Kafka pessimizminin xüsusiyyətləri Bir qayda olaraq tədqiqatçılar Kafka yaradıcılığının pessimizmə kökləndiyini göstərirlər. Lakin diqqətlə fikir verəndə məlum olur ki, sənətkarla bir dövrdə yaşamış bütün yazıçıların, şairlərin və bəstəkarların hamısının əsərlərində pessimist əhval-ruhiyyə bu və ya digər şəkildə özünü büruzə verirmiş. Deməli Kafkanın pessimizminin köklü səbəbini təkcə onun həyat yolunun özünəməxsusluğu ilə izah etmək düzgün olmazdı. İlk növbədə dövrün özü faciələrlə dolu idi və bu şübhəsiz ki, ayrı-ayrı sənətkarların, o cümlədən Kafkanın yaradıcılığında öz əksini tapmaya bilməzdi. Məlumdur ki, Kafkanın yaşayıb-yaratdığı dövr-XX əsrin əvvəlləri dünya tarixinə Avropa sivilizasiyasının böhranı, bəşər tarixində ilk dünya müharibəsi, qanlı-qadalı inqilablar dövrü kimi daxil olmuşdur. Bu elə bir dövr idi ki, şəxsiyyət özünün gücsüzlüyünü, tarixin küləklərinin qabağına qatıb istədiyi tərəfə apardığı qum dənəciyi kimi hiss edirdi. Vaxtı ilə, yəni XVIII-XIX əsrlərdə belə bir müddəa mövcud idi ki, insan hər şeyin ölçüsüdür. XX əsrin əvvəllərində məlum oldu ki, insan son dərəcə miskin bir varlıq imiş, onu hər bir yoldan keçən təhqir edib alçalda bilərmiş. Kafka və müasirləri insanı və təbii ki, özlərini məhz bu cür təsəvvür edirdilər. Lakin bununla yanaşı Kafka heç kimə bənzəmirdi. Kafkanın əsərləri ilə tanış olan hər bir oxucu səbəbini özü də izah edə bilmədiyi bir vahimə hiss edir. Özü də qəribə burasındadır ki, bu səbəbsiz, naməlum qorxunu Kafkanın son dərəcə aydın şəkildə yazılmış nəsr əsərləri adama təlqin edir. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, Kafkanın təsvir etdiyi dünya onun deyim tərzi ilə əks mütənasibdir: müəllif dünyanın xaotik durumuna özünün son dərəcə aydın üsulu ilə təcəssüm edir. Belə bir uyğunsuzluq özünü Kafkanın qəhrəmanları ilə dünya arasında münasibətlərində də büruzə verir: onun qəhrəmanları bir qayda olaraq dünyaya, öz yaxınlarına son dərəcə xeyirxah və müsbət münasibət bəsləyirlər. Dünya isə insanlara qarşı qəddardır və onları əzməyincə əl çəkmir. Kafka qəhrəmanlarının faciəsi ilk növbədə bununla bağlıdır.