Mühazirə 1 Diplomatiyanın müasir modelinin tarixi təkamülü



Yüklə 28,42 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü28,42 Kb.
#37551
növüMühazirə
  1   2
Mühazirə 1


Mühazirə 1

Diplomatiyanın müasir modelinin tarixi təkamülü
Diplomatiyanın müasir modelinin tarixi təkamülünü dərindən dərk etmək üçün diplomatiya, diplomatiyanın müasir modeli, peşəkar diplomatik xidmət və qeyri-hökumət diplomatiyası kimi anlayışlar arasında fərqləri aşkar etmək zəruridir. Diplomatiyanın başlıca məqsədi, qayəsi mübahisəli məsələləri danışıqlar və razılaşmalar vasitəsilə sülh yolu ilə həll etməkdir. Şübhəsiz, xarici siyasət aləti kimi diplomatiya çox qədim dövrlərdən mövcud olmuş, bu gün də inkişaf etməkdədir.

Qədim tayfalar əraziləri bölmək, malların mübadiləsini tənzimləmək, müharibə elan etmək və sülh bağlamaq zərurəti yarandıqda diplomatik danışıqlara üz tuturdular. Diplomatiya tarixinə həsr olunmuş elmi əsərlərdə Qədim Misirdə, Assuriyada, Farsda, Hindistanda və Çində yaranmış diplomatik institutlardan bəhs olunur. Qədim Yunan polislərinin və Roma imperiyasının diplomatik fəaliyyəti hərtərəfli təsvir olunmuşdur. Sonralar Bizansda, Xilafətdə və digər ölkələrdə diplomatiya müvəffəqiyyətlə inkişaf edirdi. Orta əsrlər Avropasında qızğın diplomatik fəaliyyət Vatikan tərəfindən həyata keçirilirdi.

Qeyd etmək lazımdır ki, Qədim dünya, antik dövr və Orta əsrlər diplomatiyasına dini mahiyyəti olan, mərasim şüuru hakim kəsilmişdi. Müqavilə bağlanması öncəsi tayfa üzvləri tərəfindən icra olunan ritual rəqslər, Qədim Yunanıstanda mühüm xarici siyasət aksiyaları ərəfəsində qurbanlar verilməsi və «вопрошения оракула» (qeybdən xəbər verən kahindən xəbər almaq) mərasimi, Romada kahin-fetsiallar kollegiyasının fəaliyyəti-bütün bunlar diplomatik aktların mərasimləşdirilməsini sübut edir. Orta əsrlər diplomatiyası da mərasim səciyyəsi daşıyırdı. Hökmdarlar arasında diplomatik münasibətlərdə ali hakim (arbitr) Roma papası idi.

Vatikanda təyin olunan yepiskoplar və papa nunsiyaları müxtəlif ərazi birliklərinin yanaşı yaşamaq (modus vivendi) şərtlərini işləyib hazırlayır, tezliklə “ilahi barışığın” əldə olunmasına çalışılır, Papanın hüquqşünasları Roma hüququ əsasında xristian kanon hüququnun müddəalarını hazırlayırdılar. Onun ardınca isə dünyəvi beynəlxalq hüquq yaranırdı.

Orta əsr cəmiyyətlərində, birliklərində daxili və xarici siyasətin dəqiq bölgüsü mövcud deyildi. Ümumiyyətlə, orta əsrlərdə dünyəvi suverenitet institutu mövcud ola bilməzdi. Diplomatiyanın sərəncamında daimi diplomatik nümayəndəliklər olmadığından, bu sistemdə səfirlər “ad hoc” olub konkret hal üzrə digər hökmdarın yanına göndərilirdilər. Missiyanın başa çatması ilə onlar həmən geri qayıdırdılar.

Dövlətin yeni tipinin yaranması, dövlətlərarası münasibətlərdə yeni sistemin təşəkkülü, bunun ardınca yeni diplomatik sistemin yaranması yolunda mühüm mərhələ hələ XI əsrdə papa VII Qriqorinin təşəbbüsü ilə başlanan “papa inqilabı” oldu. İngilis hüquqşünası C.Bermanın əsaslandırmalarına görə, bu inqilabi hərəkat dünyəvi funksiyaların kilsə funksiyalarından ayrılmasının başlanğıcını qoydu.

