Kafkanın “Çevrilmə” əsəri “Çevrilmə” əsəri bir növ bütün Kafka yaradıcılığının simvoluna çevrilmişdir. Bu əsərdə günlərin bir günü heç bir günahı olmayan xırda kommersantın həşərata çevrilməsi təsvir olunur. İlk baxışdan bu köklü çevrilmə üçün əvvəlcədən heç bir səbəb yoxdur: adi günlərdən biri adi ailədə doğulub boya-başa çatmış, dünyaya, insanlara, ilk növbədə yaxınlarına xeyirxah münasibəti ilə fərqlənən bir adi insan səhər yuxudan durub özünü iyrənc bir həşərat simasında görür. Qəribə burasındadır ki, onun bu səbəbsiz və son dərəcə ağlabatmaz çevrilməsi bütün ətrafdakılar və ilk növbədə özü tərəfindən təbii bir hal kimi qəbul olunur. Həşərata çevrilmiş insan obrazı insanın sosial miskinliyinin, cüziliyinin, əhəmiyyətsizliyinin demək olar ki, dünyanın bütün dillərində işlənən dayanıqlı metaforasıdır. Lakin Kafkanın qələmi həmin bu metaforanı gerçəkləşdirir və son dərəcə inandırıcı detallarla onun həqiqətəuyğunluğunu nəzərə çarpdırır. Müəllif özünün baş qəhrəmanı Qreqor Zamzanın zahiri aləminin köklü dəyişməsi ilə kifayətlənmir. Onun həşərata dönməsi daxili aləminə də təsir edir: Qreqor Zamza adi insandan tədricən bütün xasiyyətləri ilə dünyaduyumu ilə həşərata çevrilir. Kafka Qreqor Zamzanın insandan həşərata çevrilməsini son dərəcə inandırıcı tərzdə təsvir edir. Bu ilk növbədə onunla bağlıdır ki, müəllif öz qəhrəmanını son dərəcə dəqiq və ətraflı şəkildə təsvir olunmuş məişət çərçivəsində təqdim edir, yazıçı oxucunu inandırır ki, Qreqor Zamzanın başına gələn bu fəlakət tamamilə qanunauyğundur; axı onun yaşadığı və fəaliyyətdə bulunduğu dünyada insanın aqibəti, yeri, mövqeyi həşəratınkından heç bir şeylə fərqlənmir. İlk baxışdan bu ideyanı təcəssüm etmək üçün müəllifə bir-iki səhifə də kifayət edərdi. Lakin Kafka bununla kifayətlənmir; onun Qreqor Zamzanın həşərata çevrilməsinin ətrafdakılara necə təsir etməsi də maraqlıdır. Qəribədir ki Qreqor Zamza özünün həşərata çevrilməsi ilə nə qədər ağır olsa da barışır. Lakin ətrafdakılar-atası, anası, son nəticə etibarilə dünya qədər istədiyi bacısı da ondan üz döndərirlər, onun tezliklə məhv olmasını arzulayırlar. Məhz belə bir münasibət Qreqor Zamzanın ölümünə səbəb olur.