avropada ilk Xarici İşlər Nazirliyi yarandı. Yeni xarici siyasət idarəsində rəhbərliyi Rişelye tamamilə öz əlinə almışdı.Nazirliyin nəzdində arxiv təsis olunmuşdu. Sonradan bu arxiv üçün Versalda yanğından qorunan xüsusi bina inşa olunmuşdu. Kardinal Rişelyenin siyasətini onun varisi Kardinal Mazarino davam etdirdi. Diplomatiyaya böyük əhəmiyyət verən Mazarino da danışıqlarda “ максимал гибкост” və davamlılığını israr edirdi.
XVII əsrin sonlarında Fransa diplomatik xidməti Avropada tarazlıq sisteminin fəal iştirakçısı kimi regionda ən güclü və geniş diplomatik sistemə çevrilir. Fransa kralının səfirləri Romada, Venesiyada, İstanbulda, Vyanada, Haaqada, Londonda, Madriddə, Lissabonda, Münxendə, Kopenhaqendə, Berndə daimi diplomatik nümayəndəliklərə rəhbərlik edirdilər. Dünyanın digər iqtisadi və siyasi mərkəzlərində fransız nazir-rezidentlər hadisələrin inkişafını diqqətlə izləyirdilər.Tezliklə səfirlərin yalnız yüksək təbəqə nümayəndələri deyil, həm də hüquq təhsili olan “istedadlı insanlar” sırasından təyin olunması adəti geniş yayıldı.Diplomatik xidmət sistemində yer almaq iddiasında olan gəncləri öyrətmək üçün Strasburq universiteti yanında ümumi hüquq məktəbinə göndərirdilər.
XVII əsrin ikinci yarısında fransız xarici siyasət idarəsi tamamilə daxili siyasət məsələlərindən azad oldu. Nazirlikdə Siyasi departament yaradılmış, diplomatik korrespondesiya və kargüzarlığın səmərəli sistemi işlənib hazırlanmışdı. Xüsusi şifrələmə departamenti təşkil olunur və idarə öz işində yeni riyazi nəzəriyyələrdən faydalanmağa başlayır. Departament həm yazışmaların məxviliyini təmin etməli, həm də, digər dövlətlərin agentlərinin əlaqə kanallarına müdaxiləsinin qarşısını almalı idi. Nazirliyin maliyyə departamenti diplomatik üstünlüklərə nəzarət edirdi.XIV Lüdovikin hakimiyyəti dövründə Fransada ticarət məcəlləsi (1673) hazırlandı. Bu məcəllə ilk dəfə konsulların öhdəliklərini müəyyən etdi. Elə bu dövrdən diplomatik sənədlərin sistematik toplanmasına başlandı və dövlət siyasi arxivi yaradıldı. 1712-ci ildə ilk Diplomatik Akademiya təsis olundu.
1787-ci ildə Fransanın xaricdə 12 səfiri, 20 elçisi, 3 nazir-rezident, çoxsaylı katibləri vardı. Belə güclü apparata malik olması fransız diplomatiyasına nəhəng ümumavropa prestiji verirdi. Kardinal Mazarino dövründə ilk dəfə səfir vəzifəsinə qadınn Rene dyu Bek (marşal de Qebrialın dul arvadı) təyin olundu. XVIII əsrin sonlarında elmi və diplomatik dövriyyədən latın dilini tamamilə sıxışdırıb çıxaran fransız dili Avropanın diplomatik dilinə çevrilir. Fransız diplomatik modeli digər ölkələr tərəfindən diqqətlə öyrənilir. Fransada qüvvələr tarazlığı nəzəriyyəsi XVIII əsrdə çiçəklənməyə başladı və Fransa inqilabınadək davan etdi.
1773-cü il Utrextdə diplomatik konqresləri tarazlaşdırma prinsipinə əsasən müqavilə əsası vermiş oldu. Bu prinsip XVIII əsrdə beynəlxalq münasibətlərin və diplomatiyanın əsas prinsipi olaraq qalırdı. Qüvvələr tarazlığı nəzəriyyəsi hələdə dövlətlərin və hökmdarların digər dövlətlərin qısqanclıqla yanaşmalarına əsaslanırdı. XVII əsrin sonlarında qüvvələr tarazlığı ilə bağlı ümumi mövqe aşağıdakı kimi olmuşdu: “ Əgər hər hansı hökmdar digərləri üzərində son dərəcə yüksəlməyə başlayırsa, digər hökmdarların düzgün siyasəti alyans yaradaraq onun təkəbbürünə, iddiasına zərbə vurmaq, ya da, heç olmasa onun gələcəkdə daha da güclənməsinə mane olmaqdır”.
Əgər XVII əsrdə koalisiyaların yaradılması obyektin təcavüzkarlığı ilə izah olunurdusa, XVIII əsrin ilk onilliklərində belə bir fikir geniş yayılmışdı ki, bir dövlət çərçivəsində qüvvənin konsentrasiyası özlüyündə təhlükəli olub hətta həmin dövlətin hökmdarı heç bir təcavüzkarlıq etdirmirsə belə, qarşısı alınmalıdır. Beləliklə, qüvvələr tarazlığına meyl etmək monarxın sadəcə faktiki hüququ deyil, həm də onun əxlaqi borcu hesab olunurdu. Diplomatik nəzəriyyəyə belə yanaşma istənilən müharibəyə haqq qazandırmağa imkan verirdi. Başqa sözlə, hər hansı müharibəni qüvvələr tarazlığının saxlanması və ya bərpası kimi təqdim etmək mümkün idi.