İnqilabi dəyişikliklər nəticəsində dünyəvi hüququn sürətli inkişaf dövrü başlanır. Bütün Avropanı “kommunal inqilablar” dalğası bürüdü və nəticədə şəhərlər feodallardan öz müstəqilliklərini əldə edə bildilər. Artıq XII əsrin sonlarında İtaliyada şəhər-kommunalarda xalq yığıncaqlarında seçilən dünyəvi elçilər-nunsilərin yaranması faktı xüsusi vurğulanmalıdır.

Renessans dünyagörüşündə dünyəvi prinsiplər üstünlük təşkil edirdi. Onların əsasında suverenitetliyə və yaxud ali hakimiyytə, artıq yalnız Roma papasının deyil, həm də çoxlu dünyəvi hökmdarların iddia etməyə başladığı yeni dünya düzəninin formalaşması baş verirdi. Krallar, hersoqlar, qraflar çalışırdılar ki, onların statusunun təqdimatı öz sarayı ilə yanaşı digər hökmdarların saraylarında da tanınsın. Yeni diplomatik sistemdə səfir dünyəvi suverenitetliyin rəmzi rolunu oynayırdı. Roma papasının hələ də Avropa siyasətinə müəyyən təsiri qalsa da, o, artıq öz şəxsi suverenitetliyini dərk etmiş dünyəvi hökmdarların təzyiqinə qarşı durmaq iqtidarında deyildi. Dünyəviləşmə prosesinin təsiri altında yaranan dövlətlərarası münasibətlər sistemi mövcud münasibətlərin yeni tənzimləyicisinin yaradılmasını zərurətə çevirirdi. Qüvvələr balansı və yaxud tarazlığın siyasi nəzəriyyəsi beynəlxalq münasibətlərin yeni tənzimləyicisi oldu.

Renessans dövrünün mütəfəkkirləri və nəzəriyyəçilərinin daima antik nümunələrə müraciət etməsi şəraitində qədim yunan tarixçisi məşhur Fukididin əsərlərinə, xüsusilə də onun Pelopones müharibəsinin təhlilinə xüsusi maraq yaranmışdır. Fukididə görə, müharibə Afinanın görünməmiş dərəcədə hərbi qüdrətinin artması nəticəsində başlamışdır. Vahiməyə düşmüş Sparta Afinanın müharibəyə başlamasını gözləmədən önləyici (preventiv) müharibəyə başlamağı üstün tutmuşdu.

Bu nəticədə, beynəlxalq münasibətlərin elə bir nəzəriyyəsinin kvintessensiyası (bir şeyin əsas mahiyyəti, cövhəri) durur ki, nəzəriyyəçilər sonradan onu qüvvələr balansı və yaxud tarazlığına riayət olunması siyasəti adlandıracaq.

Təsadüfi deyil ki, tarazlıq ideyası Apenin yarımadasında xüsusilə geniş yayılmışdır. Ümumi mədəniyyət, tarix və dinə malik olan çoxsaylı İtaliya şəhər-dövlətləri müəyyən mənada, Qədim Yunanıstanın antik polislərini xatırladırdı. Qədim Yunanıstanda mövcud olan diplomatik sistem bir çox göstəricilərinə görə müasir dövrdəkinə nisbətən daha oxşar idi. Yunan polisləri mütəmadi səfirləri mübadilə edir, səfirlər şəhər yığıncaqlarından tapşırıqlar alır (bu tapşırıqlar diskusiya gedişində müzakirə olunurdu), onlara etimadnamə qismində-diplom verilir, səfirlər geri qayıdarkən missiyanın yerinə yetirilməsi haqqında müvafiq yığıncaq qarşısında hesabat verirdilər.

