Mühazirə 1 XIX əsrin sonu-XX əsrin əvvəllərində mənəvi sarsıntılar Hələ XIV əsrdə Qərbi Avropada mövcud dəyərlərə münasibətin köklü şəkildə dəyişməsi cəmiyyətdə özgələşmə meyillərinin meydana gəlməsinə səbəb oldu.Qərbi Avropa İntibahının ideoloqları xristianlığın aparıcı ehkamlarını təkzib etməklə, Allahın bütün insanları birləşdirən mənəvi-əxlaqi amil olmasını inkar etməklə, bütün dəyərlərin ölçüsü bəyan etməklə faktiki olaraq insanları bir-birindən təcrid etdilər, onları bir-birinə yadlaşdırdılar və get-gedə dərinləşən özgələşmənin əsasını qoydular. Bu proses XVII-XVIII əsrlərdə daha geniş vüsət aldı. Belə ki, XVII əsrdə fransız filosofu Rene Dekart “Cogito ergo sum” (Düşünürəm, deməli varam) prinsipini irəli sürməklə faktiki olaraq insanın yalnız düşünən varlıq olması iddiası ilə çıxış etdi və bununla da insanın emosional həyatının-hiss və duyğularının heç bir məna kəsb etməməsi ideyasını irəli sürdü. XVIII əsrdə bütün Avropa mütəfəkkirləri insanın düşünən varlıq kimi hər bir şeyə qadir olması konsepsiyasını ortaya qoydular. Belə hesab olunurdu ki, əgər bütün insanlar şüurlu varlıqlara çevrilsələr, onda haqqa və ədalətə əsaslanan insan cəmiyyəti qurmaq mümkündür və insanlar belə bir cəmiyyətdə mütləq xoşbəxt olarlar. XVIII əsrdə Avropa, xüsusilə fransız mütəfəkkirlərinin səyi öz bəhrəsini verdi: bu yüzilliyin sonunda Böyük Fransa burjua inqilabı baş verdi. Bu inqilab məhz XVIII əsr maarifçilik ideyalarından çıxış edirdilər. İnqilabın bayrağında həkk olunmuş “Azadlıq”, “Bərabərlik”, “Qardaşlıq” şüarları məhz azad cəmiyyətdə yaşayan, yüksək şüura malik xoşbəxt insanların bərabərliyini və qardaşlığını nəzərdə tuturdu. Lakin faktiki olaraq bu və ya digər şəkildə Avropa qitəsində və müəyyən mənada bütün dünyada yaşayan xalqların həyatına təsir göstərmiş Fransa inqilabı vədlərinin heç birini həyata keçirə bilmədi: bərabər insanların qardaşlıq xain xəyal olması üzə çıxdı. Bu sözsüz ki, özgələşmənin də dərinləşməsinə səbəb oldu.
Nitşenin “Allah ölmüşdür” müddəası və özgələşmə. XIX əsrdə özgələşmə Avropa cəmiyyətində antoqonist xarakter kəsb etdi, yəni insanla cəmiyyət, insanla başqası, insanla təbiət, insanla məhz özü arasında ziddiyyət elə bir hala gəlib çıxdı ki, o səviyyədə kəskinləşdi ki, insan faktiki olaraq həyatın bütün sahələrində əlaqə və münasibətlərindən məhrum oldu, özünü bu dünyadan təcrid olunmuş-özgə hiss etdi. Alman filosofu Fridrix Nitşe belə bir vəziyyəti Allahın insan və cəmiyyətini və ayrı-ayrılıqda bütün insanları tərk etməsi ilə izah edirdi. Nitşe özünün məşhur “Zərdüşt belə deyirdi” əsərində bu fikri yığcam şəkildə belə ifadə etmişdir: “Allah ölmüşdür”, Filosof belə hesab edirdi ki, Allahın qanunlarına riayət olunmasa, deməli Allah ölmüşdür. Tədqiqatçılar belə hesab edirlər ki, bu iki sözdə, bu yığcam aforizmdə XX əsrdə bəşər nəslinin məruz qaldığı bütün mənəvi fəlakətlər və sarsıntılar-inqilablar, heç bir rasional əsası olmayan dünya müharibələri məhz bu sözlərdə öz əksini tapmışdır. Allahın ölməsi nəticəsində cəmiyyətdə yaranan problemlər uzun yüzilliklər boyu təşəkkül tapmış bir sıra mənəvi-əxlaqı dəyərlərin yoxa çıxmasına səbəb oldu. Özü də bu təkcə fərdlərin bir-birilə yadlaşmasında deyil, ictimai siniflərin və millətlərin bir-birinə düşmən kəsilməsinə səbəb oldu. İctimai siniflərin bir-birinə yadlaşması, bir-birindən özgələşməsi müxtəlif ölkələrdə inqilabi hərəkatların təşəkkül tapmasına və sosial təbəqələrin nəyin bahasına olursa-olsun bir-birilərini məhv etmək cəhdlərinə səbəb oldu. Özgələşmə təkcə ayrı-ayrı fərdlərin və ictimai siniflərin bir-birindən təcrid olunmasında deyil, xalqların da bir-birinə yadlaşmasına gətirib çıxartdı. Qərbi Avropada quvimizm, yəni bir millətin bütün digər millətlərdən həm intellektual, həm mənəvi-əxlaqi potensialı baxımından üstün olması ideyaları geniş yayılmışdı. Millətlər bir-birindən təcrid olundular və bu nəticə etibarilə milli özgələşmə bəşər tarixində ilk dəfə faktiki olaraq bütün dünya xalqlarının bu və ya digər şəkildə iştirak etdikləri Birinci dünya müharibəsinə gətirib çıxartdı.