Zaman keçdikcə idealist əsaslandırmalar öz yerini materialist baxışlara verirdi. Təbiət elmlərinin inkişafı, xüsusilə də fizika və astronomiya sahəsində kəşflər (məs: Nyuton qanunları) ətraf maddi dünyanın, eləcə də beynəlxalq münasibətlərin norma və prinsiplərinin izahında növbəti mərhələyə keçidi şərtləndirirdi. Riyaziyyatı çox sevən Kaunits diplomatiyada koalisiya və ittifaqların hesablanmasının “həndəsi metodu” nin tətbiq olunması ideyasını irəli sürmüşdü.
Prusiya hökmdarı II Fridrix beynəlxalq münasibətləri saat mexanizmi ilə müqayisə etməyi xoşlayırdı. Qüvvələr tarazlığının Nyutonun günəş sistemi modeli ilə tutuşdurulması daha çox populyarlıq qazanmışdı. O dövrün bir çox tədqiqatlarında ümumi qanunauyğunluqlara müvafiq beynəlxalq münasibətlər və diplomatiya haqqında elmin yaradılması qənaətinə gəlinmişdi.
1744-cü ildə Berlində L.Kalenin “ Müharibə və Sülh qaydası qismində Avropa tarazlığı” adlı kitabı nəşr olundu. O yazırdı ki, qüvvələr tarazlığını saxlamaq məqsədilə hər bir hökmdara müəyyən əraziyə olan hüquqlarından imtina etməsi haqqında ədalətli tələb irəli sürülə bilər.
XVIII əsr Avropasında qüvvələr tarazlığı beynəlxalq münasibətlərin yeni və fövqəladə taleyüklü faktorlarının yaranması ilə müşaiyət olunurdu: 1) Geniş müstəmləkə mülklərinin yaranması,ilk növbədə, Amerikada; 2) Avropanın siyasi xəritəsində və diplomatik xidmətində yeni qüdrətli dövlətlərin yer alması, ilk növbədə, Rusiyanın.
Bu dövrdən etibarən müstəmləkə ticarəti problemlərinə diqqət artmağa başladı. İngilis iqtisadçıları tarixi reallıqları kənara qoyaraq qeyd edirdilər ki, “qüvvələr tarazlığı ticarətdən doğmuşdur və gələcəkdə ticarət edən ölkələr arasında saxlanacaq “. Təxminən yüz ilə qüvvələr tarazlığının sadə formulu Amerikada baş verən hadisələrin təsiri altında daha mürəkkəbi ilə əvəzlənmiş oldu.
XVII əsrin ortalarında yeni qüvvələr tarazlığı ideyasına əsaslanan Vestfal sistemi böyük dəyişikliklərlə müşayət olundu. Artıq yeni Avropa siyasətini nə Papa, nə də Müqəddəs Roma imperatorları müəyyən edirdilər. Dünyəvi beynəlxalq hüququn mənbəyinə çevrilən müqavilələr, hüquqi müddəalar həlledici əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, diplomatiya tarixi üzrə tədqiqatçılar 1648-ci il Vestfol konqresini müasir Avropa diplomatik sisteminin başlanğıc dövrü kimi qəbul edirdilər. Konqressdə qəbul olunmuş sənədlərdə tam şəkildə daimi nümayəndəlik institutu; diplomatik agentlərin başlıca toxunulmazlıq və üstünlükləri təsbit olunmuşdu. XVIII əsrin başlanğıcında Avropada çoxsaylı diplomatik korpuslar yaranmışdır.
Rusiyada peşəkar diplomatik xidmətin yaranması mərkəzləşdirilmiş dövlətin yaranması ilə paralel gedirdi. Bu prosesin tarixi çərçivəsi XV-XVII əsrləri əhatə edib, ümumavropa parametrləri ilə təxminən üst-üstə düşürdü. Moskva knyazlığının yüksəlişi ilə Boyar Dumasının dövlət idarəçiliyində əhəmiyyəti artmağa başlayır. XV əsrdə Boyar Duması daimi məşvərətçi orqana çevrilir. III İvanın (1462-1505) dövründə imzalanmış çoxsaylı diplomatik sənədlərdən xarici diplomatların qəbulu, danışıqların aparılması, səfir işləri üzrə sənədlərin hazırlanması və s. kimi işlərin Boyar Dumasının səlahiyyətində olduğu məlum olur. Boyar Dumasının Tədricən təkmilləşməsi prosesi özlüyündə knyazın müstəqil siyasət yürütməsinə mane olurdu. Bu səbəbdən III Vasilinin dövründə knyaza yaxın adamlardan ibarət xüsusi şura yaradılır. Sonradan “ Yaxın Duma” adlanan təsisat qərarlar hazırlayır və Boyar Dumasının təsdiqinə verirdi. Xarici diplomatlarlar danışıqlar zamanı knyazın şəxsi nümayəndələri kimi “yaxın duma” nın üzvləri iştirak edirdilər.
Dostları ilə paylaş: |