E.ə. VI əsrdə yunan polislərinin birləşərək yaratdığı Afinanın başçılığı altında Delos ittifaqı və yaxud Spartanın başçılığı altında Pelopones ittifaqı qismində, İtaliya şəhər-dövlətləri də koalisiyalar yaradırdılar. Bundan əlavə müvafiq dövrdə Apenin yarımadası Alp dağları vasitəsilə Şimaldan gözlənilən hücumlardan etibarlı qorunurdu. Şimal qonşuları son dərəcədə daxili problemləri ilə məşğul idilər və riskli hərbi yürüşlərə meyilli deyildilər. Belə çıxırdı ki, yalnız Apenin yarımadasında azad şəhərlər tarazlıq siyasətinin əməldə təcrübədən keçirilməsi üçün ideal “laboratoriya” ola bilərdi.

“Qüvvələr tarazlığı” konsepsiyası haqqında Renessans dövründə (XV-XVI əsrlərdə intibah) ilk məlumatlar 1439-cu ilə aid edilir. Venesiyalı diplomat Françesko Barbaro yazırdı ki, onun dövləti Apenində sülhün yeganə yolu olan tarazlığın saxlanmasında başlıca qüvvədir. Bir əsr sonra Françesko Qviççardini “İtaliya tarixi”ndə qeyd edirdi ki, Florensiya hakimi Lorenso İtaliya dövlətləri arasında münasibətlərdə daimi tarazlığın saxlanması üçün hər şeyi etmişdir.

Tarazlığa riayət olunması hökmdarların imkanları və niyyətləri haqqında dürüst biliklərin,çevik koalisiyaların və ittifaqların olmasını tələb edirdi. Belə siyasətin həyata keçirilməsini isə yaxşı inkişaf etmiş, peşəkar təşkil olunmuş qarşılıqlı və daimi diplomatik nümayəndəliklər sistemi təmin edə bilərdi. İtaliya dövlətlərində yeni diplomatik strukturların müvəffəqiyyətli inkişafına mövcud hüquqi əsaslar ( Romadan əxz olunmuş jus gentis, kilsə-kanon hüquq sistemi ) da əhəmiyyətli təsir göstərmişdir.

Maraqlıdır ki, buna bənzər hadisələr qonşu alman knyazlıqlarında baş vermirdi. Hərçənd Almaniya ərazisində də ümumi tarixi köklərə malik çoxlu kiçik ərazi birlikləri mövcud idi. Tədqiqatçılar bunu Alman knyazlıqlarının Müqəddəs Roma imperiyasının tərkibində olması ilə izah edirlər.( digər səbəblər də ola bilər: mədəni inkişaf səviyyəsi, dövlətçilik ənənəsi, kənar təsirlər, Osmanlı amili, Aralıq dənizi və s.)

Yeni İtaliyan diplomatik modelinin yaranması ilə yanaşı, diplomatiya məharətinə həsr olunmuş çoxsaylı elmi əsərlər nəşr olunur: N. Makiavellinin “Missiyadan məktub”( 1520), C.Braqaççanın sanballı “Səfir” foliantı ( böyük həcmli, qalın kitab) (1627), fransız diplomatı Ş.Paskalın “Leqat” və ingilis C.Hotmanın “Səfir” əsərləri (1603), məşhur Alman filosofu və alimi Leybnitsin “ Codex juris gentium diplomaticus” əsəri (1693), A.Vikfortun diplomatik lüğəti (1680), F.Kalyerin “Hökmdarlar ilə danışıqların aparılmasının üsulları haqqında” məşhur traktatı (elmi əsəri) (1716). Sonuncu əsər o dövrdə diplomatların əsl dərs vəsaitinə çevrilmişdi.

XIV əsr italiyan mənbələrindən məlum olur ki, sülh müqavilələrinin bağlanması üzrə rəsmi mərasimlərdə, danışıqlarda daima eyni şəxslər iştirak edirdi. Bu isə siyasətin ardıcıllığını və səriştəliyini təmin etməyə qabil olan peşəkar-diplomatların yaranmasına dəlalət edirdi. Bəzən bir sıra məşhur ailələrdə diplomat peşəsi atadan oğula keçməklə irsi şəkil alırdı. İtaliyalı diplomatlar ilk dəfə məvacib almağa başladılar ki, bu da xarici siyasətin tədricən dövlət idarəçiliyinin müstəqil bürokratik apparata malik xüsusi sahəsinə çevrilməsini təsdiq edir.

Tarazlığa riayət olunmasına nəzarət etmək zərurəti daimi müşahidəçilərin olmasını tələb edirdi.



  • 1375-ci ildə Veronaya qarşı öz fəaliyyətlərini uzlaşdırmaq arzusu ilə Milan və Mantuya səfir-rezident mübadiləsi etdilər.

  • 1446-cı ildə Milan və Florensiya hakimləri daimi nümayəndəliklərin mübadiləsini etdilər və Venesiya tərəfindən gözlənilən mümkün təcavüzdən özlərinin təhlükəsizliyini təmin etmək üçün Liqanın yaradılması haqqında danışıqlara başladılar.

XV əsrin ikinci yarısında İtaliya dövlətlərinin əksəriyyəti daimi nümayəndəliklərin mübadiləsini həyata keçirmişdi. Təbii ki, səfirlik əlaqələrinin genişlənməsi mərkəzi hökumətdən həm səfirliklərin idarə olunmasının təşkili, həm də gündəlik diplomatik postla əldə olunan çoxsaylı depeşlərin (təcili diplomatik məlumat) yığımı, işlənməsi və təhlili böyük əmək tələb edirdi. Bu məqsədlə də bilavasitə xarici siyasət işləri ilə məşğul olan, müvafiq mütəxəssislərdən ibarət “dəftəxanalar” təsis olundu.

Tarazlaşdırma sistemi XII-XIII əsrlərdə İtaliyan dövlətlərinin çiçəklənməsinə əlverişli şərait yaratmışdı. Lakin İtaliyada tarazlaşdırma özünün maksimal səviyyəsinə XV əsrin ikinci yarısında çatmışdı. Klassik tarazlaşdırılmış sabitliyin əsasında bir tərəfdən Milan və Florensiya, digər tərəfdən isə Venesiya və Neapol arasında 1454-cü ildə Lodidə sülhün bağlanması ilə başlanan qırx illik dövr dururdu. Yaranmış sistem şəraitində İtaliyanın beş əsas şəhəri ümumi tarazlığın saxlanması qaydalarına riayət edir və hər hansı bir İtaliya dövləti tərəfindən hegemonluq təhlükəsi yaranardısa müxtəlif koalasiyalar yaratmağa hazır idilər. Burda əsas iştirakçı Roma və Venesiya olub, Milan, Florensiya, Neapol və bəzi kiçik dövlətlər gah bu, gah da digəri ilə ittifaqa girərək qüvvələr balansının saxlanmasına nail olurdular. Tarazlaşdırma sistemi tarixi prosesin nəticəsi olub, 3 əsr davam etmişdi.

İtaliya diplomatik sisteminin təsiri altında yeni dünyəvi beynəlxalq hüquq və diplomatiya nəzəriyyəsi yaranırdı. Bu sahədə məşhur müəlliflərdən biri İtaliyan hüquqşünası Alberiko Centili olmuşdur. Lüteranlığı ( Lüter tərəfindən təsis edilmiş protestant məktəbi) qəbul etmiş və Oksforda müraciət edən A.Centili 1589-cu ildə “xalqların hüququ” sahəsində ilk sistematik əsərini yaratdı.(“Müharibə hüququ haqqında üç kitab”). Onun əsəri hollandiyalı hüquqşünas Hüqo Qrosiyə əhəmiyyətli təsir göstərmişdi. A.Centili hesab edirdi ki, Avropa özünü son dərəcə qüdrətli dövlətin yaranmasından qorumalıdır. O, bilavasitə tarazlıq terminindən istifadə etməsə də, onun müvafiq xəbərdarlıqları qüvvələr balansı nəzəriyyəsinə əsaslanırdı. A. Centiliyə görə, müharibə humanizm və hüquq prinsiplərinə müvafiq aparılmalıdır.

Diplomatiya nəzəriyyəsi, səfirliklərin ierarxiyası, səfir mərasimləri, peşəkar bilik və bacarıqlar kimi məsələlər onun digər traktatında – “ Səfirliklər haqqında üç kitab” da öz əksini tapmışdı.




Yüklə 28,42 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin